Məhkəmə qərarları › İş №2(058)-287/2025

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-287/2025

14.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-287/2025 14.05.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Zərgərli Ata Nərbala oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi hüquq müəyyənedici sənədin ona və ailə üzvlərinə məxsus olması faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, JN-383 KOD 50706028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının Ərizəçi məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Samux rayon X11 xx.xx.1997-ci il tarixli, 08 saylı qərarı ilə 1,79 ha torpağ mülkiyyət hüququna dair JN-383 KOD 50706028 saylı dövlət aktında onun soyadı və adı texniki olaraq səhvən soyadı Əhmədova (Həsənova), adı Elmira (Elnarə) kimi qeyd olunmuşdur. Samux rayon VVAQ orqanı tərəfindən verilmiş doğum haqqında şəhadətnamədə və ona məxsus şəxsiyyət vəsiqəsində onun soyadı, adı və ata adı Ərizəçi kimi qeyd olunmuşdur. Bu səbəbdən qeyd olunan torpağa dair mülkiyyət sənədi ilə şəxsiyyətini təsdiq edən sənəd arasında uyğunsuzluq yaranmışdır. Ona görə də, sözügedən mülkiyyət sənədinin ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 bildirdi ki, Ərizəçi onun qızıdır. Aqrar İslahat Komissiyasının qərarı ilə Samux rayonu Alıuşağı kəndində yerləşən 1,79 ha torpaq sahəsi onun və övladlarının birgə mülkiyyətinə verilmişdir. Sözügedən mülkiyyət sənədində adları qeyd olunmuş mülkiyyətçilər onun övladlarıdır. Ailədə Elnarə adında bir şəxs olmayıb, qızı Elmiranın adı mülkiyyət sənədində texniki yanlışlıq olaraq Elnarə kimi qeyd olunub. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 bildirdi ki, Ərizəçi onun bacısıdır. Aqrar İslahat Komissiyasının qərarı ilə Samux rayonu Alıuşağı kəndində yerləşən 1,79 ha torpaq sahəsi onun və onun anasının, bacı-qardaşlarının birgə mülkiyyətinə verilmişdir. Sözügedən mülkiyyət sənədində adları qeyd olunmuş mülkiyyətçilər onun anası və bacıqardaşlarıdır. Ailədə Elnarə adında bir şəxs olmayıb, bacısı Elmiranın adı mülkiyyət sənədində texniki yanlışlıq olaraq Elnarə kimi qeyd olunub. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 bildirdi ki, Ərizəçi onun bacısıdır. Aqrar İslahat Komissiyasının qərarı ilə Samux rayonu Alıuşağı kəndində yerləşən 1,79 ha torpaq sahəsi onun və onun anasının, bacı-qardaşlarının birgə mülkiyyətinə verilmişdir. Sözügedən mülkiyyət sənədində adları qeyd olunmuş mülkiyyətçilər onun anası və bacıqardaşlarıdır. Ailədə Elnarə adında bir şəxs olmayıb, bacısı Elmiranın adı mülkiyyət sənədində texniki yanlışlıq olaraq Elnarə kimi qeyd olunub. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 bildirdi ki, Ərizəçi onun əmisi qızıdır. Torpağa mülkiyyət hüququna dair dövlət aktında qeyd olunan mülkiyyətçilərdən X1 anası, Həsənova Gülnarə, Həsənova Aytəkin isə Elmiranın bacıları, İntiqam Həsənov isə Elmiranın qardaşıdır. Onların ailəsində Elnarə adında şəxs olmayıb. Əmisi qızı Elmiranın adı sözügedən mülkiyyət sənədində texniki yanlışlıq olaraq Elnarə kimi qeyd olunub. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-33/2-2615/2023 nömrəli bildirişin surətindən görünür ki, qeyd olunan düzəlişlərin aparılmasından imtina edilmiş və bununla bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarı təqdim olunacağı təqdirdə qanunauyğun tədbirlərin görüləcəyi bildirilmişdir. İş materiallarında olan JN-383 KOD 50706028 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının surətindən görünür ki, Samux Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 08 saylı qərarı ilə 1.79 hektar pay torpaq sahəsi X9, X2, X3, X4 və X5 ümumi birgə mülkiyyətinə verilmişdir. İş materiallarındakı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.1979-cu ildə doğulmuş, onun atası X7, anası X12r. İş materiallarındakı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X23 ilə X10 arasında 28 dekabr 2002-ci ildə nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə Əhmədov, arvada Əhmədova soyadı verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əssən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, JN-383 KOD 50706028 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında mülkiyyətçi Ərizəçi adı səhvən “Elmira” əvəzinə “Elnarə” kimi göstərilmişdir. Həmçinin iş materiallarından aydındır ki, ərizəçi nikaha daxil olduqdan sonra ərinin soyadına keçmişdir. Hazırda sözügedən mülkiyyət sənədinin ərizəçiyə məxsus olması faktının müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, sənədi vermiş aqrar-islahat komissiyaları artıq fəaliyyətini dayandırdığından ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz, həmin sənəd, ərizəçiyə torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə əlaqədar tələb olunur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ərizə təmin edilməli, JN-383 KOD 50706028 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının ərizəçiyə məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Samux Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 08 saylı qərarına əsasən X9, X2, X3, X4 və X5 adına verilmiş JN-383 KOD 50706028 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar