Məhkəmə qərarları › İş №2(059)-184/2025

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-184/2025

17.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-184/2025 17.04.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Quluzadə Günel Cəbrayıl qızının sədrliyi, Güliyev Kəbir Seyyar oğlunun katibliyi, Ərizəçi2 iştirakı ilə, Ərizəçi2 maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ərizəçiyə məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İşin halları Vətəndaş Ərizəçi1 mülkiyyətində olan Siyəzən şəhərinin ərazisində yerləşən ümumi sahəsi 0,03 ha olan torpaq sahəsini xüsusi mülkiyyət kimi rəsmişləşdirmək məqsədilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmiş, lakin ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Siyəzən rayon şöbəsi tərəfindən verilmiş 03 may 2006-ci il tarixdə verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 2462F nömrəli, 30501004 kodlu şəhadətnamədə torpağın müşkiyyətçisi kimi qeyd edilən Ərizəçi2 soyadında uyğunsuzluq olduğu və qeyd olunan məsələnin aradan qaldırılmasının məhkəmənin səlahiyyətinə aid olduğu bildirilmişdir. İddia tələbi Ərizəçi X6 “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin Ərizəçi2 məxsus olması faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Siyəzən rayon şöbəsi tərəfindən 03 may 2006-cı il tarixdə verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 2462F nömrəli, 30501004 kodlu şəhadətnamənin Ərizəçi2 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 28 fevral 2025-ci il tarixdə ərizəçi X6 ərizə ilə məhkəməyə müraciət edərək, onun əsl Ərizəçi2 ilə əvəz edilməsini xahiş etmiş, Ərizəçi2 ərizəni imzalamaqla buna etiraz etməmiş, məhkəmənin hazırlıq iclasında əsl olmayan ərizəçi X6 əsl Ərizəçi2 ilə əvəz edilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Siyəzən rayon İcra Hakimiyyəti Başçısının 21 aprel 2006-cı il tarixli, 93 saylı sərəncamına əsasən həyətyanı sahə üçün 0,03 ha torpaq sahəsi onların ailəsinə ayrılaraq mülkiyyətlərinə verilmişdir. Hazırda həmin torpaq sahəsini ailə üzvləri ilə birlikdə idarə etməklə bərabər istifadələrindədir. Bununla belə, həmin torpaq sahəsini hazırda öz adlarına sənədləşdirə bilmirlər. Belə ki, torpağın mülkiyyətə verilməsi haqqında şəhadətnamədə mülkiyyətçi Ərizəçi2 soyadı “Məmmədova” əvəzinə yanlış olaraq “Yəhyayeva” kimi qeyd edilmişdir. Bu səbəbdən də, torpaq sahəsinin tam olaraq kimə məxsus olması müəyyənləşdirilə bilinmir. Bununla əlaqədar olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə ərizə ilə müraciət etsələr də, torpaq sahəsinin mülkiyyətçi Ərizəçi2 məxsus olmasını müəyyənləşdirə bilmədikləri üçün, imtina edərək, aidiyyəti üzrə məhkəməyə müraciət etmələri tövsiyə etmişlər. Odur ki, torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 2462F nömrəli, 30501004 kodlu şəhadətnamənin, həmin şəhadətnamədə 2-ci sırada torpağın mülkiyyətçisi kimi qeyd edilən Ərizəçi2 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Tərəflərin izahatları Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, qeyd edilən təşkilat nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və etməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Bununla da, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında iştirak edən, müdafiə etdiyi ərizəyə əlavə izahatı və dəqiqləşdirmələri olmayan ərizəçi ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

60. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

Mülki Prosessual Məcəllə

119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

305. Məhkəmənin xüsusi icraat qaydasında baxdığı işlər. 305.1.1. hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında.

307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər. 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5. şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının. 307.2.11. qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların.

308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

“Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli qərarı:

1.3.-cü bəndinə əsasən nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. 6-cı bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisihəmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. 6.1. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. 6.3. Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir.

Məhkəmənin mövqeyi

Məhkəmə Ərizəçi2 izahatını iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə ərizə təmin edilməlidir. Belə ki, işdə olan AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 10 oktyabr 1996-cı il tarixdə Dəvəçi rayonunda doğulmuşdur. İşdə olan Dəvəçi rayonu Yenikənd kənd soveti tərəfindən 05 dekabr 1989-cu il tarixdə verilmiş İV-ЖГ seriyalı, 455993 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1 ilə Ərizəçi2 05 dekabr 1989-cu il tarixdə 43 nömrəli akt qeyd ilə nikahlarını bağlanmış, nikah bağlandıqdan sonra ər və arvad öz soyadında qalmışdır. İşdə olan ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Siyəzən rayon şöbəsi tərəfindən 03 may 2006-cı il tarixdə verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 2462F nömrəli, 30501004 kodlu şəhadətnamənin surətindən görünür ki, Siyəzən rayon İcra Hakimiyyəti Başçısının 21 aprel 2006-cı il tarixli, 93 nömrəli sərəncamı ilə 0.03 ha həyətyani torpaq sahəsi Siyəzən şəhərinin ərazisindən Ərizəçi1, X1, X2, X3 və X5 mülkiyyətinə verilmişdir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 12 dekabr 2024-cü il tarixli, 3-21-3-31/2-Y-00xx-xx/2025 nömrəli məktubundan görünür ki, vətəndaş Ərizəçi1 ərizəyə əlavə etdiyi hüquqmüəyyənedici sənədlər ilə şəxsiyyəti təsdiq edən sənədlər arasında uyğunsuzluq müəyyən edildiyindən, müraciətin icrasının təmin edilməsi mümkün olmamış, habelə aidiyyəti üzrə məhkəməyə müraciət etmələri tövsiyə olunmuşdur. İşdə olan 14 yanvar 2025-ci il tarixli qəbzdən görünür ki, Ərizəçi1 məhkəməyə müraciət edərkən 100 (bir yüz) manat dövlət rüsumu ödəmişdir. Məhkəmə qeyd edir ki, işin faktiki hallarından və məhkəməyə təqdim edilmiş sübutlardan da göründüyü kimi Ərizəçi2 məxsus olan bütün sənədlərdə sonuncunun soyadı düzgün olaraq qeyd edilmiş, habelə ona münasibətdə hər hansı bir yanlışlığa yol verilməmişdir. Lakin, torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 2462F nömrəli, 30501004 kodlu şəhadətnamədə 2-ci sırada qeyd edilməli olan mülkiyyətçi, Ərizəçi2 soyadı “Məmmədova” əvəzinə yanlışlıqla “Yəhyayeva” kimi qeyd edilmişdir. Hazırda ərizəçi hüquqmüəyyənedici sənəd hesab olunan torpağın mülkiyyətə verilməsinə dair çıxarış əldə etmək istəsə də, bu hal ona mane olmuş, bununla bağlı ilk öncə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmiş, ona sənədlərdə düzəliş edilməsindən imtina barədə bildiriş təqdim edilmişdir. Odur ki, ərizəçinin yaranmış bu halı, yəni ziddiyyəti aradan qaldırmasının məhkəmədən kənar qaydada mümkün olmadığı müəyyən edilmişdir.

Məhkəmənin gəldiyi nəticə

Beləliklə, məhkəmə hesab edir ki, ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Siyəzən rayon şöbəsi tərəfindən 03 may 2006-cı il tarixdə verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 2462F nömrəli, 30501004 kodlu şəhadətnamənin mülkiyyət hüququ ilə Ərizəçi2 məxsus olması faktı müəyyən edilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 307-308, 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

Ərizə təmin edilsin. Ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Siyəzən rayon şöbəsi tərəfindən 03 may 2006-cı il tarixdə verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 2462F nömrəli, 30501004 kodlu şəhadətnamənin mülkiyyət hüququ ilə Ərizəçi2 məxsus olması faktı müəyyən edilsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Günel Quluzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar