Məhkəmə qərarları › İş №2(058)-316/2023

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-316/2023

31.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-316/2023 31.03.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, JN-571A, KOD 50703018, JN- 629F, KOD 50703018 nömrəli torpağa mülkiyyətə verilməsinə dair şəhadətnamələrin ona yəni, Ərizəçi məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçilər ərizəni onunla əsaslandırmışdırlar ki, xx.xx.1973-cü il tarixdə Samux rayon Qarayeri qəsəbəsində doğulmuş və hazırda ailəsi ilə birlikdə həmin qəsəbədə yaşayır. Samux rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 181 saylı qərarı ilə, torpağın mülkiyyətə verilməsinə dair JN-571A, kod-50703018, JN-629F, kod-50703018 nömrəli şəhadətnamələr əsasında hərəsi 0,08 ha olmaqla iki hissə həyətyanı torpaq sahəsi onun və ailə üzvlərinin mülkiyyətlərinə verilmişdir. Həmin şəhadətnamələrdə onun soyadı, adı və ata adı X2 göstərilmişdir. Halbuki onun doğum haqqında şəhadətnaməsində soyadı, adı və ata adı X3 göstərilmişdir. Bu səbəbdən qeyd olunan torpağa dair mülkiyyət sənədi ilə şəxsiyyətlərini təsdiq edən sənədlər arsında uyğunsuzluq yaranmışdır. Ona görə də, sözügedən mülkiyyət sənədinin ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizədə göstərilənlərə uyğun izahat verərək hüquq müəyyən edici sənədin ona məxsus olması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 bildirdi ki, ərizəçi onun arvadıdır, onun rəsmi adı İlhamədir, ancaq camaat arasında Ləman deyilir. Onun adı torpağa mülkiyyət sənədində səhvən Ləman kimi yazılıb. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 bildirdi ki, ərizəçi onun əmisi qızıdır. Uşaqlıqdan hamı onu Ləman kimi çağırır, halbuki əsl adı İlhamədir. Torpağa mülkiyyət sənədində onun adı səhvən Ləman kimi qeyd olunub. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli №3-21-3-33/2-241/2023 nömrəli məktubundan görünür ki, qeyd olunan düzəlişlərin aparılmasından imtina edilmiş və bununla bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarı təqdim olunacağı təqdirdə qanunauyğun tədbirlərin görüləcəyi bildirilmişdir. İş materiallarında olan 9 noyabr 2004-cü il tarixli, JN-629F saylı və 9 noyabr 2004-cü il tarixli, JN-571A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələrdən məlum olur ki, Samux Rayon Aqrar İslahat Komissiyasının 1997-ci il 25 dekabr tarixli 181 saylı qərarı ilə hərəsi 0.08 hektar olmaqla, iki hissə torpaq sahəsi X8, X10 və X4 mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə olunmuş Samux Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2022-ci tarixli, 148 nömrəli arayışdan görünür ki, 9 noyabr 2004-cü il tarixli, JN-629F saylı və 9 noyabr 2004-cü il tarixli, JN-571A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələrdə X1 yazılmışdır. Hər iki sənəddə əslində Ərizəçi yazılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əssən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ərizəçinin adı əslində İlhamə olsa da, Samux Rayon Aqrar İslahat Komissiyasından verilmiş JN-571A, kod-50703018, JN-629F, kod-50703018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrdə ərizəçinin adı Ləman kimi göstərilmişdir. Həmin sənədlərin ərizəçiyə məxsus olması faktının müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, sənədi vermiş aqrar-islahat komissiyaları artıq fəaliyyətini dayandırdığından ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz, həmin sənəd, ərizəçiyə torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə əlaqədar tələb olunur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ərizə təmin edilməli, X5, X7 və X6 adına verilmiş JN-571A, kod-50703018, JN-629F, kod-50703018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Samux Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 181 saylı qərarı ilə X5, X7 və X6 adına verilmiş JN-571A, kod-50703018, JN-629F, kod-50703018 nömrəli, 9 noyabr 2004-cü il tarixli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələrin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar