Məhkəmə qərarları › İş №2(058)-561/2023

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-561/2023

19.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-561/2023 19.06.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə və cavabdehin nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə xx.xx.2006-cı ildə bağlanmış torpağa dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və ödəmiş olduğu 100 manat dövlət rüsumunun əvzinin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, ona və ailə üzvlərinə Samux Rayon Aqrar İslahat Komissiyasının 15 dekabr 1997-ci il tarixli 18 saylı qərarı ilə 3.32 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış alınmışdır. O və digər ailə üzvləri onların sözügedən torpaq sahələrindən istifadə edən Cavabdeh həmin torpaq sahəsindən çıxarılmasına dair iddia qaldırmışlar. Bundan sonra Cavabdeh məhkəmədə ona və digər ailə üzvlərinə qarşı iddia qaldıraraq mülkiyyətlərində olan 3.32 ha torpaq sahəsinin 2.24 ha hissəsini alqı-satqı yolu ilə əldə etməsinə əsaslanaraq onların adına daşınmaz əmlaka mülkiyyət hüququna dair çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin həmin iddia ərizəsinə əlavə etdiyi alqı-satqı haqqında müqvilədən onun məhkəmənin bildirişini və iddia ərizəsinin surətini aldıqdan sonra məlum olmuşdur. Həmin alqı-satqı müqaviləsində onun da adı və imza var. Halbuki həmin müqaviləni bağlamaq üçün notariusa gedib-getmədiyini, müqaviləyə imza edibetmədiyini xatırlamır. Müqavilə onun tərəfindən imzalanmış olsa belə o, həmin vaxt müqavilənin mahiyyətini bilməyib, imza etməsinin hüquqi nəticələri ona aydın olmamışdır. Belə ki, həmin müqavilə bağlanarkən onun 16 yaşı tamam olmayıb. Ona görə də, həmin müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verdi və tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Vəkil iddia tələbini etiraf etməyərək bildirdi ki, iddiaçı və onun digər ailə üzvləri paylı mülkiyyət hüququ ilə onlara məxsus torpaq sahəsini rəsmi qaydada cavabdehə satmışlar, onlar arasında notarial qaydada təsdiqlənmiş alqı-satqı müqaviləsi bağlanmış, lakin sonradan cavabdehin həmin əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədi almamasından istifadə edərək satdıqları torpağa dair öz adlarına mülkiyyət sənədi almışlar. İddia tələbi əsassızdır, ona görə də tələbin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə üçüncü şəxslərə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsinin surətindən məlum olur ki, həmin müqaviləyə əsasən X5, X2, X3 və X1 rayonunda yerləşən və ümumi paylı mülkiyyət hüququ ilə onlara məxsus olan 3.32 hektar torpaq sahəsinin 2,24 ha hissəsini Cavabdeh satmışlar. Tərəflər arasında mübahisə alqı-satqı müqaviləsinin etibarsızlığı ilə bağlı olduğundan məhkəmə əqdin etibarsızlığı ilə bağlı normaların təhlil edilməsini zəruri hesab edir. İddiaçı hesab edir ki, alqı-satqı müqaviləsi bağlanarkən onun 16 yaşı tamam olmadığından o, müqaviləni imzaladığını xatırlamır, hətta müqaviləni imzalamış olsa belə həmin müqavilənin mahiyyəti və hüquqi nəticələri ona aydın olmamışdır. Məhkəmə ilk öncə onu qeyd edir ki, sözügedən müqavilə bağlanarkən iddiaçının 16 yaşı olsa da müqavilə təkcə iddiaçı tərəfindən deyil, həmin torpağın paylı mülkiyyət hüququ ilə məxsus olduğu və iddiaçının qanuni nümayəndəsi sayılan anası və digər pay hüququ olan ailə üzvləri tərəfindən də imzalanmışdır. İddiaçı alqı-satqı müqaviləsindən məhkəmənin müvafiq bildirişini və iddia ərizəsinin surətini aldıqdan sonra məlumatının olduğunu bildirsə də, müqavilənin onun anası və digər ailə üzvləri tərəfindən də imzalanmış olması nəzərə alınaraq iddiaçının həmin müqavilədən 17 il ərzində məlumatsız olması ağlabatan hesab olunmur. İşin ən əsas faktiki halı ondan ibarətdir ki, müqavilənin bağlanmasından keçən uzun müddət ərzində nə iddiaçı, nə də müqaviləni imzalaya onun yaxın ailə üzvləri həmin müqaviləni mübahisələndirməmişlər. Qanunverici etibarsız əqdlərin mübahisələndirilməsi üçün kəsici müddət nəzərdə tutduğundan və kəsici müddət şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərədə tutan müddət olduğundan hazırda iddiaçının sözügedən tələblə müraciət edə bilməsi mümkün deyil. Belə ki, iddiaçı qanunvericilikdə əqdin mübahisələndirilməsi üçün nəzərdə tutulmuş kəsici müddəti ötürmüşdür. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-324-4-cü maddələrinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən əqdin bağlanması zamanı iradə ifadəsi zədələnmiş şəxsin məhz maddədə göstərilən müddətlər ərzində həmin əqdi mübahisələndirmək hüququ tanınmışdır. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Beləliklə, mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir. Kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Beləliklə, Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət kəsici müddət olmaqla əqdin mübahisələndirilməsi hüququna aiddir və bu müddətin keçməsi hüququn xitamına səbəb olur. Oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarında da ifadə edilmişdir. Qərarda göstərilmişdir ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar