Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-250/2025 19.05.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Ələsgərli Ramil Tehran oğlunun katibliyi, iddiaçı, eləcə də, digər İddiaçı4 nümayəndəsi İddiaçı2, Cavabdeh1, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 iştirakları ilə, iddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1 və Siyəzən rayon dövlət notariat ofisinə qarşı “mirasın qəbulu üçün müəyyən edilmiş müddətin uzadılması, mirasın qəbul edilməsi və miras əmlakın vərəsələrə düşən paya uyğun bölünməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1 və Siyəzən rayon dövlət notariat ofisinə qarşı “mirasın qəbulu üçün müəyyən edilmiş müddətin uzadılması, mirasın qəbul edilməsi və miras əmlakın vərəsələrə düşən paya uyğun bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılması, mirasın qəbul edilməsi və Siyəzən şəhərinin T. İsmayılov küçəsindəki 48 saylı binanın 4 otaqdan ibarət 18-ci mənzilinin vərəsələrin payına uyğun bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia ərizəsi iddiaçılar tərəfindən onunla əsaslandırılmışdır ki, anaları Nənəxanım Tahirova 23 aprel 2006-cı il tarixdə vəfat etdikdən sonra ondan mülkiyyətində olmuş, miras kütləsinə daxil olan Siyəzən şəhərinin T.İsmayılov küçəsindəki 48 nömrəli evin 4 otaqdan ibarət 18-ci mənzili miras qalmışdır. Analarının vəfatından sonra həmin mənzildə bir müddət üçüncü şəxs X13 yaşasa da, sonradan sonuncu mənzil təmirsiz olduğu üçün oranı tərk edərək başqa yerə köçmüşdür. Bundan sonra, sahibsiz qalan əmlak kirayə verilməsi üçün İddiaçı2 tərəfindən 2000 manatadək vəsait xərclənərək yararlı vəziyyətə gətirilmiş və o dövrdə Siyəzən şəhərində xidmətdə olan Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşına kirayə verilmişdir. Buradan göründüyü kimi, miras mənzil vərəsələr Ziyadulla və Nüşabə Tahirovlar tərəfindən yuxarıda qeyd edilən formada idarə olunmuş və bununla da mirasın qəbulu baş vermişdir. Lakin, vərəsəlik şəhadətnaməsinin verilməsi ilə əlaqədar vərəsənin müraciətinə notarius tərəfindən 18 yanvar 2022-ci il tarixdə rəsmi imtina cavabı verilərək, Cavabdeh1 28 iyul 2020-ci il tarixli müraciətinə əsasən 8V-31 reyestr nömrəli vərəsəlik işinin açıldığı, həmçinin İddiaçı2 18 yanvar 2022-ci il tarixdə mirasın qəbulu barədə ərizə ilə müraciət etməsinə baxmayaraq, 23 aprel 2006-cı il tarixdə ölmüş mərhum anası X1 miras qalmış əmlakın qəbuluna dair Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsində göstərilən müddətlər keçdiyinə görə ona Mülki Məcəllənin 1248-ci maddəsinə əsasən Siyəzən Rayon Məhkəməsinə müraciət etməli olduğu bildirilmişdir. Nədənsə, Cavabdeh1 da mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət keçdikdən sonra müraciəti notarius tərəfindən müddətin keçməsi kimi qiymətləndirilməyərək qəbul edildiyi halda, iddiaçıların (vərəsələrin) mirasın qəbulu ilə əlaqədar müraciətləri dəfələrlə rədd edilmişdir. Siyəzən rayon dövlət notariat ofisi tərəfindən sonuncu müraciətə verilmiş 30 sentyabr 2024-cü il tarixli cavab məktubunda isə sözügedən miras kütləsi ilə əlaqədar vərəsələr arasında mübahisə olduğuna, habelə vərəsələr notariat ofisinə gəlməkdən imtina etdiyinə, eləcə də Mülki Məcəllənin 1246-cı maddəsində nəzərdə tutulan müddətdə müraciət edilmədiyinə görə iddiaçılara həmin məcəllənin 1248-ci maddəsinə əsasən məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Beləliklə, İddiaçı2 tərəfindən sözügedən mənzilin qismən təmir edilib, yaşayışa yararlı vəziyyətə gətirilməsi və kirayə verilməsi hallarına görə mirasın idarə olunması formasında qəbul edilməsinə baxmayaraq, notariusa vaxtında rəsmi müraciət edilməsi Cavabdeh1 tərəfindən məhdudlaşdırılmışdır. Belə ki, 2018-ci ildə, İddiaçı2 Salyan rayonunda işləməsindən sui-istifadə edən Cavabdeh1 onun evinə gələrək sonuncunun arvadına zor tətbiq etməklə, miras mənzilə aid mülkiyyət sənədlərini almış və bu səbəbdən iddiaçıların vərəsəliklə əlaqədar notariusa müraciət etmələri məhdudlaşmış, Cavabdeh1 isə zor tətbiq etməklə aldığı miras mənzilə dair mülkiyyəti sənədini notariusa təqdim edib özünə münasibətdə vərəsəlik işi açdırmışdır. Beləliklə, tələbin faktiki halları ilə müəyyən olunur ki, vərəsələr dəfələrlə mirasın qəbulu ilə əlaqədar notariusa müraciət etsələr də, onların vərəsəlik hüquqları əsassız yerə məhdudlaşmışdır. Bununla da, miras əmlak vərəsələr tərəfindən qəbul edilməsinə baxmayaraq, onlar vərəsəlik hüququndan məhrum olunmuşlar. Hətta, Siyəzən Rayon Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli qətnaməsi ilə sözügedən mənzilə münasibətdə üçüncü şəxs X7 mirası qəbul etmə faktı müəyyən olunsa da, sonuncu da, bu günədək vərəsə kimi mirasdan ona düşən paya sahib ola bilməmişdir. Odur ki, iddiaçılar iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı, eləcə də, digər İddiaçı4 nümayəndəsi İddiaçı2 müdafiə etdiyi iddia ərizəsində göstərilənləri təsdiq etməklə, yanaşı əlavə olaraq izahatında göstərdi ki, o, 1979-cu ildə evlənib başqa evdə yaşamağa başlamış, 1981-ci ildə isə mərhum valideynləri tərəfindən mübahisə predmetini təşkil edən mənzil alınmışdır. Belə ki, 23 aprel 2006-cı il tarixdə anası Nənəxanım Tahirova vəfat etmiş, habelə istər həmin vaxt, istərsə də, anasının vəfatından sonra o, sözügedən evdə yaşamamışdır. Lakin, analarının sağlığında onun yanına gedib-gəlmiş, habelə xəstə olduğuna görə müalicə xərclərini qarşılamışdır. Əvvəllər mübahisəli miras əmlak ilə bağlı məhkəməyə etdiyi müraciətini bacısı Nüşabə Tahirovanın onu təhqir etməsi səbəbindən sonradan geri götürmüşdür. Bundan başqa, digər iddiaçılar da, üçüncü şəxs Nüşabə Tahirovadan çəkindiklərinə görə iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş, habelə mirasın qəbulu müddətinin ötürülməsi üçün digər üzrlü səbəbləri olmamışdır. Bundan başqa, hazırkı iş üzrə birgə iddiaçı olan Xanım, Zeynab və Balacaxanım adlı bacıları da, istər analarının vəfatından əvvəl, istərsə də, ondan sonra sözügedən mənzildə yaşamamışlar. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, Siyəzən şəhərinin T.İsmayılov küçəsindəki 48 saylı binanın 4 otaqdan ibarət 18-ci mənzilinin alındığı 1981-ci ildən 2003-cü ilin mart ayınadək orada yaşamışdır. Belə ki, 2001-ci ilin sentyabr ayında evlənib ailəsi ilə bu mənzildə yaşamasına baxmayaraq, bacısı Nüşabə Tahirova ərindən boşanıb həmin evə qayıtdığına görə anası Nənəxanımın məsləhəti ilə 2003-cü ilin mart ayında atasından miras qalmış başqa fərdi yaşayış evinə köçüb orada yaşamağa davam etmişdir. Sonradan mütəmadi olaraq mübahisəli mənzilə gedib-gəlməsinə baxmayaraq, 2019-cu ilədək orada yaşamamışdır. 2019-cu ilin may ayında isə məhkəmə qətnaməsi əsasında ailə üzvləri ilə birgə həmin mənzilə köçürülmüş və hazırda da orada yaşayır. Hazırkı iddia tələbi ilə razı olmamaqla, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X13 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, o, mübahisəli mənzilin alındığı 1981-ci ildən 05 dekabr 1999-cu ilədək orada yaşamış, sonuncu tarixdə Nəmətulla Novruzovla evlənərək onunla birlikdə Bakı şəhərində yaşamağa başlamışdır. Lakin, 2003-cü ildə ərindən ayrılması səbəbindən yenidən Siyəzən şəhərinin T.İsmayılov küçəsindəki 48 saylı binanın 18-ci mənzilinə gəlib yaşamağa davam etmiş və qardaşı Nadir ailəsi ilə birlikdə ora köçənədək, yəni 2019-cu ilin may ayının son günlərinədək orada yaşamış, sonradan isə qızı Fatimə ilə birlikdə kirayə mənzillərdə yaşamaq məcburiyyətində qalmışdır. Bundan başqa, atası Tahir Tahirov sağlığında İddiaçı2 evlə təmin etmiş, habelə o və Nadir istisna olmaqla, digər bacı-qardaşlarının hər birinin özlərinə məxsus evləri olmuşdur. Eyni zamanda, mərhum anası Nənəxanım ölümündən az müddət öncə mübahisəli mənzilin sənədlərinin yerini göstərib, qardaşı Nadiri də ona tapşırmaqla, layiqli dəfn mərasimi təşkil etməyi ona vəsiyyət etmişdir. Odur ki, hazırkı iddia tələbi ilə razı olmamaqla, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Digər iddiaçılar İddiaçı1 və İddiaçı3, cavabdeh Siyəzən rayon dövlət notariat ofisinə, eləcə də, üçüncü şəxslər X14, X15, X10, X8, X16, X17, X21 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar, eləcə də nümayəndələri məhkəmə iclasına gəlməmiş, buna görə də məhkəmə işə adları qeyd edilən iddiaçıların və üçüncü şəxslərin, həmçinin Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən isə cavabdeh Siyəzən rayon dövlət notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, Siyəzən Rayon Məhkəməsində baxılmış 2(059)-96/2023 nömrəli mülki işə əlavə edilmiş, Siyəzən kənd soveti tərəfindən 02 noyabr 1954-cü il tarixdə verilmiş ИЕ seriyalı, 131916 saylı evlənmə haqqında şəhadətnamənin surətindən görünür ki, X18 ilə X5 02 noyabr 1954-cü il tarixdə nikahlarını bağlamış və bu barədə həmin gün vətəndaşlıq vəziyyəti aktları kitabında 6 nömrəli qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ər öz soyadında qalmış, arvada isə “Tahirova” soyadı verilmişdir. İşdə olan qanuni qüvvəsini almış Siyəzən Rayon Məhkəməsinin 19 aprel 2023-cü il tarixli qətnaməsindən, doğum haqqında şəhadətnamələrin, eləcə də, şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, X6 xx xxxxxxxx 1964-cü il tarixdə, İddiaçı1 xx xxxx 1966-cı il tarixdə, İddiaçı4 isə xx xxxxxx 1972-ci il tarixdə Siyəzən şəhərində Tahir Tahirovun və Nənəxanım Tahirovanın birgə nikahından doğulmuşlar. İşdə olan Siyəzən Rayon Məhkəməsində baxılmış 2(059)-96/2023 nömrəli mülki işə əlavə edilmiş, Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 20 dekabr 2019-cu il tarixdə verilmiş İV-İQ seriyalı, 289228 nömrəli arayışdan, 10 may 2006-cı il tarixdə verilmiş AZ-İ seriyalı, 176231 nömrəli və 13 yanvar 2017-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 846314 nömrəli ölüm haqqında şəhadətnamələrin surətlərindən görünür ki, müvafiq olaraq X18 20 oktyabr 1990-cı, X3 23 aprel 2006-cı, X19 isə 06 yanvar 2017-ci il tarixdə ölmüşlər. İşdə olan Siyəzən Rayon Məhkəməsində baxılmış 2(059)-96/2023 nömrəli mülki işə əlavə edilmiş, Abşeron rayon X4 Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən 09 mart 2006-cı il tarixdə verilmiş qeydiyyat vəsiqəsinin, eləcə də Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 12 avqust 2020-ci il tarixdə verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Siyəzən şəhərinin T. İsmayılov küçəsindəki 48 saylı evin ümumi sahəsi 76,3 kv.m-dən ibarət 18-ci mənzili mülkiyyət hüququ üzrə X2 adına qeydiyyata alınmışdır. İşdə olan Siyəzən rayon Dövlət Notariat Ofisinin 30 sentyabr 2024-cü il tarixli, 336 nömrəli məktubundan görünür ki, sözügedən miras kütləsi ilə əlaqədar vərəsələr arasında mübahisə olduğuna, habelə vərəsələr notariat ofisinə gəlməkdən imtina etdiyinə, eləcə də Mülki Məcəllənin 1246-cı maddəsində nəzərdə tutulan müddətdə müraciət edilmədiyinə görə iddiaçılara həmin məcəllənin 1248-ci maddəsinə əsasən məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. İşdə olan 03 fevral 2025-ci il tarixli qəbzdən görünür ki, İddiaçı2 məhkəməyə müraciət edərkən 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iddia tələbinə münasibətdə qeyd edir ki, miras qalan əmlakın müqəddəratının həll edilməsi məsələsi mühüm şəxsi və ictimai əhəmiyyətə malikdir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 29-cu maddəsinin Vİİ hissəsi vərəsəlik hüququnun təminatına konstitusion zəmanət verir. Vərəsəlik hüquq institutu ailə ilə əmlak hüquq normaları qrupu arasında mövcud olan mülki hüquq münasibətlərini tənzimləyir. Vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133-cü maddəsinin İ və İİ hissələrinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Bu Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Sözügedən Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159-cu maddəsinin İ hissəsinin İ bəndinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarına əsasən vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələrinin mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməsi, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərarın qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməsi qərara alınmışdır. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, mübahisəli hüquq münasibətləri 23 aprel 2006-cı il tarixdə yarandığından, yəni miras mirasqoyanın öldüyü həmin tarixdə açıldığından Mülki Məcəllənin 1246-cı maddəsinə münasibətdə hazırkı mübahisəyə bu Məcəllənin həmin vaxt qüvvədə olan müddəaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1246-cı maddəsinin 26 dekabr 2023-cü il tarixədək qüvvədə olan müddəasına əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Sözügedən Məcəllənin 1248.1-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Göründüyü kimi, qanunvericilik mirasın qəbulunun iki üsulunu (formal və qeyriformal) müəyyən etmişdir. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin mirasın açıldığı yerin notariat ofisinə mirasın qəbulu haqqında yazılı ərizə verməsi başa düşülür. Belə bir ərizənin verilməsi vərəsənin birbaşa iradə ifadəsi ilə bağlı olub, onun miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu o zaman qüvvədə olur ki, vərəsə özünün konkret hərəkətləri və rəftarı ilə mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Yəni, vərəsənin hərəkətlərindən onun mirası qəbul etmək məqsədi gördüyünü müəyyən etmək olur. Mirasa faktiki sahiblik odur ki, vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur, onun üzərində fiziki “ağalıq” edir. Mirasa faktiki sahiblik müxtəlif üsullarla həyata keçirilir. Yəni vərəsənin miras qoyanın yaşadığı evə köçməsi, vərəsənin miras açılandan əvvəl və sonra orada yaşaması və yaşamağa davam etməsi, əvvəllər miras qoyana məxsus olan əmlakdan vərəsənin faktiki istifadə etməsi və s. Qanunun mənasına görə vərəsə tərəfindən miras kütləsinə daxil olan əmlaklardan hər hansı birinin qanunla müəyyən edilmiş qaydada qəbul edilməsi mirasın bütünlüklə qəbul edilməsi kimi qiymətləndirilir. Mirasın faktiki idarə olunması dedikdə isə vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanılması və normal təsərrüfatın aparılması üçün edir. Söhbət o hərəkətlərdən gedir ki, bu hərəkətlər vərəsənin miras əmlaka özününkü kimi münasibət bəsləməsini ehtimal etməyə əsas verir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudovun Rusiyaya qarşı iş üzrə” 26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probalion” (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Beləliklə, məhkəmə iclasında iştirak etmiş proses iştirakçılarının izahatları, eləcə də tədqiq olunmuş sübutların məcmusu ilə müəyyən olundu ki, iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı4 analarının öldüyü vaxtı və sonuncunun mülkiyyətində mübahisə predmeti olan mənzilin olduğunu bilmişlər. Lakin, onlar mirasın açıldığı vaxtdan, yəni anaları Nənəxanım Tahirovanın öldüyü 23 aprel 2006-cı il tarixdən vərəsə kimi mirasın açıldığı yer üzrə notariat ofisinə miras kütləsinin (mübahisə predmeti olan mənzilin) qəbul edilməsi barədə ərizə verməmiş, əmlaka sahiblik etməmiş, əmlakı idarə etməyə faktik başlamamış və bununla da mirası qəbul etdiklərini şəksiz nümayiş etdirməmişlər. Nəticədə, iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı4 mülki qanunvericiliyə əsasən mirasın qəbuletmə müddətini ötürmüş və mirasın açıldığı gündən uzun müddət keçdikdən sonra məhkəməyə müraciət etmişlər. Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Eyni zamanda, qanuni qüvvəsini almış Siyəzən Rayon Məhkəməsinin 19 aprel 2023-cü il tarixli qətnaməsindən də göründüyü kimi, İddiaçı3 izahatında, 1982-ci ildə Xızı rayonunun Giləzi qəsəbəsinə ərə getməsini, anası Nənəxanım ölərkən mübahisəli mənzildə vərəsələrdən təkcə bacısı Nüşabənin yaşamasını bildirmişdir. Belə olan halda, məhkəmə qeyd edir ki, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət o halda uzadılır ki, vərəsə həmin müddətdə müəyyən üzrlü səbəblərdən mirası qəbul edə bilmir (məsələn: vərəsənin ondan asılı olmayan səbəblərdən miras qoyanın ölümündən xəbəri olmur, xəstəlik, fors major hallarda və s). Bununla belə, iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı4 mirası qəbul etmək üçün qanunla müəyyən olunmuş müddəti ötürmələrinin üzrlü hesab edilməsinə əsas olan halların olması hazırkı işin faktiki halları ilə müəyyən edilməmişdir. Belə ki, adları qeyd edilən iddiaçıların hər birinin analarının ölümündən və mübahisəli miras kütləsindən məlumatı olmuş, habelə, mirasın qəbulu müddətinin onların xəstəliyi, eləcə də, forsmajor halları ilə bağlı ötürülməsi halları da öz təsdiqini tapmamışdır. Bundan başqa, məhkəmə hazırkı iş üzrə qeyd edir ki, iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı4 “miras əmlakın vərəsələrə düşən paya uyğun bölünməsi”nə dair iddia tələbi həmin şəxslərin buna subyektiv hüquqlarının olub-olmaması, onların mərhum analarından qаlmış mirasın qəbulu müddətinin uzadılması məsələlərinin həllindən asılıdır. Lakin, işin faktiki hallarından göründüyü kimi, onlar mirasın qəbulu müddətini üzrsüz səbəblərdən ötürdükləri üçün mübahisələndirilən mirasdan pay tələb etmək hüquqlarını da itirmişlər. Bu səbəbdən iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1 və Siyəzən rayon dövlət notariat ofisinə qarşı “miras əmlakın vərəsələrə düşən paya uyğun bölünməsi” tələbi də əsassızdır. Azərbaycan Respublikasının MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmaldır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Sübutların tədqiqatı zamanı iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı4 öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədilər. Məhkəmə toplanmış sübutlara qeyd edilən hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1 və Siyəzən rayon dövlət notariat ofisinə qarşı “mirasın qəbulu üçün müəyyən edilmiş müddətin uzadılması və miras əmlakın vərəsələrə düşən paya uyğun bölünməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Eyni zamanda, Siyəzən Rayon Məhkəməsinin 19 may 2025-ci tarixli, 2(059)- 250/2025 saylı qərardadı ilə iddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1 və Siyəzən rayon dövlət notariat ofisinə qarşı “mirasın qəbulu üçün müəyyən edilmiş müddətin uzadılması, mirasın qəbul edilməsi və miras əmlakın vərəsələrə düşən paya uyğun bölünməsi” tələbinə dair iddiasının “mirasın qəbul edilməsi”, eləcə də, İddiaçı2 “mirasın qəbulu üçün müəyyən edilmiş müddətin uzadılması və miras əmlakın vərəsələrə düşən paya uyğun bölünməsi” tələbinə dair hissələri üzrə icraata xitam verilmişdir ki, bu hal nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmçinin, məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş cəmi 100 (dörd yüz) manat dövlət rüsumu iddiaçı tərəfə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1 və Siyəzən rayon dövlət notariat ofisinə qarşı “mirasın qəbulu üçün müəyyən edilmiş müddətin uzadılması və miras əmlakın vərəsələrə düşən paya uyğun bölünməsi” tələbinə dair iddiası təmin edilməsin. İddia tələbi üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçı tərəfə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov.
Məhkəmə qərarları › İş №2(059)-250/2025
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-250/2025
19.05.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver