Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-225/2022 25.04.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, ərizəçi, eləcə də digər ərizəçinin nümayəndəsi Ərizəçi2 iştirakı ilə ərizəçilər Ərizəçi1 və Ərizəçi2 “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə və torpağa mülkiyyət hüququna dövlət aktında yol verilmiş yanlışlığın aradan qaldırılması və torpaq sənədlərinin Ərizəçi1 məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə və torpağa mülkiyyət hüququna dövlət aktında yol verilmiş yanlışlığın aradan qaldırılması və torpaq sənədlərinin Ərizəçi1 məxsus olması faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 013A nömrəli, 30505028 kodlu şəhadətnamədə və torpağa mülkiyyət hüququna dair JN seriyalı, 0066 nömrəli, 30505028 kodlu dövlət aktında 2-ci sırada torpağın paylı mülkiyyətçisi kimi qeyd edilən Ərizəçi1 Əhməd qızının ata adının “Əmirsahib” olması, bununla da hər iki torpağa mülkiyyət sənədində 2-ci sırada qeyd edilən mülkiyyətçinin Ərizəçi1 olması (oxunması) və torpaq sənədləri 2-ci sırada qeyd edilən mülkiyyətçiyə münasibətdə Ərizəçi1 məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi, eləcə də digər ərizəçinin nümayəndəsi Ərizəçi2 ərizəni müdafiə edərək izahatında bildirdi ki, Siyəzən rayon Aqrar İslahatı Komissiyasının 24 dekabr 1997-ci il tarixli qərarı əsasında kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 8,66 ha, fərdi yaşayış evi və həyətyanı sahə üçün isə 0,22 ha torpaq sahəsi Ərizəçi1, onun, eləcə də digər ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Torpaq paylarının bölünməsi məqsədilə, paylı mülkiyyətçi olaraq, DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin Siyəzən rayon şöbəsinə müraciəti zamanı torpağın mülkiyyət verilməsinə dair şəhadətnamənin və torpağa mülkiyyət hüququna dair dövlət aktının tərtibi zamanı yanlışlığa yol verildiyi, yəni 2-ci sırada qeyd edilən mülkiyyətçinin ata adı “Əmirsahib” əvəzinə yanlışlıqla “Əhməd” kimi qeyd edildiyi müəyyən olunmuşdur. Bu səbəbdən də, hazırda qeyd edilən səbəbdən ümumi birgə mülkiyyətdə onlara çatacaq torpaq payından məhrum olmaqla, bu torpaq payı üzərində mülkiyyət hüquqularını həyata keçirə bilmirlər. Bu yanlışlığın düzəldilməsi üçün Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət edilsə də, müraciətə müsbət cavab verilməmişdir. Odur ki, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DƏDRX-nin 2 saylı Ərazi İdarəsinin Siyəzən rayon şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etməmiş və etməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxslərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün saydı. Məhkəmə ərizəçi, eləcə də digər ərizəçinin nümayəndəsi Ərizəçi2 izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, keçmiş Dəvəçi rayon Yenikənd kənd VVAQ şöbəsi tərəfindən 10 yanvar 1970-ci il tarixdə verilmiş AЗ seriyalı, 088218 nömrəli evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə X1 nikahı 10 yanvar 1970-ci il tarixdə, 01 nömrəli akt qeydi ilə qeydə alınmış, bundan sonra ər öz soyadında qalmış, arvada isə “Şəfiyeva” soyadı verilmişdir. İşdə olan keçmiş Dəvəçi rayon Yenikənd kənd VVAQ şöbəsi tərəfindən 07 dekabr 1974-cü il tarixdə verilmiş İİ-ЖГ seriyalı, 389374 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası X4, anası Ərizəçi1 olan Ərizəçi2 xx xxxxxx 1974-cü il tarixdə keçmiş Dəvəçi rayonu, Tağay kəndində doğulmuşdur. İşdə olan torpağa mülkiyyət hüququna dair JN seriyalı, 0066 nömrəli 30505028 kodlu dövlət aktının və torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 013A nömrəli, 30505028 kodlu şəhadətnamənin surətlərindən görünür ki, Siyəzən rayon Aqrar İslahatı Komissiyasının 24 dekabr 1997-ci il tarixli qərarı ilə müvafiq olaraq, kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 8,66 ha və fərdi yaşayış evi və həyətyanı sahə üçün isə 0,22 ha torpaq sahələri X2, sonuncunun ailə üzvlərinin, o cümlədən Ərizəçi1 Əhməd qızının və Ərizəçi2 mülkiyyətinə verilmişdir. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 21 yanvar 2022-ci il tarixli, **********43 saylı və **********52 saylı məktublarından görünür ki, Ərizəçi2 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin və torpağa mülkiyyət hüququna dair dövlət aktının həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. İş materiallarına əlavə edilmiş 21 fevral 2022-ci il tarixli qəbzdən görünür ki, Ərizəçi2 məhkəməyə müraciət edərkən 100 (bir yüz) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Bu Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Adı qeyd edilən Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. İşin faktiki hallarından və məhkəməyə təqdim edilmiş sübutlardan da göründüyü kimi, Ərizəçi1 məxsus olan bütün sənədlərdə ata adı “Əmirsahib” kimi qeyd edilmişdir. Lakin, torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 013A nömrəli, 30505028 kodlu şəhadətnamədə və torpağa mülkiyyət hüququna dair JN seriyalı, 0066 nömrəli, 30505028 kodlu dövlət aktında 2-ci sırada qeyd edilməli olan Ərizəçi1 əvəzinə yanlış olaraq, Ərizəçi1 Əhməd qızı qeyd edilmiş, nəticədə, bu hal sözügedən ərizəçinin gələcəkdə yarana biləcək hüquqlarının pozulmasını istisna etmir. Ərizəçi1 yaranmış bu halı, yəni ziddiyyəti aradan qaldırması başqa qaydada mümkün deyildir, ona görə də bu faktın müəyyən edilməsi məhkəmə qaydasında olmalıdır. Eyni zamanda, məhkəmə digər Ərizəçi2 münasibətdə qeyd edir ki, sonuncunun qanunla qorunan hüquq və maraqlarının pozulmasından söhbət gedə bilməz. Çünki, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə və torpağa mülkiyyət hüququna dair dövlət aktında məhz Ərizəçi1 ata adı yanlış göstərilmiş, bununla da onun hüquqları pozulmuşdur. Halbuki, Ərizəçi2 münasibətdə torpağa dair sözügedən sənədlərdə hər hansı bir yanlışlıq müəyyən edilməmişdir. Digər tərəfdən Ərizəçi2 ərizəçilər siyahısında qeyd edilsə də, onun özü ilə bağlı məhkəməyə hər hansı bir formada xahişi olmamışdır. Bununla da, məhkəmə belə qənaətə gəlir ki, ərizənin mövcud vəziyyətdə qanunla qorunan hüquqları, eləcə də maraqları pozulmamış Ərizəçi2 münasibətdə təmin edilməsi istina edilir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmaldır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikasının MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Beləliklə, məhkəmə hesab edir ki, torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 013A nömrəli, 30505028 kodlu şəhadətnamədə və torpağa mülkiyyət hüququna dair JN seriyalı, 0066 nömrəli, 30505028 kodlu dövlət aktında 2-ci sırada torpağın mülkiyyətçisinin ailə üzvü kimi qeyd edilən Ərizəçi1 Əhməd qızının ata adının “Əmirsahib” olması (oxunması) və həmin sənədlərdə 2-ci sırada qeyd edilən mülkiyyətçinin Ərizəçi1 olması (oxunması) faktı müəyyən edilməlidir. Həmçinin, məhkəmə ərizənin “torpaq sənədlərinin 2-ci sırada qeyd edilən mülkiyyətçiyə münasibətdə Ərizəçi1 məxsus olması faktının müəyyən edilməsi”nə dair hissəsinə qiymət verərək, qeyd edir ki, bu halın artıq şəhadətnamə, eləcə də dövlət aktı ilə müəyyən edilməsi nəzərə alınmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi2 aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 307-308,311-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə qismən təmin edilsin. Torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 013A nömrəli, 30505028 kodlu şəhadətnamədə və torpağa mülkiyyət hüququna dair JN seriyalı, 0066 nömrəli, 30505028 kodlu dövlət aktında 2-ci sırada torpağın mülkiyyətçisinin ailə üzvü kimi qeyd edilən Ərizəçi1 Əhməd qızının ata adının “Əmirsahib” olması (oxunması) və həmin sənədlərdə 2ci sırada qeyd edilən mülkiyyətçinin Ərizəçi1 olması (oxunması) faktı müəyyən edilsin. Ərizə qalan hissədə, eləcə də Ərizəçi2 münasibətdə təmin edilməsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi2 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-225/2022
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-225/2022
25.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver