Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-591/2024 08.04.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “akt əsasında əsassız hesablanmış cərimənin silinməsi və sayğac paylayıcının hesabına quraşdırılması və sayğac paylayıcının hesabına quraşdırılması” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdehnə qarşı “akt əsasında əsassız hesablanmış cərimənin silinməsi və sayğac paylayıcının hesabına quraşdırılması” tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh Salyan X8 İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq tərtib edilmiş xx.xx.2022-ci il tarixli, ******* və xx.xx.2022-ci il tarixli, ******* saylı aktlar əsasında hesablanmış cəmi 535,68 manat cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2022-ci ildə mart ayında Salyan rayonunun Yenikənd kəndində ona məxsus evinə küçədə qoruyucu qutusuz quraşdırılmış sayğaca qaz idarəsinin əməkdaşları baxış baxış keçirtmişdilər. Sayğacın dövlət yoxlamasının vaxtı çatdığı üçün dəyişdirdiklərini bildirmişdilər. Evinə smart tipli qaz sayğacı quraşdırmışdılar. Sayğacın kipləşməyinə görə ona 362,88 manat cərimə hesablayıblar. Sonra isə xx.xx.2022-ci ildə də, sayğacına 172,80 manat cərimə yazıblar. Halbuki, sayğac tam işlək imiş. Labaratoriyanın rəyində də, sayğaca heç bir müdaxilənin olması barədə qeyd yoxdur. Rəydə sayğacın daxilinə kamera ilə baxış keçirildiyi, heç bir kənar təsir izlərininin aşkar edilmədiyi, alarm rejimininin aşkar olunmadığı qeyd edilsə də, onun evinə yenə də, cərimə yazıblar. Sayğac tam işlək vəziyyətdə imiş. Aktda qeyd olunmuşdur ki, sayğac kipləşmişdir. Sayğacın kipləşməyindən onun anlayışı yoxdur. Gücü çatan qədər karta ödəniş edib qazdan istifadə edirdi. Sayğacın işləyib-işləməməsinə cavabdeh o (abonent) deyil. Buna baxmayaraq, sayğac həmişə işlək olub. Labaratoriyanın rəyində qeyd olunur ki, sayğaca kamera ilə baxış keçirilmiş, kənar təsir izləri aşkar olunmamışdır. Sayğacda müdaxilə halının olmamasını özləri təsdiq etsələr də, tam qanunsuz olaraq ona cərimə yazıblar. Qaz təsərrüfatı nənəsinin adına gedib, nənəsi dünyasını 2016-cı ildə dəyişib. Ancaq 2022-ci il və akt yazılan dövrdə də, “Qazın alqısatqısı” ilə bağlanan müqavilə onunla bağlanmışdır. Təlimatlar onun iştirakı ilə keçirilmişdir. Akt onun adına tərtib edilmişdir. Ona görə də, Cavabdeh Salyan X8 İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq İddiaçı adına tərtib edilmiş xx.xx.2022ci il tarixli, ******* və xx.xx.2022-ci il tarixli, ******* saylı aktlar əsasında hesablanmış 535,68 manat cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, onların sayğacı küçədə quraşdırıldığı üçün ona nəzarət edə bilmir. Borclarını vaxtında ödəyir. Kommunal borcu yoxdur. Qaz təsərrüfatı nənəsinin adına gedib. Nənəsi 2016-cı ildə rəhmətə gedib. Borcun əsassız hesablanmasını bildirərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsə də, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPMin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli, № ******* saylı aktın surətindən görünür ki, istehlakçı X3 məxsus yaşayış sahəsində xx.xx.2022-ci il tarixdə təbii qazın uçotu və TQİQ-yə riayət olunması yoxlanılmış, sayğacın minimal sərfiyyatda -100% nisbi xətayla işləməsi, hesablama mexanizmi minimal sərfiyyatda keçən qazın həcmini qeyd etməməsi halı aşkar olunmuşdur. “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2022-ci il tarixli, ******* nömrəli Aktın surətindən görünür ki, X2 yaşadığı Salyan rayonu, Yenikənd kəndində yerləşən fərdi yaşayış evinə quraşdırılmış sayğacın minimal sərfiyyatda -100% nisbi xətayla işləməsi, hesablama mexanizmi minimal sərfiyyatda keçən qazın həcmini qeyd etməməsi halı aşkarlanmışdır. Qaz sayğacı yenisi ilə əvəz edilmişdir. xx.xx.2022-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən görünür ki, Cavabdeh İB-nin Metrologiya Departamentinin, sayğacların müayinəsi laboratoriyasının qaz sayğacının yoxlanılması barədə xx.xx.2022-ci il tarixli MSK-29/1710- 01517-1 nömrəli rəyinə əsasən G-4 markalı 1602AZ**********97 nömrəli sayğaca baxış keçirilmişdir. Aşkar edilmiş nöqsanlar: Klapanı işlək vəziyyətdə deyil, bağlıdır. LCD ekranda “klapanı açıq” işarəsi əks olunur. Sayğacın klapanı tərəfimizdən mexaniki üsulla açıldı. Sayğacın yaddaş arxivi oxundu. Sayğacda istismar müddətində ALARM-1 rejimi aşkar olunmayıb. Xətalar normadan artıqdır. Sayğac minimal sərfiyyatda -100 % nisbi xətayla işləyir, hesablama mexanizmi minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmir. Kamera vasitəsilə sayğacın daxilinə baxış keçirildi, kənar təsir izləri aşkar edilmədi. Sayğac istismara yararsızdır. Qaz sayğacının nominal qaz sərfi 4 m3 orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. (4 x 12 x 30=1440 m3) Abonent nömrəsi **********00000 olan X2 adına olan qaz sərfiyyatına dair saldodan görünür ki, abonentin 535,68 manat borcu vardır. 640 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X1 xx.xx.2016cı il tarixdə hipertonik kriz səbəbindən ölmüşdür. Məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, abonentə məxsus sayğacın minimal sərfiyyatda -100% nisbi xətayla işləməsi,hesablama mexanizmi minimal sərfiyyatda keçən qazın həcmini qeyd etməməsi halında abonentin təqsiri olmasını cavabdeh təşkilat sübut etməmişdır. Cavabdeh tərəf həmin hüquq pozuntunun iddiaçı tərəfindən törədilməsini təsdiq edən sübutu da məhkəməyə təqdim etməmişdir. Ona görə də iddiaçının hərəkətlərində mülki hüquq pozuntusu olmadığından onun üzərinə mülki məsuliyyətin qoyulması doğru deyildir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən, öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən, dövlət istehlakçıların mənafelərinin müdafıəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfıyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası qanununun 13-cü maddəsinin 6-cı bəndində göstərilir ki, qaz paylayıcısı aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər: istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; məhkəmənin qərarı ilə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın: 4.2-ci maddəsinə əsasən, məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir 4.5-ci bəndinə əsasən, qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinin tələbinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 5.5-ci bəndinə əsasən, qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. 6.7-ci maddəsinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3 və 560.3.5.2-ci maddələrinə görə, istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı tərəfindən sayğaca hər hansı müdaxilənin edilməsi, ümumiyyətlə, iddiaçının hər hansı təqsirli hərəkət və hərəkətsizliyinin olması sübuta yetirilməmişdir. Qaz sayğacın minimal sərfiyyatda -100% nisbi xətayla işləməsi,hesablama mexanizmi minimal sərfiyyatda keçən qazın həcmini qeyd etməməsi təkcə buna görə istehlakçıya borc hesablanmasına əsas vermir. Həmçinin cavabdeh təşkilat məhkəməyə qaz sayğacına iddiaçı tərəfindən müdaxilə edilməsini sübut edəcək mötəbər və təkzib olunmaz sübutlar təqdim etməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, sayğacın minimal sərfiyyatda -100% nisbi xətayla işləməsi, hesablama mexanizmi minimal sərfiyyatda keçən qazın həcmini qeyd etməməsi ilə hər hansı səbəbli əlaqəsinin olması da cavabdeh tərəfindən sübut edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, təqsiri sübuta yetirilmədiyi halda dəymiş zərərin əvəzinin iddiaçıdan tutulması yolverilməzdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinin tələbinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı hər hansı təqsirli hərəkəti nəticəsində cavabdeh təşkilata məxsus sayğacın zədələnməsi və ziyan vurulması müəyyən edilmədiyindən, ümumiyyətlə, iddiaçının hər hansı təqsiri sübut edilmədiyindən iddiaçıya buna görə borc hesablanması qanunsuzdur və hesablanmış borc silinməlidir. “Dövlət Rüsumu" haqqında Azərbaycan Respublikası Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh Salyan X9 İdarəsi tərəfindən İddiaçı xx.xx.2022-ci il tarixli, ******* və xx.xx.2022-ci il tarixli, ******* saylı aktlar əsasında hesablanmış 535,68 manat borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №2(057)-591/2024
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-591/2024
08.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver