Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-261/2025 16.10.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Quluzadə Günel Cəbrayıl qızının sədrliyi, Güliyev Kəbir Seyyar oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs Siyəzən Rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin müdiri X2 iştirakları ilə, Ərizəçi "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi"nə dair ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İşin halları Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək anasının öz hərəkətlərinin mənasini başa düşmək və idarə etmək qabiliyyətinə malik olmadığını, hazırda onun qəyyumu təyin olunmaq istədiyinə görə anası 01 fevral 1955-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinin zəruri olduğunu bildirmişdir. İddia tələbi Ərizəçi "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi"nə dair ərizə ilə məhkəməyə müraciət edərək, anası, 01 fevral 1955-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə, ərizəçi tərəfindən ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini xahiş etdiyi şəxs, ünvan 1 ünvanında qeydiyyatda olmaqla bu şəhərin Ş. Baxşiyev küçəsi, ev 17 ünvanında yaşayan xx.xx.1955ci il təvəllüdlü X7 onun anasıdır. Qeyd edir ki, mərhum atası Qismət Əliyev xx.xx.2024-cü il tarixdə vəfat etmiş, habelə atasının vəfatına qədər anası birincinin, bundan sonra isə onun və ailəsinin himayəsində yaşayır. Bundan başqa, anası anadan gəlmə qüsurlu doğulmamış, habelə D-z: “Qocalıq demensiyası” F03.0 (əlavə qulluğa və nəzarətə ehtiyacı vardır) adlı xəstəliyə 2018-ci ildən tutulmuş, həmçinin xəstəliyi son 2 ildə, yəni 2023-cü ildə daha da şiddətlənmişdir. Psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsi və ya öz hərəkətlərini idarə edə bilməməsi aşağıdakı hallarla özünü büruzə verir. Belə ki, aclıq hissi olmadığına görə anasını günün müəyyən etdikləri bəlli vaxtlarında, sonuncu iradə etmədiyi halda özləri yedizdirirlər. Habelə, anası təbi ehtiyaclarının zamanını duymadığı üçün alt paltarlarını, həmçinin yatağını bulaşdırır. Həmçinin, bəzən yerində saatlarla ləms kimi oturur, nə isə yeyirmiş kimi çənəsi tərpənir və anidən qışqırır. Bundan başqa, anası ümumiyyətlə heç kəslə danışmır, yəni nitq vasitəsilə ünsiyyət qurmur, bəzən isə özü-özünə anlaşılmaz sözlər danışır, özü müstəqil duş qəbul edə bilmir, onun nəzarətsiz qalması bir çox mənalarda təhlükəlidir. Bundan əlavə, anası xx.xx.2025-ci il tarixdə Quba rayon PNRM-də həkim psixiatrık komissiyasında olmuş, ona D-z: “Qocalıq demensiyası” F03.0 (əlavə qulluğa və nəzarətə ehtiyacı vardır) diaqnozu qoyulmuş və Siyəzən RMX-da həkim psixiatrin müşahidəsi məsləhət görülmüşdür. Bir daha qeyd edir ki, anasının xəstəliyin simptomları hazırda kəskinləşmiş, sonuncu hətta elementar hərəkətləri yerinə yetirə bilmir. Gəzmək, qaşıq tutmaq, su içmək kimi demək olar ki, bütün lazımi bacarıqlar yoxdur. Bütün bu işləri kənar şəxslər, yəni onlar yerinə yetirirlər. Xəstə xarici dünya ilə əlaqə saxlaya bilmir, stimullara, habelə suallara cavab verə bilmir, vegetativ (şüur əlamətləri olmadan ayıq olmaq) vəziyyət mümkündür. Beləliklə, anasının psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil və kənar şəxsin yardım və qulluğuna ehtiyacı olması danılmazdır. Bu səbəbdən anası hazırda şəxsən imza etməklə hər hansı hüquq və tələblər əldə etmək, başqa sözlə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətində deyildir. Odur ki, ərizəçi tərəfindən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Tərəflərin izahatları Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsini müdafiə edərək göstərmişdir ki, X7 onun anasıdır. Habelə, təxminən 6-7 ildir anası xəstəliyi səbəbindən özünü idarə edə bilmir, həmçinin bu vəziyyət son dörd ilə şiddətlənmişdir. Hazırda, anasının fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi sənədləşmə işləri bağlıdır. Odur ki, ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Siyəzən Rayon İcra Hakimiyyətinin nümayəndəsi X5 izahatında ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsinə etiraz etmədiyini qeyd etdi. Tətbiq edilən hüquq Mülki Məcəllə 28.1. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. 28.8. Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Mülki Prosessual Məcəllə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 305.1.3. Şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizələrə məhkəmələr xüsusi icraat qaydasında baxır. 317.2. Məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır.
319. Hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi pozuntusu haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. 320.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. 321.1. Şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsinə dair məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən fəaliyyət qabiliyyəti məhdudlaşdırılan şəxs üzərində himayəçi təyin etmək üçün əsasdır. 321.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır.
Məhkəmənin mövqeyi
Məhkəmə ərizəçinin və maraqlı şəxsin izahatlarını iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə ərizə təmin edilməlidir. Belə ki, işdə olan keçmiş Dəvəçi rayonunun VVAQ şöbəsi tərəfindən 09 mart 1976cı il tarixdə verilmiş İV-ЖГ seriyalı, 343014 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası X9, anası X3 olan X6 01 fevral 1955-ci il tarixdə Dəvəçi rayonunun Sağlocan kəndində doğulmuşdur. İşdə olan Dəvəçi rayon Siyəzən şəhər soveti tərəfindən 11 dekabr 1978-ci il tarixdə verilmiş İİ-ЖГ seriyalı, 268299 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ilə X6 arasında 11 dekabr 1978-ci il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin gün 103 nömrəli qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ər öz soyadında qalmış, arvada isə "Əliyeva" soyadı verilmişdir. İşdə olan keçmiş Dəvəçi rayon Siyəzən şəhər soveti tərəfindən 11 mart 1980-ci il tarixdə verilmiş Vİ-ЖГ seriyalı, 468478 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası X10, anası X7 olan Ərizəçi 20 yanvar 1978-ci il tarixdə Dəvəçi rayonun Siyəzən şəhərində doğulmuşdur. İşdə olan Bakı şəhər Nəsimi Rayon Qeydiyyat Şöbəsi tərəfindən 07 yanvar 2025-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 463235 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2024-cü il tarixdə dəqiqləşdirilməmiş ürək dayanması diaqnozu ilə Bakı şəhər Nəsimi rayonu ərazisində ölmüş, bu barədə akt qeydləri kitabında 2024-cü ilin dekabr ayının 28-ci günündə 1357 nömrə ilə qeyd aparılmışdır. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Quba rayon X1 07 fevral 2025-ci il tarixli, 226 nömrəli arayışından görünür ki, X7 07 fevral 2025-ci il tarixdə Quba rayon PNRM-də həkim psixiatrik komissiyasında olmuş, ona D-z: “Qocalıq demensiyası” F03.0 (əlavə qulluğa və nəzarətə ehtiyacı vardır) diaqnozu qoyulmaqla bərabər Siyəzən RMX-da həkim psixiatrin müşahidəsi məsləhət olunmuşdur. İşdə olan 11 fevral 2025-ci il tarixli qəbzdən görünür ki, Ərizəçi məhkəməyə müraciət edərkən 100 (yüz) manat dövlət rüsumu ödəmişdir. Məhkəmənin 2(059)-261/2025 saylı qərardadına əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X15 tərəfindən verilmiş 08 iyul 2025-ci il tarixli, 2188 saylı rəydən görünür ki, X7 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmamaqla, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə kifayət qədər əsaslar vardır. Beləliklə, iş materiallarında olan sənədlərdən müəyyən olunmuşdur ki, Ərizəçi X4 oğlu olmaqla məhkəməyə müraciət etməkdə səlahiyyətli şəxs olmuşdur. Məhkəmə toplanmış və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək hesab edir ki, 01 fevral 1955-ci il təvəllüdlü X7 hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir. Buna görə də o, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir.
Məhkəmənin gəldiyi nəticə
Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, ünvan 2 ünvanında qeydiyyatda olmaqla bu şəhərin Ş. Baxşiyev küçəsi, ev 17 ünvanında yaşayan 01 fevral 1955-ci il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməli, ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 320, 321, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
Ərizəçi ərizəsi təmin edilsin. ünvan 2 ünvanında qeydiyyatda olmaqla bu şəhərin Ş.Baxşiyev küçəsi, ev 17 ünvanında yaşayan 01 fevral 1955-ci il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Günel Quluzadə