Məhkəmə qərarları › İş №2(057)-763/2023

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-763/2023

23.06.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-763/2023 23.06.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X3 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “əsassız hesablanmış borcun silinməsi, sayğac paylayıcının hesabına quraşdırılması” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “əsassız hesablanmış borcun silinməsi, sayğac paylayıcının hesabına quraşdırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Azəriqaz” X1 X4 İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq onun adına tərtib edilmiş 29 İyul 2022-ci il tarixli, № ******* saylı aktın ləğv edilməsi və akt əsasında hesablanmış 172 manat cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixində Salyan Qaz İdarəsi tərfindən mənzilə quraşdırılmış qaz sayğacı yenisi ilə əvəz olunmuşdur. Həmin mənzildə illərdir yaşayış olmadığından qazdan istifadə olunmamışdır. Qaz sayğacı küçədə quraşdırılmışdır. 2016-ci ildən 2022-ci ilin aprel ayına qədər evdə yaşayış olmamış, qazdan istifadə olunmamışdır. 2022-ci ilin aprel ayında evdə yaşamağa başlamışdır. 2022-ci ilin iyul ayında yenidən sayğacı dəyişilmişdir. İki ay ərzində 54 kub qaz işlənmişdır. Sayğac dəyişdirilərkən akt tərtib olunmuşdur. Aktda sayğacda hər hansı nöqsanla bağlı heç bir şey qeyd olunmamışdır. Sadəcə əvəz olunması yazılmışdır. Sonradan ona məlum oldu ki, aktda onlar imza edəndən sonra yazıblar ki, keçən qazı qeyd etmir. Lakin həmin ay göstəricini özləri vermişlər buda saldoda öz əksini tapmışdır. İyul ayında 172 manat cərimə yazıldığını bu il bilmişdir. Sənədləri qaz idarəsindən aldıqda onun adının qarşısında imtina edildiyi yazılmışdır. Halbuki həmin aktdan onun və ailə üzvlərinin xəbəri olmamışdır. 6 il evdə yaşayış olmadığı üçün sayğac küçədə tam nəzarətsiz qalmışdır. Hər ay qaz idarəsinin işçiləri sayğaclara baxış keçirmişlər. Həmin sayğac 2022-ci ilin iyul ayında açılaraq labarotoriyaya göndərilmiş və sayğacla bağlı lobaratoriya rəy vermişdir ki, sayğacın daxilinə kamera ilə baxış keçirildi və heç bir kənar təsir izləri, müdaxilə aşkarlanmadı. Buna baxmayaraq həmin rəy əsasında 172 manat qanunsuz onun sayğacına hər hansı bir müdaxilə etmədiyi halda cərimə yazmışlar. Sayğac küçədə qutusuz quraşdırılmış bununla belə heç bir müdaxilənin olmaması barədə Azəriqaz rəy verməsinə baxmayaraq ona cərimə yazılmışdır. Mənzilinə aid soldodan da görünür ki, 2016-ci ildən həmin mənzildə təbii qazdan istifadə olunmamışdır. Hər ay sayğaca baxış keçirilmiş yaşayış olmadığı, qazdan istifadə olunmadığı üçün yəni 2016-cı ildən 2022-ci ilin aprel ayına kimi Qaz İdarəsi tərəfindən həmin mənzildə işlədilən qazın həcmi 0 (sıfır) qeyd edilmişdir. 2022-ci ilin aprel ayının sonundan mənzildə yaşayış başlanmış və 08 iyula kimi 54 kub qaz işlənmişdır. Sayğac dəyişdirilərkəndə keçən qazın həcmini qeyd etdiyi saldoda açıq şəkildə görünür. Ona görə də, cavabdeh “Azəriqaz” X1 X4 İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq tərtib edilmiş 29 iyul 2022-ci il tarixli, № ******* saylı aktının ləğv edilməsi və akt əsasında hesablanmış 172 manat cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, 2016-cı il tarixdən Bakı şəhəri, Novxanı qəsəbəsində ailəsi ilə birlikdə yaşadıqlarını bildirmişdir. 2022-ci ildə oğluna toy etmək üçün kəntdəki evə qayıtmış və qazı açarkən qazın gəlmədiyini görmüşdür. Qaz idarəsinə müraciət etmiş əməkdaşlar gəlib qazı bərpa etmişlər. Daha sonra akt tərtib edərək cərimə yazmışlar. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2020-ci il tarixli, ******* nömrəli Aktın surətindən görünür ki, Salyan rayonu, istehlakçı İddiaçı məxsus yaşayış sahəsində olan əvvəlki sayğac sərfiyyatı qeyd etmədiyindən yeni qaz sayğacı quraşdırılmışdır. Mülki işdə olan “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, İddiaçı evində quraşdırılmış qaz sayğacı yoxlanılmış və müəyyən edilmişdir ki: “sərfiyyatı qeyd etmir. Tələb: Dəymiş ziyan hesablansın və ödənilsin”. Mülki işdə olan xx.xx.2022-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən görünür ki, “Azəriqaz” İstehsalat Biriyinin MD-nin sayğaclarını müayinəsi laboratoriyasının qaz sayğacının yoxlanılması barədə xx.xx.2022-ci il tarixli, MSK 29/1710- 02896-1 №-li aktına əsasən G-4 markalı, 40040046 nömrəli sayğaca baxış keçirilmiş, sayığacdan qaz keçir, hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir, kənar təsir izləri aşkar edilmədi. Qaz sayğacının nominal qaz sərfi 4 m3 orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. (4x12x30=1410 m3). Mülki iş materiallarında olan abonent nömrəsi **********00000 olan İddiaçı adına olan qaz sərfiyyatına dair saldodan görünür ki, abonentin 2022-ci il tarixə 174.72 manat qalıq aktlar üzrə borcu vardır. Mülki işdə olan Salyan RİH Başçısının Arbatan kənd İnzibati Ərazi Nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 321 nömrəli arayışdan görünür ki, İddiaçı 2020- 2022-ci illərdə o, Bakı şəhərində yaşamışdır. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, “Azəriqaz” İstehsal Birliyinin əməkdaşları tərəfindən xx.xx.2020-ci il tarixdə İddiaçı evində quraşdırılmış qaz sayğacı yenisi ilə əvəz edilərək akt tərtib edilmiş, yeni sayğac quraşdırılmışdır. Bundan sonra, cavabdeh orqan tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilmiş, 1410 m3 dəymiş ziyan hesablanmışdır. Bu hal mübasisəsizdir. Belə ki, bu qeyd edilənlər iş materiallarında olan abonentin saldosu, “təbii qazdan istifadə qaydalarının pozulması” haqqında akt, dəymiş ziyanın bərpasından dair tələbnamə əsasında tam sübut edilir. Hazırda İddiaçı sayğaca onun hər hansı təqsirli hərəkəti nəticəsində ziyan vurulmadığını, həmin aktın əsassız tərtib edildiyini, beləliklə ona əsassız yerə 172 manat məbləğində borc tələb edildiyini bildirərək bu borcun silinməsini tələb edir. Həmçinin müəyyən olunmuşdur ki, sayğac paylayıcı tərəfindən quraşdırılmışdır. Məhkəmə hesab edir ki, iddia əsaslıdır. Belə ki, Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. ”İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən, öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən, dövlət istehlakçıların mənafelərinin müdafıəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfıyyətinə, təhlükəsizliyinə və istehlakçıların qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası qanununun 13-cü maddəsinin 6-cı bəndində göstərilir ki, qaz paylayıcısı aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər: istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; məhkəmənin qərarı ilə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın: 4.2-ci maddəsinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. 4.5-ci bəndinə əsasən, qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin qaydaların Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinin tələbinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 5.5-ci bəndinə əsasən, qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. 6.7-ci maddəsinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3 və 560.3.5.2.-ci maddələrinə görə, istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. 1096.1-ci maddəyə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097-ci maddəyə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər. Qanunvericiliyin məzmunundan aydın olur ki, hüquq pozuntusunun mövcud olması üçün hüquq pozuntusu törətmiş şəxsin hərəkətləri ilə nəticə arasında səbəbli əlaqə olmalıdır. Cavabdeh belə bir əlaqənin mövcudluğu barədə məhkəməyə sübut təqdim etməmişdir. İşin müəyyən edilmiş hallarından göründüyü kimi iddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, ümumiyyətlə iddiaçının hər hansı təqsirli hərəkət və hərəkətsizliyinin olması sübuta yetirilməmişdir. xx.xx.2022-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən görünür ki, “Azəriqaz” İstehsalat Biriyinin MD-nin sayğaclarını müayinəsi laboratoriyasının qaz sayğacının yoxlanılması barədə xx.xx.2022ci il tarixli, MSK 29/1710-02896-1 №-li aktına əsasən G-4 markalı, 40040046 nömrəli sayğaca baxış keçirilmiş, kənar təsir izləri aşkar edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, təqsiri sübuta yetirilmədiyi halda xx.xx.2022-ci il tarixli, ******* nömrəli akta əsasən dəymiş zərərin əvəzinin iddiaçıdan tutulması yolverilməzdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Bu Məcəllənin 217.4-cü maddəsinin tələbinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı hər hansı təqsirli hərəkəti nəticəsində cavabdeh təşkilata məxsus sayğacın hesablama mexanizmi keçən qazı qeyd etməməsini müəyyən edilmədiyindən, ümumiyyətlə iddiaçının hər hansı təqsiri sübut edilmədiyindən iddiaçıya buna görə borc hesablanması qanunsuzdur və hesablanmış borc silinməlidir. "Dövlət Rüsumu" haqqında Azərbaycan Respublikası Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. “Azəriqaz” X2 Qaz İdarəsi tərəfindən İddiaçı 29 iyul 2022-ci il tarixli, № ******* saylı akta əsasən hesablanmış 172 manat borc onun hesabından silinsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar