Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-161/2025 28.02.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Quluzadə Günel Cəbrayıl qızının sədrliyi, Güliyev Kəbir Seyyar oğlunun katibliyi, iddiaçı X1 iştirakı ilə, İddiaçı X1 Cavabdehnə qarşı “akt üzrə hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İşin halları “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli ******* saylı akta əsasən Cavabdeh İB tərəfindən abonent X1 ünvanına 1040,30 manat əlavə qaz sərfiyyatı hesablanmışdır. Hazırda iddiaçı həmin borcu mübahisələndirərək ləğv edilməsini xahiş edir. İddia tələbi İddiaçı Cavabdehnə qarşı “akt üzrə hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən sayğacda yaranmış qaz itkisinə görə tələb olunan 1040,30 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra, İddiaçı 24 yanvar 2025-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının əsl iddiaçı yəni, X4 ilə əvəz edilməsini xahiş etmiş, həmçinin, sonuncu da, sözügedən ərizəni imzası ilə təsdiq etmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, Cavabdehnə etdikləri müraciət əsasında 15 may 2022-ci il tarixdə birliyin əməkdaşları baxış keçirməyə yaşadıqları ünvana gəlmişlər. Həmin vaxt yerindəcə sayğaca baxış keçirilmiş, sayğaca heç bir müdaxilənin olunmadığı bildirilərək, sayğacı açıb aparmışlar. Bundan doqquz ay keçməsinə baxmayaraq, ona heç bir yazılı və ya şifahi məlumat verilməmiş, habelə doqquz ay sonra, sayğaca nəzarət edən Cavabdeh Cavad adlı nümayəndəsi birlik tərəfindən 1040,30 manat məbləğində cərimə olunduqlarını bildirmişdir. Odur ki, göstərilən halların nəzərə alınaraq, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Tərəflərin izahatları Cavabdehnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq, iddianı qəbul etmədiklərini, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməklə, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı X4 iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, qaz sayğacı yaşadığı evin kənarında quraşdırılmışdır. O, işdə olarkən Cavabdeh əməkdaşları yaşadığı evə gələrək, qaz sayğacına baxış keçirmiş və sayğacın qoruyucu şüşəsinin alt hissədən deşici alətlə deşilməsini müəyyən etmişlər. Bundan sonra, sayğac yenisi ilə əvəz edilmiş, daha sonra isə onlara 1040,30 manat məbləğində borclarının olduğu bildirilmişdir. Qeyd edir ki, borc kimi qeyd olunan məbləğdə qaz istehlak etmələri mümkün deyildir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 №-li qərarı 1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt əlavə edilir. 1.6. Bu Qaydaların tələblərinin yerinə yetirilməsinə dövlət nəzarətini öz səlahiyyətləri daxilində qazdan səmərəli istifadə və qaz qurğularının etibarlı istismarı sahəsi üzrə Azərbaycan Respublikasının Energetika Nazirliyi (bundan sonra - EN) və texniki təhlükəsizlik sahəsi üzrə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (bundan sonra - FHN) həyata keçirirlər. 3.2. Qazdan istifadə edən istehlakçılar aşağıdakı vəzifələri yerinə yetirməlidirlər: 3.2.1. qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməli; 3.2.2. qaz qurğularını onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar etməli; 4.2. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. “Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının 30 iyun 1998-ci il tarixli Qanunu 6.2. Bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. 6-2. Müayinə zamanı sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş tədbirlər görülür. 13-cü maddəsinin 8-1-ci hissəsi: Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. 13-cü maddəsinin 9-cu hissəsi: Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
20. Müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir.
21. Müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Müvafiq icra hakimiyyəti orqanı qanunvericiliklə müəyyən olunmuş hallarda cərimələr tətbiq edə bilər.
Mülki Prosessual Məcəllə
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi
Məhkəmə iddiaçının izahatını iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 15 may 2022-ci il tarixli, ******* nömrəli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktın surətindən görünür ki, "Azəriqaz" İB Xaçmaz RQİİ Siyəzən Xidmət Sahəsinin nümayəndələri iddiaçının yaşadığı Siyəzən rayonun Yenikənd kəndindəki evin “Zenner” tipli, “G4” markalı, **********4 nömrəli sayğacı qaz keçirmədiyi üçün çıxarılaraq “Zenner” tipli və “G4” markalı, **********8 nömrəli sayğacla əvəz etmiş, o cümlədən sayğaca 11748998 plomb nömrəsi vurulmuşdur. İşdə olan "Azəriqaz" İB Xaçmaz RQİİ Siyəzən Xidmət Sahəsinin təbii qaz qəbulu və satış xidmətinin mühəndisi Rəşad Şeydayev, mühəndisi Əli İlyasov və çilingər Cavad Balakişiyev tərəfindən X1 yaşadığı Siyəzən rayonunun Gil-Gilçay stansiyasındakı (Yenikənd kəndindəki) sözügedən ev üzrə keçirilmiş yoxlamadan sonra 30 noyabr 2022-ci il tarixdə tərtib edilmiş ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, Mahur Sailovun qaz xəttinə quraşdırılmış G4 markalı, **********8 saylı sayğaca ümumi baxış keçirilmiş və həmin sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin alt hissədən deşici alətlə deşilməsi aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh İB Xaçmaz X5 İdarəsinin 30 noyabr 2022cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsinin, eləcə də 13 sentyabr 2024-cü il tarixli abonent saldosunun surətlərindən görünür ki, Mahur Sailovun qaz xəttinə quraşdırılmış G4 markalı, **********4 saylı sayğaca ümumi baxış keçirilmiş, sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin alt hissədən deşici alətlə deşilməsi, sayğacın istismara yarasız olmaqla, təbii qaz itkisinin yaranması müəyyən edilmiş, bu səbəbdən də 8640 m3, yəni 1040,30 manat ziyan hesablanmışdır. Məhkəmə qeyd edir ki, işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, "Azəriqaz" İB Xaçmaz RQİİ Siyəzən Xidmət Sahəsinin təbii qaz qəbulu və satış xidmətinin əməkdaşları tərəfindən **********00300 abunə kodu olan X1 yaşadığı Siyəzən rayonunun Gil-Gilçay stansiyasındakı (Yenikənd kəndindəki) sözügedən evin yenisi ilə əvəz edilmiş köhnə G4 markalı, **********4 nömrəli qaz sayğacına keçirilmiş baxış zamanı sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin alt hissədən deşici alətlə deşilməsi, sayğacın istismara yarasız olmaqla, təbii qaz itkisinin yaranması aşkar edilmiş, bu məqsədlə, 30 noyabr 2022-ci il tarixdə təbii qazdan istifadə qaydalarının pozulması barədə akt tərtib edilsə də, iddiaçı tərəfdən həmin aktı imzalanmamışdır. Beləliklə, istehlakçı tərəfindən "Qazdan istifadə Qaydaları"nın pozulması nəticəsində paylayıcıya dəymiş ziyanın həcmi 1040,30 manat məbləğində hesablanmaqla, abonent bazasına işlənilmişdir. İddiaçı, "Azəriqaz" İB-nin Xaçmaz RQİİ Siyəzən Xidmət Sahəsinin təbii qaz qəbulu və satış xidmətinin əməkdaşlarının hərəkətləri ilə hüquqlarının pozulduğunu əsas gətirməklə, hazırkı tələblə istehlakçının yaşayış yeri üzrə məhkəməyə müraciət etmişdir. Məhkəmə işin faktiki hallarına əsasən belə nəticəyə gəlir ki, iddiaçıya aid Siyəzən rayonunun Gil-Gilçay stansiyasındakı (Yenikənd kəndindəki) sözügedən ev üzrə quraşdırılmış qaz sayğacında nöqsanlar aşkar olunsa da, həmin yaşayış sahəsinə quraşdırılmış qaz sayğacında yaranmış nöqsana səbəb olan təsirin nədən ibarət olması, habelə baş vermiş halların kimin təqsirindən yaranması barədə hər hansı bir mötəbər sübut və ya sənəd təqdim olunmamış, istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşısa da, qeyd edilən hal ətraflı araşdırılmadan qaz paylayıcısı tərəfindən 30 noyabr 2022-ci il tarixdə müvafiq akt tərtib edilmişdir. Həmin aktda sayğacda nöqsanın olması faktı öz əksini tapmışdır. Bu faktın istisna edilməsinə dair heç bir sübut yoxdur. Lakin, bu fakt istehlakçının günahı kimi qiymətləndirilib onun məsuliyyətinə səbəb ola bilməz. Belə ki, sayğacda yaranmış nöqsanların baş verməsinin birbaşa istehlakçı ilə bağlı olmasına dair sübut olmalıdır. Mövcud vəziyyətdə isə, istehlakçının təqsirli olmasını müəyyən etmək üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edilməsinə, habelə onun qazın talanmasında təqsirli olmasını təsbit edən müvafiq qərarın olmasına dair cavabdeh tərəfindən hər hansı bir sənəd və ya sübut məhkəməyə təqdim edilməmişdir. Qeyd olunan hallar isə nəticə etibarilə iddiaçının təqsirsizliyinə dəlalət edir. Belə olan təqdirdə isə iddiaçının, qaz istehlakçısı olaraq məsuliyyətinin yaranması istisna edilir. Bundan əlavə, Qaydalara əsasən qaz sayğacının mühafizəsini təmin etmək vəzifəsinin cavabdehin üzərinə düşdüyünü və iddiaçının sayğacı kənar təsirlərdən mühafizə etmək öhdəliyi olmadığını nəzərə alınaraq hesab edilməlidir ki, istehlakçıdan sayğacın yararsız vəziyyətə salınması nəticəsində hər hansı məbləğ tələb edilə bilməz.
Məhkəmə xərcləri
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci bəndinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azad edilmişlər. Bu Qanunun 9.1.14-cü bəndinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları dövlət rüsumunun ödənilməsindən azad edilmişlər. Beləliklə məhkəmə hesab edir ki, tərəflər "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci və 9.1.14-cü bəndlərinə əsasən dövlət rüsumu ödəməkdən azad edilmiş şəxslər kateqoriyasından olduqlarından hazırkı iddia tələbi üzrə dövlət rüsumunun ödənilməsi ilə bağlı məsələdə bu hal nəzərə alınmalıdır.
Məhkəmənin gəldiyi nəticə
Məhkəmə toplanmış sübutlara qeyd edilən hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh Xaçmaz X5 İdarəsinin Siyəzən Xidmət Sahəsi tərəfindən 30 noyabr 2022-ci il tarixdə tərtib edilmiş ******* nömrəli akta əsasən hesablanaraq iddiaçının abunə koduna köçürülmüş 1040,30 (bir min qırx manat 30 qəpik) manat borc hesabdan silinməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi: İddia təmin edilsin. Cavabdeh Xaçmaz X5 İdarəsinin Siyəzən Xidmət Sahəsi tərəfindən 30 noyabr 2022-ci il tarixdə tərtib edilmiş ******* nömrəli akta əsasən hesablanaraq iddiaçının abunə koduna köçürülmüş 1040,30 (bir min qırx manat 30 qəpik) manat borc hesabdan silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Günel Quluzadə