Məhkəmə qərarları › İş №2-2(121)-2911/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(121)-2911/2025

13.03.2026 · Sair işlər - Digər - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(121)-2911/2025 13.03.2026 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Ağamirzəyev Fərid Fəxrəddin oğlunun katibliyi, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MTK və qeyrilərinə qarşı – yüksək gərginlikli elektrik xəttinin cavabdehin vəsaiti hesabına çıxarılması barədə iddiasına dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdehlər "xxxx" ASC-yə, "xxxx" MMC-yə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Şirvan şəhəri Şirvan Bələdiyyəsinə qarşı – Şirvan şəhəri, ünvan 2ən 0.015 ha torpaq sahəsi üzərindən cavabdeh "xxxx" MMC-yə məxsus yüksək gərginlikli elektrik xəttinin cavabdehin vəsaiti hesabına çıxarılması, həmçinin ödənilmiş dövlət rüsumunun alınması barədə iddia ərizəsi ilə Şirvan Şəhər Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şirvan şəhəri, Naxçıvan küçəsi 420 ünvanı üzrə mülkiyyətimdə 0.015 ha torpaq sahəsi vardır. Qeyd edilən torpaq sahəsi üzərində iddiaçının Şirvan Bələdiyyəsinin mülkiyyətindən Şirvan torpaq hərrac və müsabiqə komissiyası tərəfindən xx.xx.2013-cü il tarixdə keçirilmiş açıq torpaq müsabiqəsinin qalibi hesab edilməklə ********* nömrəli xx.xx.2013-cü il tarixli şəhadətnamə verilmişdir. Qeyd edilən şəhadətnamə əsasında Şirvan Bələdiyyəsi ilə aralarında xx.xx.2013-cü il tarixli torpaqların alqı-satqı müqaviləsi rəsmiləşdirilmişdir. Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən ********** qeydiyyat nömrəli xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla çıxarış verilmişdir. Qeyd edilən torpaq sahəsi üzərindən müvafiq qaydada razılaşdırılmadan yüksək gərginlikli elektrik xətti çəkilmişdir. Elektrik xəttinin yerinin dəyişdirilməsi ilə əlaqədar "xxxx" ASC-yə müraciət etdikdə məlum olmuşdur ki, sözügüdək elektrik xətti "xxxx" MMC-yə məxsusdur. Hazırda "xxxx" MMC tərəfindən çəkilmiş elektrik xətti torpaq sahəsindən təyinatı üzrə istifadə edilməsinə maneələr yaradır. Elektrik xəttinin çıxarılması ilə əlaqədar "xxxx" MMC-yə müraciəti cavabsız qalmışdır. İddiaçı xx.xx.2024-cü il tarixdə cavabdehlər "xxxx" MMC-yə və "xxxx" ASC-nin "xxxx" MMC-yə qarşı iddia tələbini dəqiqləşdirərək, mülkiyyətində olan Şirvan şəhəri, ünvan 2ən 0.015 ha torpaq sahəsi üzərindən cavabdeh "xxxx" MMC-yə məxsus yüksək gərginlikli elektrik xəttinin cavabdehin vəsaiti hesabına çıxarılması, həmçinin ödənilmiş dövlət rüsumunun alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şirvan Şəhər Məhkəməsinin 2(032)-21/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə işin məhkəmə aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-2911/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər "xxxx" MMC-ya və qeyrilərinə qarşı – yüksək gərginlikli elektrik xəttinin cavabdehin vəsaiti hesabına çıxarılması tələbinə dair iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilməsi qərara alınmışdır. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, mövcud iddia ərizəsi üzrə cavabdeh olan "xxxx" MMC-nin əsl olan cavabdeh "xxxx" MTK ilə əvəz edilməsini xahiş etmişdir Mövcud iddia tələbi əsl olmayan cavabdehə qarşı irəli sürüldüyündən, məhkəmə tərəfindən Azərbaycan Respublikası MPM-nin 54.1-ci maddəsinə əsasən, cavabdeh "xxxx" MMC əsl olan cavabdeh "xxxx" MTK ilə əvəz edilmişdir. Sonradan İddiaçı xx.xx.2025-ci il tarixli “iddia tələbinin dəqiqləşməsi barədə” ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MTK-ya (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxx" ASC-nin "xxxx" MMC-yə, "xxxx" ASC və Şirvan şəhəri Şirvan Bələdiyyəsi) qarşı mülkiyyətində olan Şirvan şəhəri, ünvan 2ən 0.015 ha torpaq sahəsi üzərindən cavabdeh "xxxx" MTK-ya məxsus yüksək gərginlikli elektrik xəttinin cavabdehin vəsaiti hesabına çıxarılması, həmçinin ödənilmiş dövlət rüsumunun alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2026-cı il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edərək, iddianı müdafiə etmiş, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh "xxxx" MTK məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Lakin, cavabdeh "xxxx" MTK-nın nümayəndəsi X2 əvvəlki məhkəmə iclaslarında iştirak edərək, iddiaya etiraz etmiş, məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X11 məhkəmə iclasında iddiaya dair mülahizələrini məhkəmənin öhdəsinə verdiyini bildirmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə xx.xx.2026-cı il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edərək, iddiaya dair mülahizələrini məhkəmənin öhdəsinə verdiyini bildirmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Şirvan şəhəri Şirvan Bələdiyyəsinin nümayəndəsi X9 xx.xx.2026-cı il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, iddiaçının və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin nümayəndələrinin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Belə ki, iş materiallarından görünür ki, xx.xx.2011-ci il tarixli xx/xx/1089 nömrəli "xxxx" ASC tərəfindən verilmiş “Texniki şərt”in surətindən görünür ki, Şirvan şəhəri, H.Əliyev prospektində "xxxx" MMC-nin tikəcəyi 7 ədəd 1 girişli 6 mərtəbəli binalardan ibarət yaşayış kompleksinin elektrik təchizatının etibarlılığının artırılması üçün "xxxx" ASC-nin 09/15/600 saylı xx.xx.2011-ci il tarixli texniki şərtinə yenidən baxılmışdır və xx.xx.2011-ci il tarixdə "xxxx" MMC-yə texniki şərt verilmişdir. İş materiallarına əlavə edilmiş və mübahisəli torpaq sahəsinə dair çıxarışın verilməsinə əsas olan sənədlərin surətlərindən görünür ki, xx.xx.2012-ci il tarixdə tərtib edilmiş “tikinti üçün Şirvan şəhərində torpaq sahəsi ayrılması haqqında” akta əsasən Şirvan şəhəri, Naxçıvan küçəsində yerləşən 150 kv.m torpaq sahəsi bütün texniki və sanitar normalara uyğun olmaqla tikinti üçün yararlıdır. Həmin aktda “elektrik təchizatı” qrafasında hər hansı bir qeyd aparılmamışdır. İş materiallarında olan X14 İdarəsinin xx.xx.2013-cü il tarixli 120002 saylı X5 surətindən görünür ki, Şirvan şəhəri, H.Əliyev prospektində "xxxx" MMC-nin tikdiyi 7 ədəd 1 girişli 6 mərtəbəli binalardan ibarət yaşayış kompleksinin elektrik qurğularının istismara buraxılması üçün tərtib edilmişdir. Tikinti və quraşdırma işləri xx/xx/1089 nömrəli xx.xx.2011-ci il tarixli və 03/xx/xx/1701 nömrəli xx.xx.2012-ci il tarixli "xxxx" ASC-nin texniki şərtinə əsasən razılaşdırılmış layihə üzrə yerinə yetirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şirvan Torpaq hərrac və müsabiqə komissiyasının torpaq müsabiqəsinin nəticələri barədə 144 nömrəli, xx.xx.2013-cü il tarixli prtokolunun surətindən və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 000 009 328 nömrəli şəhadətnaməsinin surətindən görünür ki, İddiaçı Şirvan bələdiyyəsinin mülkiyyətində olan 150 kv.m torpaq sahəsinin mülkiyyətə verilməsi ilə bağlı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şirvan Torpaq hərrac və müsabiqə komissiyası tərəfindən xx.xx.2013-cü il tarixdə keçirilmiş müsabiqənin qalibidir. Şəhadətnamə xx.xx.2013-cü il tarixdə 142 nömrə ilə qeydiyyata alınmaqla müsabiqənin qalibinə verilmişdir. İşdə olan Şirvan Bələdiyyəsi və İddiaçı arasında bağlanmış AN-İ ******* saylı xx.xx.2013-cü il tarixli “daşınmaz əmlakın alqı-satqı” müqaviləsinin surətindən görünür ki, satıcı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Ərazi idarəsi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş 8184 saylı arayışa əsasən məxsus olan Şirvan şəhəri, ünvan 1 ünvanında yerləşən məqsədli istifadə növü sahibkarlıq olan 0.015 ha torpaq sahəsini alıcının mülkiyyətinə verir. İşin materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şirvan şəhəri, ünvan 2ən, kateqoriyası “digər təyinatlı torpaqlar”, məqsədli istifadə növü “sahibkarlıq” olan, 0,015 ha torpaq sahəsinin mülkiyyətçisi Şirvan şəhəri Şirvan Bələdiyyəsi olmuşdur. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şirvan şəhəri, ünvan 2ən, torpaq sahəsinin kateqoriyası “sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar” olan, 0,015 ha torpaq sahəsi xüsusi mülkiyyət kimi İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, qeyd olunan ərazidən keçən yüksək gərginlikli elektrik veriliş xəttinin "xxxx" MMC-yə məxsusdur. İş materialında olan iddiaçı tərəfindən cavabdehə ünvanlanmış məktubun surətindən görünür ki, Şirvan şəhəri, ünvan 2ən torpaq sahəsindən elektrik xəttinin qısa müddətdə çıxarılması barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə olunmuş "xxxx" ASC-nin Şirvan Şəhər Məhkəməsinin sorğusuna xx.xx.2024-cü il tarixli cavab məktubunun surətindən görünür ki, Şirvan şəhəri, Naxçıvan küçəsi 420 ünvanda, torpaq sahəsi üzərində olan yüksək gərginlikli elektrik verilişi xətti "xxxx" MMC-yə məxsusdur. Həmin xətt "xxxx" ASC dövründə inşa olunduğundan həmin xəttin hansı vaxtda, hansı məqsədlə, hansı layihə əsasında çəkilməsi müəyyən olunmamış və həmin xəttə məxsus texniki sənədlərin "Evro-İnşaat” MMC-də olduğundan təqdim olunması qeyri mümkün olmuşdur. Həmçinin sözü gedən yüksək gərginlikli elektrik verilişi xətti "Evro-İnşaat” MMC-nin balansında olduğundan, həmin xəttə dair hər hansısa texniki sənəd və rəy verilməsi mümkün olmamışdır. İş materiallarına əlavə olunmuş "xxxx" ASC-nin Şirvan Şəhər Məhkəməsinin sorğusuna xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, qeyd edilən ünvan 2ən İddiaçı məxsus 0,015 ha torpaq sahəsindən keçən 10 kV-luq elektrik verilişi xətti "xxxx" ASC-yə məxsus deyil. İş materiallarına əlavə olunmuş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin Şirvan Şəhər Məhkəməsinə göndərdiyi xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsus olan Şirvan şəhəri ünvan 3 ünvanda yerləşən 0.015 ha torpaq sahəsinin 1.3 metr məsafəsindən yüksək gərginlikli elektrik veriliş xətti keçir. Əgər Şirvan şəhəri ünvan 3 ünvanda yerləşən 0.015 ha torpaq sahəsinin 1.3 metr məsafəsindən keçən yüksək gərginlikli elektrik veriliş xətti iş materiallarında olan xx/xx/1089 saylı xx.xx.2011-ci il tarixində "xxxx" ASC tərəfindən verilmiş elektrik təchizatının texniki şərtin və xx.xx.2013-cü il tarixli 12002 saylı X5 tələblərinə uyğun çəkilib-çəkilməməsinin araşdırılması səlahiyyətlərimiz çərçivəsində deyil. Şirvan şəhəri ünvan 3 ünvanda yerləşən 0.015 ha torpaq sahəsinin koordinatları torpaq sahəsinin planı və ölçüsü sənədi ilə (xx.xx.2013-cü il Nº AA 006212) üst-üstə düşür. İşə əlavə olan Şievan Şəhər Məhkəməsinin qərardadı əsasında təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 3-16-16/2-10/2373 saylı, xx.xx.2025-ci il tarixli rəyi ilə xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsus olan Şirvan şəhəri ünvan 3 ünvanda yerləşən 0.015 ha torpaq sahəsinin 1.3 metr məsafəsindən yüksək gərginlikli elektrik veriliş xətti keçir. Əgər Şirvan şəhəri ünvan 3 ünvanda yerləşən 0.015 ha torpaq sahəsinin 1.3 metr məsafəsindən keçən yüksək gərginlikli elektrik veriliş xətti iş materiallarında olan xx/xx/1089 saylı xx.xx.2011-ci il tarixində "xxxx" ASC tərəfindən verilmiş elektrik təchizatının texniki şərtin və xx.xx.2013-cü il tarixli 12002 saylı X5 tələblərinə uyğun çəkilib-çəkilməməsinin araşdırılması səlahiyyətlərimiz çərçivəsində deyil. Şirvan şəhəri ünvan 3 ünvanda yerləşən 0.015 ha torpaq sahəsinin koordinatları torpaq sahəsinin planı və ölçüsü sənədi ilə (xx.xx.2013- cù il Nº AA 006212) üst-üstə düşür. Rəyə əlavə edilən “ekspertiza xərclərinə dair” bilidirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğində təşkil edir. İşə əlavə olan Şirvan Şəhər İcra Hakimiyyətinin Şirvan Şəhər Məhkəməsinin sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, 2011-2013-cü illər ərzində "Evro-İnşaat MMC tərəfindən Şirvan şəhəri, ünvan 2ən 0.015 ha torpaq sahəsi üzərində elektrik xəttinin çəkilməsi barədə müraciətin edilib-edilməməsi araşdırılmış və məlumat aşkar edilməmişdir. "Milli arxiv fondu haqqında" Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin xx.xx.2004cü il tarixli 28 nömrəli əmri ilə təsdiq edilmiş "İcra hakimiyyəti orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlanma müddətləri göstərilməklə nümunəvi Siyahısı"na uyğun olaraq saxlama müddəti bitmiş sənədlər (son 5 il saxlanmaqla) daimi mühafizəsi üçün X12 filialına təhvil verilir. İşdə olan Şirvan şəhərinin Baş Planından çıxarışdan görünür ki, "xxxx" MMC-nin inşa etdiyi Heydər Əliyev prospektində yerləşən yaşayış kompleksinin elektrik təchizatı üçün Şirvan şəhər “Cihazlar zavodu” YS-dan 2 dövrəli hava elektrik veriliş xətti üçün çəkiləcək trassa razılaşdırılmışdır. Həmin çıxarış Şirvan şəhərinin baş memarı və “X10 Şəbəkə” MMC-nin direktoru tərəfindən təsdiq edilmişdir. İşdən görünür ki, X3 balans mənsubiyyəti sərhəddi və istismar məsuliyyəti haqqında 2019-cu ilin oktyabr ayında akt tərtib edilmişdir. İş materiallarında olan "xxxx" ASC “X10 Şəbəkəsi” MMC-nin Şirvan Kommersiya Məhkəməsinin sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, iddiaçı - İddiaçı mülkiyyətində olan Şirvan şəhəri ünvan 2ən 0,015 ha torpaq sahəsi üzərindən keçən yüksək gərginlikili elektrik xətti "xxxx"xxxx"Şirvan REŞ MMC-nin balans mənsubiyyətində deyil, eləcə də 110/10/10 kV-luq "Cihazlar zavodu" y/st-dan çıxan güc kabeli və xəttlərin istismarına cavabdehlik daşımır. Məlumat üçün, Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2015-ci tarixli, 1045 saylı Sərəncamına əsasən, Azərbaycan Respublikasının ərazisində “Azərenerji" ASC tərəfindən həyata keçirilən elektrik enerjisı ilə istehlakçıların təmin olunması fəaliyyətinin "Azərişıq” ASC-yə ötürülməsi, o cümlədən istehlakçıların elektrik enerjisi ilə təchizatı üçün zəruri olan və "xxxx" ASC-nin balansındakı əmlak və digər avadanlıqlar "Azərişıq” ASC-nin balansına verilmişdir. İşə əlavə olan "xxxx" ASC “X10 Şəbəkəsi” MMC-nin Şirvan Kommersiya Məhkəməsinə göndərdiyi xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, İddiaçı (iş-2- 2(121)-2911-25) iddia ərizəsinə cavab olaraq, Şirvan şəhəri Naxçıvan küçəsi 420 ünvanında olan mülkiyətinin üzərindən çəkilmiş 10 kV-luq hava verilişi xətti "xxxx" ASC "xxxx" MMC-nin balans mənsubiyyətində deyil. Məlumat üçün, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli, 1045 saylı sərəncamına əsasən elektrik enerjisi ilə istehlakçıların təmin olunması fəaliyyətinin, o cümlədən istehlakçıların elektrik enerjisi ilə təchizatı üçün zəruri olan əmlak və avadanlıqlar "Azərişıq” ASC-nin balansına verilmişdir. 110/10/10 kV-luq "Cihazlar zavodu" y/st-dan çıxan 10 kV-luq 1-ci və 2-ci Şəhər hava verilişi xətləri və güc kabelləri "xxxx"ASC "Şirvan RETSİ"nin xidməti ərazisindədir. İşə əlavə olan "xxxx" ASC “X10 Şəbəkəsi” MMC-nin məhkəmənin sorğusuna xx.xx.2026-cı il tarixli cavab məktubuna əsasən, Şirvan şəhəri, H.Əliyev prospektində "Evro İnşaat” MMC tərəfindən tikilmiş 7 ədəd 1 girişli 6 mərtəbəli yaşayış kompleksinin elektrik təchizatı üçün "Azərenerji” ASC tərəfindən verilmiş xx/xx/1089 saylı xx.xx.2011-ci il tarixli texniki şərtin tələbləri tələbatçı tərəfindən yerinə yetirilmişdir. İşə əlavə olan X1 X4 məhkəmənin sorğusuna xx.xx.2026-cı il tarixli cavab məktubuna əsasən, İddiaçı cavabdehlər "xxxx" MMC-yə və qeyrilərinə qarşı yüksək gərginlikli elektrik xətinin cavabdehin vəsaiti hesabına çıxarılması barədə iddiasına dair 2-2(121)- 2911/2025 nömrəli iş üzrə Şirvan şəhəri, H.Əliyev prospektində "Evro-İnşaat MMC (EVRO-İnşaat" MTK) tərəfindən tikilən binalardan ibarət yaşayış kompleksinin elektrik qurğularına X14 İdarəsi tərəfindən verilmiş 120002 nömrəli, xx.xx.2013-cü il tarixli X5 verilməsinə əsas olmuş texniki sənədlərinin surətləri məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara əlavə edilmiş "xxxx" ASC-nin "xxxx" MMC-yə ünvanladığı məktubun surətindən görünür ki, Şirvan şəhəri, H.Əliyev prospektində "Evro-İnşaat” MMC-nin tikdiyi yaşayış kompleksinin elektrik təchizatına dair "xxxx" ASC-nin xx/xx/1089 saylı xx.xx.2011-ci il tarixli texniki şərtinin 2.2-ci bəndini dəyişməklə, obyektə 110/10/10 kV-luq "Cihazlar zavodu" YS-dan 2 ədəd 10 kV-luq kabel EVX-nin əvəzinə 2 dövrəli 10 kV-luq HX-tin çəkilməsinə etiraz etmirlər. Yeni 2 dövrəli 10 kV-luq HX mövcud Qaydaların tələblərinə riayət etməklə, layihə əsasında quraşdırılmalıdır. Gələcəkdə "xxxx" MMC-nin yaşayış kompleksinin 10 kV-luq HX-lərin kabel EVX ilə əvəz olunması Cəmiyyətin hesabına yerinə yetirilməlidir. Qeyd edilən materiallara əlavə edilmiş xx.xx.2013-cü il tarixli “10 kV-luq hava xəttinə baxış” aktdan görünür ki, 10 kv-luq 2 dövrəli hava xəttinin uzunluğu 2000 metrdir. Hava xəttinin markası AS-70 mm²-dir. 50 ədəd dəmir dayaqlardan (aralıq, anker) istifadə edilmişdir. Elektrik enerjitəchizatı 110/10/10kV-luq "Cihazlar zavodu" y/st-da 10 kV-luq PQ-də yeni quraşdırılmış yuvalardan həyata keçirilir. Hava xəttinin quraşdırılması mövcud norma və qaydaların tələblərinə əməl naraq icra edilmişdir. Həmin materiallara əlavə edilmiş xx.xx.2013-cü il tarixli “torpaqlanma kontur qurğusunun qapalı işləri bardə” aktdan görünür ki, KTY-nin torpaqlanma konturu en kəsiyi 40x4 mm olan zolaq poladdan hazırlanıb və 0,7 metr dərinlikdə basdırılıb. Torpaqlanma elektrodu diametri f30 olan dairəvi poladdan hazırlanıb və 2 metr dərinliyə vurulmuşdur. Cəmi 8 ədəd elektrod vurulmuşdur. Torpaqlanma konturunun bütün birləşmələri və çıxıntıları elektrik qaynağı ilə yerinə yetirilmişdir. Torpaqlanma konturunun quraşdırılması mövcud norma və qaydaların tələblərinə əməl olunaraq icra edilmişdir. Həmin materiallara əlavə olunmuş xx.xx.2013-cü il tarixli “Enerjitəchizatı müəssisəsi ilə abonent arasında elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhəddi və tərəflərin istismar məsuliyyəti haqqında” akta əsasən, 110/10/10 kV-luq "Cihazlar zavodu" y/st-da 10 kV-luq Paylayıcı Quruluşda 3-cü bölmədə 59 nömrəli yuvada və 4-cü bölmədə 43 nömrəli yuvada şin ayrıcısının tərpənməz dodaqlarından balans sərhəddi təyin edilir. Belə ki, şin ayrıcısından bölməyə tərəf "xxxx" MMC-nin, şin ayrıcısından aşağı tərəfə müasir vakuum açar və digər avadanlıqlarla komplektləşdirilmiş 10 kv-luq yuvalar "xxxx" MMC-nin xidməti ərazisi hesab edilir. İş materiallarına əlavə edilmiş X12 Filialının məhkəmənin sorğusuna xx.xx.2026-cı il tarixli cavab məktubundan görünür ki, Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 2011- 2013-cü illərin sərəncamları kitabında araşdırılma aparıldı. 2011-2013-cü illər ərizində "Evro-İnşaat MMC ("Evro-İnşaat” MTK) tərəfindən Şirvan şəhər, ünvan 2ən 0,015 ha torpaq sahəsi üzərində elektirik xəttinin çəkilməsinə dair müraciətə aid sərəncam aşkarlanmadı. İdarə, müəssisə və təşkilatlara daxil olan müraciətlər dövlət arxiv mühafizəsinə təhvil götürülmür. Sözügedən sənədlər saxlanma müddəti bitənə qədər təşkilatın özündə saxlanılır, saxlanma müddəti bitdikdə (5 il) qanunvericiliyə uyğun olaraq məhvə ayrılır. İş materiallarına əlavə edilmiş X13 Təchizatı və Satış İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2026-cı il tarixli məktuba əsasən, Şirvan Kommersiya Məhkəməsinin "Azərişıq” ASC-yə ünvanlanmış e-2-2(121)-2911/2025 saylı xx.xx.2026-cı il tarixli məktuba baxılmışdır. Şirvan şəhəri, ünvan 2ən və "xxxx" MTK-ya məxsus 0,015 ha torpaq sahəsi 10 kv-luq Evro-İnşaat h/x-nin 1,3 metr məsafədə yerləşir. Torpaq sahəsi 10 kv-luq Evro-İnşaat h/x-nin mühafizə zonasında yerləşir. 6-10 kv-luq h/x-lərinin mühafizə zonası 10 metrdir. 10 kv-luq Evro-İnşaat h/x-ti "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli xx/xx/1089 saylı texniki şərt əsasında, tələblər yerinə yetirilməklə "xxxx" MTK tərəfindən çəkilib istismara verilmişdir. 10 kv-luq Evro-İnşaat h/x-ti 110/10/10 kv-luq Cihazlar zavodu y/st-dan elektrik enerjisi ilə təchiz edilir. 10 kv-luq Evro- İnşaat h/x-ti "xxxx" MTK-nın balansındadır. Beləliklə, işin həqiqi halları, iddiaçının, cavabdehin nümayəndəsinin və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin nümayəndələrinin izahatları və iş materiallarına əlavə edilən sənədlərlə məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Şirvan şəhəri, ünvan 2ən, kateqoriyası “digər təyinatlı torpaqlar”, məqsədli istifadə növü “sahibkarlıq” olan, 0,015 ha torpaq sahəsinin mülkiyyətçisi Şirvan şəhəri Şirvan Bələdiyyəsi olmuşdur. İddiaçı Şirvan şəhəri Şirvan Bələdiyyəsinin mülkiyyətində olan 150 kv.m torpaq sahəsinin mülkiyyətə verilməsi ilə bağlı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şirvan Torpaq hərrac və müsabiqə komissiyası tərəfindən xx.xx.2013-cü il tarixdə keçirilmiş müsabiqənin qalibi olmuşdur. Bundan sonra, Şirvan şəhəri Şirvan Bələdiyyəsi və İddiaçı arasında xx.xx.2013-cü il tarixli “daşınmaz əmlakın alqı-satqı” müqaviləsi bağlanmış və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Şirvan şəhəri, ünvan 2ən, torpaq sahəsinin kateqoriyası “sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar” olan, 0,015 ha torpaq sahəsi xüsusi mülkiyyət kimi İddiaçı adına qeydiyyata alınmışdır. Mübahisəli torpaq sahəsinə dair çıxarışın verilməsinə əsas olan sənədlərdən eyni zamanda müəyyən olunmuşdur ki, xx.xx.2012-ci il tarixdə tərtib edilmiş “tikinti üçün Şirvan şəhərində torpaq sahəsi ayrılması haqqında” akta əsasən Şirvan şəhəri, Naxçıvan küçəsində yerləşən 150 kv.m torpaq sahəsi bütün texniki və sanitar normalara uyğun olmaqla tikinti üçün yararlıdır. Həmin aktda “elektrik təchizatı” qrafasında hər hansı bir qeyd aparılmamışdır. Məhkəmə araşdırılması zamanı həmçinin müəyyən edilmişdir ki, qeyd edilən torpaq sahəsi Şirvan şəhəri Şirvan Bələdiyyəsinin mülkiyətinə keçməmişdən əvvəl, o cümlədən, İddiaçı torpaq sahəsi ilə bağlı keçirilmiş müsabiqənin qalibi olmamışdan, onunla torpaq sahəsinə dair “daşınmaz əmlakın alqı-satqı” müqaviləsi bağlanmışdan və ona hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməmişdən əvvəl Şirvan şəhəri, H.Əliyev prospektində "xxxx" MMC-nin tikəcəyi 7 ədəd 1 girişli 6 mərtəbəli binalardan ibarət yaşayış kompleksinin elektrik təchizatının etibarlılığının artırılması üçün "Azərenerji” ASC tərəfindən xx.xx.2011-ci il tarixdə "xxxx" MMC-yə ("xxxx" MTK-ya) texniki şərt verilmişdir. Tikinti və quraşdırma işləri "xxxx" ASC-nin qeyd edilən texniki şərtinə əsasən razılaşdırılmış layihə üzrə cavabdeh tərəfindən yerinə yetirilmişdir. Bundan başqa, müəyyən olunmuşdur ki, Şirvan şəhəri, ünvan 2ən və iddiaçıya məxsus 0,015 ha torpaq sahəsi 10 kv-luq Evro-İnşaat h/x-nin 1,3 metr məsafədə yerləşir. Belə ki, torpaq sahəsi 10 kv-luq Evro-İnşaat h/x-nin mühafizə zonasında yerləşir. 6-10 kv-luq h/x-lərinin mühafizə zonası 10 metrdir. 10 kv-luq Evro-İnşaat h/x-ti "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli xx/xx/1089 saylı texniki şərt əsasında, tələblər yerinə yetirilməklə "xxxx" MTK tərəfindən çəkilib istismara verilmişdir. 10 kv-luq Evro-İnşaat h/x-ti 110/10/10 kv-luq Cihazlar zavodu y/st-dan elektrik enerjisi ilə təchiz edilir. 10 kv-luq Evro-İnşaat h/x-ti "xxxx" MTK-nın balansındadır. Digər tərəfdən, iddiaçı cavabdeh tərəfindən çəkilmiş elektrik xəttinin torpaq sahəsindən təyinatı üzrə istifadə edilməsinə maneələr yaratmasına istinad etmiş olsa da, maneələrin nədən ibarət olmasını göstərməmiş, habelə belə bir maneənin mövcud olması məhkəmə araşdırılması zamanı müəyyən edilməmişdir. Göründüyü kimi, cavabdehə məxsus yüksək gərginlikli elektrik xətti qeyd edilən torpaq sahəsi hələ iddiaçının mülkiyyətinə keçməmişdən əvvəl texniki şərt əsasında çəkilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, torpaq sahəsi üzərindən cavabdehə məxsus yüksək gərginlikli elektrik xəttinin cavabdehin vəsaiti hesabına çıxarılmasını tələb etməsi əsassızdır. Belə ki, Azərbaycan Respubikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı mübahisəli torpaq sahəsinin mülkiyyətçisi olduğundan o, öz mülahizələrinə görə göstərilən mənzilə dair hüquqlara malikdir. Lakin, məhkəmə iclasında cavabdeh tərəfindən mübahisəli torpaq sahəsindən iddiaçının istifadəsinə hər hansı maneələr yaradılması müəyyən edilmədiyindən, habelə, cavabdehə məxsus yüksək gərginlikli elektrik xətti qeyd edilən torpaq sahəsi hələ iddiaçının mülkiyyətinə keçməmişdən əvvəl texniki şərt əsasında çəkildiyi müəyyən olunduğundan, bununla da, iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdıran hal aşkar olmadığından, iddia tələbi qeyd edilən hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 169.1 – 169.3-cü maddələrinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər. Hər bir daşınmaz əmlak mülkiyyətçisi, əgər quyuların qazılması, drenaj, qaz və başqa boruların, habelə yerüstü və yeraltı elektrik xətlərinin çəkilməsi onun torpaq sahəsindən istifadə edilmədən qətiyyən mümkün deyildirsə və ya hədsiz yüksək məsrəflər hesabına mümkündürsə, bununla əlaqədar dəyən zərərin əvəzinin qabaqcadan tam ödənilməsi şərti ilə həmin tədbirlərin həyata keçirilməsinə icazə verməlidir. Yüklü torpaq sahəsinin mülkiyyətçisi öz mənafelərinin ədalətlə nəzərə alınması hüququna malikdir. Yerüstü xətlərin çəkildiyi hallarda, əgər fövqəladə hallar əsas verirsə, o, tələb edə bilər ki, həmin xəttin keçdiyi ağlabatan həcmdə torpaq sahəsi tam əvəzi ödənilməklə ondan ayrılsın. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia qeyd edilən hissədə əsassızdır. Buna görə də, iddia həmin hissədə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə eyni zamanda iddianın “dövlət rüsumunun tutulması”na dair hissəsini araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi də rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissəsinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia isə rədd edilməli olduğundan, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Buna görə də iddianın göstərilən hissəsi də rədd edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, ekspertiza xərci iddiaçıdan tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəylərdən göründüyü kimi, ekspertiza tədqiqatlarının dəyəri 100 manat məbləğindədir. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat məbləğində pul vəsaiti iddiaçıdan alınaraq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, hesab edir ki, iddia əsassızdır. Odur ki, iddia rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı cavabdeh "xxxx" MTK-ya, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxx" ASC-nin "xxxx" MMC, "xxxx" ASC və Şirvan şəhəri Şirvan Bələdiyyəsinə qarşı – mülkiyyətində olan Şirvan şəhəri, ünvan 2ən 0.015 ha torpaq sahəsi üzərindən cavabdeh "xxxx" MTK-ya məxsus yüksək gərginlikli elektrik xəttinin cavabdehin vəsaiti hesabına çıxarılması və ödənilmiş dövlət rüsumunun alınması barədə iddiası rədd edilsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat məbləğində pul vəsaiti İddiaçı alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Namidar Misirzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar