Məhkəmə qərarları › İş №2(057)-594/2025

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-594/2025

26.05.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-594/2025 26.05.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Salyan rayon İcra Hakimiyyətinə qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Salyan rayon İcra Hakimiyyətinə qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, qızı xx.xx.2005-ci il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1968-ci ildə anadan olmuşdur. xx.xx.1994-cü ildə X8 ilə nikaha daxil olmuşdur. Birgə nikahlarından olan xx.xx.2005-ci il təvəllüdlü X1 təqdim edilmiş sənədlərdən də göründüyü kimi orqanizm funksiyaları pozulduğu üçün birinci qrup əlil kimi ağır dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntuları ilə xəstəsi olduğu sübuta yetirilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin çıxarışında birinci qrup ömürlük əlil hesab edilmişdir. Buna görə də, o bir çox idarələrə və sair orqanlara müraciət edərkən çox çətinliklərlə üzləşir. Konkret olaraq Bakı şəhərində DOST Xidmətinə əlil övladının reabilitasiyası ilə əlaqədar müraciət edən zaman mütləq şəkildə qəyyumluq və himayəçilik qərarının olması tələb edilmişdir. Buna görə də, məhkəmənin qətnamə çıxarmasına ehtiyac vardır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, 3 övladı var. Böyük qızı Ayzanə Kərimova ailə qurmuşdur. Oğlu ikinci Vətən müharibəsində yaralanmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, maraqlı şəxs Salyan rayon İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin (cavabdehlərin) gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. MPM-in 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, iş materiallarında olan 22 sentyabr 1994-cü il tarixdə verilmiş X9 Şəhadətnamədən görünür ki, X8 ilə X11 arasında nikah 22 sentyabr 1994-cü il tarixdə Salyan rayonu Çuxanlı kənd Ərazi Nümayəndəliyində bağlanmış, həmin tarixdən X9 akt qeydləri kitabında 18 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra qadına Ələkbərova soyadı verilmişdir. İş materiallarında olan X6 ksero surətindən görünür ki, X5 xx.xx.2005-ci ildə Salyan rayonu, P.Xalac kəndində anadan olmuş, atası X8, anası Ərizəçidır. İş materiallarında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumat vərəqindən görünür ki, X5 xx.xx.2024-cü il tarixdə qiymətləndirilmiş və ona F72 ağır dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntuları ilə, İQ=28% diaqnozu qoyulmuşdur. İş materiallarında olan Salyan Regional “ASAN xidmət” mərkəzində notariat ofisinin Xüsusi notariusu X16 tərəfindən təsdiq edilmiş Ərizəçi ərizəsindən görünür ki, xx.xx.2005ci il təvəllüdlü X1 himayəsinə verilməsinə razıdır. Himayəlik barədəki müraciətinin təmin edilməsini xahiş etmişdir. İş materiallarında olan Salyan Rayon İcra Hakimiyyəti Başçısının Çuxanlı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Ərizəçi Salyan rayonu, P.Gəncəli kəndində ailə üzvləri ilə birlikdə yaşayır. İş materiallarında olan Salyan Regional “ASAN xidmət” mərkəzində notariat ofisinin Xüsusi notariusu X16 tərəfindən təsdiq edilmiş X4 ərizəsindən görünür ki, xx.xx.2005-ci il təvəllüdlü bacısı X1 Ərizəçi himayəsinə verilməsinə razıdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator Kitabçadan (xəstəlik tarixindən) Çıxarışdan görünür ki, X3 ağır dərəcəli əqli gerilik diaqnozu qoyulmuş, onun kənar şəxslərin qulluq və nəzarətinə ehtiyacı vardır. İşə əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-X7” X15 xx.xx.2025-ci il tarixli, 1274 saylı rəyindən görünür ki, X2 ağır dərəcəli əqli gerilik müəyyən edilir. X5 öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Buna görə də, X5 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. X2 müəyyən edilən ağır dərəcəli əqli gerilik ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 305.1.3-ci maddəsinə əsasən, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxılır. MPM-in 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. MPM-in 320.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. MPM-in 321.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Mülki Məcəllənin 33.1-ci maddəsinə əsasən, qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Qəyyumların və himayəçilərin buna uyğun hüquq və vəzifələri Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyənləşdirilir. Məhkəmə iş üzrə sübutlara MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Normanın məzmunundan müəyyən olunur ki, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş ailə üzvlərindən yaxın qohumların valideynlərin, uşaqların, qardaş-bacıların ərizəsi üzrə qaldırıla bilər. Bundan başqa normadan müəyyən olunur ki, həmin ərizə müvafiq icra hakimiyyəti orqanının və psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə də qaldırıla bilər. Beləliklə, iş materiallarından müəyyən edildi ki, xx.xx.2005-ci il təvəllüdlü X5 öz hərəkətləri üzərində nəzarəti həyata keçirə bilmir. Evdə nəzarətsiz qalması X1 həyatı üçün təhlükəlidir. Tibbi rəyə əsasən kənar şəxsin qulluğuna ehtiyacı vardır. Buna görə də, onun üzərində qəyyum təyin olunması zəruridir. Odur ki, Ərizəçi fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün rayon məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2025ci il tarixli 1274 saylı rəyi ilə X1 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi nəticəsinə gəlmişdir. Odur ki, məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Qətnamə müvafiq qaydada qəyyum təyin edilmə üçün hüquqi əsas təşkil etməlidir. MPM-in 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və MPM-in 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2005-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar