Məhkəmə qərarları › İş №2(057)-570/2023

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-570/2023

27.04.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-570/2023 27.04.2023 SALYAN RAYON MƏHKƏMƏSİ X4 Yaqub oğlunun sədrliyi X1 oğlunun katibliyi ilə İddiaçı iştirakı ilə İddiaçı "xxxx" ASC-nə qarşı əsassız hesablanmış borcun silinməsinə dair iddiası üzrə mülki işə Salyan rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" ASC tərəfindən tərtib edilmiş 091477 saylı akt əsasında hesablanmış 175,89 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-nin Salyan rayonu üzrə İdarəsi tərəfindən onun və ailə üzvlərinin xəbəri olmadan protokol tərtib edilərək ona 175,89 manat dəyərində borc yazılmışdır. Bu hal bir-iki il ərzində İşıq İdarəsi tərəfindən abonentlərə qurulmuş tələdir. Sayğac "xxxx" tərəfindən küçəyə qutu daxilinə qurulmuş, xətt yenilənmiş və xüsusi möhürlə möhürlənmişdir. Tərtib olunmuş aktdan onun və onun ailə üzvlərinin xəbəri olmamışdır. Mübahisələndirdiyi akt əsassızdır və qeyri-qanuni tərtib edilmişdir. Yoxlama zamanı sayğacın sxemindən axan yükü qeyd etmədiyi, hesablama mexanizminin işləmədiyi qeyd edilmiş və bu barədə 091477 nömrəli protokol tərtib edilmişdir. Onun tərəfindən elektrik enerjisindən istifadə qaydaları pozulmamış, cavabdeh təşkilatın əməkdaşları tərəfindən tərtib edilmiş akt ehtimallara əsasən tərtib edilmiş, real fakta əsaslanmamış, bununla da onun hüquqları pozulmuş, cavabdeh təşkilat tərəfindən ona heç bir əsas olmadan borc hesablanmışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, o, Salyan rayonu Kürqaraqaşlı kəndində yaşamış, 2021-ci ilin oktyabr ayında Salyan şəhərinə köçərək kirayədə yaşayır. Kənddəki evindən köçən zaman sayğacdakı borcunu tam ödəyərək sıfırlamışdır. 2023-cü ilin mart ayında evi təmizləmək üçün yaşadığı kəndə getmiş, evə girərkən işıq yanmadığını, sayğacın sökülmüş vəziyyətdə yerdə olduğunu görmüş, dərhal sahə rəisi Vüqara zəng edib öz iradını bildirmiş, Vüqar isə ona elektrik enerjisindən istifadəyə görə 197 manat borcunun olduğunu bildirmişdir. Vüqar eyni zamanda ona demişdir ki, X3 İdarəsinin və Salyan Enerji İdarəsinin işçiləri ilə birlikdə onun hasarından keçib işıq sayğacını götürmüş və 4 nəfərdən ibarət akt tərtib etmişlər. Halbuki həmin aktın tərtib olunmasında o da iştirak etməli idi. Həmçinin İşıq İdarəsindən ona bildirmişlər ki, onun sayğacı köhnədir, istismar müddətini başa vurmuşdur. O, bir müddət sonra X3 İdarəsinə getmiş, orada onu Laboratoriya müdirinə yönəltmişlər. Laboratoriya müdiri ona bildirmişdir ki, kənd üzrə ərazi nümayəndəsindən akt tərtib edilən dövrdə həqiqətən də həmin ünvanda yaşamaması və başqa yerdə kirayədə yaşaması barədə arayış alsın. O, da həmin arayışı alıb, X3 İdarəsində Vasif adlı əməkdaşa vermiş, Vasif ona bir ay vaxt verməsini, həmin vaxt ərzində 197 manat borcu sildirəcəyini vəd etmişdir. Lakin, onun borcu silinməmişdir. Həmin İdarədən ona bildirmişlər ki, borc qanunsuz olsa da, onların borcu silmək səlahiyyəti yoxdur, buna görə də məhkəməyə müraciət etməlidir. O, bundan sonra Salyan rayon prokurorluğuna müraciət etmiş, oradan ona bu məsələ ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Odur ki, iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq həmin ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə həmin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan "xxxx" ASC-nin X2 Təchizatı və Satışı İdarəsi tərəfindən tərəfindən tərtib edilmiş məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında 091477 saylı, xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, İddiaçı məxsus sayğac sxemindən axan yükü qeyd etmir, hesablama mexanizmi işləmir, sayğacın istismar müddəti bitmişdir. İşdə olan "xxxx" ASC-yə məxsus xx.xx.2022-ci il tarixli bildiriş xəbərdarlıqdan görünür ki, Salyan rayonu Kürqaraqaşlı kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinin 34175566M1979331 nömrəli sayğacı üzrə elektrik enerjisindən istifadəyə görə 192,14 manat borc yaranmışdır. İşdə olan X2 Təchizatı və Satışı İdarəsi tərəfindən İddiaçı ünvanlanmış M043/021 saylı xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, araşdırma zamanı məlum olmuşdur ki, sayğacın sxemdən axan yükü qeyd etmədiyi, hesab mexanizminin işləmədiyi müəyyən edilmiş və bu barədə 091477 nömrəli protokol tərtib edilmişdir. Protokola əsasən, itirilmiş elektrik enerjisinin bərpası məqsədilə 175,89 manat dəyərində hesabat tərtib edilmişdir. «Elektroenergetika haqqında» Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinə əsasən istehlakçılar elektrik və istilik enerjisini təchizatçılarla bağlanılmış müqavilələr əsasında alırlar. Elektrik və istilik enerjisi istehlakçısının (əhali istisna olmaqla) enerji təchizatı şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) alması üçün yeni tikinti (qurğu) və avadanlıq tələb edilə bilər. Bu halda istehlakçı həmin tikintilər (qurğular) və avadanlıqlar üçün tələb olunan xərclərdə iştirak edir. Xərclər müvafiq olaraq yeni güc sifarişçiləri arasında bölünə bilər. İstehlakçıların yerləşdiyi ərazidən asılı olmayaraq enerji təchizatçısını seçmək hüququ vardır. Bu halda təchizatçı enerjinin ötürülmə xərclərinin ödənilməsində iştirak edir. Həmin Qanunun 8-ci maddəsinin 3-cü hissəsinə əsasən hər bir istehlakçı istifadə etdiyi energetika materiallarının və məhsullarının müqabilində paylayıcının təqdim etdiyi hesab üzrə ödəniş həyata keçirir. Bununla əlaqədar: paylayıcı istehlakçıya enerji ötürən hər bir yeni enerji qurğusunu fərdi sayğacla təchiz etməlidir; sayğacı olmayan istehlakçının fərdi sayğacın quraşdırılmasını tələb etmək hüququ vardır (Sayğacın dəyəri və quraşdırılması üçün çəkilən xərclər qanunvericiliyə müvafiq şəkildə ödənilə, o cümlədən sayğaca sertifikat verilən gündən bir il ərzində istehlak olunan enerjinin qiymətinə kompensasiyalar vasitəsilə paylayıcı tərəfindən həyata keçirilə bilər və bu halda sayğac paylayıcının mülkiyyətinə keçir); müvafiq icra hakimiyyəti orqanı sayğacların quraşdırılmasına tətbiq edilən texniki tələblər, enerji sərfiyyatının fərdi sayğaclarının sertifikatlaşdırılması və yoxlanması qaydaları haqqında əsasnamələr qəbul edir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq edilmiş Elektrik enerjisindən istifadə Qaydalarının 7.3-cü bəndinə əsasən hesablaşma uçot cihazları, o cümlədən aktiv və reaktiv enerji, aktiv və reaktiv güc elektrik sayğacları, həmçinin cəmləşdirici qurğular və avtomatlaşdırılmış uçot sistemləri "Elektrik qurğularının quraşdırılması qaydaları”na uyğun quraşdırılmalı və standartların tələblərinə cavab verməlidir. Həmin Qaydaların 7.10-cu bəndinə əsasən istismarda olan yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki hesablaşma elektrik sayğacları enerjitəchizatı müəssisəsi tərəfindən öz vəsaiti hesabına çıxarılaraq, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırıla bilər. Yeni yaşayış binalarında mənzillər üzrə məişət abonentlərinin hesablaşma elektrik sayğacları yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmalıdır. Bu hesablaşma elektrik sayğacları kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. Göründüyü kimi "xxxx" ASC-nin X2 Təchizatı və Satışı İdarəsinin əməkdaşları tərəfindən İddiaçı Salyan rayonu Kürqaraqaşlı kəndində yerləşən fərdi yaşayış evinə quraşdırılmış elektrik sayğacına baxış keçirilərkən həmin sayğacın sxemdən axan yükü qeyd etməməsi, hesablama mexanizminin işləməməsi nəticəsində elektrik enerjisinin itirilməsi faktı aşkar olunsa da və bu barədə müvafiq protokol tərtib olunsa da, iddiaçıya hesablanmış borc tam əsaslı olmamış, iddiaçının mütəmadi olaraq istifadə etdiyi elektrik enerjisinin həcminə uyğun olmamış, tərtib olunmuş protokol İddiaçı iştirakı olmadan tərtib olunmuş, laborator müayinə onun iştirakı ilə keçirilməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh təşkilat istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı, istehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənilməlidir. Fiziki şəxs olan istehlakçıların elektrik enerjisi sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi "xxxx" ASC-nin müvafiq qurumları dayışır. Elektrik enerjisinin verilməsinin dayandırılması, bərpa edilməsi, işıq sayğacının dəyişdirilməsi istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətində olan yaşayış evi elektrik enerjisi ilə təchiz edilməsi, quraşdırılmış sayğacın işlək vəziyyətdə olmasına görə məsuliyyəti iddiaçı deyil, "xxxx" ASC-nin müvafiq qurumları daşıdığından, həmin sayğaca iddiaçı tərəfindən müdaxilə edilməsi cavabdeh tərəfindən sübuta yetirilə bilmədiyinə görə iddiaçı barəsində mülki hüquq məsuliyyətinin yaranmasına görə qərar qəbul edilməsi əsaslı hesab edilə bilməz. Belə olan halda sayğacın yararsız vəziyyətə düşməsi nəticəsində hər hansı borc məbləği kimi pul abonentdən tələb edilə bilməz. İstehlakçı İddiaçı təqsiri heç bir sənədlə və ya sübutla təsdiq olunmur, həmin sayğacın işlək vəziyyətdə olmamasının və buna görə də elektrik enerjisinin itirilməsinin məhz iddiaçının təqsiri üzündən baş verməsi barədə hər hansı sübut məhkəməyə təqdim olunmamış, həmçinin cavabdeh tərəfin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, iddiaya qarşı hər hansı etirazını və ya sübutunu məhkəməyə təqdim etməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, İddiaçı evi üçün quraşdırılmış sayğacın işləməməsi məhz iddiaçı tərəfindən həmin sayğaca müdaxilə edilməsi və "xxxx" ASC-yə ziyan vurulması kimi qiymətləndirilə bilməz. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, “AZƏRİŞİQ» ASC-nin X2 Təchizatı və Satışı İdarəsi tərəfindən tərtib edilmiş “məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında” 091477 saylı, xx.xx.2022-ci il tarixli protokol əsasında hesablanmış 175,89 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Beləliklə, məhkəmə iddiaçının cavabdeh təşkilat tərəfindən tərtib edilmiş “məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında” 091477 saylı, xx.xx.2022-ci il tarixli protokol əsasında hesablanmış borcun əsassızlığı ilə bağlı iddia tələbinin dəlilləri ilə razılaşaraq hesab edir ki, "xxxx" ASC-nin X2 Təchizatı və Satışı İdarəsi tərəfindən tərtib edilmiş 091477 saylı, xx.xx.2022-ci il tarixli protokol əsasında İddiaçı hesablanmış 175,89 manat borc silinməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə tam sübuta yetirmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" ASC-nin X2 Təchizatı və Satışı İdarəsi tərəfindən tərtib edilmiş “məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında” 091477 saylı, xx.xx.2022-ci il tarixli protokol əsasında İddiaçı hesablanmış 175,89 manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Salyan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar