Məhkəmə qərarları › İş №2(057)-666/2025

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-666/2025

04.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-666/2025 04.03.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlu, İddiaçı Cavabdeh qarşı “borc pul” tələbinə dair mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - İddiaçı və ya iddiaçı) Cavabdeh qarşı (bundan sonra - Cavabdeh və ya cavabdeh) “borc pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 400 manat əsas borc, 567 manat cərimə borcu, cəmi 967 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında AZƏRFON şirkətinə məsxus mobil telefonların satışı üzrə rəsmi diler mağazada sahibkarlıq fəaliyyəti ilə məşğul olur. 10 oktyabr 2022-ci il tarixdə ünvan 2i ünvanında qeydiyyatda olmaqla yaşayan Cavabdeh yaxın dostu və əvəllər tanıdığı müştəri X1 (mob **********) ilə birgə işlədiyi mağazaya gəlib, dəyəri 420 manat olan Redmi 10A modelli mobil telefonu 40 manat ilkin ödəniş olmaqla və qalan 400 manatını 10 ay ərzində ayda 40 manat olmaqla ödəmək şərti ilə almaq istədiyini bildirmişdir. İlkini tanıdığı üçün, əvvəllər alış verişləri olduğu üçün, həm də İlkin ödənişlərə şifahi olaraq zamin durduğu üçün razılaşıb, bu barədə Cavabdeh ilə müqavilə imzalamış, istədiyi mobil telefonu mən ona vermiş və Hamil mobil telefonu götürüb Şakirlə mağazadan çıxmışdır. Lakin sonralar Cavabdeh aldığı mobil telefondan heç bir ödəniş etməmişdir. Uzun muddət keçməsinə baxmayaq Cavabdeh mağazaya olan 400 manat borcunu ödəməkdən yayınır. Müqavilənin 2.4 bəndinə əsasən borcunu yubatdığına görə ona ümumi 567 manat cərimə hesablanmış və maliyyə arayışı iddia ərizəsinə əlavə edilmişdir. Dəfələrlə onun istifadəsində olan mobil nömrəsinə zənglər etmiş və onun evinə gedib borcunu istəmiş, ünvanına xəbərdarlıq məktubları göndərmiş, lakin ondan borcunu ala bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehlərin iddia ərizəsində göstərilən ünvana rəsmi qaydada bildiriş göndərilmiş, cavabdehlər İddiaçının tələbinə dair hər hansı münasibət bildirməmişlər. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli, № 628/321 saylı “Alqı-satqı” müqaviləsindən görünür ki, satıcı qismində çıxış edən İddiaçı alıcıya 10 ay müddətinə aylıq 40 manat olmaqla, dəyəri 420 manat olan Redmi 10A modelli mobil telefonu telefonu satmışdır. İş materiallarında olan İddiaçı tərəfindən cavabdehə ünvanlanmış 22 sentyabr 2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, ona gecikdirilmiş borcunun olması, ödənilməyəcəyi təqdirdə aidiyyatı orqanlara müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş 567 manat cərimə borcu vardır. İş materiallarında olan dövlət rüsumunun ödənilməsi barədə mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən dövlət rüsumu olaraq 30 manat pul ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 385.1ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 427.3-cü maddəsinə görə, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 567-ci maddəsinin tələbinə görə alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 600.1-ci maddəsinin tələbinə görə alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. MPM-in 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. MPM-in 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, 567 manat cərimənin tutulması hissəsinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, tənasübsüz surətdə yüksək dəbbə pulu azaldılmalı və cavabdehdən dəbbə pulu olaraq 10 manat məbləğində pul tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən 400 (dörd yüz) manat əsas borc, 10 (on) manat cərimə borcu və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutulub iddiaçıya ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və MPM-in 216-220, 227, 233 və 284-1-284-6-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 400 (dörd yüz) manat əsas borc, 10 (on) manat cərimə borcu və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutulub İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar