Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-254/2022 25.04.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə yol verilmiş yanlışlığın aradan qaldırılması” barədə ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin və həmin şəhadətnamədə göstərilən digər mülkiyyətçilərlə yanaşı, ona məxsus olması faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, keçmiş Azərbaycan Respublikası DT və XK-i Siyəzən rayon şöbəsi tərəfindən 26 may 2004-cü il tarixdə verilmiş JN-278F, kod 30505018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin, həmin şəhadətnamədə göstərilən digər mülkiyyətçilərlə yanaşı, ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, Ərizəçi ərizənin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, torpağın mülkiyyətə verilməsinə dair 26 may 2004-cü il tarixli, JN seriyalı 278F nömrəli, 30505018 kodlu şəhadətnamədə torpağın mülkiyyətçisi kimi İİİ sırada qeyd edilən X2 adının “Cəmilə”, ata adının isə “Eyvaz” olması (oxunması) və həmin şəhadətnamədə 3cü sırada qeyd edilən ümumi birgə mülkiyyətçinin X9 olması (oxunması) faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək izahatında bildirdi ki, Siyəzən rayon Aqrar İslahatı Komissiyasının 09 fevral 1998-ci il tarixli, 34-11 saylı qərarına əsasən Siyəzən rayonu, Yenikənd kəndi ərazisindən 0,12 ha torpaq sahəsi 26 may 2004cü il tarixdə atası Eyvaz Balakişiyev, anası Nargül Balakişiyeva və qardaşı Sənan Balakişiyevlə birgə onun mülkiyyətinə verilmiş və müvafiq olaraq torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 278F nömrəli, 30505018 kodlu şəhadətnamə tərtib edilsə də, bu şəhadətnamədə onun adı və ata adı yanlış qeyd edilmişdir. Belə ki, onun adı “Cəmilə” əvəzinə yanlışlıqla “Cəmalə”, ata adı isə “Eyvaz” əvəzinə “Mirzəcan” kimi qeyd edilmiş, bununla da, torpağın mülkiyyətə verilməsinə dair müvafiq şəhadətnamədə yanlışlığa yol verilmişdir. Qeyd olunan mexaniki yanlışlığa görə onun, mülkiyyətində olan və ona çatan torpaq sahəsi üzərində mülkiyyət hüququnu Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-də qeydiyyatdan keçirə bilmir və bununla da mülkiyyət hüquqları məhdudlaşmışdır. Bu yanlışlığın düzəldilməsi üçün Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət edilsə də, müraciətə müsbət cavab verilməmişdir. Bununla da, hazırda ona çatan torpaq payı üzərində mülkiyyət hüquqlarının təsdiqi üçün adında və ata adında olan yanlışlığın düzəldilməsi və torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə adının Cəmilə olması faktının müəyyən edilməsi üçün qətnamə çıxarılmasını xahiş etməklə, eyni zamanda ödənilmiş dövlət rüsumunun özünə aid edilməsini rica edir. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və etməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, keçmiş Dəvəçi rayonu Yenikənd kənd soveti tərəfindən 10 dekabr 1982-ci il tarixdə verilmiş Vİİİ-ЖГ seriyalı, 394754 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası X6, anası X3 olan X9 xx xxxxxx 1982-ci il tarixdə keçmiş Dəvəçi rayonu, Yenikənd kəndində doğulmuşdur. İşdə olan Siyəzən Rayon İcra Hakimiyyəti Başçısının Yenikənd İnzibati Ərazi Vahidliyi üzrə nümayəndəliyi tərəfindən 27 dekabr 2004-cü il tarixdə verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ilə X9 27 dekabr 2004-cü il tarixdə nikahlarını bağlamış və bu barədə həmin gün nikahın bağlanması haqqında akt qeydləri kitabında 29 nömrəli qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ər öz soyadında qalmış, arvada isə “Fətəliyeva” soyadı verilmişdir. İşdə olan torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 278F nömrəli, 30505018 kodlu şəhadətnamənin surətindən görünür ki, Siyəzən rayon Aqrar İslahatı Komissiyasının 09 fevral 1998-ci il tarixli, 34-11 saylı qərarı ilə 0,12 ha torpaq sahəsi X4, X1, X2 və X7 mülkiyyətinə verilmişdir. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 15 fevral 2022-ci il tarixli, **********46 nömrəli bildirişindən görünür ki, 26 may 2004-cü il tarixli, JN seriyalı 278F nömrəli, 30505018 kodlu “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin Ərizəçi məxsus olması faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət olunması tövsiyə edilmişdir. İşdə olan 25 fevral 2022-ci il tarixli qəbzdən görünür ki, ərizəçi məhkəməyə müraciət edərkən 100 (bir yüz) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Bu Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Adı qeyd edilən Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. İşin faktiki hallarından və məhkəməyə təqdim edilmiş sübutlardan da göründüyü kimi ərizəçiyə məxsus olan bütün sənədlərdə onun adı “Cəmilə”, ata adı isə “Eyvaz” kimi qeyd edilmişdir. Lakin, torpağın mülkiyyətə verilməsinə dair 26 may 2004-cü il tarixli, JN seriyalı 278F nömrəli, 30505018 kodlu şəhadətnamədə torpağın mülkiyyətçisi kimi İİİ sırada qeyd edilməli olan X9 əvəzinə yanlış olaraq, X5 qeyd edilmiş, nəticədə, bu hal ərizəçinin gələcəkdə yarana biləcək hüquqlarının pozulmasını istisna etmir. Ərizəçinin yaranmış bu halı, yəni ziddiyyəti aradan qaldırması başqa qaydada mümkün deyildir, ona görə də bu faktın müəyyən edilməsi məhkəmə qaydasında olmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, torpağın mülkiyyətə verilməsinə dair 26 may 2004cü il tarixli, JN seriyalı 278F nömrəli, 30505018 kodlu şəhadətnamədə torpağın mülkiyyətçisi kimi İİİ sırada qeyd edilən X2 adının “Cəmilə”, ata adının isə “Eyvaz” olması (oxunması) və həmin şəhadətnamədə 3-cü sırada qeyd edilən ümumi birgə mülkiyyətçinin X9 olması (oxunması) faktı müəyyən edilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən ərizə üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 307-308,311-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Torpağın mülkiyyətə verilməsinə dair 26 may 2004-cü il tarixli, JN seriyalı 278F nömrəli, 30505018 kodlu şəhadətnamədə torpağın mülkiyyətçisi kimi İİİ sırada qeyd edilən X2 adının “Cəmilə”, ata adının isə “Eyvaz” olması (oxunması) və həmin şəhadətnamədə 3cü sırada qeyd edilən ümumi birgə mülkiyyətçinin X9 olması (oxunması) faktı müəyyən edilsin. Ərizə üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-254/2022
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-254/2022
25.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver