Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-714/2023 07.06.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X18 qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi) hüquqi əhəmiyyətli faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Salyan Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Masallı rayon Aqrar İslahat Komissiyasının 30 mart 1997-ci il tarixli, 12 saylı qərarı ilə “Torpağın mülkiyyətə verilməsinə dair” JN-219F seriyalı KOD 80518028 nömrəli Şəhadətnamənin Ərizəçi məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, islahat zamanı ailə üzvləri ilə onlara məxsus payıbəlli torpaq sahəsi mülkiyyətlərinə verilmiş və həmin torpaqla bağlı “Torpağa mülkiyyət hüququna dair” JN - 219F seriyalı, KOD 80518028 nömrəli Şəhadətnamə verilmişdir. Həmin torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə onun adı Ərizəçi kimi deyil, səhvən X1 qeyd edilmişdir. Halbuki rəsmi sənədlərdə adı Ərizəçi kimi yazılmışdır. X7 onların təsərrüfatlarında olmamış, belə ad və soyadlı şəxsi ümumiyyətlə tanımırlar. Tünzalə adının Tənzilə adı kimi səhv yazılması payçı olduğu torpaq üzərində həm onun, həm də digər payçıların sərəncam vermək hüququnun həyata keçirilməsinə maneəçilik yaradır. Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə onun da payçı olmağı səhv qeyd edildiyindən, mülkiyyət hüququna dair qeyd olunan sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsi zərurəti yaranmışdır. Ona görə də, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi izahat verərək bildirmişdir ki, torpağı satmaq istədiyini, lakin dövlət aktında yanlışlığa yol verilmişdir. Belə ki, dövlət aktında Ərizəçi əvəzinə X1 qeyd olunmuşdur. Həmin dövlət aktında baş vermiş texniki səhvin aradan qaldırılması üçün müraciət etsə də, həmin səhvin aradan qaldırılması mümkün deyildir. Odur ki, ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə (bildiriş alınmışdır) baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatlarını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubundan müəyyən olunur ki, torpağa mülkiyyətə verilməsinə dair JN-219F nömrəli şəhadətnamədə ad səhvi öz əksini tapmışdır. İş materiallarına əlavə olunmuş “torpağın mülkiyyətə verilməsinə dair” JN-219F seriyalı KOD 80518028 nömrəli Dövlət Aktının surətindən müəyyən olunur ki, 0.07 ha torpaq sahəsi X2, X5, X3 və X8 adlarına qeydiyyatdan keçmişdir. İş materiallarında olan X11 surətindən görünür ki, xx.xx.1983-cü il tarixdə Əliyeva X4 rayonu, Prişib (indiki Göytəpə) şəhərində doğulmuşdur, atası X6, anası X9r. İş materiallarında olan Qızılağac kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Q.Q.Həsənov tərəfindən verilmiş 10 mart 2023-cü il tarixli, 170 nömrəli arayışdan görünür ki, Ərizəçi Salyan rayonu, Qızılağac ərazisinin Alçalı kəndində yaşayır. İş materiallarında olan Salyan rayonu, Qızılağac kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 09 noyabr 2009-cu il tarixdə verilmiş AZ-İ seriyalı, 534707 nömrəli X12 surətindən görünür ki, X16 ilə Ərizəçi arasında 09 noyabr 2009-cu il tarixdə nikah bağlanmış, həmin tarixdən nikahın bağlanması haqqında akt qeydləri kitabında 30 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Əliyeva soyadı verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını məhkəmə müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü-məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. 6.1. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. 6.2. Eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. 6.3. Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. MPM-nin tələbinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, hüquqi faktın müəyyən edilməsi şəxsin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsinə, dəyişməsinə və xitam olunmasına səbəb olduğundan ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədikdə, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmadıqda məhkəmə hüquqi əhəmiyyəti olan faktları müəyyən edə bilər. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Masallı rayon Aqrar İslahat Komissiyasının 30 mart 1997-ci il tarixli, 12 saylı qərarı ilə “torpağın mülkiyyətə verilməsinə dair” JN-219F seriyalı, KOD 80518028 nömrəli dövlət aktında-şəhadətnamədə cizgidə göstərilən sərhəd daxilində kənd təsərrüfatı məqsədi ilə 0.07 ha torpaq sahəsi verilmişdir. Lakin torpağa mülkiyyət hüququna dair dövlət aktında texniki səhvə yol verilmiş, Ərizəçi əvəzinə X1 qeyd olunmuşdur. Ərizəçi Dövlət aktında qeyd olunmuş ad uyğunsuzluqların aradan qaldırılması və düzəlişlərin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsi müraciət etsə də, nəticəsiz qalmışdır. Məhkəmə hesab edir ki, ərizəçiyə məxsus X13, Şəxsiyyət Vəsiqəsində və X14 ad, soyad və ata adı Ərizəçi kimi qeyd olunduğundan və dövlət aktında texniki səhvə yol verildiyindən Masallı rayon Aqrar İslahat Komissiyasının 30 mart 1997-ci il tarixli, 12 saylı qərarı ilə torpağa mülkiyyət hüququna dair JN-219F seriyalı, KOD 80518028 nömrəli Şəhadətnamənin Ərizəçi məxsus olması faktı müəyyən olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233, 307-311 və 357-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilisin. Masallı rayon Aqrar İslahat Komissiyasının 30 mart 1997-ci il tarixli, 12 saylı qərarı ilə torpağın mülkiyyətə verilməsinə dair JN - 219F seriyalı, KOD 80518028 nömrəli Şəhadətnamənin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №2(057)-714/2023
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-714/2023
07.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver