Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-10/2020 02.03.2020 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, İddiaçı, Cavabdeh, cavabdeh tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Siyəzən Mənzil İstismar Sahəsinin rəisi x1 iştirakları ilə İddiaçı Cavabdeh qarşı “özbaşına tikililərin cavabdehin hesabına sökülməsi, zəbt olunmuş sahənin təmizlənərək əvvəlki vəziyyətinə qaytarılması, iddiaçıya dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “özbaşına tikililərin cavabdehin hesabına sökülməsi, zəbt olunmuş sahənin təmizlənərək əvvəlki vəziyyətinə qaytarılması, iddiaçıya dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin zəbt etdiyi sahədə özbaşına tikililərin onun hesabına sökülməsi, həmin ərazinin təmizlənməsi və əvvəlki vəziyyətinə qaytarılması, cavabdeh tərəfindən ona vurulan 497 manat maddi ziyanın və 10 000 manat mənəvi zərərin əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, 1992-ci il tarixdən hal-hazıradək ailəsi ilə birlikdə Siyəzən şəhəri, Nizami küçəsi, 10 saylı ünvanda yerləşən dövlət mənzil fonduna aid yaşayış binasında yaşayır. Onlar iki mərtəbədən ibarət olan bu binanın ikinci mərtəbəsində yaşayırlar. Birinci mərtəbədə yaşayan Cavabdeh tərəfindən zəbt edilmiş 70 kv.m sahədə özbaşına aparılmış tikinti işləri nəticəsində onlara, habelə digər şəxslərə maddi və mənəvi ziyan vurulmaqla, birgəyaşayış qaydaları kobud şəkildə pozulmuşdur. Cavabdeh özbaşına yaşayış təyinatlı tikinti işləri aparması, buna görə qonşuların yaşayış sahəsindən istifadəsinin məhdudlaşması, habelə, bu zaman özünə aid olmayan şəxsi və dövlət əmlaklarını sökməsi, zədələməsi nəticəsində mülki məsuliyyətə səbəb olan qanunsuz əməllər törətmişdir. Belə ki, özbaşına tikinti onun pəncərəsinin qarşısını kəsdiyindən, pəncərənin yerini məcburi dəyişməsinə görə yenidənqurma işlərinin aparılması səbəbindən 350 manat xərc çəkmiş və ona maddi ziyan vurulmuşdur. Həmçinin, cavabdehə məxsus kondisioner onun otağının divarına quraşdırılıb bərkidildiyindən, kondisioner işləyərkən onun titrəyiş səsləri sanki onların yaşadığı otaqdan gəlir ki, bu da mütəmadi olaraq, ailə üzvlərinin rahatlığını pozur. Cavabdehin qanunsuz tikintisinə görə 147 manat təmirə xərc çəkmişdir ki, o, da qarşı tərəfdən alınmalıdır. Habelə, Cavabdeh özbaşına tikinti zamanı onlara məxsus su kanalizasiya xəttini öz istədiyi kimi iradələrinə zidd qaydada aparmış, nəticədə, suyun rəvan axımı çətinləşdiyindən, xətdən cavabdeh istisna olmaqla onlara üfunət iyi gəlməkdədir. Qanunsuz tikinti işləri aparılarkən paltar asmaq üçün istifadə etdikləri qurğu sökülmüş, onlara məxsus kanalizasiya xətti ləğv edilmiş və kanalizasiya borusu ilə həmin qurğunun borusu cavabdeh tərəfindən mənimsənilmişdir. Özbaşına zəbt edilmiş 70 kv.m sahə uşaqların yeganə oyun meydançası olduğundan, cavabdeh uşaq hüquqlarını da pozmuşdur. Bundan əlavə, ağacların kəsilməsi ilə bağlı cavabdehə dəfələrlə etiraz olunsa da, heç bir nəticəsi olmamışdır. Zəbt nəticəsində telekommunikasiya sisteminə aid olan telefon xətlərinin yerdə olan birləşmə qurğuları tikinti altında qalaraq ləğv edilmişdir. Əlavə olaraq bildirir ki, cavabdeh tərəfindən yalnız bina sakinlərinə birgəyaşayış qaydalarının pozulması zəminində deyil, habelə avtomobil və piyada yollarının zəbt olunması nəticəsində ictimai qaydalar pozulmaqla, cəmiyyətə də ziyan vurulmuşdur.Bina sakinlərinin əmlaklarından istifadə hüquqları məhdudlaşmış, habelə zəruri hallarda yaşayış sahələrini yaxşı vəziyyətdə saxlamaq məqsədi ilə təmirbərpa işlərini apara bilməmələri səbəbindən, onlara vurulan maddi və mənəvi ziyanın ödənilməsi və qanunsuz tikililərin cavabdehin hesabına sökülməsi məqsədi ilə Siyəzən Rayon İcra Hakimiyyətinin Başçısı Novruz Novruzovun qəbulunda olmuş, Başçının göstərişinə əsasən yaşayış binasına gələn Siyəzən İcra hakimiyyətinin və Mənzil İstismar Sahəsinin nümayəndələri zəbt olunmuş sahənin üzərində özbaşına tikililərin ona və digər bina sakinlərinə maneçilik törətməsinin şahidi olmuşlar. Bu qanunsuzluğun aradan qaldırılması Rayon İcra Hakimiyyətinin Başçısı tərəfindən cavabdehə təklif edilsə də, sonuncu tərəfindən təklif qəti şəkildə rədd olunmuşdur. Odur ki, pozulmuş hüquqlarının bərpası məqsədilə məhkəməyə müraciət etməsi ona tövsiyə olunmuşdur. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, Siyəzən şəhəri, Nizami küçəsi, 10 saylı ünvanda yerləşən dövlət mənzil fonduna aid yaşayış binasında yaşayır. Təxminən 18 il bundan əvvəl mübahisə predmeti olan tikilinin yarısını, qalan yarı hissəsini isə 3 il bundan əvvəl inşa etdirmişdir. Həmin ərazini qonşusundan qeyri-rəsmi qaydada almış və sonradan tikinti işləri aparmışdır. Qeyd edir ki, bina sakinlərinin demək olar, hamısı əlavə tikililər inşa etmişlər. Bundan əlavə, iddiaçıya heç bir maddi ziyan da vurmamış, ekspert rəyi ilə də onun hər hansı qanunsuz hərəkəti nəticəsində iddiaçıya maddi ziyan vurulması faktı öz təsdiqini tapmamışdır. Həmçinin qeyd edir ki, qadın olması nəzərə alınaraq, Siyəzən Rayon İcra Hakimiyyətinin Mənzil İstismar Sahəsi tərəfindən kanalizasiya xəttinin tikintisi üçün ona icazə verilmişdir. Odur ki, iddia tələbinin təmin edilməməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Siyəzən Mənzil İstismar Sahəsinin rəisi x4 izahatında göstərdi ki, Siyəzən şəhəri, Nizami küçəsi, 10 saylı ünvanda yerləşən yaşayış binası Siyəzən Mənzil İstismar Sahəsinin balansındadır. Sözügedən yataqxana tipli binada yaşayan sakinlərin əksəriyyəti, o cümlədən Cavabdeh tərəfindən əlavə tikililər inşa edilmişdir. Lakin, hesab edir ki, həmin tikililərin inşası iddiaçıya hər hansı formada təsir göstərməmiş, habelə maddi ziyan vurmamışdır. Həmçinin qeyd edir ki, kanalizasiya sisteminə nəzarət əvvəllər Siyəzən Mənzil İstismar Sahəsinə həvalə olunsa da, hazırda bu səlahiyyət onlardan alınmışdır. Siyəzən MİS hazırda bina sakinlərindən yalnız məişət tullantılarının daşınmasına görə haqq alır. Qeyd edilənlərə əsasən, iddianın həllini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işdəki sənədləri tədqiq edib hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, xüsusi təyinatlı yaşayış sahəsinin 16 may 2019-cu il tarixli, 103 nömrəli kirayə müqaviləsinin surətindən görünür ki, Siyəzən Mənzil İstismar Sahəsi ünvan 3 ünvanında yerləşən “Ailəvi yataqxanın 40 kv. metrdən ibarət 2 otaqlı yaşayış sahəsini haqqı ödənilməklə, 10 il müddətinə İddiaçı istifadəsinə vermişdir. İşdə olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərinşaatlayihə” DBLKT İnstitutunun 02 avqust 2019-cu il tarixli mütəxəssis rəyindən, eləcə də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 yanvar 2020-ci il tarixli, 15173 nömrəli rəyindən görünür ki, ünvan 3 ünvanında yerləşən 2 mərtəbəli yaşayış binasının texniki pasportu baxış zamanı təqdim olunmamışdır. Quruluşu yataqxana binasına uyğundur. Binanın perimetri boyu, binada məskunlaşan sakinlər tərəfindən binaya bitişik bir və ikimərtəbəli artırma tikililər inşa olunmuşdur. Cavabdeh tərəfindən yaşadığı mənzilin arxa divarına bitişik, ölçüləri 4,6x7,8 m və 1,8x6,6 m olan, biri-biri ilə Г formasında birləşən hissələrdən ibarət artırma inşa edilmişdir. Tikilinin divarları mişarlanmış əhəng daşından (20 sm qalınlığında), dam örtüyü ağac materialından və dalğalı metal vərəqlərdən düzəldilmişdir. Daxili hündürlüyü 2,5 m-dir. Artırmanın tikintisi zamanı əsas binanın yükdaşıyan konstuksiyalarında faktiki olaraq hər hansı bir formada dəyişiklik edilməmişdir. Yaşayış binasının birinci mərtəbəsində Cavabdeh tərəfindən konstruktiv dəyişikliklərin aparıldığı isə müəyyən edilməmişdir. Binanın xarici divarına söykənməklə inşa edilmiş artırma tikilinin əsas binanın özül divarına hər hansı formada zərəri yoxdur. Yaşayış binasının birinci mərtəbəsində Cavabdeh tərəfindən binanın xarici divarına söykənməklə inşa edilmiş artırma tikilinin təsiri nəticəsində əsas binanın qəzalı vəziyyətə düşmə ehtimalı demək olar ki, yoxdur. ünvan 3 ünvanında mübahisələndirilən Cavabdeh tikinti apardığı torpaq sahəsinin mülkiyyət hüququ əsasında kimə məxsus olduğu, hüquqi sənəd təqdim olunmadığından, müəyyənləşdirmək mümkün olmamış, cavabdeh tərəfindən zəbt olunaraq tikinti aparılan torpaq sahəsinin isə 70 kv.m deyil, 56,46 kv.m (2,0x4,20+8,55x4,75+2,75x2,60=56,46 k.m) olduğu müəyyənləşdirilmiş, həmçinin, həmin sahədə inşa olunmuş tikilinin hazırda yaşayış məqsədilə istifadə edildiyi aşkar edilmişdir. Tikinti işləri tikinti qaydalarına ciddi əməl olunmadan aparılmışdır. Belə ki, tikintinin aparılması üçün icazə alınmaması, tikintiyə aid razılaşdırılmış layihə sənədlərinin olmaması, tikinti zamanı qaydaların kobud surətdə pozulması və s. kimi hallar mövcuddur. İddiaçı aid ünvan 3 ünvanınında 2 mərtəbəli binanın 2 mərtəbəsindəki evə, qoyulmuş sualla əlaqədar baxış keçirilərkən mənzildə təmir işlərinin aparıldığı, arxa tərəfə baxan pəncərələrin (2 ədəd) ölçülərinin, əvvəlki ölçülərə nisbətən kiçildildiyi, dəyişikliyin mənzil sakinləri tərəfindən edildiyi, mənzildə təmir işlərinin başa çatdırılmadığı müəyyən olunmuşdur. Binanın İ mərtəbəsi səviyyəsində, bina xaricində Cavabdeh fəaliyyəti nəticəsində İddiaçı aid ünvan 3 ünvanının 2-ci mərtəbəsindəki evə zərər dəyməsi müşahidə olunmamışdır. Binanın, o cümlədən İddiaçı aid evin kanalizasiya sistemi və sanitar qovşağının əvvəlki vəziyyəti məlum olmadığından Cavabdeh tərəfindən ünvan 3 ünvanında yerləşən 2 mərtəbəli yaşayış binasının birinci mərtəbəsində aparılan tikinti işləri nəticəsində binanın, o cümlədən İddiaçı aid evin kanalizasiya sistemi və sanitar qovşağının hansı formada dəyişikliyə məruz qalmasını müəyyənləşdirmək mümkün olmamışdır. Həmçinin, binanın kanalizasiya sisteminin hazırda istifadə olunduğu aşkar olunmuşdur. Həmçinin, iş materiallarında olan mötəbər maliyyə sənədlərindən görünür ki, aparılmış tikinti-texniki ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat, mütəxəssis rəyinin hazırlanması üçün çəkilmiş xərc 200 (iki yüz) manat, iddia üzrə Aynur Dadaşova tərəfindən ödənilmiş dövlət rüsumu isə 20 (iyirmi) manat təşkil edir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü də istinad etdikləri hallara münasibətdə iddiaçı tərəfin üzərinə düşür. Çünki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 17.3.2-ci maddəsinə əsasən xüsusi təyinatlı mənzil fondu – bu Məcəllənin X fəslinin qaydalarına uyğun olaraq verilən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların yaşaması üçün nəzərdə tutulmuş dövlət və bələdiyyə mənzil fondlarının yaşayış sahələrinin məcmusudur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91-ci maddəsinin 1-ci hissəsinə əsasən xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə (bundan sonra – xüsusi təyinatlı yaşayış sahələri) xidməti yaşayış sahələri; yataqxanalarda yaşayış sahələri; manevr fondu yaşayış sahələri; əhaliyə sosial xidmət sisteminə daxil olan binalarda yaşayış sahələri; məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri; qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri; ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün yaşayış sahələri aiddir. Bu Məcəllənin 15-ci maddəsinə əsasən yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 170-ci maddəsinin İ və İİ his İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Bu Məcəllənin 171-ci maddəsinin İ və İİ hissələrinə əsasən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məhkəmə iclasında tədqiq edilən mötəbər sübutlarla, o cümlədən ekspert rəyi, eləcə də işin faktiki halları ilə cavabdeh tərəfindən iddiaçının qanunla qorunan hüquq və maraqlarının pozulmasının istisna edildiyi müəyyən edilmişdir. Belə ki, ünvan 3 ünvanında yerləşən 2 mərtəbəli yaşayış binasının perimetri boyu, binada məskunlaşan sakinlər tərəfindən binaya bitişik bir və ikimərtəbəli artırma tikililər inşa olunmuş, habelə, Cavabdeh tərəfindən yaşadığı mənzilin arxa divarına bitişik, ölçüləri 4,6x7,8 m və 1,8x6,6 m olan, biri-biri ilə Г formasında birləşən hissələrdən ibarət artırma inşa edilmişdir. Artırmanın tikintisi zamanı əsas binanın yükdaşıyan konstuksiyalarında faktiki olaraq hər hansı bir formada dəyişiklik edilməmişdir. Qeyd olunan ünvanın birinci mərtəbəsində cavabdeh tərəfindən konstruktiv dəyişikliklərin aparıldığı isə müəyyən edilməmişdir. Çünki, binanın xarici divarına söykənməklə inşa edilmiş artırma tikilinin əsas binanın özül divarına hər hansı formada zərərinin olmadığı aşkar edilmişdir. Bundan əlavə, Cavabdeh tərəfindən binanın xarici divarına söykənməklə inşa edilmiş artırma tikilinin təsiri nəticəsində əsas binanın qəzalı vəziyyətə düşmə ehtimalı demək olar ki, yoxdur. Həmçinin, ünvan 3 ünvanında mübahisələndirilən Cavabdeh tikinti apardığı torpaq sahəsinin mülkiyyət hüququ əsasında kimə məxsus olduğu, hüquqi sənəd təqdim olunmadığından müəyyənləşdirmək mümkün olmamış, həmin sahədə inşa olunmuş tikilinin hazırda yaşayış məqsədilə istifadə edildiyi aşkar edilmişdir. Digər tərəfdən, binanın İ mərtəbəsi səviyyəsində, bina xaricində cavabdehin fəaliyyəti nəticəsində iddiaçıya aid ünvan 3 ünvanının 2-ci mərtəbəsindəki evə zərər dəyməsi müşahidə olunmamışdır. Eyni zamanda, binanın kanalizasiya sistemi və sanitar qovşağının hər hansı bir formada dəyişikliyə məruz qalması müəyyənləşdirilməmiş, o cümlədən binanın kanalizasiya sisteminin hazırda da istifadə olunduğu aşkar olunmuşdur. Beləliklə, məhkəmə iddia tələbinin ilk, yəni “özbaşına tikililərin cavabdehin hesabına sökülməsi, zəbt olunmuş sahənin təmizlənərək əvvəlki vəziyyətinə qaytarılması və vurulmuş maddi ziyanın tutulması” barədə hissəsinə münasibətdə qeyd edir ki, tədqiq edilmiş mötəbər sübutlara və işin faktiki hallarına əsasən tələb bu hissədə əsaslı hesab edilməməli və təmin edilməməlidir. Həmçinin, məhkəmə iddia tələbinin digər, yəni “mənəvi ziyanın əvəzinin tutulması” barədə hissəsinə münasibətdə qeyd edir ki, tədqiq edilmiş mötəbər sübutlara və işin faktiki hallarına əsasən tələb bu hissədə də əsaslı hesab edilməməli və təmin olunmamalıdır. Belə ki, "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, "İnsan Hüquqlarının və x2 Haqqında Konvensiya"nın müddəaları və x5 Məhkəməsinin presedentləri baxımından "mənəvi zərər" anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. İddia tələbinin mənəvi zərərlə bağlı hissəsinə məhkəmə münasibət bildirərək qeyd edir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Sübutların tədqiqi zamanı İddiaçı mənəvi zərərlə bağlı hər hansı mənəvi sarsıntı, iztirablar keçirməsi halları barədə sübut təqdim etməmiş, habelə iddia tələbində mənəvi zərərlə əlaqədar göstərilən hallar məhkəmə araşdırmaları zamanı müəyyən edilməmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə toplanmış sübutlara tətbiq olunmalı hüquq normalarına uyğun məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “özbaşına tikililərin cavabdehin hesabına sökülməsi, zəbt olunmuş sahənin təmizlənərək əvvəlki vəziyyətinə qaytarılması, iddiaçıya dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər də işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə belə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat İddiaçı tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə, həmçinin üzrə ekspertiza xərci 200 (iki yüz) manat İddiaçı tutularaq Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərinşaatlayihə” DBLKT İnstitutunun hesablaşma hesabına keçirilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən iş üzrə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu İddiaçı aid edilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233, 360-cı maddələrinə əsaslanaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “özbaşına tikililərin cavabdehin hesabına sökülməsi, zəbt olunmuş sahənin təmizlənərək əvvəlki vəziyyətinə qaytarılması, iddiaçıya dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat İddiaçı tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilsin. İş üzrə ekspertiza xərci 200 (iki yüz) manat İddiaçı tutularaq Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərinşaatlayihə” DBLKT İnstitutunun "AFB Bank" x3 (kod-503217, VÖEN(bank) **********, m/h- AZ81NABZ********************; SWİFT BİK AZFİAZ22, İnstitut VÖEN: **********, hesab № AZ33AZFİ********************) hesablaşma hesabına keçirilsin. İş üzrə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-10/2020
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-10/2020
02.03.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver