Məhkəmə qərarları › İş №2(058)-571/2025

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-571/2025

11.04.2025 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-571/2025 11.04.2025 SAMUX RAYON MƏHKƏMƏSİ X5 Əhməd oğlunun sədrliyi Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə Ərizəçi Maraqlı şəxs ilə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs tərəfindən aliment tələbi ilə bağlı barışıq sazişinə qərəzli olaraq əməl olunmadığı üçün sazişin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh Maraqlı şəxs ilə ailə münasibətləri pozulduğu üçün aralarında olan nikahın pozulması, birgə nikahdan anadan olmuş uşağın onun himayəsində qalması və uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün aliment tələbi ilə bağlı məhkəməyə müraciət etməzdən əvvəl Gəncə şəhəri 1 saylı mediasiya təşkilatına müraciət etmişdir. Maraqlı şəxs mediasiya təşkilatında saziş imzalayaraq, 2024-cü ilin noyabrın 17-dən başlayaraq övladı xx.xx.2018-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 300 manat sabit pul məbləğində aliment ödəyəcəyini öz öhdəliyinə götürmüşdür. Maraqlı şəxs aliment borcunu ödəməməklə öhdəliyini yerinə yetirməmişdir. Odur ki, aliment tələbi ilə bağlı barışıq sazişinin məcburi icrası ilə bağlı o, məhkəməyə müraciət etməli olmuşdur. Ərizəçi məhkəmə iclası zamanı izahat verərək bildirdi ki, Maraqlı şəxs hər ay 300 manat aliment ödəməli olduğu halda 5 aydır ki, alimenti ödəmir. O, uşağın Səməndər Süleymanla görüşməsinə maneçilik törətmir. Məhkəmədən ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclası zamanı izahat verərək bildirdi ki, onun banklara borcu vardır, ona görə də maddi imkanı olmadığı üçün alimenti ödəyə bilməmişdir. Uşaqla görüşə dair ərizəçi ilə problem yoxdur. O, ərizənin təmin olunmasına etiraz etmədi. Məhkəmə ərizəni, tərəflərin izahatını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2018-ci il tarixdə Gəncə “ASAN xidmət” Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs ilə Ərizəçi birgə nikahlarından xx.xx.2018-ci il tarixdə X3 doğulmuşdur. İşdə olan xx.xx.2024-cü il tarixdə Gəncə 1 saylı Mediasiya təşkilatında bağlanmış barışıq sazişindən görünür ki, Maraqlı şəxs övladı X1 üçün sabit pul məbləğində xx.xx.2024-cü il tarixdən etibarən hər ay 300 manat məbləğində aliment ödəyəcəyini təklif etmiş, 1-ci tərəf Ərizəçi təklifi qəbul etmiş, 2-ci tərəf Maraqlı şəxs alimenti vaxtında ödəyəcəyini, bu barədə özünə öhdəlik götürmüşdür. Hər ay 300 manat aliment məbləğini 1-ci tərəf Ərizəçi xeyrinə ödəniş edəcəyi barədə tərəflər qarşılıqlı razılaşmışlar. Beləliklə, iş materiallarının tam və hərtərəfli araşdırılması ilə müəyyən olundu ki, Ərizəçi ilə Maraqlı şəxs birgə nikahlarından xx.xx.2018-ci il tarixdə Jasmin adlı uşaqları doğulmuşdur. Jasmin adlı uşağın saxlanması üçün Maraqlı şəxs hər ay 300 manat sabit pul məbləğində alimentin xx.xx.2024-cü il tarixdən başlayaraq alınaraq ərizəçiyə verilməsi ilə bağlı tərəflər arasında mediasiya prosesi nəticəsində xx.xx.2024-cü il tarixdə barışıq sazişi bağlanmışdır. Lakin qanunda nəzərdə tutulmuş müddət ərzində Maraqlı şəxs tərəfindən barışıq sazişi könüllü qaydada icra edilməmişdir. Ona görə də ərizəçi mediasiya prosesi nəticəsində tərəflər arasında bağlanmış barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. İşin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında bağlanmış barışıq sazişi Maraqlı şəxs tərəfindən könüllü qaydada icra edilmədiyinə görə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən məcburi icrası üçün təsdiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355- 26.1-ci maddəsinə əsasən, barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Ailə Məcəlləsinin 22.2.2-ci maddəsinə əsasən, uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunun müəyyən edilməsi nikah məhkəmə qaydasında pozularkən, məhkəmənin həll etdiyi məsələlərdəndir. Həmin Məcəllənin 75.1ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlama borcludurlar. Həmin Məcəllənin 75.4cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişkən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Həmin Qanunun 33.3-cü maddəsinə əsasən, barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən, bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. İşin tədqiq edilmiş halları əsasında müəyyən edilmişdir ki, maraqlı şəxs mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişini könüllü şəkildə lazımınca icra etməmişdir. Bu halı təkzib edən hər hansı dəlil məhkəməyə təqdim edilməmişdir. Bununla yanaşı, barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina üçün əsaslar qanunvericiliklə nəzərdə tutulmuşdur. İmtina üçün qeyd edilən əsaslardan hər hansı biri iş materialları ilə müəyyən olunmur, habelə maraqlı şəxs sazişlə üzərinə götürdüyü öhdəliyin icrasından azad olunmasına dair sübut təqdim etməmişdir. Belə olan halda, ərizə əsaslı olduğu üçün təmin edilməlidir. Məhkəmə iş materiallarını, həmçinin barışıq sazişini tam və hərtərəfli nəzərdən keçirərək belə nəticəyə gəlir ki, tərəflər arasında bağlanmış barışıq sazişi imzalandığı gündən, onun könüllü şəkildə icra edilməsi üçün qanunla müəyyən edilmiş müddət ərzində icra edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Maraqlı şəxs ilə Ərizəçi arasında xx.xx.2024-cü il tarixdə bağlanmış, Maraqlı şəxs xx.xx.2018-ci il tarixdə doğulmuş Jasmin adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 300 manat sabit pul məbləğində alimentin xx.xx.2024-cü il tarixdən başlayaraq alınaraq, ərizəçiyə ödənilməsinə dair barışıq sazişi məcburi icra edilməsi üçün təsdiq edilməlidir. İş materiallarından görünür ki, ərizəçi aliment tələbi ilə bağlı mediatora müraciət etmiş və mediasiya prosesi nəticəsində barışıq sazişi xx.xx.2024-cü il tarixdə bağlanılmışdır. Buna görə də, məhkəmə hesab edir ki, alimentin tutulma müddəti hazırkı ərizənin məhkəməyə verildiyi vaxtdan deyil, xx.xx.2024-cü il tarixdən başlanmalı və qətnamə dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxla nması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216, 220, 227, 355-23-355-26, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixdə bağlanmış, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin: 1.Tərəflərin birgə nikahından xx.xx.2018-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Maraqlı şəxs hər ay 300 (üç yüz) manat sabit pul məbləğində aliment Ərizəçi xeyrinə tutulsun.

2. Alimentin tutulması xx.xx.2024-cü il tarixdən başlayaraq, X2 yetkinlik yaşına çatana qədər müəyyən edilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən, həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar