Məhkəmə qərarları › İş №2(058)-759/2025

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-759/2025

04.06.2025 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-759/2025 04.06.2025 SAMUX RAYON MƏHKƏMƏSİ X6 Əhməd oğlunun sədrliyi Tağıyev Hüseyn Firqət oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxs ilə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixdə Samux rayonu 1 saylı Mediasiya təşkilatında təsdiq edilmiş barışıq sazişinin 2-ci və 4-cü maddəsində göstərilənlərin məcburi icrası ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Maraqlı şəxs ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, birgə nikahdan xx.xx.2023-cü il tarixdə X3 adlı bir övladı olmuşdur. Onun maraqlı şəxslə xasiyyəti uyğun gəlmədiyi üçün uzun müddətdir ki, nikahı pozulmuşdur. Bu səbəbdən də o, aliment tələb etmək üçün mediasıya təşkilatına müraciət etmiş, qanunvericiliyin tələbinə əsasən maraqlı şəxsə mediasiya prosesi zamanı övladının onun himayəsində saxlanılması və cavabdehin ona aliment ödəməsini təklif etmiş və razılığa gəlmişlər. Belə ki, mediasiyada oğlu X1 üçün o, maraqlı şəxsdən aliment tələb etməklə razılığa gəlmiş, birgə nikahdan doğulmuş övladının onun himayəsində qalması və X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 manat olmaqla, sabit pul məbləğində alimentin ödənilməsi barədə saziş bağlamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, Ərizəçi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iclasında Ərizəçi ilə əlaqə saxlanılmış, Ərizəçi bildirmişdir ki, məhkəmə iclasından məlumatı vardır, lakin hazırda İmişli rayonunda olduğu üçün məhkəmə iclasında iştirak edə bilmir. Barışıq sazişinin təsdiq olunmasına dair bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə anadan olmuş övladı X3 onun yanındadır. Maraqlı şəxs barışıq sazişinin alimentə dair hissəsinə əməl etməmiş və alimenti ödəməmişdir. Məhkəmə Azərbaycan mülki işə ərizəçinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, Maraqlı şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəni, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2023-cü il tarixdə 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs ilə Ərizəçi birgə nikahlarından xx.xx.2023-cü il tarixdə X3 doğulmuşdur. Samux Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(058)-103/2025 nömrəli qətnaməsinin surətindən görünür ki, Ərizəçi ilə Maraqlı şəxs arasında 20 oktyabr 2022-ci il tarixdə 1850 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuşdur. İşdə olan xx.xx.2024-cü il tarixdə Samux 1 saylı Mediasiya təşkilatında bağlanmış barışıq sazişindən görünür ki, tərəflər Ərizəçi və Maraqlı şəxs xx.xx.2022-ci il tarixdə Gəncə 1 saylı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi 1850 nömrə ilə qeydə alınmış rəsmi nikahın pozulmasına razıdırlar və ər-arvadın barışması üçün 3 (üç) ay müddət müəyyən etmədən nikahın pozulması üçün məhkəməyə ərizə veriləcəyinə dair razılığa gəlmişlər. Birinci tərəf: Ərizəçi rəsmi nikahlarından anadan olmuş övladı-xx.xx.2023-cü il təvəllüdlü X2 hüquqi cəhətdən anası-Ərizəçi himayəsində qalmasına etiraz etmir. İkinci tərəf: Maraqlı şəxs rəsmi nikahlarından anadan olmuş övladı-xx.xx.2023-cü il təvəllüdlü X2 onun himayəsində qalmasına etiraz etmir. İkinci tərəf: Maraqlı şəxs Bu Saziş imzalandıqdan sonra birinci tərəf: Ərizəçi ilə birgə nikah münasibətlərindən dünyaya gələn övladı-xx.xx.2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2024-cü il tarixdən etibarən 150 (bir yüz əlli) manat aliment pulunu birinci tərəf: Ərizəçi hər ayın 15-dən 30-ə dək ödəyəcəyinə dair öz üzərinə öhdəlik götürür. Bu məbləği birinci tərəfin ona təqdim edəcəyi Bank hesabına (kartına) ödəyəcəyinə dair öz üzərinə öhdəlik götürür. Birinci tərəf: Ərizəçi rəsmi nikahlarından anadan olmuş övladı-xx.xx.2023cü il təvəllüdlü X2 atası Maraqlı şəxs ilə həftənin hər hansı iki günü gecə qalmamaq şərti ilə və bayram günləri də, daxil olmaqla saat 09:00-dan, 21:00-a dək, sərbəst ünsiyyətinə mane olmayacağını öhdəsinə götürür. Beləliklə, iş materiallarının tam və hərtərəfli araşdırılması ilə müəyyən olundu ki, ərizəçi Maraqlı şəxs ilə Ərizəçi birgə nikahlarından xx.xx.2023-cü il tarixdə Tuncay adlı uşaqları doğulmuşdur. Tuncay adlı uşağın saxlanması üçün Maraqlı şəxs hər ayın 15-dən 30-ə dək xx.xx.2024-cü il tarixdən etibarən 150 manat sabit pul məbləğində alimentin alınaraq, ərizəçiyə verilməsi ilə bağlı tərəflər arasında mediasiya prosesi nəticəsində xx.xx.2024-cü il tarixdə barışıq sazişi bağlanmışdır. Lakin qanunda nəzərdə tutulmuş müddət ərzində Maraqlı şəxs tərəfindən barışıq sazişinin alimentlə bağlı hissəsini könüllü qaydada icra edilməmişdir. Ona görə də, ərizəçi mediasiya prosesi nəticəsində tərəflər arasında bağlanmış barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. İşin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında bağlanmış barışıq sazişi Maraqlı şəxs tərəfindən könüllü qaydada icra edilmədiyinə görə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən məcburi icrası üçün təsdiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355- 26.1-ci maddəsinə əsasən, barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Ailə Məcəlləsinin 22.2.2-ci maddəsinə əsasən, uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunun müəyyən edilməsi nikah məhkəmə qaydasında pozularkən, məhkəmənin həll etdiyi məsələlərdəndir. Həmin Məcəllənin 75.1ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlama borcludurlar. Həmin Məcəllənin 75.4cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişkən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Həmin Qanunun 33.3-cü maddəsinə əsasən, barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən, bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. İşin tədqiq edilmiş halları əsasında müəyyən edilmişdir ki, maraqlı şəxs mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişinin alimentlə bağlı hissəsini könüllü şəkildə lazımınca icra etməmişdir. Bu halı təkzib edən hər hansı dəlil məhkəməyə təqdim edilməmişdir. Bununla yanaşı, barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina üçün əsaslar qanunvericiliklə nəzərdə tutulmuşdur. İmtina üçün qeyd edilən əsaslardan hər hansı biri iş materialları ilə müəyyən olunmur, habelə maraqlı şəxs sazişlə üzərinə götürdüyü öhdəliyin icrasından azad olunmasına dair sübut təqdim etməmişdir. Belə olan halda, ərizə qismən təmin edilməlidir. Məhkəmə iş materiallarını, həmçinin barışıq sazişini tam və hərtərəfli nəzərdən keçirərək belə nəticəyə gəlir ki, tərəflər arasında bağlanmış barışıq sazişi imzalandığı gündən, onun könüllü şəkildə icra edilməsi üçün qanunla müəyyən edilmiş müddət ərzində icra edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Maraqlı şəxs ilə Ərizəçi arasında xx.xx.2024-cü il tarixdə bağlanmış, Maraqlı şəxs xx.xx.2023-cü il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün 150 (yüz əlli) manat sabit pul məbləğində alimentin xx.xx.2024-cü il tarixdən başlayaraq, hər ayın 15-dən 30-dək alınaraq, ərizəçiyə ödənilməsinə dair barışıq sazişi məcburi icra edilməsi üçün təsdiq edilməlidir. Ərizəçi ilə maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişi xx.xx.2023-cü il təvəllüdlü X2 hüquqi cəhətdən anası - Ərizəçi himayəsində qalmasına etiraz etməməsinə dair hissədə təsdiq edilməməlidir. Bununla yanaşı qeyd edilməlidir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkündür. Məhkəmə, həmçinin qeyd edir ki, barışıq sazişinin təsdiq edilməsindən imtina edilən hissəsi ilə bağlı maraqlı şəxsin iddia icraatı qaydasında məhkəməyə təkrar müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası MPM-in 355-26.1-maddəsinə əsasən məhkəmə barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Həmin Məcəllənin 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. İş materiallarından görünür ki, ərizəçi aliment tələbi ilə bağlı mediatora müraciət etmiş və mediasiya prosesi nəticəsində barışıq sazişi xx.xx.2024-cü il tarixdə bağlanılmışdır. Buna görə də, məhkəmə hesab edir ki, alimentin tutulma müddəti hazırkı ərizənin məhkəməyə verildiyi vaxtdan deyil, barışıq sazişində razılaşdırılmış müddətdə xx.xx.2024-cü il tarixdən başlanmalı və qətnamə dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216, 220, 227, 355-23-355-26, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə qismən təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində xx.xx.2024-cü il tarixdə bağlanmış, Maraqlı şəxs xx.xx.2023-cü il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün 150 (yüz əlli) manat sabit pul məbləğində alimentin xx.xx.2024-cü il tarixdən başlayaraq, hər ayın 15-dən 30-dək alınaraq, Ərizəçi ödənilməsinə dair barışıq sazişi təsdiq edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixdə bağlanmış barışıq sazişinin - xx.xx.2023-cü il təvəllüdlü X2 hüquqi cəhətdən anası Ərizəçi himayəsində qalmasına etiraz etməməsinə dair hissəsinin təsdiq edilməsindən imtina edilsin. Ərizəçi uşağın himayədə saxlanılması tələbi ilə bağlı iddia icraatı qaydasında aidiyyəti məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən, həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar