Məhkəmə qərarları › İş №2(057)-892/2023

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-892/2023

09.08.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-892/2023 09.08.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X4 qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdehnə (bundan sonra Cavabdeh İB) qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında hesablanmış 1568,52 (bir min beş yüz altmış səkkiz manat əlli iki qəpik) manat manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin **********00000 nömrəli abonent kodu ilə qaz sayğacı vardır. O, həmin fərdi yaşayış evindən 2022-ci ilin oktyabr ayından təmir məqsədi ilə köçmüşdür. Həmin müddətdən hal-hazıradək təbii qazdan istifadə edilməmişdir. Təmir zamanı sayğacın yerinin də dəyişilməsi üçün Salyan RQİİ-in əməkdaşlarına müraciət etmişdir. Həmin müraciətindən sonra cavabdehin əməkdaşları onun fərdi yaşayış evinə yaxınlaşaraq, sayğacın yerini dəyişdirmək istəmişlər, xx.xx.2023-cü il tarixində bu zaman sayğacın onun günahı olmadan zədələndiyi aşkar olunmuşdur. Cavabdehin əməkdaşları sayğacın dəyişilməsi üçün ******* nömrəli, xx.xx.2023-cü il tarixli akt tərtib etmişlər. Sayğacın dəyişilməsi ilə bağlı rüsum kimi xx.xx.2023-cü il tarixində Azərbaycan Beynəlxalq Bankında BPM**********50 nömrəli qəbzdə də göründüyü kimi 65 manat ödəniş etmişdir. Cavabdehin işçiləri onun məlumatı olmadan sayğaca müdaxilə etdiyini, sayğacın plastmas qapağının üst hissədən qırıq olduğunu əsas gətirərək borc hesablamışlar. İndi hazırda cəmi 1568,52 manat ondan pul tələb olunur. Aşağıda göstərilənlərə əsasən cavabdehin nümayəndələri tərəfindən yazılmış xx.xx.2023-cü il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli akt və həmin akta görə hesablanmış cərimə tamamilə qanunsuzdur. Birincisi təmir məqsədi ilə həmin evdən köçdükləri üçün o və ya ailə üzvlərindən kimsə və ya başqa bir şəxs həmin ünvanda yaşamır, sayğaca müdaxilə edilməsinin heç bir əsası yoxdur. Cavabdehin istənilən vaxt sayğacın işləmə prinsipinə nəzarət etmək imkanı var. Onun sayğacı olub və sayğaca heç bir müdaxilə edilməyib. 15 gündən bir cavabdehin nümayəndəsi gəlib sayğaca nəzarət etməli idi və qanuna əsasən bu onun vəzifəsi və borcudur. Lakin cavabdehin nümayəndəsi öz vəzifəsindən irəli gələn öhdəlikləri yerinə yetirməmişdir. Qeyd olunanlar cavabdehin xx.xx.2023-cü il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli akt və həmin akt əsasında hesabladığı 1568,52 manat cərimənin qanunsuz olduğunu birbaşa sübut edir. İstehlakçı o vaxt məsuliyyət daşıyır ki, qaz paylayıcısı bu ziyanın istehlakçının təqsiri üzündən baş verdiyini sübut etsin. Onun bu borcunun olması barədə heç bir əsaslı sübut yoxdur. Belə ki, xx.xx.2023-cü il tarixli abonentin saldosundan görünür ki, o, 2022-ci ilin oktyabr ayından həmin evdən köçdüyü üçün heç bir borcu olmamışdır. Həmçinin aktlar tərtib olunarkən aktın həqiqiliyini imzalayanlar yanlız cavabdehin işçiləridir. Aktın tərtib olunmasında o və ya hər hansı digər bir vətəndaş şahid qismində iştirak etməmişdir. Bu da aktın əsassız olduğunu sübut edən faktlardan biridir. Bütün qeyd olunanlar onu deməyə əsas verir ki, Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli aktı əsasında hesablanmış 1568,52 (bir min beş yüz altmış səkkiz manat əlli iki qəpik) manat cərimə tamamilə əsassız yazılmışdır və ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh İB-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, cavabdeh orqan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli, XS-52-00103/22 nömrəli müqavilənin surətindən görünür ki, istehlakçı İddiaçılə “X1 arasında müqavilə bağlanmışdır. xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, iddiaçı Əliyev X3 Regional Qaz İstismar İdarəsinin ünvan 2 ünvanında yerləşən evin həyətində təmir işləri görülən zaman sayğac zədələnmişdir. Sayğıacın yenisi ilə əvəz olunmasına köməklik göstərilməsini xahiş etmişdir. “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2023-cü il tarixli, ******* nömrəli Aktdan görünür ki, İddiaçı evində olan qaz sayğacının hesablayıcı nexanizminin ekranının üstünə daş düşərək deşilib. Qutu 1 ədəd quruldu. Sayğac yenisi ilə əvəz edilmişdir. Quraşdırılan qaz sayğacı texniki texniki qaydalara cavab vermiş, qaz sayğacı abonentə təhvil verilmişdir. Aktda istehlakçının - İddiaçı imzası var. “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, İddiaçı evində quraşdırılmış qaz sayğacı yoxlanılmış və müəyyən edilmişdir ki: “sayğacının plastmas qapağının üst hissədə sınması aşkar edilmişdir”. Tələb: Dəymiş ziyan hesablansın və ödənilsin”. xx.xx.2023-cü il tarixli laboratoriyanın -14-2-2/3-5-3447-1 №li saylı rəyinə əsasən, G-4 markalı 12575230 nömrəli sayğacın ümumi baxış keçirilməsi zamanı müəyyən edilmişdir ki: “Sayğacının plastmas qapağının üst hissəsi sınıqdı. Hesablaşma mexanizminin iş prinsipinə maneə törədilməsi mümkündür. Sayğac istismara yararsızıdır”. xx.xx.2023-cü il tarixli “Dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən görünür ki, sənaye və məişət qaz sayğaclarını müayinəsi laboratoriyasının -14-2-2/3-5- 3447-1 №li saylı rəyinə əsasən, G-4 markalı 12575230 nömrəli sayğacın plastmas qapağının üst hissəsi sınıqdı. Qaz sayğacının nominal qaz sərfi 6 m3 orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. (4x24x90=12960 m3). Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Cavabdeh İstehsal Birliyinin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixli İddiaçı evində quraşdırılmış qaz sayğacına baxış keçirilməsinə səbəb İddiaçı sayğacın zədələnməsi ilə bağlı müraciəti olmuşdur. Həmin müraciət əsasında ünvanda sayğaca baxış keçirilmiş, akt tərtib edilmiş, yeni sayğac quraşdırılmışdır. Bundan sonra, cavabdeh orqan tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilmiş, 12960 m3 dəymiş ziyan hesablanmışdır. Bu hal mübasisəsizdir. Belə ki, bu qeyd edilənlər iş materiallarında olan abonentin saldosu, “təbii qazdan istifadə qaydalarının pozulması” haqqında akt, dəymiş ziyanın bərpasından dair tələbnamə əsasında tam sübut edilir. Hazırda İddiaçı sayğaca onun hər hansı təqsirli hərəkəti nəticəsində ziyan vurulmadığını, həmin aktın əsassız tərtib edildiyini, beləliklə yaşayış olmayan təmir-tikinti işlərinin aparıldığı evə quraşdırılmış sayğacın plastmas qapağının üst hissəsi sınıqı üçün ona əsassız yerə 12960 manat məbləğində borc hesablandığını bildirərək bu borcun silinməsini tələb edir. Məhkəmə hesab edir ki, iddia əsaslıdır. Belə ki, Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. ”İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən, öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən, dövlət istehlakçıların mənafelərinin müdafıəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfıyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın: 4.2-ci maddəsinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. 4.5-ci bəndinə əsasən, qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin qaydaların Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinin tələbinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 5.5-ci bəndinə əsasən, qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. 6.7-ci maddəsinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3 və 560.3.5.2.-ci maddələrinə görə, istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. Qanunvericiliyin məzmunundan aydın olur ki, hüquq pozuntusunun mövcud olması üçün hüquq pozuntusu törətmiş şəxsin hərəkətləri ilə nəticə arasında səbəbli əlaqə olmalıdır. Cavabdeh belə bir əlaqənin mövcudluğu barədə məhkəməyə sübut təqdim etməmişdir. İşin müəyyən edilmiş hаllаrındаn göründüyü kimi iddiaçı tərəfindən sаyğаcа xx.xx.2023-cü il tarixli aktda istinad edilən hər hаnsı müdаxilə edilməsi, ümumiyyətlə iddiaçının hər hansı təqsirli hərəkət və hərəkətsizliyinin olması sübuta yetirilməmişdir. Qaz sayğacının plastmas qapağının üst hissəsi sınıq olmasının müəyyən edilməsi təklikdə buna görə istehlakçıya borc hesablanmasına əsas vermir. Bu zaman nəzərə alınmalıdır ki, cavabdeh təşkilat məhkəməyə qaz sayğacına iddiaçı tərəfindən müdaxilə edilməsini sübut edəcək mötəbər və təkzib olunmaz sübutlar təqdim etməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, qaz sayğacının plastmas qapağının üst hissəsinin sınması syğacın işlək olmaması və ya sayğacdan keçən qazın sərfiyyatının düzgün aparılıb-aparılmaması ilə hər hansı səbəbli əlaqəsinin olması da cavabdeh tərəfindən sübut edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, təqsiri sübuta yetirilmədiyi halda xx.xx.2023-cü il tarixli akta əsasən dəymiş zərərin əvəzinin iddiaçıdan tutulması yolverilməzdir. İşin müəyyən edilmiş hallarından göründüyü kimi iddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, ümumiyyətlə iddiaçının hər hansı təqsirli hərəkət və hərəkətsizliyinin olması sübuta yetirilməmişdir. Qaz sayğacının “sayğacın hesablama mexanizminin ekranının deşilməsi”nin müəyyən edilməsi təklikdə buna görə istehlakçıya borc hesablanmasına əsas vermir. Bu zaman nəzərə alınmalıdır ki, cavabdeh təşkilat məhkəməyə qaz sayğacın hesablama mexanizminin ekranının deşilməsiin iddiaçının müdaxiləsi və ya təqsiri səbəbindən deşilməsini sübut edəcək mötəbər və təkzib olunmaz sübutlar təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, təqsiri sübuta yetirilmədiyi halda dəymiş zərərin əvəzinin iddiaçıdan tutulması yolverilməzdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə əsasən, məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinin tələbinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. "Dövlət Rüsumu" haqqında Azərbaycan Respublikası Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı xx.xx.2023-cü il tarixli akta əsasən hər hansı təqsirli hərəkəti nəticəsində cavabdeh təşkilata məxsus sayğacın hesablama mexanizminin ekranının deşilməsi müəyyən edilmədiyindən, ümumiyyətlə iddiaçının hər hansı təqsiri sübut edilmədiyindən iddiaçıya buna görə borc hesablanması qanunsuzdur və hesablanmış 1568,52 (bir min beş yüz altmış səkkiz manat əlli iki qəpik) manat məbləğində borc silinməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh Salyan Qaz İdarəsi tərəfindən İddiaçı xx.xx.2023-cü il tarixli, ******* saylı akta əsasən hesablanmış 1568,52 (bir min beş yüz altmış səkkiz manat əlli iki qəpik) manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar