Məhkəmə qərarları › İş №2(057)-797/2025

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-797/2025

13.02.2025 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-797/2025 13.02.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış “Barışıq Sazişi”-nin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, X1 tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli onunla Maraqlı şəxs arasında bağlanmış barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X1 tərəfindən xx.xx.2023-cü ildə Əliyeva (Əsgərova) Lalə Musa qızı ilə Maraqlı şəxs arasında barışıq sazişi təsdiq edilməklə, xx.xx.2005-ci təvəllüdlü X3 təhsil müddəti dövrünün çatana qədər saxlanılması üçün hər ay Maraqlı şəxs Əliyeva (Əsgərova) Lalə Musa qızına baxdığına görə hər ayın sonuncu 10 günlüyündə 210 manat aliment ödənilməsinə razılığa gəlmişdir. Qarşılıqlı razılığa əsasən Maraqlı şəxs Əliyeva (Əsgərova) Lalə Musa qızına qeyd olunan kimi aliment ödənilməsinə etiraz etməmişdir. Maraqlı şəxs tərəfindən qeyd olunmuş xx.xx.2023-cü il tarixdə alimenti ödəyəcəyini bildirməsinə baxmayaraq, barışıq sazişi 2024-cü ilin noyabr ayından könüllü icra edilməmişdir. Barışıq Sazişinin şərtlərinə görə sazişin məhkəmə tərəfindən təsdiq edilməsi mütləqdir. Məhkəmə iclasında iştirak edən Əliyeva (Əsgərova) Lalə Musa qızı ərizəni müdafiə edərək, bildirmişdir ki, qızının 18 yaşı xx.xx.2023-cü ildə tamam olmuşdur. Tərəflər xx.xx.2023-cü ildə barışıq sazişi bağlayaraq alimentin təhsil müddəti dövründə də davam etdirilməsinə dair razılığa gəlmişdirlər. Lakin 2024-cü ilin noyabr ayından etibarən Maraqlı şəxs barışıq sazişinin könüllü icrasından yayınmışdır. Odur ki, barışıq sazişinin təsdiq olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs barışıq sazişinin təsdiq olunması barədə ərizəyə etiraz edərək, qızı 18 yaşına çatanadək aliment ödədiyini, daha sonra barışıq sazişinin şərtlərinə görə təhsil müddəti dövründə də 2024-cü ilin noyabr ayınadək alimenti ödədiyini, lakin hazırda imkanı olmadığı üçün ödəməkdən imtina etdiyini, barışıq sazişindəki imzanın ona aid olmadığını bildirmişdir. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, ərizəni və iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutları tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş; X1 tərəfindən xx.xx.2023-cü ildə Əliyeva (Əsgərova) Lalə Musa qızı ilə Maraqlı şəxs arasında barışıq sazişindən görünür ki, tərəflər alimentin təhsil müddəti dövründə də davam etdirilməsi, alimentin hər ay üçün 210 manat olmaqla, Maraqlı şəxs tərəfindən Əliyeva (Əsgərova) Lalə Musa qızına hər ayın sonuncu 10 günlüyündə ödənilməsi, alimentin ödəniş tarixinin 2023-cü ilin mart ayından hesablanması ilə bağlı razılığa gəlmişdirlər. Salyan rayon Qeydiyyat şöbəsinin rəisi R.Hüseynov tərəfindən verilmiş 30 yanvar 2025-ci il tarixli arayışdan görünür ki, X5 xx.xx.2005-ci il tarixdə Salyan rayonunda anadan olmuşdur. Salyan rayon Qeydiyyat şöbəsinin rəisi R.Hüseynov tərəfindən verilmiş 12 dekabr 2019-cu il tarixli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər arasındakı nikah ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il tarixli, 176 nömrə ilə qeydiyyata alınmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 191.2-1-ci maddəsinə əsasən, tərəflər arasında mübahisə mediasiya vasitəsilə həll edildikdə, barışıq sazişi, həll edilmədikdə isə mediasiya prosesinin nəticələri barədə protokol məhkəməyə təqdim olunur. Tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 305.1.17-ci maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.2-ci maddəsinə əsasən, məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26-cı maddəsinə əsasən, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355- 26.1.1 barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2 barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Həmin Məcəllənin 355-26.2-ci maddəsinə əsasən, Barışıq Sazişinin bir hissəsinin təsdiq edilməsinə o halda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Əliyeva (Əsgərova) Lalə Musa qızı ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində xx.xx.2023-cü il tarixdə barışıq sazişi bağlanmış və barışıq sazişi əsasında tərəflər alimentin təhsil müddəti dövründə də davam etdirilməsi ilə bağlı razılığa gəlmişdirlər. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddət keçmiş, buna baxmayaraq, sazişin könüllü qaydada icra edilmədiyini bildirən ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Yuxarıda sadalanan qanunvericilik normalarından da göründüyü kimi, Mülki Prosessual Məcəlləyə əsasən, tərəflər məhkəmə mübahisələrini öz aralarında barışıq sazişi bağlamaqla həll edə bilərlər. Əgər tərəflər müəyyən bir öhdəliyin (bu işdə alimentin təhsil müddətində ödənilməsi) icrası barədə könüllü razılığa gəliblərsə, bu, onların iradəsini əks etdirir. Məhkəmə iclasında maraqlı şəxs sazişdəki imzanın ona aid olmadığını bildirsə də, bununla bağlı məhkəmə qeyd edir ki, əgər şəxs sazişin etibarsız olduğunu iddia edirsə, bunun üçün məhkəməyə müraciət edərək, sazişin və ya imzanın saxtalaşdırıldığını sübut etməlidir. Hazırki halda, maraqlı şəxs barışıq sazişini məhkəmə qaydasında mübahisələndirmədiyi üçün onun etibarlılığı hüquqi baxımdan qüvvədədir və icra olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən, müqavilələr (o cümlədən barışıq sazişləri) tərəflərin qarşılıqlı razılığı ilə bağlanır və onlar üçün məcburi qüvvəyə malik olur. Maraqlı şəxsin sonradan ödənişdən imtina etməsi birtərəfli qaydada barışıq sazişini ləğv etmək hüququ vermir. Mülki Prosessual Məcəllənin müvafiq maddələrinə əsasən, əgər barışıq sazişi qanunvericiliyə və üçüncü şəxslərin hüquqlarına zidd deyilsə, barışıq sazişi təsdiq edilməlidir. Məhkəmə qeyd edir ki, işin materiallarından müəyyən edilir ki, sözü gedən xx.xx.2023-cü il tarixli barışıq sazişi qanuna zidd deyildir və mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanmamışdır. Sadalanan xüsusatlara əsasən, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Əliyeva (Əsgərova) Lalə Musa qızı və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2023-cü il tarixli Barışıq Sazişi təsdiq edilməli, maraqlı şəxsə Barışıq Sazişini məhkəmə qaydasında mübahisələndirmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 355-23-355-26, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Əliyeva (Əsgərova) Lalə Musa qızı və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2023-cü il tarixli Barışıq Sazişi - aşağıdakı şərtlərlə təsdiq edilməklə iş üzrə icraata xitam verilsin: Tərəflər alimentin təhsil müddəti dövründə də davam etdirilməsi ilə bağlı razılığa gəldilər. Aliment hər ay üçün 210 manat olmaqla, Maraqlı şəxs tərəfindən Əliyeva (Əsgərova) Lalə Musa qızına hər ayın sonuncu 10 günlüyündə ödəniləcəkdir. Alimentin ödəniş tarixi 2023-cü ilin mart ayından hesablanır. Maraqlı şəxsə Barışıq Sazişini məhkəmə qaydasında mübahisələndirmək hüququ izah edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar