Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-762/2023 17.07.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı “Azəriqaz” İstehsalat Birliyinin Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i̇ : İddiaçı “Azəriqaz” İstehsalat Birliyi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən iddiaçı “Azəriqaz” İB-ə vurulmuş 3628,80 manat məbləğində ziyanın və 56,28 manat dövlət rüsumunun alınaraq “Azəriqaz” İstehsalat Birliyinin ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ72İBAZ******************** bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “Azəriqaz” X1 X3 İdarəsi ilə Cavabdeh (kod:**********00000) arasında xx.xx.2023-cü il tarixli, XS-51-00835/23 nömrəli qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı onun istifadə və öhdəlik qaydalarının təmin edilməsi üçün istehlakçı ilə paylayıcı arasında qarşılıqlı müqavilə bağlanmışdır. Müqavilənin 2.2.5-ci bəndinə əsasən istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi) habelə bu müqavilə üzrə müəyyən edilmiş öhdəliklərin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini istehlakçıdan tələb etmək hüququ vardır. Belə ki, Gəncə X3 İdarəsinin istehlakçılara satılan qaza nəzarət şöbəsinin əməkdaşları tərəfindən Cavabdeh yaşadığı ünvanda qaz təsərrüfatında texniki təhlükəsizlik qaydalarına baxış keçirilən zaman qaz sayğacından kənar qeyri-qanuni əlavə qaz xəttinin olması aşkar edilmişdir. Bu barədə təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli ******* saylı akt tərtib edilərək itirilmiş qazın hesabatının aparılması üçün Gəncə RQİİ-nin istehlakçılara satılan qaza nəzarət şöbəsinə təqdim edilmişdir. Hesabatın nəticələrinə görə sayğacdan kənar əlavə qaz xəttindən 30240 m3 təbii qaz 0.12 qəpiyə vurularaq 3628,80 manat dəyərində təbii qazdan qeyriqanuni istifadə edilməsi müəyyən edilmişdir. Beləliklə Cavabdeh Gəncə X3 İdarəsinə 3628,80 manat borcu yaranmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun çıxış edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, cavabdehin əvvəlki məhkəmə iclasında verdiyi izahatını nəzərə alaraq və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, XS-51-00835/23 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə”nin surətindən görünür ki, Cavabdeh ilə “Azəriqaz” İB arasında cavabdehə məxsus fərdi yaşayış evinin təbii qazla təchiz edilməsinə dair müqavilə bağlanmışdır. İş materiallarında olan **********279 nömrəli abonentin saldosundan görünür ki, Cavabdeh ünvan 1 ünvanında yerləşən cavabdehə məxsus fərdi yaşayış evində təbii qazdan istifadəyə görə 2023-cü il üçün 3458,50 manat borcu yaranmışdır. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli ******* saylı aktın surətlərindən görünür ki, Cavabdeh məxsus fərdi yaşayış evinə baxış keçirilərkən abonentin sayğacdan kənar təbii qazdan istifadə etməsi aşkar edilmişdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 22-ci maddəsinə əsasən bu Qanunu pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikası qanunvericiliyinə uyğun məsuliyyət daşıyırlar. «Enerji resurslarından istifadə haqqında» Azərbaycan Respublikasının Qanununun 29-cu maddəsinə əsasən enerji resurslarından istifadə haqqında qanunvericiliyin pozulması bu Qanun və ona müvafiq qəbul edilən digər normativ hüquqi aktlar ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 448.1. və 448.2. maddələrində göstərilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 21.1. maddəsində göstərilir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2. maddəsinin tələbinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İşin hallarından görünür ki, “Azəriqaz” İstehsalat Birliyi ilə Cavabdeh arasında cavabdehə məxsus ünvan 2 ünvanında yerləşən cavabdehə məxsus fərdi yaşayış evinin təbii qazla təchiz edilməsi barədə müqavilə bağlanmışdır. Müqaviləyə əsasən istehlakçı qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəməli, bu müqavilənin və “Qazdan istifadə Qaydaları”nın tələblərinə əməl etməlidir. Cavabdeh tərəfindən fərdi yaşayış evinin qaz xəttinin üzərində quraşdırılan qaz sayğacından kənar qeyri-qanuni təbii qazdan istifadə olunmaqla iddiaçıya zərər vurulmuşdur. Bunun nəticəsində iddiaçı cavabdehdən 3628,80 manat məbləğində pul tələb edir. Lakin məhkəmə tərəfindən tədqiq edilmiş abonentin saldosunda cavabdehin ödəməli olduğu borcun müəyyən hissəsini ödəmiş olduğu və onun hazırda iddiaçıya 3458,50 manat borcu qaldığı öz əksini tapmışdır. Məhkəmənin əvvəlki iclasında iştirak edən cavabdeh qazdan qeyri-qanuni yolla istifadə etdiyini etiraf etmiş, lakin borcundan müəyyən hissədə ödəniş etdiyini, qalan borcu da yavaş-yavaş ödəyəcəyini bildirmişdir. Məhkəmə, yuxarıda qeyd olunanları, cavabdehin əvvəlki məhkəmə iclasında verdiyi izahatı nəzərə alaraq və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, ******* saylı akta əsasən 3458,50 manat məbləğində dəymiş ziyan Cavabdeh iddiaçı “Azəriqaz” İstehsalat Birliyinin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddia tələbi qismən təmin edildiyindən iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün iddiaçı tərəfindən ödənilmiş cəmi 54,58 (əlli dörd manat əlli səkkiz qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçıya verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i̇ : İddia qismin təmin edilsin. Cavabdeh vurulmuş zərərin əvəzi qismində 3458,50 manat məbləğində və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 54,58 manat, cəmi 3513 (üç min beş yüz on üç) manat məbləğində pul vəsaiti tutularaq “Azəriqaz” İstehsalat Birliyinin ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ72İBAZ******************** bank hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-762/2023
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-762/2023
17.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver