Məhkəmə qərarları › İş №2(059)-283/2023

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-283/2023

12.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-283/2023 12.06.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, ərizəçi Əsgərova (Musayeva) Bilqeyis Eli qızının iştirakı ilə ərizəçi Əsgərova (Musayeva) Bilqeyis Eli qızının “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin ümumi birgə mülkiyyət hüququ ilə ona məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi Əsgərova (Musayeva) Bilqeyis Eli qızı “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin ümumi birgə mülkiyyət hüququ ilə ona məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ləğv edilmiş Azərbaycan Respublikası DT və XK-i Siyəzən rayon şöbəsi tərəfindən 22 iyun 2005-ci il tarixdə verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 2210B nömrəli, 30501004 kodlu və JN seriyalı, 2210A nömrəli, 30501004 kodlu şəhadətnamələrin digər mülkiyyətçilər ilə yanaşı, ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə ərizəçi tərəfindən ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, ölkədə keçirilmiş torpaq islahatları ilə əlaqədar Siyəzən rayonu Aqrar İslahat Komissiyasının 23 fevral 1998-ci il tarixli, 31-11 saylı qərarı ilə müvafiq olaraq 0,03 ha və 0,02 ha torpaq sahələri onun və digər ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Həmin torpaq sahələri üzərində ümumi birgə mülkiyyət 22 iyun 2005-ci il tarixdə verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 2210B nömrəli, 30501004 kodlu və JN seriyalı, 2210A nömrəli, 30501004 kodlu şəhadətnamələr ilə tanınır. Qeyd olunan şəhadətnamələrdə 4-cü sırada mülkiyyətçi kimi qeyd edilməli olan X7 əvəzinə yanlışlıqla X2 qeyd edilmişdir. Bundan əlavə, o, 18 sentyabr 2012-ci il tarixdə X12 ilə rəsmi nikaha daxil olmaqla, “Əsgərova” soyadını qəbul etmiş və həmin vaxtdan onun soyadı şəxsiyyət vəsiqəsində Ərizəçi kimi qeyd edilir. Bu şəhadətnamələrdə olan yanlışlığın aradan qaldırılması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciəti zamanı onlara məhkəməyə müraciət etmələri tövsiyə olunmuşdur. Bu şəhadətnamələri verən keçmiş DTXK Siyəzən rayon şöbəsinin fəaliyyətinə xitam verildiyindən baş vermiş uyğunsuzluğu başqa qaydada aradan qaldırmaq mümkün deyildir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, ərizəçi tərəfindən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən, müdafiə etdiyi ərizəsinə əlavə izahatı və dəqiqləşdirməsi olmayan Ərizəçi (Musayeva) sözügedən şəhadətnamələrdə olan yanlışlığın aradan qaldırılmasının müvafiq çıxarışın alınması üçün lazım olduğunu bildirərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və etməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə ərizəni nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Abşeron rayon VVAQ şöbəsi tərəfindən 12 mart 1992-ci il tarixdə verilmiş XVİ-ЖГ seriyalı, 436929 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası X8, anası X3 olan X7 xx xxxxxx 1992-ci Abşeron rayonunun Hökməli qəsəbəsində doğulmuşdur. İşdə olan Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 18 sentyabr 2012-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 744289 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X12 ilə X9 18 sentyabr 2012-ci il tarixdə nikahlarını bağlamış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 140 nömrəli qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ər öz soyadında qalmış, arvada “Əsgərova” soyadı verilmişdir. İşdə olan torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 2210B nömrəli, 30501004 kodlu və JN seriyalı, 2210A nömrəli, 30501004 kodlu şəhadətnamələrin surətlərindən görünür ki, Siyəzən rayonu Aqrar İslahat Komissiyasının 23 fevral 1998-ci il tarixli, 31-11 saylı qərarı ilə müvafiq olaraq 0,03 və 0,02 ha torpaq sahələri X4, X1, X6 və X5 mülkiyyətinə verilmişdir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 06 oktyabr 2022-ci il tarixli, **********25 nömrəli məktubdan görünür ki, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin şəxsə məxsus olması faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət olunması tövsiyə edilir. İşdə olan 24 yanvar 2023-cü il tarixli qəbzdən görünür ki, Ərizəçi məhkəməyə müraciət edərkən 100 (bir yüz) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Bu Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Adı qeyd edilən Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. İşin faktiki hallarından və məhkəməyə təqdim edilmiş sübutlardan da göründüyü kimi ərizəçiyə məxsus olan bütün sənədlərdə ərizəçinin adı, soyadı və ata adı düzgün qeyd edilmişdir. Lakin, torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 2210B nömrəli, 30501004 kodlu və JN seriyalı, 2210A nömrəli, 30501004 kodlu şəhadətnamələrdə 4-cü sırada qeyd edilməli olan X7 əvəzinə yanlış olaraq, X2 qeyd edilmiş, nəticədə, bu hal ərizəçinin gələcəkdə yarana biləcək hüquqlarının pozulmasını istisna etmir. Ərizəçinin yaranmış bu halı, yəni ziddiyyəti aradan qaldırması başqa qaydada mümkün deyildir, ona görə də bu faktın müəyyən edilməsi məhkəmə qaydasında olmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, ləğv edilmiş Azərbaycan Respublikası DT və XK-i Siyəzən rayon şöbəsi tərəfindən 22 iyun 2005-ci il tarixdə verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 2210B nömrəli, 30501004 kodlu və JN seriyalı, 2210A nömrəli, 30501004 kodlu şəhadətnamələrin ümumi birgə mülkiyyət hüququ ilə Əsgərova (Musayeva) Bilqeyis Eli qızına məxsus olması faktı müəyyən edilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ərizəçi Əsgərova (Musayeva) Bilqeyis Eli qızına aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 307-308,311-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Ləğv edilmiş Azərbaycan Respublikası DT və XK-i Siyəzən rayon şöbəsi tərəfindən 22 iyun 2005-ci il tarixdə verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 2210B nömrəli, 30501004 kodlu və JN seriyalı, 2210A nömrəli, 30501004 kodlu şəhadətnamələrin ümumi birgə mülkiyyət hüququ ilə Əsgərova (Musayeva) Bilqeyis Eli qızına məxsus olması faktı müəyyən edilsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ərizəçi Əsgərova (Musayeva) Bilqeyis Eli qızına aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar