Məhkəmə qərarları › İş №e-2-2(121)-2446/2024

Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-2446/2024

01.08.2024 · Sair işlər - Digər - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-2446/2024 01.08.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Misirzadə Namidar Əlöysət oğlu – İddiaçı cavabdeh Nümayəndə2 qarşı icra qeydinin ləğv edilməsi barədə iddiasına dair iş materiallarını Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək müəyyənetdi: İddiaçı cavabdeh Nümayəndə2 (iddia ərizəsinin mətnində cavabdeh qismində Şirvan şəhər 1 saylı Notariat Ofisi qeyd olunmuşdur) qarşı Şirvan şəhər 1 saylı Dövlət Notariat Ofisinin 8i8046 nömrəli, xx.xx.2023-cü il tarixli icra qeydinin qanunsuz və əsassız olduğu üçün ləğv edilməsi barədə iddia ərizəsi ilə Şirvan Şəhər Məhkəməsinə müraciət etmişdir. Göstərilən iddia tələbi əsasında iş Şirvan Şəhər Məhkəməsinin e-2(032)-677/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iş baxılması üçün aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisədir. Məhkəmə işin materiallarını nəzərdən keçirərək hesab edir ki, mövcud iddia tələbi əsasında Şirvan Şəhər Məhkəməsi tərəfindən göndərilmiş işin icraata qəbul edilməsindən imtina edilməli və işin aidiyyəti üzrə baxılmasına dair fikir ayrılığının həll edilməsi üçün iş Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməlidir. Belə ki, iddia ərizəsindən görünür ki, tələb xüsusi notariusun icra qeydinin ləğv edilməsi ilə əlaqədardır. Hazırkı iş üzrə də iddiaçı sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs statusuna malik olsa da, cavabdeh Nümayəndə2 (xüsusi notarius) sahibkarlıq fəaliyyətini həyata keçirən şəxs deyildir (VÖEN-ə sahib olsa belə). Portaldan çıxarışdan görünür ki, cavabdeh Nümayəndə2 vergi ödəyicisi kimi qeydiyyata alınaraq ona xx.xx.2016-cı il tarixdə ********** nömrəli VÖEN verilmişdir. Fəaliyyət istiqaməti (əsas fəaliyyət istiqaməti) kimi “xüsusi notariusların fəaliyyəti”, fəaliyyət obyekti kimi isə “Notariat Kontoru” olması göstərilmişdir. Portaldan çıxarışdan həmçinin görünür ki, Şirvan şəhər 1 saylı Dövlət Notariat Kontoru xx.xx.2011-ci il tarixdə qeydiyyata alınaraq ona ********** nömrəli VÖEN verilmişdir. Göründüyü ki, iddia ərizəsi üzrə cavabdeh Şirvan şəhər 1 saylı Dövlət Notariat Kontoru deyil, Nümayəndə2dur. Hər biri ayrı-ayrılıqda vergi orqanında qeydiyyata alınmaqla ayrı-ayrı VÖEN-ə malikdirlər. Bundan başqa, elektron qaydada verilən iddia ərizəsində cavabdeh qismində Nümayəndə2 seçilsə də, iddia ərizəsinin mətnində və başlıq hissədə cavabdeh qismində Notariat Ofisi qeyd olunmuşdur. Bununla bağlı məhkəmə vurğulamağı zəruri hesab edir ki, cavabdehin Nümayəndə2 və ya Notariat Ofisi olmasından asılı olmayaraq mübahisə mahiyyət baxımından sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlılığa malik deyildir. Ona görə ki, hazırki iddia ərizəsi üzrə cavabdeh olan Nümayəndə2 özü vergi ödəyicisi olmaqla, xüsusi notarius (yəni, Şirvan şəhər 1 saylı notariat ofisinin xüsusi notariusu) kimi fəaliyyət göstərir. Belə ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, notariusa sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq və digər haqqı ödənilən işləri yerinə yetirmək qadağandır. Həmin Qanunun 12-ci maddəsinə əsasən, xüsusi notariuslar “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən işi təşkil edir, notariat hərəkətləri, tutulan haqlar, büdcəyə keçirilən vergilər və digər ödəmələr barədə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarına hesabat və məlumat verirlər. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” təlimatın 12-ci bəndinə əsasən, xüsusi notariuslar “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən işi təşkil edir, notariat hərəkətləri, tutulan haqlar, büdcəyə keçirilən vergilər və digər ödəmələr barədə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin yerli statistika orqanlarına, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin yerli bölmələrinə məlumat və Azərbaycan Respublikası Vergilər Nazirliyinin müəyyən etdiyi forma üzrə bəyannamə (hesabat) verirlər. Yəni, cavabdeh Nümayəndə2 fərdi sahibkar kimi deyil, xüsusi notarius kimi vergi orqanında qeydiyyata alınmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 13-cü maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Göründüyü kimi, qanunvericiliyin sahibkarlıq fəaliyyətinə verdiyi anlayışın xüsusi dispozitiv şərti, başlıca meyarı bu fəaliyyətin əsas məqsədinin mənfəət (gəlir) götürülməsindən ibarətdir. Yəni, əsas məqsədi mənfəət (gəlir) götürülməsi olmayan fəaliyyəti qanunvericilik sahibkarlıq fəaliyyəti, o cümlədən kommersiya fəaliyyəti kimi qəbul etmir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Göstərilən Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Qanunvericilyin yuxarıda göstərilən normaların məzmunundan göründüyü kimi mübahisənin məhkəmə aidiyyəti, yəni ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aid olması müəyyən edilərkən üç meyar - işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri əsas götürülür. Bu zaman hər üç meyarın mövcud olması imperativ norma kimi nəzərdə tutulmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, tərəflərdən birinin fərdi sahibkar, digərinin notariat ofisi (xüsusi notarius) olmasına baxmayaraq hazırki mübahisə kommersiya mübahisəsi hesab oluna bilməz. Belə ki, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarının 10-cu bəndinə əsasən MPMin 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. Həmin Qərarın 11-ci bəndinə əsasən, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Qeyd edilən Qərarın 12-ci bəndinə əsasən, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarının və qanunverciliyin yuxarıda qeyd olunan normaların tələbləri baxımından, hazırki mübahisəyə Şirvan Kommersiya Məhkəməsində baxılmamalıdır. Belə ki, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli, 10 saylı Qərarının icrası üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları və onların xüsusiyyətlərini, habelə bu meyarlar üzrə yoxlanılma ardıcıllığını əks etdirən cədvəldən də aydın olur ki, mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq xüsusi notarius və vəkillərin peşə fəaliyyətinin həyata keçirilməsindən irəli gələn publik hüquqa aid olmayan mübahisələrə ümumi məhkəmələr baxır. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, hazırki işin baxılması üçün məhkəmə aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi əsassızdır. Buna görə işin icraata qəbul edilməsindən imtina edilərək, məhkəmə aidiyyəti üzrə baxılmasına dair fikir ayrılığının həll edilməsi üçün iş Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 32.7-ci maddəsinə əsasən, bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. Məhkəmə hesab edir ki, işin məhkəmə aidiyyəti üzrə baxılmasına dair fikir ayrılığı vardır. Buna görə də işin icraata qəbul edilməsindən imtina edilərək, işin aidiyyəti üzrə baxılmasına dair fikir ayrılığının həll edilməsi üçün iş Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 32.7 və 263- 264-cü maddələrini rəhbər tutaraq qəraraaldı: İddiaçı cavabdeh Nümayəndə2 (iddia ərizəsinin mətnində cavabdeh qismində Şirvan şəhər 1 saylı Notariat Ofisi qeyd olunmuşdur) qarşı icra qeydinin ləğv edilməsi barədə iddiası əsasında işin icraata qəbul edilməsindən imtina edilsin. İşin aidiyyəti üzrə baxılmasına dair fikir ayrılığının həll edilməsi üçün iş Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Namidar Misirzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar