Məhkəmə qərarları › İş №2(059)-253/2023

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-253/2023

15.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-253/2023 15.05.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, ərizəçi, eləcə də digər Ərizəçi2 nümayəndəsi Ərizəçi1 iştirakı ilə ərizəçilər Ərizəçi1 və Ərizəçi2 “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə, eləcə də torpağa mülkiyyət hüququna dair dövlət aktında yol verilmiş yanlışlığın aradan qaldırılması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə, eləcə də torpağa mülkiyyət hüququna dair dövlət aktında yol verilmiş yanlışlığın aradan qaldırılması faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, torpağın mülkiyyətə verilməsinə dair 07 noyabr 2001-ci il tarixli, JN seriyalı 042A nömrəli, 30502018 kodlu şəhadətnamədə və torpağa mülkiyyət hüququna dair 30 dekabr 1998-ci il tarixli, JN seriyalı, 266 nömrəli, 30502018 kodlu dövlət aktında torpaqların ümumi birgə mülkiyyətçisi kimi 1-ci sırada qeyd edilən X1 “Ağamalıyev”, 5-ci sırada qeyd edilən X8 isə adının “Cavid” kimi olması (oxunması) faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə, ərizəçilər tərəfindən ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, Siyəzən rayon Aqrar İslahat Komissiyasının 09 fevral 1998-ci il tarixli, 34/1 nömrəli qərarına əsasən torpağa mülkiyyət hüququna dair 30 dekabr 1998-ci il tarixli, JN seriyalı, 266 nömrəli, 30502018 kodlu dövlət aktı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 2,71 ha torpaq sahəsi, torpağın mülkiyyətə verilməsinə dair 07 noyabr 2001-ci il tarixli, JN seriyalı 042A nömrəli, 30502018 kodlu şəhadətnamə ilə 0,26 ha həyətyanı torpaq sahəsi Ərizəçi1, X5, X3, X7 və Ərizəçi2 ümumi birgə mülkiyyətinə verilmişdir. Sözügedən torpaq paylarının bölünməsi, habelə həmin torpaq payları üzərində mülkiyyət hüquqularının tanınması, eləcə də dövlət qeydiyyatına alınması məqsədilə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı Ərazi İdarəsinə etdiyi müraciəti zamanı sözügedən dövlət aktında və şəhadətnamədə torpaqların mülkiyyətçisi 1-ci sırada qeyd edilən X2 “Ağamalıyev” olduğu halda “Ağamaliyev” kimi, 5-ci sırada qeyd edilən X8 adı “Cavid” olduğu halda “Cavad” kimi qeyd edilmişdir. Beləliklə, dövlət aktında olan səhvə görə torpaq payları üzərində mülkiyyət hüquqları məhdudlaşmışdır. Bu yanlışlığın düzəldilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciətlərinə müsbət cavab verilməyərək, onlara məhkəməyə müraciət etmələri tövsiyə olunmuşdur. Odur ki, ərizəçi tərəfindən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən, müdafiə etdiyi ərizəyə əlavə izahatları və dəqiqləşdirmələri olmayan ərizəçi, eləcə də digər Ərizəçi2 nümayəndəsi Ərizəçi1 ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edirlər. Maraqlı şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi və bu idarənin Siyəzən rayon şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, qeyd edilən təşkilatlar nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmiş və etməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxslərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün saydı. Məhkəmə ərizəçiləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, keçmiş Dəvəçi rayon Həmyə kənd sovetliyi tərəfindən 22 yanvar 1963-cü il tarixdə verilmiş АЗ seriyalı, 370588 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası X6, anası X12 olan Ərizəçi1 xx xxxxxx 1963-cü il tarixdə keçmiş Dəvəçi rayon Böyük Həmyə kəndində doğulmuşdur. İşdə olan keçmiş Dəvəçi rayon Həmyə kənd sovetliyi tərəfindən 24 aprel 1992-ci il tarixdə verilmiş XVİ- ЖГ seriyalı, 472176 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası Ərizəçi1, anası X9 olan Ərizəçi2 xx xxxxx 1992-ci il tarixdə keçmiş Dəvəçi rayon Böyük Həmyə kəndində doğulmuşdur. İşdə olan torpağa mülkiyyət hüququna dair 30 dekabr 1998-ci il tarixli, JN seriyalı, 266 nömrəli, 30502018 kodlu dövlət aktının, eləcə də torpağın mülkiyyətə verilməsinə dair 07 noyabr 2001-ci il tarixli, JN seriyalı 042A nömrəli, 30502018 kodlu şəhadətnamənin surətlərindən görünür ki, Siyəzən rayon Aqrar İslahat Komissiyasının 09 fevral 1998-ci il tarixli, 34/1 nömrəli qərarına əsasən müvafiq olaraq, 2,71 ha və 0,26 ha torpaq sahələri X4, X5, X3, X7 və X8 mülkiyyətinə verilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 30 yanvar 2023-cü il tarixli, 3-21-3-31/2-A-00xxxx/2023 saylı məktubundan görünür ki, sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət olunması tövsiyə edilir. İşdə olan 10 mart 2023-cü il tarixli qəbzdən görünür ki, Ərizəçi1 məhkəməyə müraciət edərkən 100 (bir yüz) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Bu Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Adı qeyd edilən Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. İşin faktiki hallarından və məhkəməyə təqdim edilmiş sübutlardan da göründüyü kimi, ərizəçilərə məxsus olan bütün sənədlərdə onların ad və soyadları düzgün qeyd edilmişdir. Lakin, torpağa mülkiyyət hüququna dair 30 dekabr 1998-ci il tarixli, JN seriyalı, 266 nömrəli, 30502018 kodlu dövlət aktında və torpağın mülkiyyətə verilməsinə dair 07 noyabr 2001-ci il tarixli, JN seriyalı 042A nömrəli, 30502018 kodlu şəhadətnamədə torpağın mülkiyyətçisi kimi qeyd edilməli olan Ərizəçi1 əvəzinə yanlış olaraq X10, Ərizəçi2 əvəzinə isə yanlış olaraq X13 qeyd edilmiş, nəticədə bu hallar ərizəçilərin gələcəkdə yarana biləcək hüquqlarının pozulmasını istisna etmir. Ərizəçilərin yaranmış bu halları, yəni ziddiyyəti aradan qaldırması başqa qaydada mümkün deyildir, ona görə də bu faktın müəyyən edilməsi məhkəmə qaydasında olmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə əsaslı olduğuna görə təmin edilməli, torpağa mülkiyyət hüququna dair 30 dekabr 1998-ci il tarixli, JN seriyalı, 266 nömrəli, 30502018 kodlu dövlət aktında və torpağın mülkiyyətə verilməsinə dair 07 noyabr 2001-ci il tarixli, JN seriyalı 042A nömrəli, 30502018 kodlu şəhadətnamədə torpağın ümumi birgə mülkiyyətçisi kimi 1-ci sırada qeyd edilən X1 “Ağamalıyev”, 5-ci sırada qeyd edilən X8 adının “Cavid” olması faktı müəyyən edilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi1 aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 307-308,311-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Torpağa mülkiyyət hüququna dair 30 dekabr 1998-ci il tarixli, JN seriyalı, 266 nömrəli, 30502018 kodlu dövlət aktında və torpağın mülkiyyətə verilməsinə dair 07 noyabr 2001-ci il tarixli, JN seriyalı 042A nömrəli, 30502018 kodlu şəhadətnamədə torpağın ümumi birgə mülkiyyətçisi kimi 1-ci sırada qeyd edilən X1 “Ağamalıyev”, 5-ci sırada qeyd edilən X8 adının “Cavid” olması faktı müəyyən edilsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi1 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar