Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-255/2022 18.04.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, İddiaçı MMC-nin Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin geri qaytarılması və borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin geri qaytarılması və borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə bağlanmış 11 avqust 2021-ci il tarixli, MAS 4183 saylı daxili lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyekti olan 2021-ci il buraxılışlı, “Khazar LX” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı, ban nömrəsi NVABA1HHFMF802734, mühərrik nömrəsi 147H0592009 olan ağ rəngli minik avtomobilinin MMC-yə geri qaytarılması və həmin müqaviləyə əsasən lizinq obyektinə müvəqqəti sahiblik, eləcə də istifadə edilməsinə görə cavabdehdən iddiaçı MMC-nin xeyrinə 17 fevral 2022-ci il tarixə olan 744,10 manat əsas, 1202,07 manat gecikdirilmiş mükafat, həmçinin həmin günə hesablanmış 137,15 manat dəbbə pulu olmaqla, cəmi 2083,32 manat məbləğində borcun, habelə ödənilmiş 41,24 manat dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, iddiaçı MMC ilə cavabdeh arasında bağlanmış 11 avqust 2021-ci il tarixli “daxili lizinq müqaviləsi”nə əsasən sonuncunun sifarişi əsasında “Khazar LX” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobil 14950 manat məbləğinə iddiaçı MMC-nin mülkiyyətinə alınmaqla, sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən Cavabdeh illik 24,5 % hesablanmaqla, 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 389,61 manat, ümumilikdə isə 21802 manat məbləğində pulu iddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 21802 manatın 14950 manatı əsas məbləğ təşkil edir. Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş isə 06 sentyabr 2021-ci il tarixdə 390 manat məbləğində olmuşdur. Cavabdehin “daxili lizinq müqaviləsi”nə əsasən lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 17 fevral 2022-ci il tarixə cəmi 2083,32 manat borcu vardır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. İddiaçı tərəfə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməklə, iddialarının tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə, iclasın İddiaçı MMC-nin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, 11 avqust 2021-ci il tarixli, MAS-4183 saylı daxili lizinq müqaviləsinin surətindən görünür ki, bu müqavilənin şərtlərinə uyğun olaraq lizinq verən lizinq alanın sifariş etdiyi və bu lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavəsində göstərilən qiyməti 14950 manat dəyərində əmlakı, yəni 2021-ci il buraxılışlı, “Khazar LX” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı, ban nömrəsi NVABA1HHFMF802734, mühərrik nömrəsi 147H0592009 olan ağ rəngli avtomobili satıcıdan əldə etməyi və lizinq alanın istifadəsinə verməyi, lizinq alan isə bu müqavilədə müəyyənləşdirilmiş pul məbləğini illik 24,5% həcmində mükafat ödənilməsi şərti ilə 48 ay ərzində ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan 11 avqust 2021-ci il tarixli, eləcə də eyni tarixli təhvil-təslim aktının surətlərindən görünür ki, dəyəri 14950 manat məbləğində olan “Khazar LX” markalı, NVABA1HHFMF802734 ban nömrəli avtomobil "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə (alıcıya) və Cavabdeh (lizinq alana) təhvil verilmişdir. İşdə olan 11 avqust 2021-ci il tarixdə verilmiş BB seriyalı, 118900 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2021-ci il buraxılışlı, “Khazar LX” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı, NVABA1HHFMF802734 ban nömrəli, 147H0592009 mühərrik nömrəli ağ rəngli avtomobilin sahibi İddiaçı MMC-dir. İşdə olan maliyyə arayışından görünür ki, Cavabdeh 17 fevral 2022-ci il tarixə borcu, əsas məbləğ üzrə 744,10 manat, mükafat məbləği üzrə 1202,07 manat, 137,15 manat cərimə olmaqla, cəmi 2083,32 manat təşkil edir. İşdə olan xəbərdarlıqlardan görünür ki, yaranmış borcla əlaqədar İddiaçı MMC tərəfindən cavabdehə müvafiq qaydada xəbərdarlıq edilmişdir. İşdə olan 21 fevral 2022-ci il tarixli qəbzdən görünür ki, İddiaçı MMC iddia tələbi ilə məhkəməyə müraciət edərkən 41,24 (qırx bir manat 24 qəpik) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Məhkəmə hesab edir ki, Cavabdeh üzərinə düşən öhdəliyi lazımınca icra etmədiyinə və o, müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozduğuna görə iddiaçı bağlanmış daxili lizinq müqaviləsinin ləğv edilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 424.5-ci maddəsinə əsasən əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Bu Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, Cavabdeh lizinq müqaviləsi üzrə öz riski ilə öhdəliklərin ötürülməsi müqaviləsini bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Belə ki, 11 avqust 2021-ci il tarixdən etibarən daxili lizinq müqaviləsinin əlavəsinə əsasən 2021-ci il buraxılışlı, “Khazar LX” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı, NVABA1HHFMF802734 ban nömrəli, 147H0592009 mühərrik nömrəli ağ rəngli avtomaşın, illik 24,5% həcmində mükafat ödənilməsi şərtilə 48 ay müddətinə hər ayın 11-də hər ay 389,61 manat, sonuncu ay isə 390,27 manat ödənilməsi şərti ilə Cavabdeh lizinqə verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748.1-ci maddəsinə əsasən lizinq müqaviləsi yazılı formada bağlanılır. Həmin Məcəllənin 748-2.1-ci maddəsinə əsasən lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Həmin Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verən pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 748-11.1.4-ci maddəsinə əsasən lizinq verənin mükafatının məbləği lizinq ödənişlərinin ümumi məbləğinə daxildir. Lizinq müqaviləsinin 1.1-ci bəndinə əsasən bu müqavilənin şərtlərinə uyğun olaraq Lizinq verən lizinq alanın sifariş etdiyi və bu lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilən əmlakı (bundan sonra lizinq obyekti adlandırılacaq) muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini, lizinq alan tərəfindən isə bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməyi öhdəsinə götürür. Lizinq müqaviləsinin 2.1-ci bəndinə əsasən bu müqavilənin qüvvədə olduğu bütün müddət ərzində və həmçinin bu müqavilə hər hansı hadisə və səbəbdən ləğv və ya əlavə edilərsə, lizinq obyektinə mülkiyyət hüququ lizinq verəndə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Lizinq müqaviləsinin 7.2-ci bəndinə əsasən gecikdirilən lizinq ödənişi məbləğinə gündəlik 0,3 % dəbbə pulu hesablanır və lizinq alan tərəfindən lizinq verənə ödənilir. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. İşin faktiki hallarından və təqdim edilmiş sübutlardan görünür ki, lizinq alan Cavabdeh mülki qanunvericiliyin tələblərinə müafiq olaraq, yazılı formada bağlanmış lizinq müqaviləsinin şərtlərinə əməl etməməklə, lizinq verən İddiaçı MMC qarşısında üzərinə götürdüyü öhdəliyini lazımınca icra etməmişdir. Belə ki, o, lizinq məbləğini vaxtlı-vaxtında ödəməli olduğu halda, bunu etməmiş, öhdəliyini tam şəkildə yerinə yetirməmişdir. Nəticədə, cavabdehin daxili lizinq müqaviləsinə əsasən lizinq məbləği üzrə 17 fevral 2022ci il tarixə borcu, əsas məbləğ üzrə 744,10 manat, mükafat məbləği üzrə 1202,07 manat, 137,15 manat cərimə olmaqla, cəmi 2083,32 manat borcu yaranmışdır. Cavabdehə qeyd olunan borc məbləğinin ödənilməsi barədə göndərilmiş bildiriş cavabsız qalmışdır. Beləliklə, cavabdeh öz öhdəliklərini lazımınca icra etmədiyindən, yəni lizinq obyektindən istifadə üçün lizinq məbləğini müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq ödəmədiyindən lizinq verənin lizinq müqaviləsini vaxtından əvvəl ləğv etməklə pul məbləğini, həmçinin lizinq obyektini mübahisəsiz geri almaq hüququ yaranmışdır. Belə ki, lizinq müqaviləsinin 10.1-ci bəndinə əsasən lizinq alan, bu müqavilənin şərtlərini, tərəflərin digər əlavə sazişini və ya Azərbaycan Respublikasının qanunvericiliyini pozduqda, lizinq verənin tələbi ilə lizinq obyekti lizinq alanın müvəqqəti sahibliyindən lizinq verənin sahibliyinə mübahisəsiz qaydada qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, tərəflər arasında 11 avqust 2021-ci il tarixdə bağlanmış, MAS 4183 saylı daxili lizinq müqaviləsi ləğv edilməli, 2021-ci il buraxılışlı, “Khazar LX” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı, ban nömrəsi NVABA1HHFMF802734, mühərrik nömrəsi 147H0592009 olan ağ rəngli minik avtomobili cavabdehdən alınaraq iddiaçıya geri qaytarılmalı, eləcə də, 744,10 manat əsas, 1202,07 manat mükafat, 137,15 manat dəbbə pulu olmaqla, cəmi 2083,32 manat borc və 41,24 manat məbləğində ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh arasında 11 avqust 2021-ci il tarixdə bağlanmış, MAS 4183 saylı daxili lizinq müqaviləsi ləğv edilsin. 2021-ci il buraxılışlı, “Khazar LX” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı, ban nömrəsi NVABA1HHFMF802734, mühərrik nömrəsi 147H0592009 olan, ağ rəngli minik avtomobili Cavabdeh alınaraq İddiaçı MMC-yə qaytarılsın. 744,10 manat əsas, 1202,07 manat mükafat, eləcə də 137,15 manat dəbbə pulu olmaqla, cəmi 2083,32 manat borc və 41,24 manat məbləğində ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-255/2022
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-255/2022
18.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver