Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-428/2023 04.04.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ağarza Hacırza oğlu Səmədovun sədrliyi, Məhkəmə iclas katibi Asif Xanoğlan oğlu Zamanovun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı aktın ləğv edilməsi və akt əsasən hesablanmış 1036,80 manat cərimənin silinməsi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı rayon məhkəməsinə verdiyi iddia ərizəsində Salyan rayonu, Kürqaraqaşlı kəndində yerləşən ona məxsus fərdi evə «Azəriqaz» X1 Qaz İdarəsi tərəfindən tərtib edilmiş ******* nömrəli, 30 dekabr 2022-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması barədə aktın, həmin akta əsasən hesablanmış 1036,80 manat cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı qismində məhkəmədə izahat verən İddiaçı bildirmişdir ki, Salyan rayonu, Kürqaraqaşlı kəndində yaşayır. Qaz istifadə etdiyi müddətdə hər ay qaz sayğacı sərfiyyatı qeydə almış və dəyəri tərəfindən ödənilmişdir. Qaz sayğacı həyətyanı sahəsindən kənarda açıq şəraitdə quraşdırılmışdır. Qaz idarəsinin nümayəndələri tərəfindən ayda iki dəfə sayğacın göstəricisi çıxarılmış və ona bildiriş təqdim olunmuşdur. Hər ay qaz idarəsindən yoxlama gələrək sayğaca baxış keçirmiş, hər hansı bir nöqsan aşkarlanmamışdır. 29 noyabr 2022-ci ildə X3 özünə məxsus kamaz markalı yük avtomobili ilə küçədə dönmə əməliyyatı keçirən zaman qaz sayğacını zədələmişdir. Elə həmin vaxt qaz idarəsinin nümayəndələrinə zəng edərək məlumatlandırmış, sahə nəzarətçisi gələrək mexanizmin gövdədən qopduğunu bildirmiş və bu barədə kiməsə zəng edərək məlumat vermişdir. 30 noyabr 2022-ci ildə qaz idarəsinin işçiləri sayğacı açaraq yenisi ilə əvəz etmişlər. Həmin ilin dekabr ayında ona 1036,80 manat cərimə olunduğu bildirilmişdir. Qaz idarəsinin bir neçə işçisinə zəng edərək nə səbəbə cərimə olunduğunu öyrənmək istəmiş, onlara 1036,80 manat dəyərində qazı işlətmədiyini desə də heç nə edə bilməyəcəklərini bildirərək məhkəməyə müraciət etməsini tövsiyyə etmişlər. Sayğacdan qaz keçdiyi halda hesablama mexanizmi keçən qazın həcmini qeyd etmədiyi yazılmışdır. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib edilmiş ******* nömrəli akt onun həyətində və iştirakı ilə tərtib olunmamışdır.Ona heç kim aktı imzalamağı təklif etməmiş və o, imza etməkdən imtina etməmişdir. Qaz həyətdəmn kənarda quraşdırılmış və qaz idarəsi tərəfindən qoruyucu qutu ilə təmin olunmamışdır. Belə olan halda sayğacın zədələnməsinə görə məsuliyyət daşımadığını bildirmişdir. Ona görə də əsassız hesablanmış 1036,80 manat cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş cavabdeh təşkilatın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də məhkəmə sonuncunun iştirakı olmadan işə Azəbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən baxmağı mümkün hesab etmişdir. Məhkəmədə elan olunmuş 30 dekabr 2022-ci il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, sayğacdan qaz keçir, hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. Məhkəmədə elan olunmuş 30 noyabr 2022-ci il tarixli, ******* saylı qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktdan görünür ki, sayğac yenisi ilə əvəzlənərək növbədənkənar diaqnostik yoxlamaya göndərilmişdir. Məhkəmədə elan olunmuş Salyan rayon Kürqaraqaşlı Bələdiyyəsinin sədri AğabəyovTelman Əlipaşa oğlu, Kürqaraqaşlı kənd sakini İddiaçı və Salyan şəhər sakini X2 iştirakları ilə 30 noyabr 2022-ci il tarixdə tərtib olunmuş aktın surətindən görünür ki, Kürqaqaşlı kənd sakini İddiaçı məxsus Kürqaraqaşlı kəndində yerləşən fərdi yaşayış evinin qaz sayğacı xx.xx.2022-ci il tarixdə saat 16:50 radələrində X3 özünə məxsus kamaz markalı **-ZE-*** qeydiyyat nişanlı yük avtomobili ilə küçədə dönmə əməliyyatı keçirən zaman qaz sayğacına toxunmuş, sayğacın fəaliyyəti dayanmışdır. Məhkəmə iddiaçını dinləyib, araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, abonentə məxsus sayğacdan qaz keçməməsi və hesablama mexanizmi keçən qazın həcmini qeyd etməməsi halında abonentin təqsiri olmamışdır.Cavabdeh tərəf həmin hüquq pozuntunun iddiaçı tərəfindən törədilməsini təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. Ona görə də iddiaçının hərəkətlərində mülki hüquq pozuntusu olmadığından onun üzərinə mülki məsuliyyətin qoyulması doğru deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsində qeyd olunmuşdur ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsində göstərilmişdir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1097.5. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər. Qanunvericiliyin məzmunundan aydın olur ki, hüquq pozuntusunun mövcud olması üçün hüquq pozuntusu törətmiş şəxsin hərəkətləri ilə nəticə arasında səbəbli əlaqə olmalıdır.Cavabdeh belə bir əlaqənin mövcudluğu barədə məhkəməyə sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci ilin 12 may tarixli, 80 nomrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci maddəsində nəzərdə tutulur ki, fiziki şəxs olan istehlaklçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına gorə cavabdehliyi qaz paylayıcısı daşıyır. İddiaçıya məxsus olan ünvanda akt tərtib edilərkən “Qazdan istifadə qaydaları”nın 4.8-ci bəndinin tələbləri pozulmuşdur, yəni akt tərtib edilərkən hal şahidləri iştirak etməmişlər. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233, 357-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. «Azəriqaz» X1 Qaz İdarəsi tərəfindən İddiaçı barəsində tərtib edilmiş 30 dekabr 2022-ci il tarixli, ******* saylı akt ləğv edilsin və akta əsasən əsassız hesablanmış 1036,80 manat cərimə hesabından silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №2(057)-428/2023
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-428/2023
04.04.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver