Məhkəmə qərarları › İş №2(058)-759/2023

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-759/2023

17.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-759/2023 17.07.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, iddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı “Azəriqaz” İstehsalat Birliyinin Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: İddiaçı “Azəriqaz” İstehsalat Birliyi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən iddiaçı “Azəriqaz” İB-ə vurulmuş 2298,22 manat məbləğində ziyanın və 42,98 manat dövlət rüsumunun alınaraq “Azəriqaz” İstehsalat Birliyinin ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ72İBAZ******************** bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “Azəriqaz” X2 X6 İdarəsi ilə Cavabdeh (kod:**********00000) arasında xx.xx.2021-ci il tarixli, AKX-03583xx/xx-2021 nömrəli qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı onun istifadə və öhdəlik qaydalarının təmin edilməsi üçün istehlakçı ilə paylayıcı arasında qarşılıqlı müqavilə bağlanmışdır. Müqavilənin 2.2.5-ci bəndinə əsasən istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi) habelə bu müqavilə üzrə müəyyən edilmiş öhdəliklərin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini istehlakçıdan tələb etmək hüququ vardır. Belə ki, Gəncə X6 İdarəsinin istehlakçılara satılan qaza nəzarət şöbəsinin əməkdaşları tərəfindən Cavabdeh yaşadığı ünvanda qaz təsərrüfatında texniki təhlükəsizlik qaydalarına baxış keçirilən zaman qaz sayğacından kənar qeyri-qanuni əlavə qaz xəttinin olması aşkar edilmişdir. Bu barədə təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli ******* saylı akt tərtib edilərək itirilmiş qazın hesabatının aparılması üçün Gəncə RQİİ-nin istehlakçılara satılan qaza nəzarət şöbəsinə təqdim edilmişdir. Hesabatın nəticələrinə görə sayğacdan kənar əlavə qaz xəttindən 16416 m3 təbii qaz 0.12 qəpiyə vurularaq 1969,92 manat dəyərində təbii qazdan qeyriqanuni istifadə edilməsi müəyyən edilmişdir. Həmçinin istifadə edilmiş qaza görə əlavə borc yaranmışdır. Beləliklə ümumilikdə Cavabdeh Gəncə X6 İdarəsinə 2298,22 manat borcu yaranmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun çıxış edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. 23 iyun 2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında Cavabdeh izahat verərərk bildirmişdir ki, onun yaşadığı evə aid qaz sayğacı 15 dekabr 2021-ci il tarixdə yenisi ilə əvəzlənmişdir. Belə ki, yeni sayğac smart kartla ödəniş olunan sayğac olmuşdur. O, sayğac quraşdırılandan sonra smart kartla sayğacın balansını artırmağa çalışsa da bu mümkün olmamışdır. Azəriqaz” X2 X6 İdarəsinə bir neçə dəfə bununla əlaqədar müraciət etdikdən sonra nümayəndələri gəlib sayğaca baxmış və smart kartın qeydiyyata alınmasında problem olduğunu bildirərək qaz xəttini “zenner” tipli sayğacdan ayıraraq sayğacdan kənar qaz xətti çəkmişlər. Daha sonra yanvar ayında sayğaca baxış keçirilməklə akt tərtib edərək ona qazdan kınar xətt vasitəsilə istifadə etməsinə görə borc hesablamışlar. Hazırda cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında X1 şahid qismində ifadə verərək bildirmişdir ki, abonent Cavabdeh məxsus fərdi yaşayış evinə aid qaz sayğacına baxış keçirilərkən abonentin sayğacdan kənar qazdan istifadə etməsi halı aşkar edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X4 şahid X1 ilə eyni məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, cavabdehin əvvəlki məhkəmə iclasında verdiyi izahatını nəzərə alaraq və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, AKX-03583xx/xx-2021 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə”nin surətindən görünür ki, Cavabdeh ilə “Azəriqaz” İB arasında cavabdehə məxsus fərdi yaşayış evinin təbii qazla təchiz edilməsinə dair müqavilə bağlanmışdır. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli ******* saylı aktın surətlərindən görünür ki, Cavabdeh məxsus fərdi yaşayış evinə aid sayğaca baxış keçirilərkən abonentin sayğacdan kənar təbii qazdan istifadə etməsi aşkar edilmişdir. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, Cavabdeh tərəfindən sayğacdan kənar xətt vasitəsilə qazdan istifadəsi nəticəsində itirilmiş qazın həcmi 16416 m3 (90 günə uyğun) müəyyən edilmişdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 22-ci maddəsinə əsasən bu Qanunu pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikası qanunvericiliyinə uyğun məsuliyyət daşıyırlar. «Enerji resurslarından istifadə haqqında» Azərbaycan Respublikasının Qanununun 29-cu maddəsinə əsasən enerji resurslarından istifadə haqqında qanunvericiliyin pozulması bu Qanun və ona müvafiq qəbul edilən digər normativ hüquqi aktlar ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 448.1. və 448.2. maddələrində göstərilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 21.1. maddəsində göstərilir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2. maddəsinin tələbinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İşin hallarından görünür ki, “Azəriqaz” İstehsalat Birliyi ilə Cavabdeh arasında cavabdehə məxsus ünvan 1 ünvanında yerləşən cavabdehə məxsus fərdi yaşayış evinin təbii qazla təchiz edilməsi barədə müqavilə bağlanmışdır. Müqaviləyə əsasən istehlakçı qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəməli, bu müqavilənin və “Qazdan istifadə Qaydaları”nın tələblərinə əməl etməlidir. Cavabdeh tərəfindən fərdi yaşayış evinə quraşdırılan qaz sayğacından kənar qeyri-qanuni təbii qazdan istifadə olunmaqla iddiaçıya zərər vurulmuşdur. Bunun nəticəsində iddiaçı cavabdehdən 2298,22 manat məbləğində pul tələb edir. Belə ki, iddiaçı tərəf itirilmiş qazın 90 günlük həcminin dəyərini tələb edir. Cavabdeh isə qaz sayğacından kənar əlavə xətt vasitəsilə qazdan istifadə etməsini inkar etmir, lakin kənar xəttin onun smarta kartında olan problem səbəbilə “Azəriqaz” X2 X6 İdarəsinin əməkdaşları tərəfindən çəkildiyini bildirir. Məhkəmə, yuxarıda qeyd olunanları, cavabdehin əvvəlki məhkəmə iclasında verdiyi izahatı nəzərə alaraq və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iddiaçı tərəf cavabdehdən itirilmiş qazın 90 günlük həcminin dəyərini tələb edir. Lakin məhkəmə tərəfindən tədqiq edilmiş iş materialları ilə müəyyən edilir ki, qaz sayğacının quraşdırılması ilə cavabdeh tərəfindən həmin sayğacdan kənar əlavə xəttin çəkilməsinin “Azəriqaz” X2 X6 İdarəsinin əməkdaşları tərəfindən aşkar olunması arasında 1 aydan az müddət keçmişdir və cavabdeh məhz həmin müddət ərzində qazdan kənar xətt vasitəsilə istifadə etmişdir. Ona görə də, yaranmış borc həmin müddət ərzində istifadə olunan qazın həcminə uyğun olaraq 444,48 manat məbləğində dəymiş ziyan Cavabdeh iddiaçı “Azəriqaz” İstehsalat Birliyinin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddia tələbi qismən təmin edildiyindən iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 30 manat hissəsi Cavabdeh tutularaq iddiaçıya verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: İddia qismin təmin edilsin. Cavabdeh vurulmuş zərərin əvəzi qismində 444,48 (dörd yüz qırx dörd manat, qırx səkkiz qəpik) manat məbləğində və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat, cəmi 474,48 (dörd yüz yetmiş dörd manat qırx səkkiz qəpik) manat məbləğində pul vəsaiti tutularaq “Azəriqaz” İstehsalat Birliyinin ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ72İBAZ******************** bank hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar