Məhkəmə qərarları › İş №2(057)-562/2023

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-562/2023

08.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-562/2023 08.06.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X5 qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul məbləği” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “pul məbləği” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 28 aprel 2021-ci il tarixli № 09/01268 saylı operativ lizinq müqaviləsinə əsasən 2250 manat borcun və 43 manat dövlət rüsumu olmaqla, cəmi 2293 manat pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddianı onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında bağlanmış 28 aprel 2021-ci il tarixli № 09/01268 saylı operativ lizinq müqaviləsinə əsasən 1 ədəd SR-2045 markalı taxılyığan kombayn ona istifadəyə verilmişdir. Həmin müqaviləyə əsasən 4500 (dörd min beş yüz) manat öhdəlikdən 2250 (iki min iki yüz əlli) manat ödəniş etmiş, cavabdehin cəmiyyətə 2250 manat borcu qalmışdır. Cavabdeh vaxtında iddiaçıya olan borcunu qaytarmadığından iddiaçı dəfələrlə ondan yaranmış borcun ödənilməsini tələb etsə də, cavabdeh bu günə kimi müxtəlif bəhanələrlə iddiaçıya olan borcunu ödəməkdən yayınmışdır. Buna görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə müqavilə şərtlərini və mülki qanunvericiliyin tələblərini pozmuşdur. Belə ki, bağlanmış müqavilənin 2.2.2-ci bəndinə əsasən cavabdeh lizinq ödənişlərini müqavilə (istifadə) müddəti ərzində bu müqavilənin 1.4-cü bəndinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. Bununla da, cavabdeh İddiaçı ASC ilə bağladığı müqavilənin həmin bəndi ilə nəzərdə tutulmuş lizinq ödənişlərinin vaxtında və tam ödənilməsinə dair üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə Azərbaycan Respubikasının Mülki Məcəlləsinin 427.3 və 445.2.1-ci maddələrinin tələblərini pozmuşdur. Digər tərəfdən cavabdeh öhdəliyi müəyyənləşdirilmiş müddətdə icra etmədikdə iddiaçı qarşısında məsuliyyət daşıyır. Göstərilənlərə əsasən, № 09/01268 saylı, 28 aprel 2021-ci il tarixli operativ lizinq müqaviləsinə əsasən 2250 manat borcun və 43 manat dövlət rüsumu olmaqla cəmi 2293 manat pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X7 iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin (cavabdehlərin) gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları araşdıraraq hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan 28 aprel 2021-ci il tarixli № 09-/01268 saylı İddiaçı Açıq Səhmdar Cəmiyyətinə” məxsus kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsi barədə” müqavilənin surətindən görünür ki, İddiaçı ASC-nə məxsus qeydiyyat nömrəsi 54K233 olan SR-2045 saylı taxılyığan kombayn Cavabdeh istifadəsinə verilmiş, istifadə müddəti xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə istifadə haqqı 4500 manat müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyə araşından görünür ki, Cavabdeh 28 aprel 2021-ci il tarixli, № 09-/01268 saylı İddiaçı Açıq Səhmdar Cəmiyyətinə” məxsus kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsi barədə” müqavilənin əsasən cəmiyyətə 2250 manat borcu qalmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli iltizamın surətindən görünür ki, Cavabdeh № 09/01268 nömrəli, xx.xx.2021-ci il tarixli müqavilə əsasında müvəqqəti istifadəyə götürdüyü, cədvəldə göstərilmiş 2014-cü il buraxılışlı, SR-2045 markalı, 54K233 dövlət qeydiyyat nişanlı taxılyığan kombaynı xx.xx.2021-xx.xx.2021-ci il tarixləri ərzində təyinatı üzrə istifadə etməyi, istismar zamanı zəruri texniki qulluq işlərinin vaxtında həyata keçirməyi, istismar zamanı yaranmış nasazlığı müqavilə (istifadə) müddəti ərzində öz hesabına aradan qaldırmağı, istismar zamanı GPS avadanlığı dəstinin qorunub saxlanmasını və müqavilə (istifadə) müddəti bitdikdən sonra texnikanı saz və dəst halda təhvil verməyi, taxıl yığımı zamanı ilkin olaraq 50 ha-dan kiçik ölçülü taxıl sahələrində işləməyi, iri təsərrüfat sahələrində isə Mərkəzi Aparatın qabaqcadan razılığı ilə taxıl yığımını həyata keçirməyi və Cəmiyyət tərəfindən müəyyən edilmiş dislokasiya planına riayət etməyi, müqavilə müddəti (istifadə) bitməmişdən əvvəl təhvil verməyindən, texnikanın istismarı zamanı baş vermiş nasazlıq səbəbi ilə boş dayanmalardan və texnikanın saz vəziyyətə gətirilməsinə çəkilən xərcdən asılı olmayaraq, yuxarıdakı cədvəldə nəzərdə tutulmuş 4000 manat məbləği lizinq verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı ASC-nin bölmə rəhbəri X1 tərəfindən tərtib edilərək imzalanmış texniki vəziyyət haqqında № 06/00892 saylı, xx.xx.2021-ci il tarixli aktın surətindən görünür ki, İddiaçı ASC-nin Xaçmaz RN-nin Siyəzən-Xızı Rayon Bölməsinin istifadəsində olan SR-2045 markalı, 2014-cü il buraxılışlı, 90T402 dövlət nömrə nişanlı taxılyığan kombayn, mühərriki, yanacaq sistemi, yağlama sistemi, soyutma sistemi, transmissiya, hidravlik sistemi, elektrik avadanlığı, digər mexanizmlər və qovşaqlar saz vəziyyətdə olmaqla mexanizator Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan İddiaçı ASC-nin Sabirabad RN-nin rəhbəri X2, bölmənin baş mühəndisi (mexaniki) X4 və Cavabdeh tərəfindən tərtib edilərək imzalanmış texniki vəziyyət haqqında № 09/01268 saylı, xx.xx.2021-ci il tarixli aktın surətindən görünür ki, İddiaçı ASC-nin Sabirabad RN-nin istifadəsində olan SR-2045 markalı, 2014-cü il buraxılışlı, 54K233 dövlət nömrə nişanlı taxılyığan kombayn, texniki vəziyyəti, yanacaq sistemi, yağlama sistemi, soyutma sistemi, elektrik avadanlığı, digər detalları qovşaqları saz, akumlyator isə yararsız vəziyyətdə olmaqla Cavabdeh tərəfindən İddiaçı ASC-nə təhvil verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci madəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci madəsində qeyd edilir ki, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Göründüyü kimi, İddiaçı ASC cavabdehlə bağladığı xx.xx.2021-ci il tarixli, № 09/01268 saylı operativ lizinq müqaviləsinə uyğun olaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirərək özünə məxsus olan 2014-cü il buraxılışlı, SR-2045 markalı 54K233 dövlət qeydiyyat nişanlı taxılyığan kombaynı texniki cəhətdən tam saz vəziyyətdə cavabdeh Seymur Mehbalayevə təhvil vermiş, bu barədə həmin ASC-nin bölmə rəhbəri X6 Ziyadzadənin iştirakları ilə xx.xx.2021-ci il tarixli akt tərtib olunmuşdur. Lizinq müqaviləsinin şərtinə görə lizinq obyekti olan kombayn yalnız Sabirabad rayonunda istifadə olunmalı, cavabdeh tərəfindən kombayndan istifadəyə görə iddiaçıya 4500 manat məbləğində haqq ödənilməli olmuşdur. Lakin, cavabdeh lizinq obyektindən istifadə etsə də, buna görə ödəməli olduğu 4500 manat məbləğində puldan 2500 manatını ödəmişdir. Bununla da, cavabdeh yuxarıda göstərilən lizinq müqaviləsinə əsasən üzərinə götürdüyü bir neçə öhdəlikləri yerinə yetirməmiş, nəticədə iddiaçının həmin şəxsdən müqavilənin şərtlərinə uyğun olaraq 2500 manat məbləğində borcunu tələb edilməsi hüququ yaranmışdır. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının iddiası təmin edilməli, Cavabdeh 28 aprel 2021-ci il tarixli, 09/01268 nömrəli operativ lizinq müqaviləsinə əsasən 2500 manat məbləğində borc tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə tam sübuta yetirmişdir. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 43 (qırx üç) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 28 aprel 2021-ci il tarixli, 09/1268 nömrəli operativ lizinq müqaviləsinə əsasən 2500 (iki min beş yüz) manat borc və dövlət rüsumu kimi ödənilmiş 43 (qırx üç) manat, cəmi 2293 (iki min iki yüz doxsan üç) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar