Azərbaycan Respublikası adından QƏRARDAD Samux rayonu İş № 2(058)-448/2023 06.03.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Mən, Samux Rayon Məhkəməsinin hakimi Kərimova Tərifə Əbülfət qızı ərizəçi X1 «müharibə veteranı olması faktının müəyyən edilməsinə» dair ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri araşdıraraq, müəyyənetdim: Ərizəçi X2 ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının MPM-nin 307.2.11-ci maddəsinə əsasən onun torpaqlarımızın ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında cəbhə zonasından yaralı və şəhidləri çıxartmaqla, qospitallara daşımaqla iştirak etməyinə görə müharibə veteranı olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edirəm ki, ərizənin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 14-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Lakin qeyd edilməlidir ki, hərbi xidmət dövründə döyüşlərdə yaralanma, müalicədə olma və s. barədə hərbi hissələr, hərbi komissarlıqlar, hospitallar tərəfindən verilmiş arayışların, bildirişlərin və digər sənədlərin şəxsə məxsus olması faktı məhkəmələr tərəfindən xüsusi icraat qaydasında müəyyən oluna bilər. Mülki Prosessual Məcəllənin 153.4 və 153.5-ci maddələrinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1 və 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Ərizəçi X1 «müharibə veteranı olması faktının müəyyən edilməsinə» dair ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunsun. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Samux Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-448/2023
Samux Rayon Məhkəməsi Qərardad — İş №2(058)-448/2023
06.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Döyüş əməliyyatlarında iştirak faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver