Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-115/2024 08.04.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ona və mərhum ərinə məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ona və mərhum ərinə məxsus olması faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Siyəzən rayon şöbəsi tərəfindən 03 may 2006-cı il tarixdə verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 587A nömrəli, 30501004 kodlu şəhadətnamənin ona və mərhum əri X3 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə ərizəçi tərəfindən ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, ölkədə keçirilmiş torpaq islahatları ilə əlaqədar Siyəzən Rayon İcra Hakimiyyəti Başçısının 21 aprel 2006-cı il tarixli, 93 saylı sərəncamı ilə Siyəzən şəhəri ərazisindən 0,03 ha həyətyanı torpaq sahəsi mülkiyyətlərinə verilmişdir. Həmin torpaq sahəsi üzərində ümumi birgə mülkiyyət hüququ sözügedən şəhadətnamə ilə tanınır. Qeyd olunan şəhadətnamədə 1-ci sırada qeyd edilməli olan mülkiyyətçi, mərhum X1 ata adı “Mirzəcan” əvəzinə yanlışlıqla “Mərcan” kimi, 2-ci sırada qeyd edilməli olan mülkiyyətçi Ərizəçi ata adı “Eyub” əvəzinə yanlışlıqla “Eyyub” kimi qeyd edilmişdir. Bu şəhadətnamədə olan yanlışlığın aradan qaldırılması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət zamanı ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Şəhadətnaməni verən DT və XK Siyəzən rayon şöbəsinin fəaliyyətinə xitam verildiyindən baş vermiş uyğunsuzluğu başqa qaydada aradan qaldırmaq mümkün deyildir. Bu səbəbdən də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Odur ki, ərizəçi tərəfindən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən, müdafiə etdikləri ərizəyə əlavə izahatı və dəqiqləşdirmələri olmayan Ərizəçi sözügedən şəhadənamədə olan yanlışlıqların aradan qaldırılmasının müvafiq çıxarışın alınması üçün lazım olduğunu bildirərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, qeyd edilən təşkilat nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və etməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Bununla da, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, keçmiş Dəvəçi rayonunun Siyəzən şəhər Sədan kənd sovetliyi tərəfindən 17 iyul 1965-ci il tarixdə verilmiş АЗ seriyalı, ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx xxxxx 1949-cu il tarixdə Siyəzən şəhərinin Sağlocan kəndində doğulmuşdur. İşdə olan keçmiş Dəvəçi rayonu Siyəzən şəhər soveti tərəfindən 31 iyul 1965-ci il tarixdə verilmiş İ-ИЕ seriyalı, 096105 nömrəli evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə X2 31 iyul 1965-ci il tarixdə 27 nömrəli akt qeydi ilə nikahlarını bağlamış, nikah bağlandıqdan sonra ər öz soyadında qalmış, arvada isə “Bayramova” soyadı verilmişdir. İşdə olan Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 27 aprel 2016-cı il tarixdə verilmiş AZ-İ seriyalı, 776564 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 20 aprel 2013-cü il tarixdə Siyəzən şəhərində ölmüş, habelə bu barədə ölüm haqqında akt qeydləri kitabında 03 may 2013-cü il tarixdə 62 nömrəli qeyd edilmişdir. İşdə olan ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Siyəzən rayon şöbəsi tərəfindən 03 may 2006-cı il tarixdə verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 587A nömrəli, 30501004 kodlu şəhadətnamənin surətindən görünür ki, Siyəzən rayon İcra Hakimiyyəti başçısının 21 aprel 2006-cı il tarixli, 93 saylı sərəncamı ilə Siyəzən şəhəri ərazisindən 0,03 ha həyətyanı torpaq sahəsi X4 və Ərizəçi Eyyub qızının mülkiyyətinə verilmişdir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 25 avqust 2023-cü il tarixli, 3-21-3-31/2-B-00xx-xx/2023 nömrəli məktubundan görünür ki, torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 587A nömrəli şəhadətnamənin şəxsə məxsus olması faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. İşdə olan 22 dekabr 2023-cü il tarixli qəbzdən görünür ki, Ərizəçi məhkəməyə müraciət edərkən 100 (bir yüz) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Bu Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Adı qeyd edilən Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. İşin faktiki hallarından və məhkəməyə təqdim edilmiş sübutlardan da göründüyü kimi ərizəçiyə və onun mərhum ərinə məxsus olan bütün sənədlərdə onların ata adları düzgün qeyd edilmişdir. Lakin, torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 587A nömrəli, 30501004 kodlu şəhadətnamədə 1-ci sırada qeyd edilməli olan mülkiyyətçi, mərhum X1 ata adı “Mirzəcan” əvəzinə yanlışlıqla “Mərcan” kimi, 2-ci sırada qeyd edilməli olan mülkiyyətçi Ərizəçi ata adı “Eyub” əvəzinə yanlışlıqla “Eyyub” kimi qeyd edilmiş, nəticədə bu hallar ərizəçinin gələcəkdə yarana biləcək hüquqlarının pozulmasını istisna etmir. Ərizəçinin yaranmış bu halları, yəni ziddiyyətləri aradan qaldırması başqa qaydada mümkün deyildir, ona görə də bu faktın müəyyən edilməsi məhkəmə qaydasında olmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Siyəzən rayon şöbəsi tərəfindən 03 may 2006-cı il tarixdə verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 587A nömrəli, 30501004 kodlu şəhadətnamənin ümumi birgə mülkiyyət hüququ ilə Ərizəçi və mərhum X3 məxsus olması faktı müəyyən edilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 307-308, 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Siyəzən rayon şöbəsi tərəfindən 03 may 2006-cı il tarixdə verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 587A nömrəli, 30501004 kodlu şəhadətnamənin ümumi birgə mülkiyyət hüququ ilə Ərizəçi və mərhum X3 məxsus olması faktı müəyyən edilsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-115/2024
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-115/2024
08.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver