Məhkəmə qərarları › İş №2(058)-179/2024

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-179/2024

22.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-179/2024 22.02.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, JN-166A, KOD 50709038 nömrəli torpağın mülkiyyətə veriməsinə dair şəhadətnamənin mərhum X1na məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdırlar ki, X1na Samux rayon Aqrar İslahat Komissiyasının 14 aprel 2000-ci il tarixli 06 saylı qərarı ilə Samux rayon Əlibayramlı kənd ərazisində 0.14 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə anasının mülkiyyət hüququnu təsdiq edən JN-166A, KOD 50709038 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə anasının ata adı Bahadur əvəzinə texniki səhv olaraq Heydər kimi yazılmışdır. X1 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Ona görə də, sözügedən mülkiyyət sənədinin ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Ərizəçi xx.xx.2024-cü il tarixdə ərizənin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək JN-166A, KOD 50709038 nömrəli şəhadətnamənin X1na məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizədə göstərilənlərə uyğun izahat ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 bildirdi ki, Ərizəçi onun dayısı oğludur, ərizəçinin X1 olub. Əntiqə İsmayılovaya məxsus torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə onun ata adı Bahadur əvəzinə səhvən Heydər qızı kimi qeyd olunub. Sözügedən mülkiyyət sənədi X3 məxsusdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 bildirdi ki, Ərizəçi onun qardaşının oğludur, X7 isə onun qardaşı arvadı olub. Əntiqə İsmayılovaya məxsus Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə onu ata adı Bahadur əvəzinə səhvən Heydər qızı kimi qeyd olunub. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli №3-21-3-33/2-11809/202 nömrəli məktubundan görünür ki, qeyd olunan düzəlişlərin aparılmasından imtina edilmiş və bununla bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarı təqdim olunacağı təqdirdə qanunauyğun tədbirlərin görüləcəyi bildirilmişdir. İş materiallarında olan Samux rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 06 noyabr 2023-cü il tarixli, 421 nömrəli arayışdan görünür ki, Samux rayon Aqrar İslahat Komissiyasının 14 aprel 2000-ci il tarixli, 06 saylı qərarı ilə verilmiş 0,14 ha həyətyanı torpaq sahəsinə mülkiyyət hüququna dair JN-166A, KOD 50709038 saylı şəhadətnamədə X2 ata adının Bahadur əvəzinə səhvən Heydər qızı kimi yazıldığı qeyd olunmuşdur. İş materiallarında olan JN-166A, KOD 50709038 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Samux Rayon Aqrar İslahat Komissiyasının 14 aprel 2000-ci tarixli 06 saylı qərarı ilə 0,14 hektar torpaq sahəsi X4 mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əssən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ərizəçinin anasının ata adı əslində Bahadur olsa da, Samux Rayon Aqrar İslahat Komissiyasından verilmiş JN-166A, KOD 50709038 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə onun ata adı “Heydər” kimi göstərilmişdir. Həmin sənədin ərizəçinin anasına məxsus olması faktının müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, sənədi vermiş aqrar-islahat komissiyaları artıq fəaliyyətini dayandırdığından ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz, həmin sənəd, ərizəçiyə anasından miras qalmış əmlaka dair qanunumüvafiq hərəkətlərin edilməsi ilə əlaqədar tələb olunur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ərizə təmin edilməli, X4 adına verilmiş JN-166A, KOD 50709038 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin X3 məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Samux Rayon Aqrar İslahat Komissiyasının 14 aprel 2000-ci tarixli, 06 saylı qərarına əsasən X4 adına verilmiş JN-166A, KOD 50709038 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin X3 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar