Məhkəmə qərarları › İş №2(059)-134/2024

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-134/2024

18.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-134/2024 18.03.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, ərizəçi, eləcə də digər ərizəçinin nümayəndəsi Ərizəçi1 iştirakı ilə ərizəçilər Ərizəçi1 və Ərizəçi2 “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin birgə mülkiyyət hüququ ilə onlara məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin birgə mülkiyyət hüququ ilə onlara məxsus olması faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, ləğv edilmiş Azərbaycan Respublikası DT və XK-i Siyəzən rayon şöbəsi tərəfindən 03 may 2006-cı il tarixdə verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 2897F nömrəli, 30501004 kodlu şəhadətnamənin onlara məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə ərizəçilər tərəfindən ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, ölkədə keçirilmiş torpaq islahatları ilə əlaqədar Siyəzən rayonu İcra Hakimiyyəti Başçısının 21 aprel 2006-cı il tarixli, 93 saylı sərəncamı ilə Siyəzən şəhərinin ərazisindən 0,03 ha torpaq sahəsi onların mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsi üzərində ümumi birgə mülkiyyət 03 may 2006-cı il tarixdə verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 2897F nömrəli, 30501004 kodlu şəhadətnamə ilə tanınır. Qeyd olunan şəhadətnamədə 2-ci sırada mülkiyyətçi kimi qeyd edilməli olan Ərizəçi2 adı “Rəfiqə” əvəzinə yanlışlıqla “Rəvanə” kimi qeyd edilmişdir. Bu aktda olan yanlışlığın aradan qaldırılması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciəti zamanı məhkəməyə müraciət etmələri tövsiyə olunmuşdur. Bu aktı verən keçmiş DTXK Siyəzən rayon torpaq şöbəsinin fəaliyyətinə xitam verildiyindən baş vermiş uyğunsuzluğu başqa qaydada aradan qaldırmaq mümkün deyildir. Bu səbəbdən də, onlar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Odur ki, ərizəçilər tərəfindən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən, müdafiə etdiyi ərizəyə əlavə izahatı və dəqiqləşdirməsi olmayan ərizəçi, eləcə də digər ərizəçinin nümayəndəsi Ərizəçi1 sözügedən şəhadətnamədə olan yanlışlığın aradan qaldırılmasının müvafiq çıxarışın alınması üçün lazım olduğunu bildirərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və etməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə ərizəni nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, keçmiş Dəvəçi rayonu Zərgərli kənd soveti tərəfindən 04 iyul 1966-cı il tarixdə verilmiş АЗ seriyalı, ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası X7, anası X9 olan Ərizəçi1 xx xxxx 1950-ci il tarixdə keçmiş Dəvəçi rayonunun Zərgərli kəndində doğulmuşdur. İşdə olan Siyəzən rayon VVAQ şöbəsi tərəfindən 31 oktyabr 1959-cu il tarixdə verilmiş İ-ИЕ seriyalı, 762593 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası X8, anası X3 olan X4 30 avqust 1959-cu il tarixdə Siyəzən şəhərində doğulmuşdur. İşdə olan keçmiş Dəvəçi rayon Siyəzən şəhər soveti tərəfindən 06 iyul 1979-cu il tarixdə verilmiş İİ-ЖГ seriyalı, 279108 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1 ilə X4 06 iyul 1979-cu il tarixdə, 37 nömrəli akt qeydi ilə nikahlarını bağlamış və nikah bağlandıqdan sonra arvada “Hacıyeva” soyadı verilmişdir. İşdə olan torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 2897F nömrəli, 30501004 kodlu şəhadətnamənin surətindən görünür ki, Siyəzən rayonu İcra Hakimiyyəti Başçısının 21 aprel 2006-cı il tarixli, 93 saylı sərəncamı ilə Siyəzən şəhəri ərazisindən 0,03 ha torpaq sahəsi Ərizəçi1, X1 X5, X6, X2 oğlunun mülkiyyətinə verilmişdir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 21 dekabr 2023-cü il tarixli, 3-21-3-31/2-H-01xx-xx/2023 nömrəli məktubdan görünür ki, torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 2897F nömrəli şəhadətnamənin şəxsə məxsus olması faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət olunması tövsiyə edilmişdir. İşdə olan 09 yanvar 2024-cü il tarixli qəbzdən görünür ki, Ərizəçi1 məhkəməyə müraciət edərkən 100 (bir yüz) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Bu Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Adı qeyd edilən Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. İşin faktiki hallarından və məhkəməyə təqdim edilmiş sübutlardan da göründüyü kimi ərizəçilərə məxsus olan bütün sənədlərdə soyadı və ata adı düzgün qeyd edilmişdir. Lakin, torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 2897F nömrəli, 30501004 kodlu şəhadətnamədə 2-ci sırada mülkiyyətçi kimi qeyd edilməli olan Ərizəçi2 adı “Rəfiqə” əvəzinə yanlışlıqla “Rəvanə” kimi qeyd edilmiş, nəticədə bu hal ərizəçinin gələcəkdə yarana biləcək hüquqlarının pozulmasını istisna etmir. Ərizəçi2 yaranmış bu halı, yəni ziddiyyəti aradan qaldırması başqa qaydada mümkün deyildir, ona görə də bu faktın müəyyən edilməsi məhkəmə qaydasında olmalıdır. Bundan əlavə, məhkəmə digər Ərizəçi1 münasibətdə qeyd edir ki, sonuncunun qanunla qorunan hüquq və maraqlarının pozulmasından söhbət gedə bilməz. Çünki, Ərizəçi1 münasibətdə torpağa dair sözügedən sənəddə hər hansı bir yanlışlıq müəyyən edilməmiş, habelə 03 may 2006-cı il tarixdə verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 2897F nömrəli, 30501004 kodlu şəhadətnamədə sonuncunun adı, soyadı və ata adı düzgün olaraq, “Ərizəçi1” kimi qeyd edilmişdir. Bununla da, məhkəmə belə qənaətə gəlir ki, ərizənin mövcud vəziyyətdə qanunla qorunan hüquqları, eləcə də maraqları pozulmamış Ərizəçi1 münasibətdə təmin edilməsi istisna edilir. Beləliklə, məhkəmə hesab edir ki, ləğv edilmiş Azərbaycan Respublikası DT və XK-i Siyəzən rayon şöbəsi tərəfindən 03 may 2006-cı il tarixdə verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 2897F nömrəli, 30501004 kodlu şəhadətnamənin ümumi birgə mülkiyyət hüququ ilə Ərizəçi2 məxsus olması faktı müəyyən edilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi1 aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 307-308,311-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə qismən təmin edilsin. Ləğv edilmiş Azərbaycan Respublikası DT və XK-i Siyəzən rayon şöbəsi tərəfindən 03 may 2006-cı il tarixdə verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 2897F nömrəli, 30501004 kodlu şəhadətnamənin ümumi birgə mülkiyyət hüququ ilə Ərizəçi2 məxsus olması faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi1 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar