Məhkəmə qərarları › İş №2(059)-225/2023

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-225/2023

01.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-225/2023 01.05.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi “torpağa mülkiyyət hüququna dair dövlət aktında yol verilmiş yanlışlığın aradan qaldırılması” barədə ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi “torpağa mülkiyyət hüququna dair dövlət aktında yol verilmiş yanlışlığın aradan qaldırılması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, ləğv edilmiş Azərbaycan Respublikası DT və XK-i Siyəzən rayon torpaq şöbəsi tərəfindən 12 avqust 1998-ci il tarixdə verilmiş JN seriyalı, 0071 nömrəli, 30505018 kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktında torpağın ümumi birgə mülkiyyətçisi kimi İİ sırada qeyd edilən mərhum X2 ata adının “Əhmədağa”, İV sırada qeyd edilən Ərizəçi Mirzəcan qızının ata adının “Faiq” kimi olması (oxunması) faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə ərizəçi tərəfindən ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, Siyəzən rayon Aqrar İslahat Komissiyasının 23 fevral 1998-ci il tarixli, 37-11 nömrəli qərarına əsasən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi üçün cizgidə göstərilən sərhəd daxilində 4,60 ha torpaq sahəsi X6, X4, X7, Ərizəçi, X13, X8 və X9 ümumi birgə mülkiyyətinə verilmişdir. Ümumi birgə mülkiyyətçilərdən X10 13 oktyabr 1999-cu il tarixində vəfat etmişdir. Miras kütləsinə daxil olan torpaq paylarının aidiyyəti vərəsələr arasında bölünməsi məqsədi ilə notariat əməliyyatların aparılması üçün müvafiq quruma, eləcə də dövlət qeydiyyatına alınması məqsədilə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı Ərazi İdarəsinə etdiyi müraciəti zamanı sözügedən dövlət aktında torpağın mülkiyyətçisi kimi İİ sırada qeyd edilən X3 ata adı “Əhmədağa” olduğu halda yanlış olaraq, “Mirzəcan”, İV sırada qeyd edilən Ərizəçi ata adının “Faiq” olduğu halda yanlış olaraq “Mirzəcan” kimi qeyd edilmişdir. Beləliklə, dövlət aktında olan səhvə görə torpaq payları üzərində mülkiyyət hüquqları məhdudlaşmışdır. Bu yanlışlığın düzəldilməsi üçün Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciətlərinə müsbət cavab verilməyərək, onlara məhkəməyə müraciət etmələri tövsiyə olunmuşdur. Odur ki, ərizəçi tərəfindən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən, müdafiə etdiyi ərizəyə əlavə izahatı və dəqiqləşdirməsi olmayan Ərizəçi ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi və bu idarənin Siyəzən rayon şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, qeyd edilən təşkilatlar nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmiş və etməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Bununla da, məhkəmə işə maraqlı şəxslərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün saydı. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, keçmiş Dəvəçi rayon İcraiyyə Komitəsinin Yenikənd kənd X23 tərəfindən 20 iyul 1982-ci il tarixdə verilmiş İİ-ЖГ seriyalı, 470659 nömrəli nikah bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X14 ilə X24 həmin tarixdə nikahlarını bağlamış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 07 nömrəli qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ər öz soyadında qalmış, arvada isə “Balakişiyeva” soyadı verilmişdir. İşdə olan Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 07 aprel 2021-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 173922 nömrəli ölüm haqqında şəhadətnamənin təkrarının surətindən görünür ki, X10 13 oktyabr 1999-cu il tarixdə Yenikənd kəndində ölmüş, habelə bu barədə ölüm haqqında akt qeydləri kitabında 15 oktyabr 1999-cu il tarixdə 12 nömrəli qeyd edilmişdir. İşdə olan Ləğv edilmiş Azərbaycan Respublikası DT və XK-i Siyəzən rayon torpaq şöbəsi tərəfindən 12 avqust 1998-ci il tarixdə verilmiş torpağa mülkiyyət hüququna dair JN seriyalı, 0071 nömrəli, 30505018 kodlu dövlət aktının surətindən görünür ki, Siyəzən rayon Aqrar İslahat Komissiyasının 23 fevral 1998-ci il tarixli, 37-İİİ nömrəli qərarı ilə 4,60 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X6, X5, X7, Ərizəçi Mirzəcan qızının, X13, X8 və X11 ümum birgə mülkiyyətinə verilmişdir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 10 yanvar 2023-cü il tarixli, 3-21-3-31/2-58/2023 nömrəli məktubundan görünür ki, torpağa mülkiyyət hüququna dair JN seriyalı, 30505018 kodlu dövlət aktının şəxslərə məxsus olması faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət olunması tövsiyə edilir. İşdə olan 21 fevral 2023-cü il tarixli qəbzdən görünür ki, Ərizəçi məhkəməyə müraciət edərkən 100 (bir yüz) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Bu Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Adı qeyd edilən Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. İşin faktiki hallarından və məhkəməyə təqdim edilmiş sübutlardan da göründüyü kimi ərizəçinin mərhum qaynanası Göyərçin Balakişiyevaya, habelə ərizəçinin özünə məxsus olan bütün sənədlərdə onların ata adı düzgün qeyd edilmişdir. Lakin, torpağa mülkiyyət hüququna dair JN seriyalı, 0071 nömrəli, 30505018 kodlu dövlət aktında İİ sırada qeyd edilməli olan mərhum X10 yanlış olaraq, X1, Ərizəçi isə yanlış olaraq, Ərizəçi Mirzəcan qızı kimi qeyd edilmiş, nəticədə, bu hal ərizəçinin mülkiyyətlə əlaqədar yarana biləcək hüquqlarına maneə yaratmışdır. Ərizəçinin yaranmış bu halı, yəni ziddiyyəti aradan qaldırması başqa qaydada mümkün deyildir, ona görə də bu faktın müəyyən edilməsi məhkəmə qaydasında olmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, ləğv edilmiş Azərbaycan Respublikası DT və XK-i Siyəzən rayon torpaq şöbəsi tərəfindən 12 avqust 1998-ci il tarixdə verilmiş torpağa mülkiyyət hüququna dair JN seriyalı, 0071 nömrəli, 30505018 kodlu dövlət aktında torpağın ümumi birgə mülkiyyətçisi kimi İİ sırada qeyd edilən mərhum X2 ata adının “Əhmədağa”, İV sırada qeyd edilən Ərizəçi Mirzəcan qızının ata adının “Faiq” kimi oxunması faktı müəyyən edilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 307-308,311-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Ləğv edilmiş Azərbaycan Respublikası DT və XK-i Siyəzən rayon torpaq şöbəsi tərəfindən 12 avqust 1998-ci il tarixdə verilmiş torpağa mülkiyyət hüququna dair JN seriyalı, 0071 nömrəli, 30505018 kodlu dövlət aktında torpağın ümumi birgə mülkiyyətçisi kimi İİ sırada qeyd edilən mərhum X2 ata adının “Əhmədağa”, İV sırada qeyd edilən Ərizəçi Mirzəcan qızının ata adının “Faiq” kimi oxunması faktı müəyyən edilsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar