Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 2(057)-600/2023 24.02.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlu iddiaçı Ərizəçi döyüşlərdə iştirak etməsi faktının təsdiq edilməsin dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə Salyan Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 1994-cü ildən 1997-ci ilədək Azərbaycan Respublikası Müdafiə Nazirliyi N və N saylı hərbi hissələrdə Qarabağ uğurunda döyüşlərdə iştirak etmək faktının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, Salyan şəhəri, Aslan Hüseynov küçəsi, ev 58-də yaşayır.1994-cü ildən 1997-ci ilədək Azərbaycan Respublikası Müdafiə Nazirliyi N və N nömrəli hərbi hissələrdə Qarabağ uğurunda döyüşlərdə iştirak etmişdir. Hərbi biletində hərbi hissənin N və N saylı nömrələri var. Qarabağ uğurunda döyüşlərdə iştirak etdiyi üçün müharibə veteranı stasunun və vəsiqəsinin verilməsinə köməklik göstərməyi Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Salyan rayon şöbəsindən və Azərbaycan Respublikası Müdafiə Nazirliyindən xahiş etmişdir. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Salyan rayon şöbəsi bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyi nəzdində fəaliyyət göstərən “Müharibə veteranı adının və vəsiqəsinin verilməsi üzrə komissiyaya” müraciət etməsi tövsiyyə edilmiş və təkrar müraciətindən sonra Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyası tərəfindən verilmiş cavab məktubunda müsbət qərar verilmədiyindən sənədlər geri qaytarılmışdır. Foto şəkillər və şahid kimi dindirilməyini istədiyi X2 ifadəsindən və sənədlərindən göründüyü kimi sonuncu onunla birlikdə eyni hərbi hissələrdə xidmətdə olmuşdur, bu maddi sübutlar da bir daha onun hərbi xidmətdə 1994-1997-ci ildə N və N saylı hərbi hissələrdə xidmətdə olmağı faktını təsdiq edir. Halhazırda X1 əsasında mən mübahisənin həll olunması üçün məhkəməyə müraciət etməyi üçün 1994-1997-ci illərdə döyüş əməliyyatlarında iştirak etmək faktı təsdiq edilməlidir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə ərizənin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2-ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.1. şəxslərin qohumluq münasibətlərinin: 307.2.2. şəxsin öhdədə olması faktının; 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; 307.2.4. ər-arvaddan birinin vəfat etməsi nəticəsində müvafiq icra hakimiyyəti orqanında nikah qeydə alına bilməzsə, qanunla müəyyən edilmiş hallarda faktiki nikah münasibətlərində olma faktının; 307.2.5. şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının; 307.2.6. mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının; 307.2.7. bədbəxt hadisə faktının; 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; 307.2.9. mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin; 307.2.10. atalığın etiraf olunması faktının; 307.2.10-1. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının; 307.2.11. qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Mülki prosessual qanunvericiliyin tələbinə görə hüquqi faktın müəyyən edilməsi şəxsin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsinə, dəyişməsinə və xitam olunmasına səbəb olduğundan ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədikdə, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmadığı halda məhkəmə hüquqi əhəmiyyəti olan faktları müəyyən edə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarını 14-cü bəndində məhkəmələrə izah olunmuşdur ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Lakin qeyd edilməlidir ki, hərbi xidmət dövründə döyüşlərdə yaralanma, müalicədə olma və s. barədə hərbi hissələr, hərbi komissarlıqlar, hospitallar tərəfindən verilmiş arayışların, bildirişlərin və digər sənədlərin şəxsə məxsus olması faktı məhkəmələr tərəfindən xüsusi icraat qaydasında müəyyən oluna bilər. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti mövcud qurum kimi hal-hazırda fəaliyyət göstərdiyindən İddiaçı-ərizəçi müharibə veteranı vəsiqəsinin alınmasına dair vəsatətlə bağlı olaraq qanunla müəyyən olunmuş qaydada müvafiq orqanlara müraciət etməli, əks halda həmin orqanların hərəkətindən və hərəkətsizliyindən müvafiq icra hakimiyyəti orqanının olduğu yer üzrə inzibati məhkəməyə müraciət etməlidir. Göründüyü kimi Ərizəçi 1994-cü ildən 1997-ci ilədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N və N saylı hərbi hissələrin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı gedən döyüş əməliyyatlarında iştirak etməsi faktının müəyyən edilməsi barədə ərizəyə xüsusi icraat qaydasında baxılması mümkün deyildir. Ərizəyə əlavə olunmuş Şirvan İnzibati Məhkəməsinə təqdim olunmuş iddia ərizəsindən, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli Sərəncamından, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsinin iməhkəməyə təqdim etdiyi etirazının surətindən və digər sənədlərin surətindən görünür ki, Ərizəçi iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəmə izah edir ki, Ərizəçi əldə etmək istədiyi hüquqi nəticələrlə bağlı inzibati məhkəmənin qərarını gözləməlidir. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı 10 aprel 2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 151.1, 153.2.1, 153.3-cü maddələrinə əsasən ərizələrin həmin Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır; ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilir; hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Qeyd olunan qanunların tələbinə görə məhkəmə hesab edir ki, İddiaçı-ərizəçi tərəfindən irəli sürülmüş tələb üzrə hazırkı işə Salyan Rayon Məhkəməsində mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığı üçün iddia ərizəsinin yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina edilməli, ərizəçiyə qeyd edilmiş hallar nəzərə alınmaqla aidiyyatı üzrə inzibati məhkəməyə müraciət etmək hüququndan istifadə etməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ M: İddiaçı-Ərizəçi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan əməliyyatlarda iştirak etməsi faktının müəyyən edilməsinə dair ərizəsinin yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina edilsin. Ərizəçi qeyd edilən tələblə bağlı İnzibati Məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan 10 gün müddətində Salyan Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №2(057)-600/2023
Salyan Rayon Məhkəməsi Qərardad — İş №2(057)-600/2023
24.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Döyüş əməliyyatlarında iştirak faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver