Məhkəmə qərarları › İş №2(059)-141/2022

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-141/2022

14.03.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-141/2022 14.03.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “aktın etibarsız hesab edilərək ləğv edilməsi, bu akta əsasən hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə, həmin X2 Qaz İstismarı İdarəsinə və bu Birliyin Xaçmaz RQİİnin Siyəzən Xidmət Sahəsinə qarşı “aktın etibarsız hesab edilərək ləğv edilməsi, bu akta əsasən hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən tərtib edilmiş, 30 noyabr 2021-ci il tarixli, ******* nömrəli aktın etibarsız hesab edilməklə, həmin aktın ləğv edilməsi, bu akta əsasən hesablanaraq abunə koduna köçürülmüş 432 manat borcun hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, iddiaçı tərəf işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər tələbin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən yalnız "Azəriqaz" İB-nin işdə cavabdeh qismində saxlanılmasını, digər cavabdehlər "Azəriqaz" İB-nin Xaçmaz X3 İdarəsinin və bu Birliyin Xaçmaz RQİİ-nin Siyəzən Xidmət Sahəsinin cavabdehlər siyahısından çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etməklə izahatında göstərdi ki, Xaçmaz RQİİ-nin Siyəzən Xidmət Sahəsinin nümayəndələri tərəfindən Siyəzən rayonu, Gil-gil çay qəsəbəsində yerləşən fərdi yaşayış evinə məxsus evin həyətindən kənarda quraşdırılmış qaz sayğacı 25 may 2021-ci il tarixdə istismar müddəti bitdiyinə görə yenisi ilə əvəz edilmiş, habelə “Dövlət yoxlamasına” göndərilmiş və bu barədə “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” akt tərtib edilmişdir. Cavabdehin əməkdaşları tərəfindən qaz sayğacı yenisi ilə dəyişdirilməsindən, yəni köhnə sayğacı dövlət yoxlamasına göndərildikdən 6 (altı) ay sonra, Cavabdeh İB-nin qaz sayğaclarının yoxlanması barədə “hesablama mexanizminin keçən qazın həcmini qeyd etməməsi, rəqəmli dişli çarxların öz oxundan çıxması” kimi rəyinə əsasən 30 noyabr 2021ci il tarixində ləğvini xahiş etdiyi ******* nömrəli akt tərtib edilmiş və bu akta əsasən 432 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Bundan əlavə, qaz sayğacı onun iştirakı olmadan yoxlanılmış, onun ziyanına rəy qəbul edilmiş və bu rəyə əsasən barəsində sayğacın quraşdırıldığı yerdə deyil, idarədə formal olaraq akt tərtib edilmişdir. Bu səbəbdən də, 30 noyabr 2021-ci il tarixli akt etibarsız hesab edilib, ləğv edilməli və qanunsuz akt əsasında hesablanmış 432 manat borc hesabından silinməlidir. Odur ki, göstərilən halları nəzərə alaraq, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edir. Cavabdehnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin Birlik nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, təmin etməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, 25 may 2021-ci il tarixli, ******* nömrəli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktın surətindən görünür ki, "Azəriqaz" İB Xaçmaz RQİİ Siyəzən Xidmət Sahəsinin nümayəndələri Əli İlyasov, Fəxrəddin Əzizov və Murad Məhərrəmov iddiaçının yaşadığı Siyəzən rayonu, Gil-gil çay qəsəbəsindəki fərdi yaşayış evinin plomb nömrəsi 10339596 olan “Elster” tipli, G4 markalı, ******* nömrəli sayğacı istifadə müddəti bitdiyi üçün çıxararaq G4 markalı, ********** nömrəli sayğacla əvəz etmiş, o cümlədən sayğaca 11232374 plomb nömrəsi vurulmuşdur. İşdə olan "Azəriqaz" İB Xaçmaz RQİİ Siyəzən Xidmət Sahəsinin təbii qaz və satış xidmətinin rəisi Sədaqət Cümşüdova, mühəndisi Əli İlyasov və çilingər Fəxrəddin Əzizov tərəfindən İddiaçı yaşadığı Siyəzən rayonu, Gil-gil çay qəsəbəsindəki fərdi yaşayış evi üzrə keçirilmiş yoxlamadan sonra 30 noyabr 2021-ci il tarixdə tərtib edilmiş ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan görünür ki, sözügedən evə aid sayğacın hesablama mexanizminin keçən qazın həcmini qeyd etməməsi, rəqəmli dişli çarxların öz oxundan çıxması aşkar olunmuşdur. İş materiallarına əlavə edilmiş Cavabdeh İB Xaçmaz X3 İdarəsinin 30 noyabr 2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən və abonent saldosundan görünür ki, 30 noyabr 2021-ci il tarixli, ******* nömrəli akta əsasən itirilmiş qazın bərpası üçün qaz sayğacının nominal qaz sərfi 4 orta günlük iş rejimi 12 saat, hesabat müddəti isə 90 gün qəbul edilməklə hesabat aparılmış və itirilmiş qaz sərfi cəmi 4320 (432 manat)hesablanaraq, qalıq borc 432 manat müəyyən edilmişdir. İşdə olan iddiaçı və cavabdehin nümayəndəsi arasında bağlanmış 06 noyabr 2018-ci il tarixli, 7060-2018 nömrəli “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə müqavilənin surətindən görünür ki, bu müqavilə qaz paylayıcısı ilə istehlakçı İddiaçı arasında sonuncuya aid Siyəzən rayonu, Gil-gil çay qəsəbəsində yerləşən fərdi yaşayış sahəsində təbii qaz təchizatı və onun istismarı ilə əlaqədardır. Məhkəmə iclasında müəyyən edildi ki, "Azəriqaz" İB Xaçmaz RQİİ Siyəzən Xidmət Sahəsinin təbii qaz qəbulu və satış xidmətinin əməkdaşları tərəfindən **********00390 abunə kodu olan İddiaçı məxsus Siyəzən rayonu, Gil-gil qəsəbəsindəki fərdi yaşayış evinin yenisi ilə əvəz edilmiş köhnə G-4T markalı, ******* nömrəli qaz sayğacına keçirilmiş baxış zamanı sayğacın hesablama mexanizminin keçən qazın həcmini qeyd etməməsi, rəqəmli dişli çarxların öz oxundan çıxması aşkar edilmiş, bu məqsədlə, 30 noyabr 2021-ci il tarixdə təbii qazdan istifadə qaydalarının pozulması barədə akt tərtib edilsə də, iddiaçı həmin aktı imzalamamışdır. Beləliklə, istehlakçı tərəfindən "Qazdan istifadə Qaydaları"nın pozulması nəticəsində paylayıcıya dəymiş ziyanın həcmi 432 manat məbləğində hesablanmaqla abonent bazasına işlənilmişdir. İddiaçı, "Azəriqaz" İB-nin Xaçmaz RQİİ Siyəzən Xidmət Sahəsinin təbii qaz qəbulu və satış xidmətinin əməkdaşlarının hərəkətləri ilə hüquqlarının pozulduğunu əsas gətirməklə, hazırkı tələblə istehlakçının yaşayış yeri üzrə məhkəməyə müraciət etmişdir. Qaz təchizatı haqqında Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Həmin Qanunun 21-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Müvafiq icra hakimiyyəti orqanı qanunvericiliklə müəyyən olunmuş hallarda cərimələr tətbiq edə bilər. Bu Qanunun 21-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş Qazdan istifadə qaydalarının 3.2.1 və 3.2.2-ci yarımbəndlərinə əsasən Qazdan istifadə edən istehlakçılar qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməli və qaz qurğularını onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar etməlidir. Bu Qaydaların 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Sözügedən Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Qeyd olunan Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Yenə həmin Qaydaların 4.9-cu bəndinə əsasən, İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Bu Qaydaların 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Məhkəmə işin faktiki hallarına əsasən belə nəticəyə gəlir ki, iddiaçıya aid Siyəzən şəhərində yerləşən Siyəzən rayonu, Gil-gil çay qəsəbəsindəki fərdi yaşayış evi üzrə quraşdırılmış qaz sayğacında nöqsanlar aşkar olunsa da, həmin yaşayış sahəsinin daxilindən kənarda quraşdırılmış qaz sayğacında yaranmış nöqsana səbəb olan təsirin nədən ibarət olması, habelə baş vermiş halların kimin təqsirindən yaranması barədə hər hansı bir mötəbər sübut və ya sənəd təqdim olunmamış, istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşısa da, qeyd edilən hal ətraflı araşdırılmadan qaz paylayıcısı tərəfindən 30 noyabr 2021-ci il tarixdə müvafiq akt tərtib edilmişdir. Həmin aktda sayğacda nöqsanın olması faktı öz əksini tapmışdır. Bu faktın istisna edilməsinə dair heç bir sübut yoxdur. Lakin, bu fakt istehlakçının günahı kimi qiymətləndirilib onun məsuliyyətinə səbəb ola bilməz. Belə ki, sayğacda yaranmış nöqsanların baş verməsinin birbaşa istehlakçı ilə bağlılığı sübut olunmalıdır. Qeyd olunan hallar isə nəticə etibarilə iddiaçının təqsirsizliyinə dəlalət edir. Belə olan təqdirdə isə iddiaçının, qaz istehlakçısı olaraq məsuliyyətinin yaranması istisna edilir. Azərbaycan Respublikasının MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə toplanmış sübutlara qeyd edilən hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh Xaçmaz X3 İdarəsinin Siyəzən Xidmət Sahəsi tərəfindən 30 noyabr 2021-ci il tarixdə tərtib edilmiş ******* nömrəli akta əsasən hesablanaraq iddiaçının abunə koduna köçürülmüş 432 (dörd yüz otuz iki) manat borc hesabdan silinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci bəndinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azad edilmişlər. Bu Qanunun 9.1.14-cü bəndinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları dövlət rüsumunun ödənilməsindən azad edilmişlər. Beləliklə məhkəmə hesab edir ki, tərəflər "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci və 9.1.14-cü bəndlərinə əsasən dövlət rüsumu ödəməkdən azad edilmiş şəxslər kateqoriyasından olduqlarından hazırkı iddia tələbi üzrə dövlət rüsumunun ödənilməsi ilə bağlı məsələdə bu hal nəzərə alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 36.9, 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Xaçmaz X3 İdarəsinin Siyəzən Xidmət Sahəsi tərəfindən 30 noyabr 2021ci il tarixdə tərtib edilmiş ******* nömrəli akta əsasən hesablanaraq iddiaçının abunə koduna köçürülmüş 432 (dörd yüz otuz iki) manat borc hesabdan silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar