Məhkəmə qərarları › İş №2(059)-211/2024

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-211/2024

15.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-211/2024 15.04.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, Ərizəçi2, ərizəçi, eləcə də digər ərizəçilərin nümayəndəsi Ərizəçi1 iştirakları ilə ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 “torpağa mülkiyyət hüququna dair dövlət aktında yol verilmiş yanlışlığın aradan qaldırılması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 “torpağa mülkiyyət hüququna dair dövlət aktında yol verilmiş yanlışlığın aradan qaldırılması faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, ləğv edilmiş Azərbaycan Respublikası DT və XK-i Siyəzən rayon torpaq şöbəsi tərəfindən 24 sentyabr 1998-ci il tarixdə verilmiş torpağa mülkiyyət hüququna dair JN seriyalı, 0039 nömrəli, 30505028 kodlu dövlət aktında torpağın ümumi birgə mülkiyyətçisi kimi İİİ sırada qeyd edilən X3 adının “Fərid” olmaqla, “Ərizəçi2” kimi, İV sırada qeyd edilən X2 adının “Ələmdar” olmaqla “Ərizəçi3” kimi, V sırada qeyd edilən X4 adının “Rəşid” olmaqla “Ərizəçi4” kimi oxunması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə ərizəçilər tərəfindən ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, Siyəzən rayon Aqrar İslahat Komissiyasının 24 dekabr 1997-ci il tarixli, 32-İİ saylı qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı üçün 8,73 ha torpaq sahəsi Ərizəçi1, X1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 ümumi birgə mülkiyyətinə verilmişdir. Torpaq payının mülkiyyətçilər arasında bölünməsi, habelə dövlət qeydiyyatına alınması məqsədilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət edilərkən sözügedən dövlət aktında torpağın mülkiyyətçisi kimi İİİ sırada qeyd edilməli olan Ərizəçi2 adı yanlışlıqla “Fərrux” kimi, İV sırada qeyd edilməli olan Ərizəçi3 adı yanlışlıqla “Əlmurad” kimi, V sırada qeyd edilməli olan Ərizəçi4 adı yanlışlıqla “Rəşad” kimi, qeyd edildiyi məlum olmuşdur. Beləliklə, dövlət aktında olan səhvlərə görə torpaq payı üzərində mülkiyyət hüquqları məhdudlaşmışdır. Bu yanlışlığın düzəldilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciətlərinə müsbət cavab verilməyərək, onlara məhkəməyə müraciət etmələri tövsiyə olunmuşdur. Odur ki, ərizəçilər tərəfindən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən, müdafiə etdikləri ərizəyə əlavə izahatı və dəqiqləşdirmələri olmayan Ərizəçi2 və ərizəçi, eləcə də digər ərizəçilərin nümayəndəsi Ərizəçi1 ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Maraqlı şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi və bu İdarənin Siyəzən rayon şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, qeyd edilən təşkilatlar nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmiş və etməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Bununla da, məhkəmə işə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən maraqlı şəxslərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün saydı. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, Siyəzən RİH-nin Yenikənd İƏV üzrə nümayəndəliyi tərəfindən 04 sentyabr 1993-cü il tarixdə verilmiş XVİİ-ЖГ seriyalı, 342463 nömrəli, 10 avqust 1995-ci il tarixdə verilmiş XİX-ЖГ seriyalı, 359401 nömrəli, 18 mart 1997-ci il tarixdə verilmiş XX-ЖГ seriyalı, 283777 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, müvafiq olaraq atası Ərizəçi1, anası X5 olan Ərizəçi2 xx xxxx 1993-cü il tarixdə, Ərizəçi3 xx xxxxxx 1995-ci il tarixdə, Ərizəçi4 isə xx xxxxxx 1996-cı il tarixdə Siyəzən rayonunun Tağay kəndində doğulmuşlar. İşdə olan torpağa mülkiyyət hüququna dair JN seriyalı, 0039 nömrəli, 30505028 kodlu dövlət aktının surətindən görünür ki, Siyəzən rayonu Aqrar İslahat Komissiyasının 24 dekabr 1997-ci il tarixli, 32-İİ nömrəli qərarı ilə 8,73 ha torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı üçün Ərizəçi1, X1, X3, X2 və X4 mülkiyyətinə verilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 10 yanvar 2023-cü il tarixli, 3-21-3-31/2- 56/2023 nömrəli məktubundan görünür ki, torpağa mülkiyyət hüququna dair JN seriyalı, 0039 nömrəli, 30505028 kodlu dövlət aktının şəxsə məxsus olması faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət olunması tövsiyə edilir. İşdə olan 06 fevral 2024-cü il tarixli qəbzdən görünür ki, Ərizəçi1 məhkəməyə müraciət edərkən 100 (bir yüz) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Bu Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Adı qeyd edilən Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. İşin faktiki hallarından və məhkəməyə təqdim edilmiş sübutlardan da göründüyü kimi Ərizəçi1 istisna olmaqla, digər ərizəçilərə məxsus olan bütün sənədlərdə onların adı düzgün qeyd edilmişdir. Lakin, torpağa mülkiyyət hüququna dair JN seriyalı, 0039 nömrəli, 30505028 kodlu dövlət aktında İİİ sırada qeyd edilməli olan Ərizəçi2 adı “Fərid” əvəzinə yanlışlıqla “Fərrux” kimi, İV sırada qeyd edilməli olan Ərizəçi3 adı “Ələmdar” əvəzinə yanlışlıqla “Əlmurad” kimi, V sırada qeyd edilməli olan Ərizəçi4 adı “Rəşid” əvəzinə yanlışlıqla “Rəşad” kimi, qeyd edilmiş, nəticədə bu hallar ərizəçilərin mülkiyyətlə əlaqədar yarana biləcək hüquqlarına maneə yaratmışdır. Həmin ərizəçilərin yaranmış bu halları, yəni ziddiyyətləri aradan qaldırmaları başqa qaydada mümkün deyildir, ona görə də bu faktın müəyyən edilməsi məhkəmə qaydasında olmalıdır. Bundan əlavə, məhkəmə digər Ərizəçi1 münasibətdə qeyd edir ki, sonuncunun qanunla qorunan hüquq və maraqlarının pozulmasından söhbət gedə bilməz. Çünki, Ərizəçi1 münasibətdə torpağa dair sözügedən sənəddə hər hansı bir yanlışlıq müəyyən edilməmiş, habelə 24 sentyabr 1998-ci il tarixdə verilmiş torpağa mülkiyyət hüququna dair JN seriyalı, 0039 nömrəli, 30505028 kodlu dövlət aktında sonuncunun adı, soyadı və ata adı düzgün olaraq, “Ərizəçi1” kimi qeyd edilmişdir. Bununla da, məhkəmə belə qənaətə gəlir ki, ərizənin mövcud vəziyyətdə qanunla qorunan hüquqları, eləcə də maraqları pozulmamış Ərizəçi1 münasibətdə təmin edilməsi istisna edilir. Beləliklə, məhkəmə hesab edir ki, ləğv edilmiş Azərbaycan Respublikası DT və XK-i Siyəzən rayon torpaq şöbəsi tərəfindən 24 sentyabr 1998-ci il tarixdə verilmiş torpağa mülkiyyət hüququna dair JN seriyalı, 0039 nömrəli, 30505028 kodlu dövlət aktında İİİ sırada qeyd edilən X3 adının “Fərid” olmaqla, “Ərizəçi2” kimi, İV sırada qeyd edilən X2 adının “Ələmdar” olmaqla “Ərizəçi3” kimi, V sırada qeyd edilən X4 adının “Rəşid” olmaqla “Ərizəçi4” kimi oxunması faktı müəyyən edilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi1 aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 307-308,311-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə qismən təmin edilsin. Ləğv edilmiş Azərbaycan Respublikası DT və XK-i Siyəzən rayon torpaq şöbəsi tərəfindən 24 sentyabr 1998-ci il tarixdə verilmiş torpağa mülkiyyət hüququna dair JN seriyalı, 0039 nömrəli, 30505028 kodlu dövlət aktında İİİ sırada qeyd edilən X3 adının “Fərid” olmaqla, “Ərizəçi2” kimi, İV sırada qeyd edilən X2 adının “Ələmdar” olmaqla “Ərizəçi3” kimi, V sırada qeyd edilən X4 adının “Rəşid” olmaqla “Ərizəçi4” kimi oxunması faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi1 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar