Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-998/2025 15.08.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Zərgərli Ata Nərbala oğlunun katibliyi, Ərizəçi və Maraqlı şəxs iştirakları ilə, Ərizəçi xx.xx.2022-ci il tarixdə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin 2-ci və 3-cü bəndlərə münasibətdə təsdiq edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2022-ci il tarixdə onunla Maraqlı şəxs arasında bağlanmış barışıq sazişinin 2-ci və 3-cü maddəsində göstərilənlərin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o Maraqlı şəxs ilə birgə nikahlarından xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2021-ci təvəllüdlü X3 doğulmuşdur. Samux Rayon Məhkəməsinin 06 fevral 2023-cü il tarixli 2(058)-86/2023 saylı tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. xx.xx.2022-ci il tarixində mediasiya prosesində maraqlı şəxslə uşaqların onun yanında saxlanılması üçün hər ay, hər uşağa 50 manat olmaqla, cəmi 100 manat sabit pul məbləğində alimentin ödənilməsi barədə barışıq sazişi bağlamışlardır. Sözügedən barışıq sazişinin təsdiq olunması barədə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizəni müdafiə edərək bildirdi ki, maraqlı şəxs hazırda sözügedən barışıq sazişinin şərtlərinə əməl etmir, ona görə də ərizənin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs bildirdi ki, işsizlik və maddi imkansızlıq səbəbilə barışıq sazişinin şərtlərinə əməl edə bilməmişdir. Ərizənin təmin olunmasına etirazı yoxdur. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. İş materiallarına əlavə olunmuş, Ərizəçi və Maraqlı şəxs arasında xx.xx.2022-ci il tarixli mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişindən görünür ki, tərəflər arasında xx.xx.2017-ci təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X1 Ərizəçi himayəsində saxlanılması, Maraqlı şəxs xx.xx.2017-ci təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 50 manat olmaqla 100 (yüz) manat sabit pul məbləğində alimenti hər ayın 1-dən 10-dək Ərizəçi ödəməsi barədə razılıq əldə olunmuşdur. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 3.3-cü maddəsinə əsasən bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. 33.3-cü maddəsinə əsasən barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5-ci maddəsinə əsasən barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1 və 305.1.17-ci maddələrinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlama borcludurlar. 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Azərbaycan Respublikasında 2025-ci ildə yaşayış minimumu haqqında» 16 dekabr 2024-cü il tarixli Azərbaycan Respublikası Qanununa görə 2025-ci il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 246 manat məbləğində müəyyən edilmişdir. Qanunvericiliyin tələbindən göründüyü kimi, əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin təsdiq edilməsi üçün məhkəməyə müraciət edə bilər. Buna görə də məhkəmə hesab edir ki, ərizə əsaslıdır və tərəflər arasında xx.xx.2022-ci il tarixdə mediasiya prosessi nəticəsində bağlanılmış barışıq sazişi 1-ci və 2-ci bəndlərə münasibətdə təsdiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305- 311, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizəçi ərizəsi təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında xx.xx.2022-ci il tarixdə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi 2-ci və 3-cü bəndlərə münasibətdə aşağıdakı məzmunda təsdiq edilsin: xx.xx.2017-ci təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X3 ikinci tərəf Ərizəçi himayəsində qalsın. Birinci tərəf X3, xx.xx.2017-ci təvəllüdlü X2 və xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 50 manat olmaqla ümumi 100 (yüz) manat sabit pul məbləğində alimenti hər ayın 1-dən 10-dək Ərizəçi ödəməyi öhdəsinə götürür. Qətnamə dərhal icra edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-998/2025
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-998/2025
15.08.2025 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver