Məhkəmə qərarları › İş №2(057)-635/2023

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-635/2023

19.04.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-635/2023 19.04.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X4 qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib edilmiş 30 dekabr 2022-ci il tarixli ******* nömrəli aktın ləğv edilməsi və həmin akt əsasında hesablanmış 1036,80 manat cərimənin silinməsi” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib edilmiş 30 dekabr 2022-ci il tarixli ******* nömrəli aktın ləğv edilməsi və həmin akt əsasında hesablanmış 1036,80 manat cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, Salyan rayonu, Xalac kəndində yerləşən ona məxsus fərdi yaşayış evə “Azəriqaz” X1 Qaz İdarəsi tərəfindən tərtib edilmiş 30 dekabr 2022-ci il tarixli, ******* nömrəli aktın və akta əsasən hesablanmış 1036,80 manat cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Salyan rayonu, Xalac kəndində yaşayır. Qaz istifadə etdiyi müddətdə hər ay qaz sayğacı sərfiyyatı qeydə almış və dəyəri tərəfindən ödənilmişdir. Qaz sayğacı həyətyanı sahəsindən kənarda açıq şəraitdə quraşdırılmışdır. Qaz idarəsinin nümayəndələri tərəfindən ayda iki dəfə sayğacın göstəricisi çıxarılmış və ona bildiriş təqdim olunmuşdur. Hər ay qaz idarəsindən yoxlama gələrək sayğaca baxış keçirmiş, hər hansı bir nöqsan aşkarlanmamışdır. 28 noyabr 2022ci ildə qaz idarəsinin işçiləri sayğacları yenisi ilə əvəz etmişlər. Daha sonra “Azəriqaz” İBnin əməkdaşları qaz sayğaclarını ona məlumat vermədən laboratoriyaya yoxlamaq üçün göndərmişlər. Cavabdeh təşkilatın əməkdaşları sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin deşilməsi barədə 30 dekabr 2022-ci il tarixli akt tərtib etmiş və həmin akt əsasında 1036 manat ona cərimə yazılmışdır. Həmin ilin dekabr ayında ona 1036,80 manat cərimə olunduğu bildirilmişdir. Akt tərtib olunan zaman imza edən hal şahidləri iş üzrə maraqlı olmayan şəxlərdən dəvət olunmalı olsa da, buna əməl edilməmişdir. Həmin şəxslər cavabdeh təşkilatın əməkdaşları olmuşlar. Cavabdeh təşkilat aktda qeyd olunan həmin müdaxilənin onun tərəfindən edilməsini təsdiq edə biləcək heç bir sübut təqdim edə bilməmişdir. Sayğac ona məxsus evin sərhədlərindən kənarda yerləşir və bütün günü həmin sayğaca nəzarət etmək və onu toxunulmaz saxlamaq mümkün deyildir. Ona görə də, “Azəriqaz” X1 Qaz İdarəsi tərəfindən tərtib edilmiş 30 dekabr 2022-ci il tarixli, ******* nömrəli aktın və akta əsasən hesablanmış 1036,80 manat cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin məzmununa uyun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Mülki iş materiallarında olan xx.xx.2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, İddiaçı tərəfindən 8640 kub metr təbii qaz itirilmişdir. Mülki iş materiallarında olan 30 dekabr 2022-ci il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, sayğacın hesablama mexanizminin qoruyucu şüşəsi deşilmiş və sayğac istismara yararsızdır. Mülki iş materiallarında olan 28 noyabr 2022-ci il tarixli, ******* saylı qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktdan görünür ki, sayğac yenisi ilə əvəzlənərək növbədənkənar diaqnostik yoxlamaya göndərilmişdir. Mülki iş materiallarında olan abonent nömrəsi **********01400 olan İddiaçı adına olan qaz sərfiyyatına dair saldodan görünür ki, abonentin 1036,80 manat qalıq aktlar üzrə borcu vardır. Mülki iş materiallarında olan xx.xx.2022-ci il tarixli, XS-52-01658/22 nömrəli müqavilənin surətindən görünür ki, istehlakçı İddiaçıla ilə “X2 arasında müqavilə bağlanmışdır. Məhkəmə iddiaçını dinləyib, işdə olan sənədlərə obyektiv qiymət verərək belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, abonentə məxsus sayğacın hesablama mexanizminin qoruyucu şüşəsi deşilməsi halında abonentin təqsiri olmasını cavabdeh təşkilat sübut etməmişdır. Cavabdeh tərəf həmin hüquq pozuntunun iddiaçı tərəfindən törədilməsini təsdiq edən sübutu da məhkəməyə təqdim etməmişdir. Ona görə də iddiaçının hərəkətlərində mülki hüquq pozuntusu olmadığından onun üzərinə mülki məsuliyyətin qoyulması doğru deyildir. İddiaçının aktın ləğv olunması tələbi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı həmin tələbin təmin olunması üçün məhkəməyə sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsində qeyd olunmuşdur ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər. Qanunvericiliyin məzmunundan aydın olur ki, hüquq pozuntusunun mövcud olması üçün hüquq pozuntusu törətmiş şəxsin hərəkətləri ilə nəticə arasında səbəbli əlaqə olmalıdır. Cavabdeh belə bir əlaqənin mövcudluğu barədə məhkəməyə sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci ilin 12 may tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci maddəsində nəzərdə tutulur ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. İddiaçıya məxsus olan ünvanda akt tərtib edilərkən “Qazdan istifadə qaydaları”nın 4.8-ci bəndinin tələbləri pozulmuşdur, yəni akt tərtib edilərkən hal şahidləri iştirak etməmişlər. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilməli olan dövlət rüsumu cavabdehə aid edilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233, 357-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh “Azəriqaz” X3 Qaz İdarəsi tərəfindən İddiaçı 30 dekabr 2022-ci il tarixli, ******* saylı akta əsasən hesablanmış 1036,80 manat borc silinsin. “Azəriqaz” İstehsalat Birliyindən 30.36 manat dövlət rüsumu dövlət nəfinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar