Məhkəmə qərarları › İş №2(058)-1220/2025

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-1220/2025

16.12.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Atalığın müəyyən edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-1220/2025 16.12.2025 SAMUX RAYON MƏHKƏMƏSİ X4 Əhməd oğlunun sədrliyi, Əhmədli İnal Söhrab oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “atalığın müəyyən edilməsi və aliment” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “atalığın müəyyən edilməsi və aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun uşağı xx.xx.2023-cü il təvəllüdlü X1 atası olmasının müəyyən edilməsi və cavabdehdən uşağın saxlanması üçün hər ay 246 manat sabit pul məbləğində, yəni qüvvədə olan minimum əmək haqqının 0,62 mislində alimentin tutulub, ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.2020-ci ildə faktiki nikaha girib ailə həyatı qurmuş, lakin faktiki nikahlarını rəsmiləşdirməmişlər. O, Hacıqabul rayonu, Qubalıbalaoğlan kəndinə gəlin köçərək 3 il cavabdehin ailəsi ilə birlikdə yaşamış, sonra Qubalıbalaoğlan kəndindəki yaşayış evini satıb Hacıqabul rayonu, Nəsimi küçəsi, bina 3ün 1-ci mərtəbəsində yaşamağa başlamışlar. O, cavabdehlə 4 il birlikdə yaşamışdır, cavabdehlə münasibətləri münaqişəli olduğu üçün Samux rayonu, Salahlı kəndinə qayıdaraq valideyinləri ilə birlikdə yaşayır. Onun cavabdehlə faktiki nikahdan xx.xx.2023cü il tarixdə oğlu X2 anadan olmuşdur. Cavabdeh faktiki nikahdan doğulmuş oğluna atalıq verməmiş, uşağın atası olmasına baxmayaraq, cavabdeh həmin faktı etiraf etməkdən və atalığın müəyyən edilməsi haqqında müvafiq icra hakiiniyyəti orqanına ərizə verməkdən və uşağın saxlanması üçün vəsait verməkdən boyun qaçırmışdır. Cavabdehin bütün qohumları şahidlik edə bilər ki, o, cavabdehlə birgə yaşamışdır, həmçinin o, qaynanası və əri ilə birlikdə cavabdehə məxsus evdə 3 il bir ünvanda, 1 il isə başa ünvanda yaşamışdır. O, cavabdehin evindən çıxanda övladı Çingiz 2 yaş 6 aylıq olmuş, özü isə 6 aylıq hamilə olmuşdur. Atasıgilə gələn zaman övladı Çingizin 2 yaş 6 aylıq, özünün isə 6 aylıq hamilə olmasını və onun cavabdehlə birgə nikahda olmalarını bütün qohumlar və qonşular təsdiq edə bilərlər. Faktiki nikah dövründə doğulmuş övladına o, özü baxır və qayğısına qalır, uşağının saxlanılmasında maddi cəhətdən çətinlik çəkir, uşağın maddi tələbatını ödəyə bilmir. Bu səbəbdən də o, xx.xx.2025-ci il tarixdə himayəsində olan uşağa atalığın müəyyən edilməsi və uşağın saxlanılması üçün aliment tələbinə dair mediasiya təşkilatına rəsmi müraciət etmiş, mediasiya onun iştirakı ilə mediator tərəfindən keçirilmişdir. Cavabdeh mediasiya sessiyyasında iştirak etməmiş, o, ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış almışdır. Ona görə də, atalığın müəyyən edilməsi və uşağın saxlanılması üçün aliment hesablanması zəruridir. Onun heç yerdən gəliri yoxdur, uşağı normal böyütmək üçün alimentə ehtiyacı vardır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hacıqabul Rayon İcra Hakimiyyəti Başçısının ünvan 1 ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, ünvan 2 dairəsi üzrə nümayəndəlikdə qeydiyyatda olan Cavabdeh qarşı “atalığın müəyyən edilməsi və aliment” tələbi üzrə mülki işin məhkəmə bildirişi Cavabdeh təqdim edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli AZ-T № 314618 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2023-cü il tarixdə doğulmuşdur. Atası qrafasında - X3, anası qrafasında İddiaçı qeyd olunmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixdə Samux 1 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmişdir. İş materiallarında olan CD diskə köçürülmüş şəkillərdən və video görüntülərdən görünür ki, Cavabdeh İddiaçı, övladı Çingiz və onun ailə üzvləri ilə birlikdə müxtəlif tədbirlərdə (şənliklərdə) iştirak etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.1-ci maddəsinə əsasən uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46.3-cü maddəsinə əsasən uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. Beləliklə məhkəmə iclasında təsdiq olundu ki, İddiaçı ilə Cavabdeh birgə yaşadıqları dövrdə xx.xx.2023-cü il tarixdə Çingiz adlı uşaqları anadan olmuşdur. Çingizə doğum şəhadətnaməsi alınarkən Hacıqabul rayon qeydiyyat şöbəsi tərəfindən tərəflərin rəsmi nikahlarının olmadığı üçün ata adı qrafasında uşağın atasının adı - “Qulu”, soyadı qrafası “Qaibov” kimi qeyd edilmişdir. Cavabdeh atalığı müəyyən etməkdən ötrü müvafiq qeydiyyat orqanına gedib ərizə yazmadığı üçün xx.xx.2023-cü il tarixdə anadan olmuş Çingizin atalığını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə hesab edir ki, Cavabdeh Hacıqabul rayonunda İddiaçı tərəfindən doğulmuş – xx.xx.2023-cü il tarixdə anadan olmuş Çingizin atası olması faktı müəyyən edilməli, xx.xx.2023-cü il tarixdə anadan olmuş Çingizə doğum haqqında şəhadətnamə verilərkən atası qrafasında “Cavabdeh”, anası qrafasında “İddiaçı” və milliyyəti “Azərbaycanlı” kimi yazılmalı və bu barədə qeydiyyat şöbəsində sənədləşmə aparılaraq yeni şəhadətnamə verilməsi Samux rayon Qeydiyyat şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Azərbaycan Respublikasında 2025-ci ildə yaşayış minimumu haqqında” 16 dekabr 2024-cü il tarixli Azərbaycan Respublikası Qanununa görə 2025-ci il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 246 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşaqların Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş yaşayış minimumu səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat almaq hüququ vardır. Həmçinin Azərbaysan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2024-cü il tarixli sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği xx.xx.2025-ci il tarixdən 400 manat həddində müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunveriliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 8- 2/2016 nömrəli Qərarının 8.4-1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə tərəflərin maddi vəziyyətini, cavabdehlə yanaşı iddiaçının da uşağı saxlamaq vəzifəsini, habelə uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması zərurətini, ölkə üzrə uşaqlar üçün yaşayış minimumunu nəzərə alaraq, xx.xx.2023-cü il tarixdə anadan olmuş Hüseynov (Qaibov) Çingiz Qulu oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 (sıfır tam onda beş) misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.1-ci maddəsinə görə aliment almaq hüququ olan şəxs ona aliment ödənilməmişsə, aliment almaq hüququnun yarandığı vaxtdan asılı olmayaraq istənilən müddətdə məhkəməyə aliment tutulması barədə ərizə ilə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı xx.xx.2025-ci il tarixdə iddia qaldırdığına görə aliment həmin vaxtdan tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Hacıqabul rayonunda İddiaçı tərəfindən doğulmuş – xx.xx.2023-cü il tarixdə anadan olmuş Çingizin atası olması faktı müəyyən edilsin. xx.xx.2023-cü il tarixdə anadan olmuş Çingizə doğum haqqında şəhadətnamə verilərkən atası qrafasında “Cavabdeh”, anası qrafasında “İddiaçı”, milliyyəti “Azərbaycanlı” kimi yazılsın. Cavabdeh xx.xx.2023-cü il tarixdə anadan olmuş Hüseynov (Qaibov) Çingiz Qulu oğlunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2025-ci il tarixdən başlayaraq, sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 (sıfır tam onda beş) misli həddində sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. İddia alimentlə bağlı qalan hissədə təmin edilməsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icraya yönəldilsin. Yeni doğum haqqında şəhadətnamənin verilməsi Samux rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. İş üzrə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər, qətnamədən şikayət verilməsi onun alimentlə bağlı hissəsinin icrasını dayandırmır. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar