Məhkəmə qərarları › İş №2(059)-220/2023

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-220/2023

22.05.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-220/2023 22.05.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “aktın etibarsız hesab edilərək ləğv edilməsi, bu akta əsasən hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “aktın etibarsız hesab edilərək ləğv edilməsi, bu akta əsasən hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Azəriqaz” X1 X4 İdarəsinin Siyəzən Xidmət Sahəsi tərəfindən tərtib edilmiş, 27 may 2021-ci il tarixli, ******* nömrəli aktın etibarsız hesab edilməklə, ləğv edilməsi, qanunsuz akt əsasında 2160 həcmində itirilmiş qazın bərpası üçün hesablanmış 216 manat borcun abonent hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən, müdafiə etdiyi iddia ərizəsinə əlavə izahatı və dəqiqləşdirməsi olmayan İddiaçı iddia ərizəsində göstərilən tələbini onunla əsaslandırmışdır ki, “Azəriqaz “X2 RQİİ-nin Siyəzən Xidmət Sahəsi işçiləri tərəfindən ona məxsus qaz sayğacı dövrü istismar müddətinin bitməsi səbəbi ilə 08 oktyabr 2020-ci il tarixdə yenisi ilə əvəz edilərək, dövlət yoxlamasına göndərilmiş, habelə 08 oktyabr 2020-ci il tarixli, ******* nömrəli müvafiq akt tərtib olunmuşdur. Bundan sonra, “Metrologiya Departamenti Sayğacların müayinəsi laboratoriyasının 25 may 2021-ci il tarixli, 29/1710- 021339-1 nömrəli aktına əsasən tərtib edilmiş tələbnamədə “G4 markalı, ******* saylı sayğaca ümumi baxış keçirildi. Sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izləri var. Təbii qaz itkisi yaranmışdır” məzmununda nöqsan aşkar edildiyi qeyd edilmişdir. Bundan əlavə, 27 may 2021-ci il tarixli, ******* nömrəli akta əsasən 2160 həcmində dəymiş ziyan hesablanmaqla, ödəməsi üçün abonent hesabına 216 manat məbləği əlavə edilməklə, hazırda ondan ödəməsi tələb edilir. Bununla belə, sözügedən qaz sayğacının ’’dövrü istismar müddəti bitmiş” hesab edilməklə, dövlət yoxlamasına göndərilməsi əsassız olmaqla, qanuna zidd olmuşdur. Belə ki, qeyd olunan qaz sayğacı heç bir zərurət olmadan xətdən açılaraq, dövlət yoxlamasına göndərilmişdir. Çünki, sayğacın hesablayıcı mexanizminə, hesablayıcı mexanizminin və birləşmələrinin plomblarına müdaxilə olunduqda, sayğac düzgün işləmədikdə (sayğacdan qaz keçmədikdə, aşağı sərfıyyatı qeyd etmədikdə, hesablama mexanizmi dayandıqda, elektron hissəsi işləmədikdə, işlək vəziyyətdə müəyyən səslər gəldikdə), mənzil daxilində və ya həyətlərdə quraşdırılmış sayğaclar kənara çıxarıldıqda, yeni müasir tipli sayğaclarla əvəz edildikdə, sayğac faktiki sərfiyata uyğun olmadıqda, sayğacın növbəti dövlət yoxlamasının vaxtı çatdıqda və sayğacın birləşməsində sızma aşkar olunduqda qaz sayğacları növbədənkənar dövlət yoxlamasına göndərilir. Lakin, qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında müvafiq aktdan da, çıxarılmış sayğac yuxarıda qeyd edilən əsasların heç birinin tələbi altına düşmədiyi müəyyən olunur, həmçinin həmin akt da sayğaca hər hansı müdaxilənin olması qeyd olunmamışdır. Beləliklə, qaz sayğacı dəyişdirilən zaman sayğaca müdaxilə, yerində müəyyən olunmadığından qaz sayğacı dövlət yoxlanmasına göndərilməsi qanunsuz olmuşdur. Ona görə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “qazdan istifadə qaydaları”nın 4.4-cü müddəasına görə təbii qazdan istifadə qaydalarının pozulması halları baş verməmişdirsə, “Qaz sayğaclarının dövlət yoxlanılması onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir”. İstehlakçıya məxsus yaşayış sahəsində akt tərtib edilib sayğaca müdaxilə olması göstərilməmişdirsə, sayğacın çıxarılıb növbədən kənar yoxlamaya göndərilməsi qaz sayğaclarının çıxarılması halları və dövlət qeydiyyatına göndərilməsi qaydalarına zidd həyata keçirildiyindən əsassız olmuşdur. Həmçinin, müdaxilə faktı aşkar olunmuş sayğaclara “Azəriqaz” İB-nin nümayəndəsinin iştirakı ilə müvafiq olaraq aktlar (bildirişlər və rəylər) tərtib edilərək, İnformasiya Texnologiyaları və Rabitə İdarəsi tərəfindən 17 iş günü müddətində (sayğacların qəbulundan sonra) “Azəriqaz” İstehsalat Birliyinə təqdim edilməli və ümumiyyətlə sayğaca müdaxilə olub-olmaması 27 gün müddətində müəyyən olunmalıdır. Göründüyü kimi mübahisləndirilən akt 7 aydan sonra tərtib edilmiş və qanunsuz aktın surəti ona təqdim edilmişdir. Bundan əlavə, qaz sayğacı 1 gün ərzində dəyişdirilməsinə baxmayaraq, itirilmiş qaz itkisi 90 gün müddətinə görə hesablanmışdır. Cavabdehin nəzarətçiləri 90 gün ərzində 6 dəfə sayğaca baxmaq imkanları olmuş və sayğacın işlək vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşımışlar. Bundan başqa, “X3 Dair Tələbnamə”nin məzmununa görə qaz sayğacında müəyyən olunan qüsur təbii qaz itkisidir, məntiqlə buradan çıxır ki, təbii qaz itkisinin yaranmasında abonentin heç bir marağı ola bilməzdir. Həmçinin, sözügedən akt onun iştirakı olmadan tərtib edilmişdir. Belə ki, formal olaraq onun soyadının qarşısında “imtina etdi” qeydi qoyulsa da, bütün bu sənədlərin tərtib edilməsindən xəbəri olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “qazdan istifadə qaydalarının 4.8-ci müddəasına görə “fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar”. Habelə, mübahisələndirilən akt Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2003cü il tarixli, 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş, “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair təlimat”ın 77-ci bəndinə əməl edilmədən tərtib edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydalarında qazdan istifadədə pozuntuya yol verilməsini”təsdiq edən aktın tərtib olunmasının xüsusi qaydası müəyyən edilmişdir ki, bu pozuntunun baş verməsi yalnız həmin qaydalara riayət olunmaqla, tərtib edilmiş aktla təsdiq oluna bilər. Başqa qaydada və ya formada tərtib edilmiş hər hansı akt, yaxud sənəddə digər hər hansı pozuntunun olmasını əks etdirən nüanslar varsa, bu zaman onlar sübut kimi qəbul oluna bilməz. Bu tələb Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsindən irəli gəlir. Həmin normaya görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən, müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Mübahisəbndirilən aktda iddiaçı tərəfindən qazdan istifadə zamanı pozuntuya yol verilməsi göstərilməsinə baxmayaraq, həmin akt yuxarıda şərh edilən qanunvericiliyin tələblərinə riayət edilmədən tərtib edildiyindən, qanunu pozmaqla əldə edilmiş sübut kimi iş üzrə hər hansı bir halın təsdiq və ya təkzib edilməsində istifadə edilə bilməz. Həmçinin, tərtib edilən akt, qanunauyğun olsa belə, bu akta əsasən kreditor borcludan hesablanmış məbləği, yəni 216 manatı, Azərbaycan Respublikasının MPM-nin 276.1-ci maddəsinə görə tələb edə bilməzdi. Ona görə ki, kreditorun tələbi özünə görə aşkar olsa da, tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanmır. Həmçinin, “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib edilmiş sözügedən akt əsaslı olsa belə inzibati akt hesab olunmadığından, istehlakçıya münasibətdə heç bir məcburi qaydada hüquq və vəzifələr yaratmaq qüvvəsində olmadığından, bu akta görə hesablanmış 216,00 manat məbləğ abonentdən məcburi qaydada tələb edilə bilməz. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin Birlik nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, təmin etməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Xaçmaz RQİİ-nin Siyəzən xidməti sahəsi məhkəmə vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin, üçüncü şəxs səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş və etməmə səbəbləri barədə məhkəməyə məlumat verilməmiş, buna görə də məhkəmə işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin də iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, 08 oktyabr 2020-ci tarixdə tərtib edilmiş ******* nömrəli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktın surətindən görünür ki, "Azəriqaz" İB Xaçmaz RQİİ Siyəzən Xidmət Sahəsinin nümayəndələri iddiaçının yaşadığı Siyəzən şəhərinin Sabir küçəsindəki 39 saylı fərdi yaşayış evinin G4 markalı, ******* nömrəli sayğacını dövrü istismar müddəti bitdiyi üçün “Zenner” tipli, G4 markalı, **********6 nömrəli sayğacla əvəz etmiş, o cümlədən sayğaca 10577020 plomb nömrəsi vurulmuşdur. İşdə olan "Azəriqaz" İB Xaçmaz RQİİ Siyəzən Xidmət Sahəsinin rəisi Sədaqət Cümşüdova, mühəndisi Əli İlyasov və çilingər Mehman Həsənov tərəfindən İddiaçı yaşadığı Siyəzən şəhərinin Sabir küçəsindəki 39 saylı fərdi yaşayış evi üzrə keçirilmiş yoxlamadan sonra 27 may 2021-ci il tarixdə tərtib edilmiş ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, sayğacın hesablanma mexanizminin qapağının yan tərəfdən əzilməsi, daxili qulaqcıqlarında əzikcızıq izlərinin olması aşkar olunmuşdur. İş materiallarına əlavə edilmiş “Azəriqaz” İB Xaçmaz X4 İdarəsinin 31 may 2021-ci il tarixli X3 dair tələbnamənin, eləcə də abonent saldosunun surətlərindən görünür ki, G4 markalı, ******* nömrəli sayğaca baxış keçirilmiş, nəticədə itirilmiş qazın bərpası üçün qaz sayğacının nominal qaz sərfi 4 , orta günlük iş rejimi 6 saat, hesabat müddəti isə 90 gün qəbul edilməklə, hesabat aparılmış və itirilmiş qaz sərfi cəmi 2160 hesablanaraq, akta əsasən qalıq borc 216 manat müəyyən edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, "Azəriqaz" İB Xaçmaz RQİİ Siyəzən Xidmət Sahəsinin təbii qaz qəbulu və satış xidmətinin əməkdaşları tərəfindən **********00280 abunə kodu olan İddiaçı məxsus Siyəzən şəhərinin Sabir küçəsindəki 39 saylı fərdi yaşayış evinin yenisi ilə əvəz edilmiş köhnə G4 markalı, ******* nömrəli qaz sayğacına keçirilmiş baxış zamanı sayğacın hesablanma mexanizminin qapağının yan tərəfdən əzilməsi, daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olması aşkar edilmiş, bu məqsədlə, 27 may 2021-ci il tarixdə təbii qazdan istifadə qaydalarının pozulması barədə akt tərtib edilsə də, iddiaçı həmin aktı imzalamamışdır. Beləliklə, istehlakçı tərəfindən "Qazdan istifadə Qaydaları"nın pozulması nəticəsində paylayıcıya dəymiş ziyanın həcmi 216 manat məbləğində hesablanmaqla, abonent bazasına işlənilmişdir. İddiaçı, "Azəriqaz" İB-nin Xaçmaz RQİİ Siyəzən Xidmət Sahəsinin təbii qaz qəbulu və satış xidmətinin əməkdaşlarının hərəkətləri ilə hüquqlarının pozulduğunu əsas gətirməklə, hazırkı tələblə istehlakçının yaşayış yeri üzrə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qaz təchizatı haqqında Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Sözügedən Qanunun 21-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Müvafiq icra hakimiyyəti orqanı qanunvericiliklə müəyyən olunmuş hallarda cərimələr tətbiq edə bilər. Bu Qanunun 6-cı maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş Qazdan istifadə qaydalarının 3.2.1 və 3.2.2-ci yarımbəndlərinə əsasən Qazdan istifadə edən istehlakçılar qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməli və qaz qurğularını onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar etməlidir. Bu Qaydaların 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Sözügedən Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Qeyd olunan Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Yenə həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Bu Qaydaların 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Məhkəmə işin faktiki hallarına əsasən belə nəticəyə gəlir ki, iddiaçıya aid Siyəzən şəhərinin Sabir küçəsindəki 39 saylı fərdi yaşayış evi üzrə quraşdırılmış qaz sayğacında nöqsanlar aşkar olunsa da, həmin yaşayış sahəsinin daxilindən kənarda quraşdırılmış qaz sayğacında yaranmış nöqsana səbəb olan təsirin nədən ibarət olması, habelə baş vermiş halların kimin təqsirindən yaranması barədə hər hansı bir mötəbər sübut və ya sənəd təqdim olunmamış, istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşısa da, qeyd edilən hal ətraflı araşdırılmadan qaz paylayıcısı tərəfindən 27 may 2021-ci il tarixdə müvafiq akt tərtib edilmişdir. Həmin aktda sayğacda nöqsanın olması faktı öz əksini tapmışdır. Bu faktın istisna edilməsinə dair heç bir sübut yoxdur. Lakin, bu fakt istehlakçının günahı kimi qiymətləndirilib, onun məsuliyyətinə səbəb ola bilməz. Belə ki, sayğacda yaranmış nöqsanların baş verməsinin birbaşa istehlakçı ilə bağlılığı sübut olunmalıdır. Qeyd olunan hallar isə nəticə etibarilə iddiaçının təqsirsizliyinə dəlalət edir. Belə olan təqdirdə isə iddiaçının, qaz istehlakçısı olaraq məsuliyyətinin yaranması istisna edilir. Azərbaycan Respublikasının MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə toplanmış sübutlara qeyd edilən hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, cavabdeh “Azəriqaz” X1 X4 İdarəsinin Siyəzən Xidmət Sahəsi tərəfindən 27 may 2021-ci il tarixdə tərtib edilmiş ******* nömrəli akta əsasən hesablanaraq iddiaçının abunə koduna köçürülmüş 216 manat borc hesabdan silinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci bəndinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azad edilmişlər. Bu Qanunun 9.1.14-cü bəndinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları dövlət rüsumunun ödənilməsindən azad edilmişlər. Beləliklə məhkəmə hesab edir ki, tərəflər "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci və 9.1.14-cü bəndlərinə əsasən dövlət rüsumu ödəməkdən azad edilmiş şəxslər kateqoriyasından olduqlarından hazırkı iddia tələbi üzrə dövlət rüsumunun ödənilməsi ilə bağlı məsələdə bu hal nəzərə alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 36.9, 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh “Azəriqaz” X1 X4 İdarəsinin Siyəzən Xidmət Sahəsi tərəfindən 27 may 2021-ci il tarixdə tərtib edilmiş ******* nömrəli akta əsasən hesablanaraq iddiaçının abunə koduna köçürülmüş 216 (iki yüz on altı) manat borc hesabdan silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar