Məhkəmə qərarları › İş №2(057)-678/2025

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-678/2025

04.04.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-678/2025 04.04.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “aktın ləğv olunması və əsassız yazılmış cərimənin silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra "xxxx" ASC) qarşı “aktın ləğv olunması və əsassız yazılmış cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli, 033539 saylı aktının ləğv edilməsi və əsassız yazılmış 569.48 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Salyan rayonu, Kürqaraqaşlı kəndində yaşayır. 25 avqust 2023-cü il tarixdə ona məxsus elektrik sayğacı yoxlanılmış və 033539 nömrəli akt tərtib olunmuşdur. Aktda elektrik sayğacından kənar xətt vasitəsilə qidalandırıldığı göstərilmişdir. O sayğaca heç bir müdaxilə etməmişdir. O, 2022-ci ildən həmin evdə yaşamır. 2022-ci ildən indiyə kimi qızı ilə birgə yaşayır. Ona əsassız yerə 569.48 manat cərimə yazılmışdır. Akt yazılmamışdan əvvəl onun işığa görə heç bir borcu olmamışdır. Lakin cavabdehin əməkdaşları müəyyən maraqlar naminə qanunsuz akt tərtib etmişlər, akt tərtib olunarkən nə hal olmuş, maraqlı şəxslər tərəfindən tərtib olunmuşdur. Bu isə onu göstərir ki, hazırki akt qanunsuzdur. Ona görə də, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, iddianı müdafiə edir. O, sayğac quraşdırılan evdə uzun müddətdir ki, yaşamır. O, sayğaca müdaxilə etməmişdir. Ərizəsinin təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə və AZEMİS vasitəsi ilə SMS bildiriş göndərilməsinə baxmayaraq cavabdeh təşkilatın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin (cavabdehlərin) gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 25 avqust 2023-cü il tarixli, № 033539 saylı aktın ksero surətindən görünür ki, EEİQ-na uyğun olaraq sayğaca baxış keçirilən zaman məlum olmuşdur ki, abonent evini sayğacdan kənar xətt vasitəsi ilə qidalandırır. İş materiallarında olan Kürqaraqaşlı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı Salyan rayon Kürqaraqaşlı kəndində özünə məxsus fərdi yaşayış evində səhhəti ilə əlaqədar olaraq 2022-ci ildən yaşamır. Hal-hazırda qızının fərdi yaşayış evində qızı ilə birgə Kürqaraqaşlı kəndində yaşayır. Abonent nömrəsi **********00367 olan İddiaçı adına olan elektrik enerjisindən istifadəyə görə ASAN ödəniş sisteminin rəsmi internet saytı olan “ASANPAY” ödəniş platformasından çıxarılmış qəbzdən görünür ki, iddiaçının cavabdeh təşkilata 558.48 manat borcu vardır. “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən elektrik və istilik enerjisinin alqı-satqısı və mübadiləsi müqavilələr əsasında həyata keçirilir. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-cı il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 4.1-ci bəndinə görə enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin Qaydaların 8.14-cü bəndinə əsasən, istehlakçı hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludur. Mənzil Məcəlləsinin 136.4-cü maddəsinə əsasən kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafeylərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 9.1-ci maddəsinə əsasən istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X1 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 10.9-cu maddəsinə əsasən enerjitəchizatı müəssisəsi və istehlakçı bu Qaydaların 10.8-ci bəndində qeyd edilən metodik göstərişlərə əsasən, elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində elektrik enerjisinin keyfiyyətinə daimi, vaxtaşırı (ildə 2-4 dəfə) və ya epizodik nəzarət etməyə borcludurlar və 11.7-ci dövlət elektroenergetika müəssisəsi və enerjitəchizatı müəssisəsi bu Qaydaların 11.6-cı bəndində qeyd edilən metodik göstərişlərə əsasən, elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində elektrik enerjisinin keyfiyyətinə daimi, vaxtaşırı (ildə 2-4 dəfə) və ya epizodik nəzarət etməyə borcludurlar. Məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, abonentə məxsus sayğacın kənar xətt vasitəsi ilə qidalandırılması halı Cavabdeh təşkilat tərəfindən sübut edilməmişdir. Cavabdeh tərəf həmin hüquq pozuntunun İddiaçı tərəfindən törədilməsini təsdiq edən sübutu da məhkəməyə təqdim etməmişdir. Həmçinin İddiaçı adına olan elektrik enerjisindən istifadəyə görə ASAN ödəniş sisteminin rəsmi internet saytı olan “ASANPAY” ödəniş platformasından çıxarılmış qəbzdən görünür ki, iddiaçının cavabdeh təşkilata 558.48 manat borcu vardır. Ona görə də, iddia həmin hissədə təmin edilməlidir. İddiaçının aktın ləğv olunması tələbi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı həmin tələbin təmin olunması üçün məhkəməyə sübut təqdim etməmişdir. MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinin tələbinə görə, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Şərh olunanlara əsasən və MPM-in 213, 214, 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən elektrik enerjisindən istifadə qaydalarının pozulmasına görə tərtib edilmiş akt əsasında İddiaçı (abonent kodu **********00367) hesablanmış 558.48 manat borc məbləği silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar