Məhkəmə qərarları › İş №2(058)-1179/2025

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-1179/2025

24.12.2025 · Sair işlər - Digər - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-1179/2025 24.12.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Məmmədova Sevinc İsa qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində inşa edilmiş tikililər üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün zəruri olan ölçü və digər texniki işlərin aparılmasına cavabdeh tərəfindən edilən maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Samux rayonu Alıuşağı kəndi ərazisində yerləşən torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində inşa edilmiş tikililər üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestirində qeydiyyatı üçün zəruri olan ölçü və digər texniki işlərin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin mütəxəssisləri tərəfindən aparılmasına cavabdeh tərəfindən yaradılan maneənin aradan qaldırılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh onun mərhum qardaşı X8 arvadıdır. Samux rayonu Alıuşağı kəndində mərhum anası X2 miras qalmış 0,13 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və 0.19 ha həyatyanı torpaq sahəsinin üzərində inşa edilmiş iki mərtəbəli (bir ev bir aynabənd üst mərtəbədə, bir ev bir aynabənd alt mərtəbədə) ev vardır. Anasından miras qalmış torpaq və onun üstündə inşa edilmiş tikililərə DƏDRX-dən hüquqların dövlət qeydiyyatı haqqında çıxarış almaq istəyir. Bu səbəbdən həmin torpaq sahəsi üzərində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin mütəxəssislərinin müvafiq ölçülər aparmaları və çıxarış almasına dair müvafiq ərizə vermiş, mütəxəssislər həmin mübahisəli əmlaka gəlib baxış keçirmək istəsələr də, cavabdeh və cavabdehin ailə üzvləri mütəxəssislərə sözügedən ölçü işlərinin aparılmasına maneə yaratmışlar. Bu səbəbdən də o, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək bildirdi ki, Samux rayonu Alıuşağı kəndində yerləşən 0,13 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, həmçinin 0.19 ha həyatyanı torpaq sahəsi və onun üzərində inşa edilmiş iki mərtəbəli ev mərhum anası X2 ona miras qalmışdır. Lakin həmin torpaq sahələrinə dair anasının adına olan mülkiyyət sənədləri köhnə mülkiyyət sənədləridir, evin isə ümumiyyətlə sənədi yoxdur. Sözügedən əmlaklara dair onun gözlənilən mülkiyyət hüququ var, belə ki, anasından qalan miras əmlaka dair onun miras payı mövcuddur. Məhz bu səbəbdən də o, həmin əmlakların DƏDRX-də qeydiyyata alınması və hüquqların dövlət qeydiyyatı haqqında müvafiq çıxarışın verilməsi üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etmiş, sözügedən orqanın mütəxəssisləri tərəfindən həmin əmlaklara dair ölçü işlərinin aparılması məqsədilə daşınmaz əmlaka baxış keçirilməsi üçün mütəxəssislər gəlmiş, lakin cavabdeh buna mane olaraq sözügedən daşınmaz əmlaklara dair müvafiq texniki ölçü işlərinin aparılmasına imkan verməmişdir. Cavabdehin bu hərəkətləri onun gözlənilən mülkiyyət hüquqlarının reallaşmasına və anasından miras qalan əmlaka dair vərəsəlik hüququnun həyata keçirilməsinə mane olur və onun qanunla qorununan hüquqlarının kobud şəkildə pozulmasına gətirib çıxarır. Ona görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, sözügedən torpaq sahələrinə və evə dair iddiaçı tərəfindən miras qoyanın adına yeni mülkiyyət sənədinin əldə olunmasını istəmir, belə ki, həmin daşınmaz əmlaklar onun qaynanası, yəni iddiaçının anasından miras qalıb. Onun əri Sahib Qurbanov miras qoyanının kiçin övladı olmaqla həmin evdə yaşamış, hazırda əri vəfat edib, ərindən sonra da sözügedən mülkdə o yaşayır. İddiaçının məqsədi mirasa sahib olmaqdır, buna görə də o, sözügedən daşınmaz əmlaklara dair miras qoyanın adına yeni mülkiyyət sənəndi əldə etmək istəyir. Məhz ona görə də o, müvafiq inzibati orqan tərəfindən sözügedən daşınmaz əmlaklara dair ölçü işlərinin aparılmasına mane olur. Tələbin rədd olunmasını məhkəmədən xahiş edir. Məhkəmə, tərəflərin izahatını dinləyərərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan AZ-İ № 615094 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2013-cü il tarixində ölmüşdür. İş materiallarında olan AZ-İİ № 472194 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2008-ci il tarixində ölmüşdür. İş materiallarında olan ИЖ- 336295 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1955-ci il tarixində doğulmuş İddiaçı oğlunun atası X9, anası X10r. İş materialları olan Azərbaycan Respublikasının İqtisadəyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin 28 fevral 2025-ci il tarixli məktubundan görünür ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Samux rayon şöbəsi tərəfindən Sarnux rayonu, Alıuşağı kəndində yerləşən 0.13 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair JN-112, KOD 50706028 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı X3 adına işlənilmişdir. Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Samux rayon şöbəsi tərəfindən Samux rayonu, Əliuşağl kəndində yerləşən 0.19 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsinə dair JN-138F, KOD 50706028 sayi “Torpağa mülkiyyət hüququna dair” X1 adına işlənilmişdir. Mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından aydın olmuşdur ki, iddia tələbində sözügedən torpaq sahələri mülkiyyət hüququ ilə iddiaçının mərhum anası X7 məxsus olmuşdur. Yəni iddiaçı miras qoyanın oğlu, cavabdeh isə miras qoyanın gəlinidir. İddiaçının anası, yəni miras qoyan X11 03 iyul 2008-ci il tarixində ölmüşdür. Hazırda iddiaçı, sözügedən mirasdan ona çatacaq miras əmlakı qəbul etmək istəyir, lakin iddia tələbində sözügedən torpaq sahələrinə dair miras qoyanın mülkiyyət sənədi hazırda fəaliyyət göstərməyən inzibati oqran tərəfindən verilmiş köhnə mülkiyyət sənədidir, evə dair isə miras qoyanın mülkiyyət sənədi mövcud deyil. Ona görə də iddiaçı sözügedən əmlaklara dair miras qoyanın adına Daşınmaz Əmlakın Dövlət Reyestrindən hüquqların dövlət qeydiyyatı haqqında çıxarış əldə etmək istəyir və həmin mülkiyyət sənədinin verilməsi üçün müvafiq inzibati orqan tərəfindən sözügedən əmlaka dair ölçü və digər texniki işlərin həyata keçirilməsi zəruridir. Lakin cavabdeh, Cavabdeh müvafiq inzibati orqan tərəfindən sözügedən əmlaka dair ölçü və digər texniki işlərin həyata keçirilməsinə maneə yaradır. Məhkəmə hesab edir ki, iddiaçının iddia tələbində sözügedən əmlaka dair gözlənilən mülkiyyət hüququ olduğundan, yəni o, həmin əmlakları miras qoyanın birinci növbə vərəsəsi olduğundan vərəsəliklə bağlı hüquqlarını həyata keçirmək məqsədilə sözügedən miras əmlaklara dair yeni mülkiyyət sənədinin verilməsi üçün müvafiq inzibati orqana müraciət etmək hüququna malikdir. Daşınmaz əmlaka dair yeni mülkiyyət sənədinin verilməsi üçün isə müvafiq inzibati orqan tərəfindən həmin əmlaka dair müvafiq ölçü və texniki işlərin həyata keçirilməsi şərtdir. Cavabdehin həmin işlərin aparılmasına maneçilik yaratması iddiaçının hüquqlarını kobud şəkildə pozur və ona görə də iddiaçı hazırki iddia tələbində haqlıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin aşağıda qeyd maddələrinə əsasən: 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. 1159.1.5. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. 1159.3. Üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası. Nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın. 1159.4. Dördüncü növbədə - xalalar və bibilər, dayılar və əmilər. 1159.5. Beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ, subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Beləkilə, yuxarıda sadalanan əsaslar nəzərə alınmaqla məhkəmə hesab edir ki, İddiaçı tələbi təmin edilməli, X5 mülkiyyətində olmuş, Samux rayonu Alıuşağı kəndində yerləşən 0.13 ha və 0.19 ha torpaq sahələrində ölçü işlərinin aparılmasına Cavabdeh yaratdığı maneə aradan qaldırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. X5 mülkiyyətində olmuş, Samux rayonu Alıuşağı kəndi ərazisində yerləşən 0.13 ha və 0.19 ha torpaq sahələrində texniki ölçü işlərinin aparılmasına Cavabdeh tərəfindən yaradılan maneə aradan qaldırılsın. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar