Məhkəmə qərarları › İş №2(058)-707/2023

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-707/2023

14.07.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-707/2023 14.07.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla xx.xx.2022-ci il tarixdə Samux rayon Notariat ofisində Cavabdeh arasında bağlanılmış 4Ə- 872 nömrəli “Daşınmaz Əmlakın bağışlanması” müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında cavabdehə verilmiş xüsusi mülkiyyətə dair çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Samux rayon Qarayeri qəsəbəsində xüsusi mülkiyyətində olan 0.08 ha torpaq sahəsini xx.xx.2022-ci il tarixdə Samux rayon notariat ofisində qardaşı arvadı Cavabdeh bağışlamışdır. Bağışlama müqaviləsindən əvvəl cavabdeh ona vəd vermişdir ki, həmin həyətdə öz vəsaiti hesabına meyvə ağacları əkəcək və bəhərindən birgə istifadə olunacaqdır. Cavabdehlə sövdələşmənin məqsədi meyvə ağaclarından əldə olunan bəhərlə gələcəkdə onun və cavabdehin maddi imkanının yaxşılaşması olmuşdur. Onlar bu barədə öz aralarında şifahi razılığa gəlmişlər. Lakin cavabdeh işləmək üçün Rusiya Federasiyasına getmişdir. O, cavabdehdən xahiş etmişdir ki, vədələşdikləri kimi meyvə ağaclarının əkilməsi üçün pul göndərsin. Cavabdeh isə vədinə əməl etməmiş, onu aldadaraq xüsusi mülkiyyətində olan torpağı bağışlama müqaviləsinə əsasən əldə etməyə nail olmuşdur. Cavabdehin aldatması nəticəsində onun maddi vəziyyəti ağırlaşmışdır. O, cavabdehə inanmış və hesab etmişdir ki, heç vaxt onu aldatmaz. Əgər cavabdeh ona belə bir vəd verməsəydi o, heç vaxt xüsusi mülkiyyətində olan torpağı ona bağışlamazmış. Hazırda həmin torpaq sahəsi istifadəsiz qalmışdır. Məqsədi həmin torpağı geri qaytarıb ailəsinin dolanışığı üçün tərəvəz məhsullarının yetişdirilməsi ilə məşğul olmaqdır. Bu səbəbdən hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməyə zərurət yaranmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh göndərilən məhkəmə bildirişləri ona çatmadığından, məhkəmə ona məhkəmə bildirişini onun qeydiyyatda olduğu yerin inzibati ərazi dairəsi üzrə nümayəndəlik vasitəsilə göndərmiş, nümayəndəliyin məhkəməyə ünvanladığı məktubunda bildirilmişdir ki, Cavabdeh Samux rayonu Qarayeri qəsəbəsində qeydiyyatda olsa da qəsəbə ərazisində yaşamır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən cıxarış”ın surətindən görünür ki, Samux rayonu, Qarayeri qəsəbəsində yerləşən 0.08 ha torpaq sahəsi İddiaçı məxsus olmuşdur. İş materiallarına əlavə olunan Samux rayon notariat kontorunda 4Ə-872 reyestr nömrəli notariat işi üzrə xx.xx.2022-ci il tarixdə bağlanmış daşınmaz əmlakın bağışlanma müqaviləsinin surətindən görünür ki, İddiaçı Samux rayonu, Qarayeri qəsəbəsində yerləşən 0,08 ha torpaq sahəsini qardaşı arvadı Cavabdeh bağışlamışdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, İddiaçı ona məxsus olmuş Samux rayonu, Qarayeri qəsəbəsində yerləşən torpaq sahəsini notarial qaydada təsdiq edilmiş müqavilə bağlamaqla Cavabdeh bağışlamışdır. Hazırda iddiaçı qeyd olunan bağışlama müqaviləsini mübahisələndirərək bildirirmişdir ki, cavabdeh müqavilə bağlanan zaman iddiaçıya həmin torpaqda məhsul yetişdirməklə qazanc əldə edəcəyinə və həmin qazancı aralarında böləcəyinə dair vəd vermiş, o da həmin vədin reallaşacağı şərti ilə mülkiyyətində olan torpaq sahəsini cavabdehə bağışlamışdır. Lakin cavabdeh sonradan ona verdiyi vədə əməl etməmiş, onu aldatmışdır. Buna görə də, onunla cavabdeh arasında bağlanmış bağışlama müqaviləsi etibarsız hesab edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 338 və 339cu maddələri maddələrinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəfə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər. Mülki Məcəllənin əqdlərin etibarsızlığı ilə bağlı müvafiq normalarına əsasən əqdin etibarsız hesab olunması üçün aşağıdakı ünsürlərdən heç olmasa biri qüsurlu olmalıdır: subyekt tərkibi; əqdin məzmunu; əqdin forması; iradə və iradə ifadəsinin bir-birinə uyğunluğu. İş materiallarına əlavə edilmiş mübahisələndirilən bağışlama müqaviləsindən görünür ki, həmin müqavilə mülki qanunvericiliyin tələblərinə uyğun olaraq yazılı formada bağlanmış və notarial qaydada təsdiq edilmişdir. Bundan əlavə, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisə predmeti olan əqd bağlanarkən tərəflər səlahiyyətli olmuş, onların iradə və iradə ifadəsinin vahidliyi mövcud olmuş, əqdin məzmunu qanunvericiliyin tələblərinə müvafiq olmuşdur. İddiaçı iddia ərizəsində cavabdehə mülkiyyətində olan torpaq sahəsini şərtdən asılı olaraq (maddi qazanc əldə edəcəyi şərti ilə) bağışladığını bildirsə də, nə sözügedən bağışlama müqaviləsində bağışlamanın şərtləri qeyd edilməmiş, nə də həmin halı təsdiq edən digər mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlar, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü də iddiaçının üzərinə düşür. Məhz iddiaçı iddia ərizəsində göstərilmiş müqavilənin etibarsızlığı üçün əsas olan halları təsdiq edən sübutlarını təqdim etməlidir. Hazırki mübahisənin həlli ilə əlaqədar olaraq qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə ilk növbədə iddiaçının öz tələblərini əsaslandıran bütün faktları və onları dəstəkləyən sübutlarını məhkəməyə təqdim etməsini yoxlamışdır, lakin iddiaçı tələbini əsaslandıran sübutlarını məhkəməyə təqdim etməmişdir. Bu mənada, məhkəmə hesab edir ki, mübahisənin faktiki halları ilə bağlı yalnız iddiaçı tərəfin izahatlarına əsaslanmaqla iddia tələbi təmin edilə bilməz. İş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilir ki, müqavilə rəsmiləşdirilən zaman qanunvericiliyin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqdin bağlanması, habelə əqdin aldatma, zorakılıq, hədə təsiri altında, və ya şəxsin ağır vəziyyətə düşməsindən istifadə edilməklə bağlanması halları olmamış, müqavilənin zəruri şərtlərinə əməl edilməklə tərəflərin hər biri müqavilə azadlığı prinsipinə uyğun olaraq iradələrini ifadə etmişlər. Beləliklə, göstərilənlərə əsaslanaraq məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə dair hissədə iddia əsassızdır. Məhkəmə, həmçinin iddianın mübahisəli torpaq sahəsinə dair Cavabdeh mülkiyyət hüququnun qeydə alınmasını təsdiq edən çıxarışın ləğv edilməsinə dair hissəsini araşdıraraq iddianın həmin hissəsi də əsassız olduğu qənaətinə gəlir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.3-cü maddəsinə əsasən, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məhkəmə hesab edir ki, mübahisəli torpaq sahəsinə dair Cavabdeh adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış törəmə hüquq münasibəti olub, həmin torpaq sahəsinə dair bağlanmış xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsindən törənmişdir. Buna görə də mübahisəli torpaq sahəsinə dair bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə dair hissədə təmin edilmədiyindən, törəmə hüquq münasibəti olan mübahisəli torpaq sahəsində dair cavabdehin adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış da ləğv edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar