Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-747/2025 27.08.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Zərgərli Ata Nərbala oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “əsassız yazılmış borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “əsassız yazılmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən ona xx.xx.2024-cü il tarixində ******* nömrəli akt əsasında **********00000 nömrəli abone koduna əsassız yazılmış 770.60 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Gədəbəy rayonu Novo-Saratovka kəndində qeydiyyatda olmaqla Samux rayon Qiyaslı kəndində yaşayır. Qazla bağlı heç vaxt nöqsanı olmamışdır. Lakin xx.xx.2024-cü il tarixində ona ******* nömrəli protokol tərtib olunmuş və onun iştirakı olmadan guya istismar müddəti bitdiyi üçün yeni sayğacla əvəz etmişdirlər. Bundan ələva “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları sayğacın kənar təsirə məruz qalması əsasında xx.xx.2024-cü il tarixli ******* nömrəli akt tərtib etmişdirlər. Həmin akt əsasında itirilmiş olan qaz sərfiyyat dəyəri olaraq 770.60 manat cərimə hesablanmışdır. İddia ərizəsinə əlavə edilmiş “X1 Dair Tələbnamə” sənədindən görünür ki, həmin tələbnamənin 1-ci qrafikinin 1-ci bəndində mövcud qaz smetasının texniki icra sənədlərinin tələbinə uyğun yeni sayğacla əvəz edilsin tələbi qoyulmuşdur. Lakin sayğacı ******* protokolla xx.xx.2024-cü il tarixində dəyişdirilib. X3 İdarəsinin mütəxəssislərinə şifahi qaydada müraciət etmiş və onlar öz səhvlərini başa düşərək ona məhkəməyə müraciət etməsini tövsiyyə etmişdirlər. Yaşadığı kənd üzrə qaz sayğaclarının sərfiyyat göstəricilərinin bazaya oxunması məqsədi ilə hər ay iki dəfə sayğaclara baxış keçirilir. Baxış keçirilən zaman nəzarət edən şəxsin birbaşa məlumat verməsi və məlumata uyğun təcili qüsurların ləvği prosessini həyata keçirtmək vəzifə borcudur. Aktlarda və protokollarda qeyd olunub ki, sayğac mexanizmi səs küylə işləyir və yaxudda müdaxilə olunub. Həmin protokol əsasında ona 90 günlük cərimə hesabatı aparılıb. Borcun silinməsi ilə bağlı dəfələrlə cavabdeh təşkilata müraciət etsə də, heç bir nəticəsi olmamışdır. Buna görə də o, “Azəriqaz” İstehsalat Birliyinin işçilərinin etdikləri qanunsuz hərəkətlərindən məcbur olub məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehə isə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilsə də o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş “Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli ******* nömrəli aktın surətindən görünür ki, İddiaçı məxsus Samux rayonu, Qıyaslı kəndində yerləşən fərdi yaşayış evinə quraşdırılmış sayğaca baxış keçirilmiş və laboratoriya rəyinə əsasən sayğacın şüsəsinin ətrafı kənar təsir nəticəsində zədələnib. Əlavə olaraq itirilmiş qazın həcmi hesablanaraq dəyəri ödənilməsi qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli “X1 dair” tələbnamənin surətindən görünür ki, sənaye və məişət qaz sayğaclarını kaiıbrləmə laboratoriyasının Qaz sayğacının yoxlanılması barədə xx.xx.2024-cü il tarixli № 0125 №-li Aktına əsasən G- 4 markalı 40069442 sayğacın hesablama mexanizminin plastmas qapağının qoruyucu şüşəsinin ətrafı fiziki təsir nəticəsində zədələnib. Hesablama mexanizminin iş prinsipinə maneə törədilməsi mümkündür. İş materiallarına əlavə edilmiş “Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli ******* nömrəli aktın surətindən görünür ki, İddiaçı məxsus Samux rayonu, Qıyaslı kəndində yerləşən fərdi yaşayış evinə quraşdırılmış sayğaca baxış keçirilmiş, sayğacın üz şüşəsinə müdaxilə olunduğu və sayğacın yüksək səslə işlədiyi aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş abonentin saldosundan görünür ki, İddiaçı akt əsasında hesablanmış borc 777,60 manat təşkil edir. İş materiallarına əlavə edilmiş Samux Rayon İcra Hakimiyyəti Başçısının Zazalı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 100 nömrəli arayışdan görünür ki, xx.xx.1979-cu il təvəllüdlü İddiaçı Samux rayonu, Qıyaslı kəndində qeydiyyatında olmadan yaşayır. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarının 3.1.5-ci bəndinə əsasən qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməlidir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda 13.8-1-ci maddəsinə əsasən “Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.” Maddənin məzmunundan da aydın olduğu kimi, qeyd edilən tarixdən sonra qaz paylayıcısı tərəfindən sayğaca müdaxilə, habelə qaz xəttinə qanunsuz qoşulma halları aşkar edildikdə bu barədə akt tərtib edilməli və həmin aktın bir nüsxəsi barəsində akt tərtib edilmiş şəxsə, bir nüsxəsi isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsinə əsasən az miqdarda, yəni 5000 manatdan yuxarı olmayan məbləğdə ziyan vurulduqda), cinayət tərkibinin əlamətləri olduqda isə (Cinayət Məcəlləsinin 189-1.1-ci maddəsinə əsasən vurulmuş ziyan 5000 manatdan yuxarı olduqda) cinayət təqibi orqanına təqdim edilməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Göründüyü kimi cavabdeh Qanunun göstərilən maddəsinin tələblərinə əməl etməmiş, qaz sayğacına müdaxilə, habelə qaz sayğacına qanunsuz müdaxilə halları ilə bağlı tərtib edilmiş aktlar inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanına və ya cinayət təqibi orqanına təqdim edilməmişdir. İş materiallarında istehlakçının sayğaca müdaxilə ilə bağlı təqsirinin müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmənin qərarı ilə təsdiq edilməsi barədə heç bir sübut aşkar edilməmişdir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə, ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Məhkəmə baxışında iddiaçı tərəfindən sayğaca müdaxilə olunması mübahisələndirilmiş və hesab edilmişdir ki, “Azəriqaz” İB qeyd olunan aktları tərtib edərkən qanunvericiliyin tələblərini pozmuşdur. Həmin aktlarda göstərilən qüsur–sayğacın zədələnməsinin aşkar edilməsi cavabdehə əsas vermir ki, iddiaçının sayğaca müdaxilə etdiyi güman edilərək sonuncuya əlavə sərfiyyat hesablasın. “Azəriqaz” İB borcu sayğacın zədələnməsinin aşkar edilməsini nəzərə alaraq hesabladığından iddiaçının borc məbləği ilə bağlı hər hansı bir sübutetmə vəzifəsi yaranmır. Çünki, “Qazdan istifadə” Qaydalarının 5.2-ci bəndinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır ki, “Azəriqaz” İstehsalat Birliyi də, bu tələbə riayət etməmişdir. Cavabdeh məhkəmədə sübut etməlidir ki, iddiaçı qaz sayğacına müdaxilə etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla, tərəflər arasında yaranmış hüquq münasibətlərini tənzimləyən normalara əsaslanaraq, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia tələbini əsaslı sayır və onun təmin edilməsi qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Samux rayonu, Qıyaslı kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə qaz sərfiyyatına dair xx.xx.2024-cü il tarixli ******* nömrəli akta əsasən hesablanmış 770,60 (yeddi yüz yetmiş manat altmış qəpik) manat məbləğində borc silinsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-747/2025
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-747/2025
27.08.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver