Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-998/2023 26.07.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X11 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “aktın ləğv edilməsi və akt əsasında hesablanmış 1036,80 manat cərimənin silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdehnə qarşı “aktın ləğv edilməsi və akt əsasında hesablanmış 1036,80 manat cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Salyan rayonu, Arbatan kəndində yerləşən fərdi yaşayış evinə Cavabdeh Salyan X12 İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 29 iyul 2022-ci il tarixli, ******* saylı aktın və akt əsasında hesablanmış 1036,80 manat cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, Salyan rayonu, Arbatan kəndində yerləşən fərdi yaşayış evi mərhum atası X2 məxsus olmuş, evdə olan qaz sayğacı da, mərhum atasının adına rəsmiləşdirilmişdir. X13 xx.xx.2011-ci ildə vəfat etmişdir. Atası öldükdən sonra təsərrüfatı idarə edərək, həmin evdə yaşamışdır. Bakı şəhərində olduğu zaman xx.xx.2022-ci il tarixdə qonşuları ona zəng edərək, onlara məxsus qaz sayğacının yandığı barədə məlumat vermişlər. Həmin vaxt qaz idarəsinin işçilərinə məlumat vermişdir. Sayğac qonşuları tərəfindən söndürülmüşdür. Salyan Rayon İcra Hakimiyyəti Başçısının Arbatan kənd İnzibati Ərazi Nümayəndəliyi tərəfindən tərtib olunmuş 04 iyul 2022-ci il tarixli arayışla müəyyən olunur ki, alaq otlarının naməlum səbəbdən yanması nəticəsində qaz sayğacının yararsız vəziyyətə düşməsi halı məlum olmuş və qaz idarəsinin nümayəndələri tərəfindən sayğacın naməlum səbəbdən yanması barədə akt tərtib olunmuşdur. Hər ay təbii qazdan istifadə etmiş, heç vaxt sayğaca müdaxilə etməmişdir. Hər ay işlətdiyi təbii qazın dəyərini cavabdeh təşkilatın verdiyi bildiriş əsasında vaxtında ödəmişdir. Sayğac yanan zaman evlərində heç kim olmamış, lakin buna baxmayaraq onun mənzilinə qanunsuz cərimə yazılmışdır. Odur ki, Salyan rayonu, Arbatan kəndində yerləşən fərdi evə Cavabdeh Salyan X12 İdarəsi tərəfindən tərtib edilmiş 29 iyul 2022-ci il tarixli, ******* saylı aktın və akt əsasında hesablanmış 1036,80 manat cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. İş üzrə Cavabdehnə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin Birliyin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin (cavabdehlərin) gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan, Cavabdeh Salyan X12 İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”dən görünür ki, Əlihüseyn Rzayev tərəfindən 8640 kub metr təbii qaz itirilmişdir. İş materiallarında olan 29 iyul 2022-ci il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, sayğacın nömrəsi Salyan RQİİ-nin möhürlü kağızına əsasən yazılmış, sayğac bötüvlükdə yanaraq istismara yararsız hala düşmüşdür. İş materiallarında olan abonent nömrəsi **********00000 olan Əlihüseyn Rzayevin adına olan qaz sərfiyyatına dair saldosundan görünür ki, abonentin qalıq və aktlar üzrə 3,70 manat borcu vardır. İş materiallarında olan X5 ksero surətindən görünür ki, X3 xx.xx.2011-ci ildə Salyan rayonunun, Arbatan kəndində ölmüşdür. İş materiallarında olan Salyan Rayon İcra Hakimiyyəti Başçısının Arbatan kənd İnzibati Ərazi Nümayəndəsi F.Qafarov tərəfindən tərtib olunmuş 04 iyul 2022-ci il tarixli, 318 nömrəli arayışın surətindən görünür ki, X1 rayonu, Arbatan kəndində yaşayır. İş materiallarında olan Salyan Rayon İcra Hakimiyyəti Başçısının Arbatan kənd İnzibati Ərazi Nümayəndəliyi tərəfindən X7 verilmiş 04 iyul 2022-ci il tarixli, 318 nömrəli arayışdan görünür ki, həqiqətən o, Salyan rayonu, Arbatan kəndində yaşayır və hasardan bayırda kol-kosların naməlum səbəbdən yanması nəticəsində qaz sayğacı yararsız vəziyyətə düşmüşdür. İş materiallarında olan abonent nömrəsi **********00000 olan Əlihüseyn Rzayevin adına yazılmış bildirişin surətindən görünür ki, abonentin yekun borcu 1041,25 manat təşkil edir. Məhkəmə iddiaçını dinləyib, araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qazdan istifadə qaydaları haqqında qərarın 4.2-ci bəndində qeyd olunmuşdır ki, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 5-2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məhkəmə baxışı zamanı aydın olmuşdur ki, abonentə məxsus sayğacın bötüvlükdə yanaraq istismara yararsız hala düşməsində abonentin təqsiri olmasını cavabdeh təşkilat sübut etməmişdir. Cavabdeh tərəf həmin hüquq pozuntunun iddiaçı tərəfindən törədilməsini təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. Ona görə də, iddiaçının hərəkətlərində mülki hüquq pozuntusu olmadığından onun üzərinə mülki məsuliyyətin qoyulması doğru deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyət orqanlarının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və hüquqi şəxslərin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətində olan yaşayış evi qaz ilə təchiz edilib, quraşdırılmış sayğacın işlək vəziyyətdə olmasına görə məsuliyyəti iddiaçı deyil, qaz paylayıcı olan cavabdeh daşıdığından, həmin sayğacın yanaraq yararsız hala düşməsində iddiaçı tərəfin təqsiri sübuta yetirilə bilmədiyinə görə iddiaçı barəsində mülki hüquq məsuliyyətinin yaranmasına görə qərar qəbul edilməsi əsaslı hesab edilə bilməz. Belə olan halda qaz sayğacının yararsız vəziyyətə düşməsi nəticəsində hər hansı borc məbləği kimi pul abonentdən tələb edilə bilməz. Göründüyü kimi Cavabdeh Salyan X12 İdarəsi tərəfindən istehlakçı X3 və ya qeyrisinin Salyan rayonu, Arbatan kəndində yerləşən fərdi evi üçün quraşdırılmış 40044168 № qaz sayğacının bütövlükdə yanması müəyyən edilmiş, həmin sayğacın məhz istehlakçı X3 və ya qeyrisi tərəfindən yandırılması müəyyən edilməmişdir. Belə olan halda, həmin sayğacın yanmasıda Əlihüseyn Rzayevin təqsirinin olması, onun tərəfindən yandırılması və ya yanğın hadisəsinin baş verməsinə səbəb olması şübhə doğurur. Belə ki, həmin sayğac evdən kənarda, açıq vəziyyətdə quraşdırılmışdır. Bu səbəbdən də, həmin sayğacın tamlığının qorunmasında cavabdehlik daşıya bilməzdi. Bundan başqa, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qazdan istifadə qaydalarının tələblərinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçının evi üçün quraşdırılmış qaz sayğacının yanmasının aşkar olunması, həmin sayğacın yanması qaz paylayıcısı olan Cavabdehnə ziyan vurulması kimi qiymətləndirilə bilməz. Bundan başqa, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddia ərizəsinə göstərilən tələb üzrə Cavabdeh İB-nin X15 İstismar İdarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 29 iyul 2022-ci il tarixli ******* №-li akt ləğv edilməməli, həmin akt əsasında dəymiş ziyanın bərpasına dair tələbnamə ilə 8640 kub metr təbii qaz görə hesablanmış 1036,80 (bir min otuz altı manat səksən qəpik) manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktın qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Hazırki halda cavabdeh tərəfindən tərtib edilmiş aktın qəbul edilməsi üçün əsas olmuş halları aktın və hesablanmış borcun doğruluğunu sübut etmək vəzifəsi bu aktın qəbul etmiş orqanın üzərinə düşdüyündən və həmin qaz sayğacının yanması məhz iddiaçının (abonentin) təqsiri nəticəsində baş verməsi cavabdeh tərəfindən sübuta yetirilmədiyindən, həmçinin məhkəmə iclasında araşdırılmış hallardan da iddiaçının (istehlakçının) ünvanına qurlaşdırılmış sayğacın yanması onun təqsiri nəticəsində baş verməsi müəyyən edilmədiyindən cavabdeh təşkilat tərəfindən tərtib edilmiş akt üzrə hesablanmış zərər də istehlakçı tərəfindən ödənilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməklə itirilmiş qazın dəyərinə görə hesablanmış 1036,80 (bir min otuz altı manat səksən qəpik) manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinin tələbinə görə, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqları üçün, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli, buna görə də, 30.36 manat ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216- 220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh “X6” X15 İstismar İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 29 iyul 2022-ci il tarixli, ******* saylı akt əsasında (abonent kodu **********00000) Salyan X12 İdarəsi tərəfindən qəbul edilmiş 01 avqust 2022-ci il tarixli “itirilmiş qazın bərpası üzrə dəymiş ziyanın hesablanmasına dair” tələbnaməyə (qərara) əsasən hesablanmış 1036,80 (bir min otuz altı manat səksən qəpik) manat məbləğində borc silinsin. Cavabdehndən 30,36 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №2(057)-998/2023
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-998/2023
26.07.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver