Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-681/2025 17.07.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Zərgərli Ata Nərbala oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2023-cü il tarixdə doğulmuş övladı X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə X4 adlı övladı doğulmuşdur. X4 doğulduğu andan G80.0 kvadropledik spastik serebral iflic, kvadropledik spastik serebral iflic xəstəliyindən əziyyət çəkir. Uşaq özünü idarə edə bilmir. Bu səbəbdən də X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi ilə əlaqədar məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək ərizədə qeyd olunanlara uyğun izahat verdi və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsassız hesab olduğundan təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş sənədlərlə aşağıdakılar müəyyən edilir: AZ-İV № 915249 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə Samux rayonunda doğulmuş X1 atası Ərizəçi, anası X2r. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə xx.xx.2025-ci il tarixli elektron informasiya sistemindən əldə olunmuş çıxarışın surətindən görünür ki, X3 G80.0 kvadroplegik spastik serebral iflic, kvadroplegik, spastik serebral iflic diaqnozu müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır; 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, Ərizəçi xx.xx.2023cü il tarixdə doğulmuş X1 atası olaraq hazırki ərizə ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malikdir. Lakin buna baxmayaraq ərizə əsassızdır. Belə ki, ərizəçinin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini tələb etdiyi şəxs xx.xx.2023-cü il tarixdə doğulmuş uşaqdır və hazırda o, 1 yaş 6 aylıqdır. Bu da o anlama gəlir ki, sözügedən uşaq azyaşlı olmaqla onun zatən fəaliyyəti qabiliyyəti yoxdur. Qanunvericiliyin tələbinə görə 7 yaşınadək olan azyaşlıların fəaliyyət qabiliyyəti yoxdur, 7 yaşından 18 yaşınadək olanlar məhdud fəaliyyət qabiliyyətli hesab olunurlar, fiziki şəxs tam fəaliyyət qabiliyyətinə isə 18 yaşı tamam olduqda malik olur. Qanunvericliyin sözügedən tələbindən çıxış edərək məhkəmə hesab edir ki, hazırda 1 yaş 6 aylıq olan körpə zatən fəaliyyət qabiliyyəti olmayan şəxs olduğundan onun məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə lüzum yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 28.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. 28.2-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. 28.3-cü maddəsinə əsasən 7 yaşınadək olan yetkinlik yaşına çatmayanların (azyaşlılar) fəaliyyət qabiliyyəti yoxdur. 7 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların məhdud fəaliyyət qabiliyyəti vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 317-322, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, qət etdi: Ərizə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-681/2025
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-681/2025
17.07.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver