Məhkəmə qərarları › İş №2(057)-930/2023

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-930/2023

14.07.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-930/2023 14.07.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X4 qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “sayğacın dəyəri kimi tələb olunana borcun silinməsi” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdehnə (bundan sonra Cavabdeh İB) qarşı “sayğacın dəyəri kimi tələb olunana borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh Salyan Qaz İdarəsi tərəfindən tərtib edilmiş bildiriş əsasında 242.35 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında ailə üzvləri ilə birgə yaşayır. Heç vaxt təbii qazın istifadəsinə görə uzun müddətli borcu olmamışdır. İstifadə etdiyi təbii qazın pulunu daim ödəmişdir. İstifadəsinə mexaniki qaz sayğacı verilmişdir. 11 aprel 2023-cü il tarixdə yaşadığı ünvanın həyət qapısına küçə olan hissəsinə Qaz idarəsinin əməkdaşları (ərazi üzrə nəzarətçisi) bildirişi qoyub getmişlər. Bildirişdə onun 10 mart 2023-cü il tarixdən 10 aprel 2023-cü il tarixə qədər 1400 kub qazdan həmin tarixdə saat 20:35 radələrində iştirakı, xəbəri və imzası olmadan istifadə etdiyi qeyd olunaraq 242,35 manat borc bildirişi qeyd olunmuşdur. Bu barədə ərazi üzrə nəzarətçiyə şikayət və narazılığını bildirirərək qışın ən soyuq ayında istifadə etmədiyini və niyə bildirişi onun iştirakı ilə deyil gecə saatlarında xəbərsiz işləyib adına həqiqətə uyğun olmayan borc yazılmışdır. 10 aprel 2023 cü il tarixdə saat 20:35 radələrində tərtib edilmiş 11 aprel 2023 cü il tarixdə yenə yaşadığı ünvanın küçə qapısına sancılmış iştirakı və xəbəri olmadan tərtib olunmuş bildirişdə 1400 kub qaz (son göstərici 4852) istifadə etdiyi yazılmışdır. Lakin həmin rəqəm vətəndaş saldosunda 1623 kub göstərilmişdir. Vətəndaş saldosunda 03.2023-cü il tarixə akta görə 26.07 manat borc yazılıb ki, bu barədə həmin akt rəsmi və ya elektron halda iddiaçıya ünvanlanmamış, çatmamış, təqdim olunmamışdır. Həmçinin aprel ayında təqdim olunan bildirdişdə qeyd olunan sayğacın sonuncu göstərici 4852 kubdan mart ayında təqdim olunmuş bildirişdə olan 4452 kub qaz sərfiyatını çıxanda, 1 ay 10 gün üzrə 400 kub qaz istifadə edilməyi buda qanuna müvafiq qayda 48 AZN təşkil etməlidir. Odur ki, Salyan Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh Salyan Qaz İdarəsi tərəfindən tərtib edilmiş bildiriş əsasında 242.35 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının etibarnamə üzrə nümayəndəsi (oğlu) X1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, yanvar ayında 1200 kub qaz sərfiyyat istifadə etdiklərini, bu barədə bildirişi mart ayında onlara təqdim edildiyini göstərmişdir. O, dəfələrlə qaynar xəttə, prokurorluğa və digər təşkilatlara şikayət etmişdir. İddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh İB-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, cavabdeh orqan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan abonent nömrəsi **********00000 olan İddiaçı adına olan qaz sərfiyyatına dair saldodan görünür ki, abonentin 26 manat qalıq aktlar üzrə borcu vardır. İş materiallarında olan Cavabdeh İB-nın bildiriş-xəbərdarlığından görünür ki, İddiaçı adına 4852 kub qaz sərfiyatına gürə 142.35 manat yekun borc yazılmışdır. İş materiallarına əlavə olunmuş ASAN ödəniş sistemində olan xidmətlər bölməsindən əldə olunmuş məlumat vərəqindən görünür ki, abonent kodu **********00000 olan ödəyici İddiaçı ödəyəcəyi məbləğ 240.95 manat təşkil edir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Cavabdeh İB tərəfindən İddiaçı adına 10 mart 2023-cü il tarixdən 10 aprel 2023-cü il tarixə qədər 1400 kub qazdan istifadəyə görə 242,35 manat borc hesablanmışdır. İş materiallarında olan abonentin saldosundan da görünür ki, həqiqətən istehlakçıya həmin dövrə 216 manat məbləğində borc hesablanmışdır. Hazırda İddiaçı həmin aktın əsassız tərtib edildiyini, beləliklə ona əsassız yerə borc hesablandığını bildirərək aktın ləğv edilməsini və bu borcun silinməsini tələb edir. Məhkəmə iddiaçını dinləyib, araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, abonentə hesablanmış borun əsası müəyyən olunmur, abonentin təqsiri olmasını cavabdeh təşkilat sübut etməmışdır. Cavabdeh tərəf həmin hüquq pozuntunun iddiaçı tərəfindən törədilməsini təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. Ona görə də iddiaçının hərəkətlərində mülki hüquq pozuntusu olmadığından onun üzərinə mülki məsuliyyətin qoyulması doğru deyildir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən, öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1097.5. Əgər zərər zərər çəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər. Qanunvericiliyin məzmunundan aydın olur ki, hüquq pozuntusunun mövcud olması üçün hüquq pozuntusu törətmiş şəxsin hərəkətləri ilə nəticə arasında səbəbli əlaqə olmalıdır. Cavabdeh belə bir əlaqənin mövcudluğu barədə məhkəməyə sübut təqdim etməmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktın qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Hazırki halda cavabdeh tərəfindən tərtib edilmiş aktın qəbul edilməsi üçün əsas olmuş halları aktın və hesablanmış borcun doğruluğunu sübut etmək vəzifəsi bu aktın qəbul etmiş orqanın üzərinə düşdüyündən və cavabdeh təşkilat tərəfindən tərtib edilmiş akt üzrə hesablanmış zərər də istehlakçı tərəfindən ödənilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməklə itirilmiş qazın dəyərinə görə hesablanmış 240.95 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinin tələbinə görə, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə həmçinin hesab edir ki, istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olmaqla iddianın qiyməti 1000 manatdan az olduğundan, dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də cavabdehdən 30 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməklə Cavabdeh İB tərəfindən İddiaçı abonent hesabına (abonent kodu **********00000) hesablanmış 240.95 manat məbləğində borc silinməli, Cavabdeh İB-dən 30 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233, 357-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı Cavabdeh Salyan Qaz İdarəsi tərəfindən tərtib edilmiş bildiriş əsasında hesablanmış 240,95 manat borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar