Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-187/2023 10.04.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakları ilə ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 “torpağa mülkiyyət hüququna dair dövlət aktının digər mülkiyyətçilərlə birlikdə onlara məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə 10 aprel 2023-cü il tarixdə, Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 “torpağa mülkiyyət hüququna dair dövlət aktının digər mülkiyyətçilərlə birlikdə onlara məxsus olması faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, ləğv edilmiş Azərbaycan Respublikası DT və XK-nin Siyəzən rayon şöbəsi tərəfindən 14 iyul 1998-ci il tarixdə verilmiş torpağa mülkiyyət hüququna dair JN seriyalı, 0008 nömrəli, 30505018 kodlu dövlət aktının həmin aktda göstərilən digər mülkiyyətçilərlə yanaşı, ümumi birgə mülkiyyət hüququ ilə ərizəçilərə məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə ərizəçilər tərəfindən ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, ölkədə keçirilmiş torpaq islahatları ilə əlaqədar Siyəzən rayonu Aqrar İslahat Komissiyasının 23 fevral 1998-ci il tarixli, 37-İİİ nömrəli qərarı ilə Siyəzən rayonu Yenikənd kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün 4,89 ha torpaq sahəsi mülkiyyətlərinə verilmişdir. Qeyd olunan dövlət aktında 3-cü sırada Ərizəçi1 adı “Marif” əvəzinə Malik kimi, 4-cü sırada Ərizəçi2 ata adı yanlışlıqla “Əmkişi” kimi, 5-ci sırada Ərizəçi3 soyadı “Əkbərova” əvəzinə yanlışlıqla qızlıq soyadı olan “Məmmədova” kimi qeyd edilmişdir. Bu aktda olan yanlışlığın aradan qaldırılması üçün Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət zamanı onlara məhkəməyə müraciət etmələri tövsiyə olunmuşdur. Dövlət aktını verən DT və XK Siyəzən rayon şöbəsinin fəaliyyətinə xitam verildiyindən baş vermiş uyğunsuzluğu başqa qaydada aradan qaldırmaq mümkün deyildir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Odur ki, ərizəçilər tərəfindən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən, müdafiə etdikləri ərizələrinə əlavə izahatları və dəqiqləşdirmələri olmayan ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Digər Ərizəçi3 və maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, Ərizəçi3 və maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə Ərizəçi3 və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə, ərizəni nəzərə almaqla, ərizəçiləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Siyəzən rayonu Həmyə kənd soveti tərəfindən 20 oktyabr 1957-ci il tarixdə verilmiş İ-ИE seriyalı, 233988 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası X8, anası X6 olan Ərizəçi1 xx xxxxxx 1957-ci il tarixdə Siyəzən şəhəri, Həmyə sovetliyinin Gil-Gilçay stansiyasında doğulmuşdur. İşdə olan Siyəzən rayon VVADQ şöbəsi tərəfindən 04 sentyabr 2002-ci il tarixdə verilmiş İİ-AZ seriyalı, 012251 nömrəli nikah bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə X10 həmin tarixdə nikahlarını bağlamış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 133 nömrəli qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ər öz soyadında qalmış, arvada isə “Əkbərova” soyadı verilmişdir. İşdə olan ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Siyəzən rayon şöbəsi tərəfindən 14 iyul 1998-ci il tarixdə verilmiş torpağa mülkiyyət hüququna dair JN seriyalı, 0008 nömrəli, 30505018 kodlu dövlət aktının surətindən görünür ki, Siyəzən rayonu Aqrar İslahat Komissiyasının 23 fevral 1998-ci il tarixli, 37-İİİ nömrəli qərarına əsasən, Siyəzən rayonu ərazisindən 4,89 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X2, X1, X7, Ərizəçi2 Əmkişi qızının, X3, X4 və X5 mülkiyyətinə verilmişdir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 10 yanvar 2023-cü il tarixli, 3-21-3-31/2-57/2023 nömrəli məktubdan görünür ki, torpağa mülkiyyət hüququna dair JN seriyalı, 0008 nömrəli, 30505018 kodlu dövlət aktının şəxsə məxsus olması faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət olunması tövsiyə edilmişdir. İşdə olan 06 fevral 2023-cü il tarixli qəbzdən görünür ki, Ərizəçi1 məhkəməyə müraciət edərkən 100 (bir yüz) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Bu Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Adı qeyd edilən Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. İşin faktiki hallarından və məhkəməyə təqdim edilmiş sübutlardan da göründüyü kimi ərizəçilər Ərizəçi1 və Ərizəçi2 məxsus olan bütün sənədlərdə onların ad və ata adları düzgün qeyd edilmişdir. Lakin, torpağa mülkiyyət hüququna dair JN seriyalı, 0008 nömrəli, 30505018 kodlu dövlət aktında 3-cü sırada qeyd edilməli olan ərizəçinin adı “Marif” əvəzinə yanlışlıqla “Malik” kimi, 4-cü sırada qeyd edilməli olan ərizəçinin ata adı “Əmikişi” əvəzinə yanlışlıqla “Əmkişi” kimi qeyd edilmiş, nəticədə, bu hallar ərizəçilərin gələcəkdə yarana biləcək hüquqlarının pozulmasını istisna etmir. Ərizəçilərin yaranmış bu halı, yəni ziddiyyətləri aradan qaldırmaları başqa qaydada mümkün deyildir, ona görə də bu faktın müəyyən edilməsi məhkəmə qaydasında olmalıdır. Eyni zamanda, məhkəmə digər Ərizəçi3 münasibətdə qeyd edir ki, sonuncunun qanunla qorunan hüquq və maraqlarının pozulmasından söhbət gedə bilməz. Çünki, torpağa mülkiyyət hüququna dair dövlət aktında Ərizəçi3 münasibətdə torpağa dair sözügedən sənədlərdə hər hansı bir yanlışlıq müəyyən edilməmişdir. Belə ki, 14 iyul 1998ci il tarixdə verilmiş torpağa mülkiyyət hüququna dair JN seriyalı, 0008 nömrəli, 30505018 kodlu dövlət aktı verilərkən, Ərizəçi3 soyadı düzgün olaraq, “Məmmədova” kimi qeyd edilmişdir. Bununla da, məhkəmə belə qənaətə gəlir ki, ərizənin mövcud vəziyyətdə qanunla qorunan hüquqları, eləcə də maraqları pozulmamış Ərizəçi3 münasibətdə təmin edilməsi istisna edilir. Beləliklə, məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməli, ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Siyəzən rayon şöbəsi tərəfindən 14 iyul 1998-ci il tarixdə verilmiş torpağa mülkiyyət hüququna dair JN seriyalı, 0008 nömrəli, 30505018 kodlu dövlət aktının ümumi birgə mülkiyyət hüququ ilə ərizəçilər Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktı müəyyən edilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi1 aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 307-308,311-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə qismən təmin edilsin. Ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Siyəzən rayon şöbəsi tərəfindən 14 iyul 1998-ci il tarixdə verilmiş torpağa mülkiyyət hüququna dair JN seriyalı, 0008 nömrəli, 30505018 kodlu dövlət aktının ümumi birgə mülkiyyət hüququ ilə ərizəçilər Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktı müəyyən edilsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi1 aid edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-187/2023
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-187/2023
10.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver