Məhkəmə qərarları › İş №2(059)-209/2021

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-209/2021

17.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-209/2021 17.05.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən kommunal xidmətlərə görə yaranmış 268,30 manat borcun, 250 manat kirayə haqqının, 200 manat əldən çıxmış faydanın, məhkəmə xidmətlərinə görə 300 manat pulun və 30 manat dövlət rüsumunun, cəmi 1048,30 manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, o, Siyəzən şəhəri, H.Aslanov küçəsində yerləşən 41 nömrəli fərdi yaşayış evini müvəqqəti yaşamaq məqsədilə qohumu vasitəsilə tanış olduğu, özlərini ər-arvad kimi təqdim edən cavabdehlərə vermiş, 11 sentyabr 2019-cu il tarixdə onunla Cavabdeh2 arasında mülkiyyətindəki mənzilin kirayəyə verilməsi haqqında müddətsiz sadə yazılı formada müqavilə bağlanmışdır. Müqavilənin müddətsiz bağlanmasının səbəbi cavabdehlərin onun evində qalacağı müddətin əvvəlcədən dəqiq bilinməməsi olmuşdur. Müqavilədə aylıq kirayə haqqını qeyd etməsələr də, bu barədə aralarında əldə edilmiş şifahi razılığa əsasən cavabdehlər tərəfindən ona əvvəlcə 50 manat ödənilməli, hamam təmir edildikdən sonra isə bu məbləğ 60-70 manat təşkil etməli olmuşdur. Lakin, cavabdehlər ona kirayə haqqından əvvəllər ödəniş etsələr də, mövcud pandemiya vəziyyəti ilə əlaqədar son vaxtlar ödəniş etməmiş, buna görə də o, cavabdehlərə ödəniş üçün 6 (altı) ayadək möhlət vermişdir. Bundan əlavə, müqaviləyə əsasən bütün kommunal xidmətlər cavabdehlər tərəfindən ödənilməli idi. Belə ki, o, işlərinin çoxluğu ilə əlaqədar evinə gəlib-gedərək ora nəzarət edə bilməmişdir. Həmçinin, 2019-cu ilin oktyabr ayında ikinci dəfə ali təhsil almaq məqsədi ilə Rusiya Federasiyasına getmiş, yalnız oradan qayıtdıqdan sonra kirayə verdiyi evinə getmişdir. Bu zaman orada bəzi əşyalarının olmadığını gördükdə bununla bağlı cavabdehlərə öz iradını bildirmiş, sonuncular isə ona məsələni dərinləşdirməməyi, həmin əşyaları yerinə qaytarıb qoyacaqlarını qeyd etmişlər. Belə ki, o, cavabdehlərə evinin yalnız iki otağını vermiş, qalan bir otağa isə öz əşlayarını yığaraq qapını kilidlə bağlamışdır. Lakin, həmin otağın qapısının kilidi qırılmış və əşyaları oğurlanmışdır. Yenidən işlərinin çox olması və pandemiya ilə əlaqədar olaraq, evinə gedib nəzarət edə bilməmişdir. Bundan bir müddət keçdikdən sonra cavabdehlərin yaşadıqları müddət ərzində kommunal xərcləri də, ödəmədiklərini öyrənmişdir. Bununla bağlı cavabdehlərdən beş aylıq kirayə haqqını və kommunal xidmətlərə görə yaranmış borclarını təcili ödəməyi tələb etsə də, sonuncular borclarını tezliklə ödəməyə vəd vermişlər. Buna baxmayaraq, cavabdehlər verdikləri sözə əməl etməyib, evdən bəzi əşyaları da, götürərək 29 noyabr 2020-ci il tarixdə (sonuncu iltizam alındıqdan 10 gün sonra) oranı tərk etmiş, habelə o, Cavabdeh2 evin açarlarını təhvil almışdır. Cavabdehlərin etdiyi bu əməllərə görə evin kommunal xidmətləri kəsildiyindən o, evini kirayə verə bilmir. Bu səbəbdən də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bundan başqa, o, əldən çıxmış fayda dedikdə, cavabdehlərin kommunal ödənişləri ödəmədiyi üçün 5 ay (2020-ci ilin noyabr-2021-ci ilin mart ayları) ərzində evi kirayəyə verə bilmədiyinə görə itirmiş olduğu gəlirləri nəzərdə tutur. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh2 məlum olan axırıncı yaşayış yerinə məhkəmə iclasının yeri və vaxtı barəsində qanunla nəzərdə tutulmuş qaydada bildiriş vərəqələri göndərilmiş, lakin o, həmin ünvanda yaşamadığına görə bildiriş vərəqələrini təqdim etmək mümkün olmamış və bu barədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyat aparılmış məhkəmə bildirişi məhkəməyə daxil olmuşdur. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 147, 185.5-ci maddələrinə əsasən işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Siyəzən şəhəri, H.Aslanov küçəsində yerləşən 0,02 ha torpaq sahəsinin üzərindəki ümumi sahəsi 79,8 kv.m, yaşayış sahəsi 34,1 kv.m, yardımçı sahəsi 42,7 kv.m olan, bir mərtəbəli, 2 otaqlı 41 saylı fərdi yaşayış evi mülkiyyət hüququ üzrə İddiaçı adına 24 avqust 2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 186 nömrəli vərəqində ********** nömrə ilə qeydiyyata alınmışdır. İşdə olan İddiaçıla Cavabdeh2 arasında 11 sentyabr 2019-cu il tarixdə bağlanmış mənzillərin, evlərin (bağların) müvəqqəti istifadəyə verilməsi müqaviləsinə (kirayə müqaviləsinə) əsasən İddiaçı Siyəzən şəhəri, H.Aslanov küçəsində yerləşən 41 saylı fərdi yaşayış evini Cavabdeh2 müddətsiz kirayəyə vermişdir. Eyni zamanda, müqavilənin 12-ci bəndindən görünür ki, kommunal xidmətlərdən (elektrik, qaz, su, istilik, kanalizasiya və telefon abunə) istifadə edilməsinə görə haqlar, habelə şəhərlərarası və ödənişli telefon danışıqları haqqı, o cümlədən əlavə vergi haqları kirayəçi(lər) tərəfindən ödənilir. İşdə olan sənədlərdən, o cümlədən bildirişdən (xəbərdarlıqdan), abonent kartından, abonentin saldosundan, eləcə də abunə haqqında geniş bildiriş vərəqəsindən görünür ki, cavabdehlər Siyəzən şəhəri, H.Aslanov küçəsində yerləşən 41 saylı fərdi yaşayış evindən 11 sentyabr 2019-cu il tarixdən 19 noyabr 2020-ci il tarixədək müvəqqəti istifadə etdikləri müddət ərzində fərdi yaşayış evi üzrə 266 manat dəyərində kommunal xidmətlərdən istifadə etmələrinə baxmayaraq, həmin borc ödənilməmişdir. İşdə olan 09 noyabr 2020-ci il tarixdə Cavabdeh2 tərəfindən tərtib edilmiş iltizamdan görünür ki, o, iddiaçıya mülkiyyətindəki Siyəzən şəhəri, H.Aslanov küçəsində yerləşən 41 saylı fərdi yaşayış evində kirayə yaşadığı 11 sentyabr 2019-cu il tarixdən 09 noyabr 2020ci il tarixədək olan müddətdə kommunal xərclərə görə 255 manat, kirayə haqqına görə isə 250 manat borcunun olduğunu etiraf etmiş və bu borcları ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan 19 noyabr 2020-ci il tarixdə Cavabdeh1 tərəfindən tərtib edilmiş iltizamdan görünür ki, o, iddiaçıya mülkiyyətindəki Siyəzən şəhəri, H.Aslanov küçəsində yerləşən 41 saylı fərdi yaşayış evində kirayə yaşadığı 11 sentyabr 2019-cu il tarixdən 19 noyabr 2020ci il tarixədək olan müddətdə kommunal xərclərə görə 266 manat, kirayə haqqına görə isə 250 manat borcunun olduğunu etiraf etmiş və bu borcları ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan 02 mart 2021-ci il tarixli dövlət rüsumunun ödənilməsi dair qəbzdən görünür ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərkən 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər 11 sentyabr 2019-cu il tarixdə aralarında razılığa gəlməklə, o cümlədən bu barədə müqavilə imzalayaraq kirayə hüquq münasibətinin iştirakçısına çevrilmiş, habelə iddiaçı mülkiyyətindəki Siyəzən şəhəri, H.Aslanov küçəsində yerləşən 41 saylı fərdi yaşayış evinin 2 otağını aylıq 50 manat haqq müqabilində cavabdehlərin müvəqqəti istifadəsinə vermiş, onların mənzil, yaşayış ehtiyaclarını təmin etmişdir. Bundan sonra, kirayə hüquq münasibətinin iştirakçısı olan cavabdehlər 11 sentyabr 2019-cu il tarixdən 19 noyabr 2020-ci il tarixədək iddiaçının mülkiyyətindəki fərdi yaşayış evindən müvəqqəti istifadə etsələr də, orada yaşadıqları müddətdə, kirayə haqqının lazımi qaydada ödənilməsini təmin etməməklə, yanaşı fərdi yaşayış evinin istismarı üçün zəruri olan xərcləri (kommunal) ödəməmiş, kirayə hüquq münasibətindən irəli gələn öhdəliklərin, eləcə də mülki qanunvericiliyin tələblərini pozmuşlar. Belə ki, cavabdehlər iddiaçının evində yaşadıqları ötən müddət ərzində ödənişləri tam şəkildə yerinə yetirməmiş, nəticədə kirayə haqqı üzrə 250 manat, kommunal xərclərə görə isə 266 manat borcları yaranmışdır. Qeyd olunan bu borc məbləğləri cavabdehlər tərəfindən 09, 19 noyabr 2020-ci il tarixlərdə tərtib edilmiş iltizamlarla etiraf edilmişdir. Bundan əlavə, yaranmış borcların ödənilməsi ilə bağlı iddiaçı tərəfindən cavabdehlərə dəfələrlə müraciətlər (xəbərdarlıqlar) edilsə də, bunun nəticəsi olmamışdır. Hazırda cavabdehlərin iddiaçıya kirayə haqqı üzrə 250 manat, eləcə də kommunal xərclərə görə 266 manat məbləğində borcları vardır. Cavabdehlərin həmin məbləğləri ödəməməsi səbəbindən iddiaçının hüquqları pozulmuş və onun tələb etmə hüququ yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Bu Məcəllənin 405-ci maddəsinin İ və İİ hissəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Bu Məcəllənin 324-cü maddəsinin İ və İİ hissələrinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 329-cu maddəsinin İİ və İİİ hissələrinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Qeyd olunan Məcəllənin 680-ci maddəsinin İ hissəsinin İ və İİ bəndlərinə əsasən kirayəyə verən kirayəyə verilmiş əşyanın saxlanması və ya bərpası üçün kirayəçinin çəkdiyi zəruri xərclərin əvəzini ona ödəməyə borcludur. Binaların, qurğuların və ya nəqliyyat vasitələrinin kirayəsi halında - istismar, qulluq və təmizləmə xərcləri, heyvanın kirayəyə verildiyi halda - qulluq və bəsləmə xərcləri əvəzi ödənilən xərclərə aid deyildir. Bu Məcəllənin 684-cü maddəsinə əsasən əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. Kirayəçi ona mənsub istifadə hüququnu hər hansı fərdi səbəblərə görə həyata keçirə bilmədiyinə görə əmlak kirayəsi haqqını ödəməkdən azad edilmir. Lakin kirayəyə verən kirayəyə verilmiş əşyadan istifadə zamanı qənaət edilmiş məsrəflərin hesabı, habelə əşyadan başqa şəkildə istifadə etsəydi, əldə edə biləcəyi faydaların hesabı ilə razılaşmalıdır. Sözügedən Məcəllənin 686-cı maddəsinə əsasən əgər tərəflərdən biri öhdəliklərini öz təqsiri üzündən o dərəcədə pozursa ki, otaqların kirayəsi müqaviləsi üzrə hüquq münasibətlərinin davam etdirilməsi digər tərəf üçün yolverilməz olur, onda hüquq münasibətləri xəbərdarlıq müddəti gözlənilmədən ləğv edilə bilər. Tərəflərin bu maddənin göstərişlərinə zidd olan razılaşmasının qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Bu Məcəllənin 136.4-cü maddəsinə əsasən kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. Bununla da, məhkəmə hesab edir ki, cavabdehlər kirayə hüquq münasibətinin iştirakçısına çevrilməklə, o cümlədən Cavabdeh2 öz riski ilə kirayə müqaviləsi bağladığından bu münasibət üzrə yaranmış öhdəliklərə görə məsuliyyət daşıyırlar. Bundan əlavə, iddiaçının mülkiyyətindəki fərdi yaşayış evindən gəlir əldə etmək məqsədilə tamamilə və ya qismən istifadə etməsi ilə bu niyyətin gerçəkləşməsi ehtimalının olması istisna edilmir. Lakin, iddia tələbinin "200 (iki yüz) manat əldən çıxmış faydanın iddiaçının xeyrinə tutulması" hissəsi hazırkı əsaslarla əsaslı hesab edilə və təmin edilə bilməz. Belə ki, iddiaçı 2020-ci il noyabr ayından 05 mart 2021-ci il tarixədək əldən çıxmış faydanın əldə edilməsi üçün görmüş olduğu tədbirlər barədə hər hansı bir sübut təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin İ və İİ hissələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Bu Məcəllənin 443-cü maddəsinin İV hissəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə toplanmış sübutlara qeyd edilən hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı xeyrinə 266 manat kommunal borcu və 250 manat kirayə haqqı olmaqla, cəmi 516 manat pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 72%-i, yəni 21,60 manatı tutulmalıdır. Eyni zamanda, məhkəmə iddia tələbinin “məhkəmə xidmətlərinə görə 300 manat pulun cavabdehlərdən iddiaçının xeyrinə tutulması” hissəsinə münasibət bildirərək hesab edir ki, iddia tələbi bu hissədə sübutlarla, o cümlədən qəbzlərlə və ya digər mötəbər maliyyə sənədləri ilə təsdiq edilmədiyindən əsaslı sayılmamalı və təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı xeyrinə 266 manat kommunal borcu və 250 manat kirayə haqqı olmaqla, cəmi 516 (beş yüz on altı) manat pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 72%-i, yəni 21,60 (iyirmi bir manat 60 qəpik) manatı tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar